Möhür, ya əyar yaxşı şeydir. Bir sənədin həqiqətini bilmək üçün möhürünə baxırlar. Bir matahın əslini bilmək üçün əyarını yoxlayırlar. Üstündə əyarı olmayan qızılı heç kəs qızıl saymaz. Onu ustasına, zərgərinə baxdırmamış heç kəs qızıl olmasına inanmaz.

Adam, adamdır, hər kəs bilir ki, adamla necə rəftar etmək lazımdır.

Doğrudur, adamın aldatmaq dərəcəsini, ləyaqətini yoxlamaq üçün nə möhür var, nə əyar, nə də qeyri-zahiri bir əlamət var. Adamın adamlığı möhürdə yox, özündə, yaşda yox, başda, zahirdə yox, batində!

Çox zaman belə bir əlamət axtarmağa da ehtiyac yoxdur. Amma bəzi yerlərdə, bəzi vaxtlarda və bəzi adamlara rast gələndə görürsən ki, adamın da möhürünə, əyarına baxılır.

Doğrudur, heç kəsin əl-ayağına, ya alnına möhür vurmur, dərisinə əyar yapışdırmırlar, amma möhürü əvəz eləyən əlamət də olmamış deyil. İnsanı yoxlamaq üçün nə rənginə, nə sifətinə, nə boy-buxununa baxırlar. Bircə sənədinə, cibindəki dəftər-kağızına baxırlar: pasportu, vəsiqəsi, şəhadətnaməsi, diplomu!

Xüsusilə diplom indiki zəmanədə yaman dəb düşüb. Nə pul, no libas, nə yaraşıq o qədər lazım olmur, nəinki diplom!

Diplom var, daşdan keçir, bəzi idarə müdirləri nə savada, nə mərifətə baxırlar. Onlarınkı diplomdur. Möhürlü, imzalı diplom! Əgər varsa, işin düzələcək, yoxsa, qalan şeylər əfvayıdır!

Adamların məzmun və mahiyyətini yoxlamaq üçün bundan asan, bundan aşkar, bundan yüngül yol yoxdur! Qapı ağzında dayanan bir qulluqçuya tapşırırlar. O da gələnlərin hamısının sənədinə, vəsiqəsinə, diplomuna baxır, sanbalını yoxlayıb buraxır.

– Keç!

Bu üsul çox dəb düşmüşdü, çoxlarının da işi lap yüngülləşmişdi. Hər şeyin bir çürüyü çıxdığı kimi, bu üsulun da çürüyü çıxdı. Bir də görürsən, cibində möhürlü, imzalı diplomu, amma söz soruşursan, görürsən, lap savadsız!

– Haram qurtarmısınız?

– Budur diplomum, al bax!

– Özünüz deyin!

– Filanı, filanı!

– İki dəfə iki neçə eləyər?

– Altı.

– Göydə ulduz neçədir?

– Göydə ulduz aladı, arvad başa bəladı!..

– Ay sağ ol! Verin o diplomun üzünü çıxardaq, sizin şəxsi işinizə tikək.

– Burada dur, bu saat gəlirəm.

Hərif götürüldü nə götürüldü! Daha izi-tozu da görünmədi.

Bir neçə belə əhvalatdan sonra çox diplomlara etibar azaldı.

Başladılar adamı nə möhür, nə əyar, nə sənəd, nə diplomla, ancaq adamlıqla, işlə, məzmunla, keyfiyyətlə tanımağa.

Cəmiyyət, təşkilat, kollektiv arasında hörmətin, izzətin oldu, adamsan, olmadı, sənin eybini nə diplom, nə vəsiqə, nə sənəd örtər! Həqiqət budur. Çalış adamlıq, zəhmətkeşlik, yaratmaq məharətin, hörmətin olsun. Yoxsa səni heç yerdə, heç zaman, heç kəs layiqli mütəxəssis, adam yerinə qoymaz!

Möhürlə metalı tanıyarlar. Adamı işlə, əməllə, etibarla tanıyar, sayarlar!

El içində etibarın olmadı, heç! Heç bəndənin etibarı itməsin.

Bu elə bir itkidir ki, ömür boyu axtarasan, tapa bilməzsən!

– Filankəs...

– Adə, o fırıldaqçını deyirsən? Qoysana rədd olsun! Onu tövləyə qoymurlar ki, qulan-quşqun oğurlayar.

– Diplomu, vəsiqəsi!

– Uşaq olma! Görəsən harada nə kələklə ələ keçirib. Elə diplomlara bir quruş verən olmaz. Fırıldaqçının eybini diplom yox, torpaq örtər!

Adamın gərək özündə sanbal olsun. Payız yarpağını külək vurar belədən-belə, elədən-elə! Xəzələ xəzəl deyiblər, qızıla qızıl! Xəzəl yüngül olur, hər dəqiqə suyun üzünə çıxır. Qızıl ağır olur, dibə yatır. Atalar deyib: "Ağır otur, batman gəl!.."

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов