Yay səhərinin xəfif, sərin küləyi tük süpürgə kimi, həyətə çəkilirdi. Balkonun qabağında yatışanlar şirin yuxuda idi.

Sol tərəfdəki ağ, bəzəkli uşaq çarpayısının toru cırıldadı, üstündəki liftik adyal tərpəndi, səkkizyaşlı Kimya dik qalxıb oturdu. Əvvəlcə üzünə tökülən saçlarını kənar elədi, gözlərini silib həyətə, işıqlanan üfüqə baxdı, sonra yerindən sıçrayıb anasını oyatdı.

– Ay ana, vaxtım keçdi, tez ol!

Kimyanın saatdan o qədər başı çıxmazdı. Ancaq üç vaxtı yaxşı bilirdi: səhəri, günortanı, axşamı. Nədənsə bu səhər Kimya çox tez qalxmışdı. Həmişə anası samovarı hazır edər, bəzən də süfrəni salardı, Kimya çayın soyumuş vaxtına çatardı. Amma bu gün Kimya alaqaranlıqdan durmuşdu, çay heç yadına da düşmürdü. Anasını oyatmaqdan məqsədi çay qoydurub içmək deyil, o, bərk tələsirdi. Anasının çiynindən tutub silkələdi:

– Ay ana, tez ol, mənim qalstukumu bağla!

Anası gözünü açıb, Kimyanı görəndə yerindən sıçradı. Havaya ba xıb yerə oturdu:

– Tezdir! Tezdir hələ, qızım, darıxma!

Kimya dedi:

– Nəyi tezdir. Odur ey, uşaqlar qaça-qaça getdilər. Vaxtdır! Qalstukumu bəri elə!

Anası uşağı sakit eləmək və vaxtı dürüst bilmək üçün saata baxdı. Əlini qızının başına çəkib dedi:

– Tezdir hələ, qızım, düz iki saat var, tələsmə.

Saat səkkizin yarısında Kimya anası ilə ağaclar arasından keçib, məktəbə gəlirdi. Anası ha yeyinləyir, addımlarını irilədirdi, yenə Kimyaya çata bilmirdi. Kimya qəribə və nadir bir tamaşaya tələsən uşaq marağı ilə dalma baxmadan, anasının əlindən tutmadan, dinməz-söyləməz yüyürür, özünü məktəb həyətinə salmaq istəyirdi.

Bu gün kənddə qəribə bir aləm vardı. Məktəb yaşına çatmış uşaqlar, bahar xəbəri gətirən sığırçınlar kimi, fərəhdən uçurdular. Onlar geyinib-kecinmişdilər. Bəslənmiş əmlik kimi, analarının yanına düşüb yüyürürdülər.

Hər tərəfdən axışıb gələn uşaqlar və onları birinci dəfə məktəbə yola salan analar əlindən məktəb həyətində tərpənmək olmurdu.

Zəng çalmanda əmişdən sonra ayrılan qoyun-quzu kimi, uşaqlar böyüklərdən ayrıldı. Böyüklərin bəzisi uşağını dərs otağına buraxıb getdi, bəzisi də ağac altında, həyətin bir tərəfində dayanıb, pəncərədən dərs otağına baxırdı.

Müəllim Kimyanı adı ilə çağıranda, əlindən tutub skamyalardan birində əyləşdirəndə qız elə bildi ki, bu müəllim deyil, doğma atadır. Hamını yerbəyer eləyəndən sonra müəllim gülə-gülə uşaqlara dedi:

– Uşaqlar, indi siz məktəbli oldunuz. Məktəbə girməyiniz mübarək olsun!

Müəllimin bu mehriban sözləri Kimyanı lap ürəkləndirdi, oturduğu skamyadan durub, düz müəllimin stolunun qabağına gəldi. Onun ətəyindən tutub dedi:

– M üəllim dayı!..

Müəllim yanında pişik kimi ehmallıca tərpənən uşağa döndü, onun bir şey xahiş etdiyini və ya bir söz demək istədiyini güman edib soruşdu:

– Nədir, qızım? Nə sözün var, Kimya?

Kimya, müəllimin ona "qızım" deməyindən, dönə-dönə adını çəkməyindən lap ürəkləndi. Müəllimin bu ehtiramından utandı, sağ əlilə sol barmaqlarını oynada-oynada, başıaşağı ancaq bunu deyə bildi:

– Salaməleykim!

Dərslərin birində müəllim uşaqlara ev şeylərini saydırırdı. Cavab vermək üçün barmaq qaldıranlara müəllim söz verirdi.

Uşaqlar deyirdi:

– Qazan, müəllim... Müəllim, samovar, stəkan, müəllim.

