– İlk dəfə məni rayonumuzun Dımıs kəndində orta məktəbə müəllim təyin etdilər. İllərdən bəri arzusunda olduğum bu şərəfli və müqəddəs peşəyə alovlu bir həvəslə gedirdim.

İndi mənim qəlbim bütün istəklərinə çatmış bir adamın hədsiz sevinci ilə dolmuşdu: "Deməli, mən dərs verəcəyəm. Mən də əlimə jurnal alıb sinfə girəcəyəm. Uşaqlar məni də diqqətlə eşidəcək, sözlərimi dəftərə yazıb oxuyacaqlar. Analar, atalar mənim də yanıma gəlib övladları haqqında soruşacaq, məsləhətləşəcəklər. Sovet pedaqojisinin bütün tələblərini onların hər birinə danışacağam, başa salacağam, elə edəcəyəm ki, məndən narazı getməsinlər, mənim işimə kömək etsinlər. Yox, onlar məndən razı qalacaqlar. Ancaq bir söz deyə bilərlər ki, "bu müəllim nə cavandır!" Bilirəm ki, bunu deyəcəklər. Qoy desinlər, heç eybi yoxdur!..."

Firuzə Cəbrayıl qızı Yusifova 1941-ci ildə başladığı ilk müəllimlik günlərini belə xatırlayır. Doğrudan da, ilk dərslər Firuzənin güman etdiyi kimi olmuşdu. 20 yaşlı cavan bir qıza 9-cu sinifdə dərs deməyi tapşırmışdılar. Biliyinə, təhsilinə, bacarığına görə ona bu etibarı etmişdilər.

Firuzə salam verib sinfə girəndə, şagirdlərinə diqqət edəndə bir qədər duruxmuş, qəlbi bərk döyünmüşdü.

"Bunlar mənim sözümə baxacaqmı?"

Şagirdlər isə Firuzə müəllimi gözlənildiyindən artıq hörmətlə qarşıladılar. Xüsusən, onun rus dili dərsi verdiyini biləndə şagirdlər dərin bir fərəhlə, gözlərini təzə müəllimin üzünə dikmişdilər. Onlar böyük rus xalqının dilini, Oktyabr dilini, Lenin-Stalinin dilini, ən qabaqcıl elm, mədəniyyət dilini öyrənməyə böyük həvəs göstərirdilər. Onların bitib-tükənməyən sual və xahişlərinə cavab vermək lazım gəlirdi. Biri rusca kitab, qəzet gətirir, biri radiodan eşitdiyi çətin sözü soruşur, biri Moskvada oxuyan qardaşına rusca məktub yazırdı. Firuzə bunların hamısına kömək etməli idi.

Firuzə şagirdlərini başına yığıb A.S.Puşkinin, L.Tolstoyun, M.Qorkinin, N.Ostrovskinin əsərlərindən nümunələr oxuyur, təkrarladır, yazdırırdı. Sinifdə apardığı iş bəs eləmirdi. Dərnəklər və məruzələrdən sonra da Firuzə şagirdləri öyrətməklə məşğul olurdu. Kəndin uzun payız və qış gecələrində el yatsa da, onun çırağı sönməzdi, Firuzəni stol başında oturan, qalaq-qalaq dəftərləri bir-bir diqqətlə oxuyub-düzəldən və qeydlər götürən görərdin.

Firuzə inadlı müəllimdir. Çətin tələffüz olunan kəlmələrə dili yatmaymca, dərsdə istədiyi cavabı almayınca şagirdin yaxasından əl çəkməzdi. Bunu hamı bilirdi və onun dərsinə hazır gəlməyə çalışırdı.

İki il sonra Firuzəni rayon mərkəzinə, Ordubad orta məktəbinə müəllim gətirdilər. Burada onun işi də, məsuliyyəti də qat-qat artdı. İndi ona sadəcə orta təhsilli müəllim kimi baxmırdılar. Maarif şöbəsinin müdiri böyük bir etimad və ərklə ondan tələb edirdi:

– Firuzə, - deyirdi, - orta məktəbdən çıxanların çoxunu biz, mərkəzlərə, Bakıya, Moskvaya göndəririk. Naxçıvan Muxtar SSR-ə ali məktəblərdə çox yer verirlər. Bu yerləri doldurmaq üçün elmin əsaslarını yaxşı bilən cavanlar lazımdır. Cavanlarımız rus dilindən möhkəm savadlı olmalıdırlar. Onların bu dilə olan həvəs və məhəbbətindən istifadə etmək lazımdır. Deməyin ki, dərs kitabı azdır, ya vaxt çatmır.

Cavanlan orta məktəbdən tam hazır buraxın. Elə olsun ki, sabah ali məktəbdə nə onlar utansınlar, nə biz!

Firuzə müdirin sözünə və məsləhətlərinə razılıq etmiş və söz vermişdi.

– Mən, - demişdi, - təhsil işinin bütün vasitə və şəkillərindən istifadə edəcəyəm, oxudacağam, danışdıracağam, yazdıracağam, əzbərlədəcək, söylədəcək, uşaqların iştirakilə səhnəciklər təşkil edəcəyəm. Biliyimi, bacarığımı, vaxtımı əsirgəməyəcəyəm. Buna şübhə etməyə bilərsiniz!

Firuzə dərsə yalnız sinif jurnalı ilə getməzdi. Onun qoltuğunda həmişə yeni kitab və jurnallar görmək olardı. O, hər yeniliyi duymağı və şagirdlərinə çatdırmağı müəllimlik üçün müqəddəs bir borc bilirdi.

Rayon poçtalyonu hər gün Firuzənin evinə dəstə ilə Moskvadan, Bakıdan qəzet, jurnal, bəzən də beli kağız qurşaqlı kitablar gətirirdi. Firuzə bunları bir-bir oxuyur, uşaqlara çatdırmaq və yazdırmaq üçün materiallar seçirdi.

Dünya zəhmətkeşlərinin dahi rəhbərləri Leninin, Stalinin əsərlərindən, böyük rus alimi Pavlovun xatirələrindən, Çapayev, Çkalov, Zoya Kosmodemyanskaya, Oleq Koşevoy kimi vətən qəhrəmanları haqqındakı kitablardan aldığı nümunələri dərin bir həvəs və eşqlə sinifdə oxuyur, izah edir, təkrarladırdı. Firuzənin dərsi canlı və maraqlı bir müzakirə, müsahibəyə bənzəyirdi. Onun sinfində "gözdən yayınıb" qalan uşaqlar olmurdu. Müəllim hamıdan soruşmağa, hamını tək-tək dindirməyə vaxt tapırdı. Bəzilərinin isə adını yazıb evlərinə gedir, valideyni ilə məsləhətləşirdi. Axşamüstü istirahət vaxtında Firuzəni əlində portfel, yoxuş, daşlı küçələrlə başıyuxarı dırmaşan görərdin.

– Müəllim, hara belə?

– Bu tərəfdə bir uşağım var, ona dəyməyə gedirəm!

"Bir uşağım var!" Bu sözü Firuzə çox ciddi və fəxrlə deyirdi. Çünki, doğrudan o, şagirdlərini ana-bacı məhəbbəti ilə sevir.

O, 5-ci sinfin sinif rəhbəridir. Uşaqlarının dərsindən tutmuş geyiminə və əyləncəsinə qədər nəzarət edir, hər birinə məsuliyyət daşıyır. Ata-analar da Firuzəni yaxşı tanıyırlar. O, dərsdən axsayan uşaqların 238 evlərinə məktub göndərir, valideynini çağırır, təhsil və tərbiyə məsələləri haqqında danışır, tədbir görür. Firuzə bəzən analarla mehriban bir bacı kimi, bəzən də tələbkar bir idarə başçısı kimi danışır:

– Dünən dərsdən sonra Şura harada idi, yoldaş Əzimova?

– Evdə idi!

– Xeyr, o küçədə qaçdı-tutdu oynayırdı. Onu özüm tutub yola salmışam, bu gün də dərsindən cavabı pis olub!

Firuzə dərsini bilməyən Şuranın yaxasından əl çəkmədi. "Bir nəfər də beləsi var" deyə Fərhad Rüstəmovla onları birləşdirdi. Əlavə dərs təyin etdi, cədvəl düzəltdi və cədvəlin surətini uşaqların valideynlərinə verdi. Geri qalan uşaqlarla, hər gün əlavə bir dərs ayırıb məşğul oldu, o zamana qədər məşğul oldu ki, Şura da, Fərhad da başqa yoldaşlarına çatdılar.

Onların müvəffəqiyyəti valideynlərindən çox müəllimi sevindirirdi.

– İndi onlar dərsdən dörd alırlar!

Firuzə ahəstə dediyi bu sözlə əməyinin xoş nəticəsini ifadə etmək istəyirdi. O, demək istəyirdi ki, "Daha mənim dərsimdən axsayan yoxdur!"

Təkcə məktəbdə deyil, rayon təşkilatlarında da Firuzə Yusifovanı bir fəal ictimaiyyətçi kimi tanıyırlar. O, məktəb müəllimlərinin komsomol təşkilatçısıdır. Müəllimlərin rus dili dəməyinə rəhbərlik edir. Onun dərnəyində 19 müəllim var. Bunlar da şagirdlər kimi Firuzəyə qulaq asır, onun tapşırığını icra edirlər. Firuzə ona nail olmağa çalışır ki, bu məktəbdə ruscanı bilməyən olmasın.

