Çörəyi ver çörəkçiyə,
Bir çörək də artıq!

– Filankəs hörmətdən düşdü, lap gülünc günə qaldı!

Heç bir sovet adamına arzu eləmirəm ki, bu günə düşsün. Əvvəl hörmət, nüfuz sahibi olasan, sonra daha iki qəpiyə sayılmayasan!.. Bundan ağır dərd yoxdur.

Özü də insan bir qəbahət işləyəndə, pis bir hərəkət üstündə camaatın gözündən düşər.

Amma mən deyən adam, daha doğrusu, dostum, sizin də çox yaxşı tanıdığınız bir yoldaş belə olmadı. Onun hörmətdən düşməyi lap qəribə oldu.

Onu deyim ki, dostum heç bir qəbahət işləmədi, ondan heç bir fəna hərəkət baş vermədi. İşində, vəzifəsində də həmişəki kimi hünərini, mövqeyini saxladı. Amma bununla belə, camaatın gözündən elə düşdü ki, özü də mat-məəttəl qaldı.

Dostumu qoy gizlətməyim, adını deyim:

Mədəd Əhmədovu, şükür, hamınız tanıyırsınız. Rayonda onun əla pambıq ustası olduğunu, kolxozçulara nümunə göründüyünü bilməyən yoxdur. İndi də rayonunda yaxşı pambıq becərəndir. Soruşacaqsınız ki, belə bir adam niyə hörmətdən düşsün?

Hörmətdən düşür, ona görə ki, hər işə qarışır! Bildi, bilmədi qarışır. Əslinə baxsan, Mədəd Əhmədovun özündə heç bir o qədər günah yoxdur. Günah bizim rayon ispolkomunda oldu. Elə ki Əhmədovun hər yerdə adı hörmətlə çəkildi, ispolkom da hər işi onunla, ancaq onunla məsləhətləşməyə başladı.

Rayonda mədəniyyət evi tikmək üçün layihə hazırlanmışdı. Layihə müzakirəsində ispolkom heç kəsin sözünə baxmadı. Mədəd Əhmədovu soruşdu. O da barmağı ilə layihənin hər bəndini bir cür qaraladı. İspolkom da razı oldu. Memarlar qaldılar kəsilə-kəsilə!

Şair Füzuliyə rayon mərkəzində heykəl qoyulurdu. Bizim rayonda bu layihənin müzakirəsi keçəndə ispolkom birinci Mədəd Əhmədovu çağırdı:

– Yoldaş Mədəd, nə deyirsən, Füzulinin başında papaq olsa yaxşıdır, ya olmasa? Heykəltəraşlara göstərin, qoy işləsinlər...

Mədəd Əhmədov da o yan-bu yana baxıb dedi:

– İstidir, papaqsız yaxşı olar. Papaq köhnə mövhumatdır.

Yenə rəssamlar, şairlər, ədiblər, heykəltəraşlar kənarda qaldılar.

İspolkom Mədədin tərəfində durdu. Pambıq briqadirinin rəyi şairin heykəlini müəyyən elədi. Oturanlar əvvəl briqadirə, ispolkoma hörmət qoyur, etirazlarını ucadan demirdilər.

Sonra ispolkomun briqadirə səcdə elədiyini görüb susdular və dağıldılar. İspolkom indi də öz işindədir, rayonda elektrik stansiyasını tikmək üçün çox vəsait hazırlanıb. Bu tədbirin də məsləhətini ispolkom Mədəd briqadirlə danışır:

"Hörmətli, sözü keçən yoldaşdır. Onun adı gələndə daha söz deyən olmur."

Camaat bunu görəndən sonra Mədəd Əhmədovun yüngül adam olduğunu yəqin elədi və üz döndərdi.

Bizim rayon İcraiyyə Komitəsi sədrinin qəribə xasiyyəti var: bir də görürsən aşpazı çağırıb məsləhət eləyir ki, bax, gör bu binanın layihəsi necədir? Xanəndədən paltar modunu, buruq ustasından musiqi alətini, dülgərdən qəzet işlərini soruşur və məsləhətləşir. Deyəndə ki, ay yoldaş sədr, hər kəsin bir sənəti var, əli ilə rədd işarəsi verib, başını dik qaldırır:

– Köhnə zamanda elə idi. İndi bizim adamların hər işdən başı çıxır. Məni görmürsünüz! Nə peşənin desən ustasıyam!

İspolkom briqadiri övliya kimi müqəddəs eləyib qoyub ora, hər işi onunla məsləhətləşir, o da özündən müştəbeh olub.

İndi kimin böyrünə çiban çıxsa deyirlər, həkim-zad lazım deyil, briqadir Mədədə məsləhət eləsin!

Briqadir indi bir rişxənd qəhrəmanı olub. Daha tarladakı hünərindən də bir şey qalmayıb, çünki başı ucuz şöhrətə qarışıb. Bu yerdə deyiblər: getdi doğanaq dalınca, örkəni də qoyub gəldi.

Sonrakı peşmançılıq çətin bir fayda verə! Əlbəttə, itən hörməti qapı-qapı gəzib dilənmək olmaz ki! Keçənə güzəşt deyərlər!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İlk hədiyyə

1Qəşəm kişi küsənərək deyirdi:

196010 мин
Qocaların uşaq söhbəti

1Vahid müəllimin yaşıl təpədə işıqlı, səfalı bir evi var. Günəş səhərdən batanacan otaqların içindədir. Axşamlar da ki, büllur çilçıraq otaq nədi, eyvana, həyətə, hətta küçəyə də işıq verir.

19608 мин
Qəbul imtahanı

Dövlət universitetinin böyük, daş binası qarşısında iynə salsan, yerə düşməz. Adam əlindən keçmək olmur. İsti yay səhəri açılandan axşamacan cavan oğlan və qızların burada yığnağı, mübahisəsi, söhbəti, gəl-geti kəsilmir. Kimisinin qoltuğunda jurnal, kitab, vəsiqə qovluğu, kimisinin əlində itilənmiş qələm, iki qatlanmış dəftər, coğrafiya atlası, cildi kirlənmiş proqram, rus, Azərbaycan dilində qəbul qaydaları...Bu il jurnalist şöbəsinə böyük müsabiqə var: iyirmi beş nəfər qəbul olunasıdır, girmək istəyənlər yüz iyirmi beş nəfərdir. Ərizə verən hər beş adamın dördü kənarda qalacaqdır.

12 мин
Neçə cür salam var?

Mən elə bilərdim salam bircə cür olar, növbənöv olmaz. Düzdür, hər şeyin növləri olur: əla növ çay, birinci, ikinci növ çay, əla növ tütün, un, düyü və sairə...Ancaq salam kimi məşhur bir adəti növlərə bölmək, nömrələmək olmaz. Salam həmişə, hər yerdə, hər kəs üçün salamdır, lazım və vacibdir. Bir-birini görəndə, görüşəndə, ya ötəndə salam verib keçirlər. Burada adamdan adama, ya vaxtdan-vaxta, yerdən-yerə təfavüt olmasın gərək!

19604 мин

Стихи других поэтов