Kimya da söz aldı. O da ev şeylərini sanamaq istəyirdi. Öz evləri - bayramqabağı olan kimi, bəzənmiş-düzənmiş evləri gəlib gözünün qabağında durdu. O, gördüklərini sanadı:

– Ev şeyləri, müəllim, bunlardır: kitab, radio, müəllim, müəllim, patefon...

Kimyanın cavabları müəllimə birtəhər gəldi. O, yavaş-yavaş yeriyib Kimyanın qabağına gəldi. Kimya hələ sanayırdı. Uşaqlar müəllimə baxırdılar. Bu saat onun ağzından çıxacaq sözləri, Kimyanın cavabına verəcəyi qiyməti gözləyirdilər. Uşaqlar Kimyanın cavabında bir başqalıq, bir xüsusiyyət olduğunu müəllimin hərəkətindən seçirdilər. Çoxu qibtə ilə Kimyanın üzünə baxırdı. Bəziləri də müəllimin duruxmağından şübhələnirdi. Biri özünə cəsarət verib, yerindən dilləndi:

"Düz deyil."

Müəllim başı ilə buna razılıq işarəsi vermədi. Kimyanın sözünü təsdiq etdi, ancaq bu barədə çox danışmadı.

Müəllim Kimyanın cavabını ona görə çox düşünürdü ki, bu adi cavab deyildi. Bəlkə də Kimya üçün, bəlkə də məktəb, həyat haqqında ilk və səmimi təsəvvürlərini gətirən bir uşaq üçün burada düşünməli bir şey yox idi, ancaq müəllimi bir məsələ çox maraqlandırırdı.

O, müəllimlər otağında marağını hamıya söylədi:

– Kimya - səkkizyaşlı bir qız uşağı kitabı vacib ev şeyi sayanda, görün nə aləmdir! Həyat o qədər dəyişmişdir, mədəniyyət, doğrudan da, kəndlinin məişətinə o qədər yerimişdir ki, uşaq kitabsız ev təsəvvür edə bilmir! Biz uşaq olduğumuz zaman belə bir sualı versəydilər, nə deyərdik? Sabir demişkən:

Nə bilirdik nə zəhrimardı kitab,
Biz olan evdə haçan vardı kitab...

Mənə çox qəribə gəlir. Balaca bir uşaq təsəvvüründə də inkişafımız, mədəni həyatımız özünü göstərir. Uşağa heç kəs leksiya deməmiş, heç kəs kitabın əhəmiyyətini öyrətməmişdir. Ancaq o özü, təcrübədə, həyatda kitabı vacib ev şeyi kimi görmüşdür. O buna alışmışdır. Ehtimal, o, kitabsız, patefonsuz ev təsəvvür etmir, çünki bizim yeni nəsil gözünü namaz, dua, fal kimi çirkin şeylərə yox, mədəni şəraitə açır... Bunları ata-analar iclasında demək lazımdır.

Əl işi dərsində müəllim uşaqlara şəkil çəkdirir, cızıq öyrədirdi. Uşaqlardan biri rəngli bir şəkil gətirmişdi. Müəllim onun şəklini hamıya göstərib təriflədi. Kimya şəklə baxdı, dinmədi. O, xəyalında tutdu ki, evdəki şəkillərini, atasının aldığı əyləncə şeylərini gətirib müəllimə göstərsin.

Elə də etdi.

Hazırlanmış hissələrdən quraşdırıb düzəltdiyi aeroplan modelini müəllimə göstərib dedi:

– Müəllim, özüm qayırmışam! Necədi, müəllim?

Müəllim modeli hamıya göstərdi. Uşaqlar bir-bir yerlərindən qalxıb, aeroplan modelinə baxırdılar. Kimyamn skamya yoldaşı Qüdrət yavaşca dedi:

– Ay Kimya, aeroplanına məni də şərik elə, nə olar?

Uşaqlar baxdıqca, müəllim modeli göstərdikcə Kimya sevinir, ürəyi açılırdı. O, özündəki bacarığın, yaratdığı məhsulun diqqətəlayiq olduğunu görüb fərəhlənir, ürəyində daha yaxşı işlər görməyi fikirləşirdi. Uşaqlar isə müəllimə suallar verirdilər. Müəllim aeroplandan, onun hissələrindən məlumat verirdi.

Kimya müəllimin köməyini, onun yeni-yeni şeylər öyrətdiyini görüb dedi:

– Müəllim, bəs biz haçan aeroplan sürəcəyik?

Müəllim Kimyaya başa saldı:

– Bir neçə ildən sonra, məktəbi bitirdikdən sonra. Xüsusi aeroplan məktəbi var, orada oxuyacaqsan, orada aeroplan sürməyi öyrənəcəksən. Müəllimin cavabı Kimyanı təmin etmədi. Fikirləşdi. "Mən aeroplan modelini düzəldirəm. Sürməyini də öyrətsin də, nə olar..."