Firuzə təkcə şagirdlərinə deyil, özünə də çox tələbkardır. O, yalnız ixtisasını artırmaqla kifayətlənmir. Müəllimlərin müəllimi, dahi rəhbər böyük Stalinin bu sözlərini Firuzə heç bir zaman unutmur və unutmaz: "Bir həqiqət kimi qəbul etmək lazımdır ki, dövlət və partiya işinin hər bir sahəsində çalışan işçilərin siyasi səviyyəsi və marksizmleninizm şüuru nə qədər yüksək olarsa, işin özü bir o qədər yüksək və səmərəli olar, işin nəticələri bir o qədər faydalı olar..." Məhz buna görə də Firuzə Yusifova partiya tarixinin qısa kursunu dərindən öyrənməklə məşğuldur. O, Dövlət Qiyabi Pedaqoji İnstitutunun tələbəsidir. Bu il marksizm-leninizm əsaslarından imtahan vermişdir. İndi SSRİ Ali Sovetinə seçkilərə hazırlaşdığımız bir zamanda Firuzənin həyatında çox mühüm fərəhli bir hadisə baş vermişdir. Ona böyük dövlət işi etibar olunur. Xalq onu SSRİ Ali Sovetinə deputatlığa namizəd göstərmişdir.

Ordubad pedaqoji məktəbinin direktoru Qəmbərli müəllim öz həmkarlarının və yoldaşlarının fikrini ifadə edərək seçkiqabağı ümumi yığıncaqda demişdir:

– Firuzənin tərcümeyi-halı sovet hakimiyyəti sayəsində əmək, təhsil və dövləti idarə işində iştirak etmək hüququ qazanmış olan Azərbaycan qadınının xoşbəxt taleyinə sübutdur!

Firuzənin otuz yaşı var. O, xoşbəxtdir ki, sovet dövründə doğulub-böyümüş, inkişaf etmişdir. O, dəmiryol fəhləsinin qızıdır. Uşaq vaxtı ata-anasını itirən Firuzə yetimlik hiss etmədi. Onu Lenin komsomolu və sovet məktəbi ata qayğısı ilə tərbiyələndirib böyütdü.

Qəmbərli müəllimin Firuzəni deputatlığa namizəd göstərməsi təklifi bütün yığıncaqdakıların ürəyindən idi. Bu təklifi ümumi yığıncaq bir səslə qəbul etdi. Çünki, hamı Firuzəni SSRİ Ali Soveti deputatlığına layiq, dövləti idarə işinə qadir bir işçi kimi tanıyır, onun Lenin-Stalin işinə hədsiz sədaqətinə, bacarığına, hünərinə tam əmindir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dağların qəlbi

Nuxadan yuxarılara, dağlara doğru dırmaşdıqca quru və ya çəmən yerlər azalır, meşəlik, cəngəllik çoxalır.Qafqaz dağlarının cənuba sallanıb gələn ətəklərində hər qarış yer yaşıllıq, kolluq, ağaclıqdır. Göyün vüsətini yerə, yerin qüdrətini göyə göstərən zümrüd gözlü şamlar baş-başa verir, günəşdən nur, torpaqdan qürur alır, ətrafa sağlamlıq yayırlar. Ağaclar, otlar arasından, hər addımda sağa-sola burulan nazik cığırlar içindən həzin bir şırıltı eşidirsiniz. Əvvəlcə göyə baxır, ağac başında hansı bir quşun səsləndiyini güman edirsiniz. Diqqətlə fikir verəndə kollar altından bulaq suyunun işıldadığını, şırıldadığını görürsünüz. Bu sular nə qədər təmiz, duru, nə qədər də sərin olur! Buralarda elə kənd olmaz ki, bu cür bulaqları ilə fəxr eləməsin, elə kəndli olmaz ki, yayın istisində, beşdə-üçdə bir, işini qurtarandan sonra uşaqlarını başına yığıb bu yerlərə dincəlməyə, süfrə açmağa, kabab yeməyə gəlməsin.

9 мин
Zəhmət, ağıl, bəxt

(Nağıl kimi)*Yamacda, qara torpaqda kotan sürən bir kişinin başında mübahisə düşdü.

3 мин
Havapərəstlər

Həkim, Əsədə tapşırmışdı ki:– Sizin müalicəniz dəniz havasıdır. Gündə iki-üç saat sahildə əyləşin, əsəblərinizi dincəldin. Ayn dava-dərman lazım deyil.

1 мин
Kəhərin son günləri

Bir zaman yeriyəndə yer titrər, kişnəyəndə göy gurlardı. Hanı vuruşma meydanları, hanı ötüşmələr, hanı igid süvarilər, pəhləvanlar, qılınc, qalxan şaqqıltısı!?Çiynimdə Rüstəmi Rüstəm eləmişəm, Suvorovu Karpatlardan keçirmişəm, Koroğlunun silahdaşı olmuşam, Napoleonu yer üzündə gəzdirmişəm, süvari ordusunda neçə-neçə cəbhələr yarmışam, hünərlər göstərmişəm. Gör indi iş hara çatıb ki, məni gətirib əyləncə arabasına qoşublar, cilovumu uşaqların əlinə veriblər...

19601 мин

Стихи других поэтов