Kimya sevinə-sevinə evə qayıtdı. Modelini məktəbdə bəyəndiklərini, təriflədiklərini danışıb gülürdü.

Radio səsləndi. Radioda Sovet Aviasiya günü haqqında danışılır, aviasiyamızın qələbələrindən, onun dünya rekordlarından, şərəfli qəhrəmanlarından məlumat verilirdi. Kimya stulunu radionun yanma çəkdi, diqqətlə dinlədi.

O, aviasiya haqqındakı müsahibələrə dərsdən artıq qulaq asırdı. Anası dillənəndə, əlini ağzına qoyub "sus!" deyirdi. Gözü ilə işarə edirdi ki, "bir eşit, gör dünyada nələr var!"

Müsahibə qurtarandan sonra Kimya anasmdan xahiş etdi:

– Müəllimə de, bizə aeroplan sürməyi öyrətsin.

Kimya sakit olmadı. Axşam atası onu kinoya aparanda müəllimdən şikayət etdi:

– Mən aeroplanı bilirəm. Model düzəldirəm. Hər şeyini öyrənmişəm. Bəs müəllim niyə aeroplan sürməyi öyrətmir?

Atası qısa cavab verdi:

– Tələsmə, qızım, tələsmə! Müəllim vaxtını yaxşı bilir. Sənə nə deyirlər, onu öyrən, tələsmə!

– Bəs haçan öyrədəcəklər?

– Məktəbi yaxşı qurtarsan, yeddi-səkkiz ildən sonra səni özüm aparıb, aeroplan məktəbinə qoyaram, aeroplançı olarsan, göylərdə uçarsan.

– Dəri paltar alarsan, dəri əlcək alarsan?

– Hamısını alaram. Vaxtında...

Məktəbdə kiçikyaşlı uşaqların konserti idi. Birinci, ikinci, üçüncü sinfin uşaqlarını hazırlamışdılar. Kimi şeir oxuyacaq, kimi oynayacaq, kimi çalacaq, kimi də artistlik edəcəkdi.

Kimya anasını da gətirmişdi. Anası uşaqların oyununa tamaşa eləyirdi. Hər nömrədən sonra əl çalırdı. Uşaqların bacarığını alqışlayırdı. Bir uşaq - Kərim Babayev "Şamili" oynadı, zaldakılar onu iki dəfə çağırdılar. Alqış, gurultu əlindən qulaq tutulurdu. Kimya düşünürdü ki, "görəsən, mənə də belə əl çalacaqlarmı? Görəsən, məni də təkrar çağıracaqlarını?.." Bir şey yadına düşdü, canına bir rahatsızlıq gəldi. Kimya nə üçün narahat idi? Onun çıxışı konsertin ikinci hissəsində olacaqdı. O özü hazırladığı aeroplanı səhnədən uçurdacaqdı. Zaldakıların hamısı başını qaldırıb, uçan və əyrim-üyrüm gedən aeroplana baxacaq, bu işin "ustasına" - səhnədə dayanan Kimyaya əl çalacaqdılar.

Kimyaya elə gəlirdi ki, onun çıxışı hamının xoşuna gələcəkdir. Onu da "Şamili" oynayan oğlan kimi, gurultu ilə alqışlayacaqlar, bir də çağıracaqlar.

"Yaxşı, ikinci kərə gələndə mən nə edəcəyəm? "Şamili" deyil ki, bir də oynayım. Mənə bir dənə də model lazımdır axı!"

Kimya tez səhnənin dalısına qaçdı. Qırmızı bayraqlar və ulduz şəkilləri ilə bəzədiyi aeroplanı əlinə alıb, diqqətlə bir də baxdı. Ürəyindən keçdi, "Ay, ay... Bundan bir dənə də olaydı..."

Gecdi.

Yeni bir model hazırlamağa vaxt çatmazdı. Ayrı əlac tapmaq lazımdı. Kimya anasının yanına qaçdı, müəllimini tapdı. Tələsə-tələsə, kəsmə-kəsmə sözlərlə öz həyəcanını dedi. Anası bir cavab verə bilmədi. Müəllim də güldü.

– Alqışlasalar, bir də çağırsalar, məni uçurdarsan, mən səhnədə olacağam.

Anası güldü, Kimya başa düşmədi:

– Necə yəni, müəllim!

Müəllim Kimyanın qolundan tutub, səhnənin dalma apardı:

– Oxu görüm, aeroplan şərqisini əzbərdən bilirsənmi?

Kimya gözünü səqfə dikib, yavaş səslə oxudu:

Qızıl quşam, polad quşam havada,
Uçuşumdan şahinləri sal yada.

Müəllim dedi:

– İkinci kərə çağıranda bu şərqini oxuyarsan, ucadan! Yaxşımı!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов