Oxutmuram, əl çəkin!
Страница 1 из 2
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
M. Ə. Sabir
Güman etməyin ki, xanəndədən, məlahətli səsdən, toydan, şənlik məclisindən söhbət gedir. Ya oxumaqdan, məktəbdən, dərsdən.
Yox!
Bəs nədən?
Evlənməkdən, elçilikdən, seçib-sevilməkdən danışırıq.
Heybət nənənin evində bir vurçatdasın var ki, gəl görəsən!
Nənənin evi!
Əslinə baxsan, müasir cəmiyyətdə - şəhərdə, kənddə evlərin ünvanı belə olmur. Nənə necə böyük vəzifə-rütbə sahibi olur-olsun, necə igid olur-olsun, genə nənədir, istiqaməti gələcəyə yox, keçmişədir. Onun tanıyan, saya salan olmur, ailə nənənin adı ilə getmir.
Məlikovlar, Kərəmzadələr, Eldarlılar, Məhiş oğlu!
Bu bir qaydadır, rəsmiyyətdir, hara getsən, kimi axtarsan, gərək famili ilə deyəsən, işini, idarəsini, peşəsini soruşasan. Buna söz yox! Amma evlər, ailələr də var ki, orada nə familiya, nə peşə, nə şan- Şöhrət işə keçir. Orada görürsən, bir başbilən olur.
Məsələn, Heybət nənənin özü.
Nə familini, nə də idarəsini soruşan var. Kim? Heybət nənə! Ev idarəsi gəlir Heybəti axtarır, poçtalyon gəlir, Heybət! Qonşular, toya dəvətnamə gətirir, Heybət! Uşağın müəllimi məktəbdən sifariş göndərir, Heybət!
Burada ayrısının nə adı çəkilir, nə izi seçilir.
Heybət, Heybət!
Eşidən elə bilər ki, Heybətin idarələrdə adı-sanı, şöhrəti var. Xeyr. Heybət xalanın, nə şöhrəti, nə də əməlli-başlı savadı var. Gətirilən kağıza aydın qol çəkə bilmir.
– Heybət xala, bunu qəbul eləyərlər?
– Necə yəni?
– Bunu götürərlərmi?
– Kim götürməz?
– Bəlkə soruşdular?
– Soruşdular, mən ölməmişəm ki, Heybət! Kimdi? Heybət! Nədi, Heybət! Ayrı nə söz olacaq?
Heybət xala bu kənddə təkdir, doğrudan, Heybət xalanın sözü sözdür. Bir adamdı, ayrısı yoxdu, adı gələndə, hamı ayağa durur.
Məktəbdən, nəvələrin müəllimlərindən gələn olanda da Heybəti axtarırlar.
– Ay xala, Məsmənin uşağı dərsini yaxşı oxumur, jurnalda neçə dənə ikisi var!
Doğrudur, nənənin o qədər savadı yoxdur. Amma məktəb işlərinə də bilənlər kimi qarışır. Cürət ilə, qətiyyət ilə uşaqlar ona dəftər göstərməyə qorxurlar.
– İlqar, dərsini niyə oxumursan?
– Oxuyuram!
– Oxusan, bilərdin!
– Bilirəm, nənə!
– Kəs səsini! Bilənin böyrünə yeddi dənə iki yapışmaz! Tənbəl, utanmaz, hələ cavab da qaytarır!
İlqar biləndə ki, nənəsi dəftərdəki ikiləri sayıb, başını aşağı salıb gözünün yaşını tökdü.
– Ağlamaqnan ikini düzəltməzlər. Get kitablarını götür, qoy qabağına, dərsini oxu! Qapı-bacada veyillənmə! Bax, bir də müəllimin şikayətini eşitsəm, səni nə kinoya, nə konsertə buraxacağam! Müəllim razı olmasa buraxmayacağam. Di get!
Tək İlqar yox, nəvələrin hamısı Heybətdən qorxurdu. Onun adı gələndə susurdular, əsirdilər.
Uşaqlar da, böyüklər də ondan qorxub çəkinirdilər. Nəyinə görə?
– Bəlkə, bu arıq arvadın qəhrəman adı var?
– Yox!
– Bəlkə, bunun lap böyük yerlərdə sözü keçir?
– O da yox!
– Bəlkə...
– Yox!
– Bəs camaat bunun nəyinə hörmət eləyir!
Bilən yoxdur. Ancaq bu kənddə Heybət xalanın adı gələndə hamı özünü yığışdırır.
– Bizim onunla – əflatun qadınla üzləşməyə halımız yoxdur. Sən Allah, xataya salma!
Bütün kənd, böyüklü-kiçikli onun qabağından qaçır.
Ancaq bu xalanın qarşısında davam-duruş gətirən bircə onun nəvəsi olub.
Rəşid!
Heybətin qız nəvəsi!
Rəşiddən söhbət gedəndə Heybət arvad qaşqabağını turşudub, bir kəlmə də olsun cavab vermir.
– Ay arvad, Rəşidi deyirəm ey, sənin öz nəvən!
– Nəvəm ilə özün bilərsən! Mənim ona sözüm yoxdur, qoy getsin! Qoy məndən uzaq olsun. Onun adını mənim yanımda çəkmə.
Bu ixtiyarın da kökü, səbəbi var. Nəyə görə Heybət xala Rəşidi istəmir, əvvəl istərdi, indi yox. Çünki Rəşid onun sözünə baxmır!
Bəlkə Heybət xala nəvəsinə çətin iş buyurur?
– Yox!
Bəlkə nəvəsindən ağır bir iş tələb edir?
Yox?
Heybət xala Rəşidi evləndirmək, xeyir işə calamaq istəyir. Rəşid isə iki ayağını bir başmağa keçirib razı olmur:
– Yox ki, yox! – deyir.
– Ay oğul, inad eləmə, sənə gül kimi qız alıram, "hə" de, qurtarıb getsin!
Rəşid inadında duraraq:
– Yox ki, yox, – deyirdi.
– Niyə yox?
– Mən hələ oxuyuram!
– Oxumağın öz yerində!
– Oxumaq ilə evlənmək tutmaz!
– Niyə, evli-uşaqlı cavanlar oxumur?
– Onlara baxma.
– Ay bala, oxu, lap belə dəftər-kitabına da canım qurban! Lalə hər gün qabağında "sluşi" duracaq, buna nə sözün?
– Yox ki, yox!
– Lap müəllimlərindən razılıq alım, yaxşı bir toy eliyək, arzu-kamım var, nəvə toyu görməmişəm. Gəl sən bu xeyir işi pozma, bala.
– Ay nənə, mən oxuyuram! Elə işlərə vaxtım yoxdur!
Heybət xala ha çalışdı, Rəşidi yola gətirə bilmədi. Laləni təriflədi, subaylığı pislədi, yoldaşlardan gileyləndi. Nəvəsinə nə qədər dil tökdü.
– A bala, Lalənin özü də lalədi, atası da handa bir mağazinin böyüyüdür. İpək, qumaş, daş-qaş onun əlindən gəlir. Handa bir oxumuşlar həsrət çəkir onunla salam-kalam eləsin. Elə qızı çıraq ilə axtarsan tapmazsan. Sabah gedib nə bilim, harda yoluğun birinə ilişəcəksən, sonra da yaxa qurtara bilməyəcəksən. Onda mən başıdaşlı neylərəm, sudyalar, prokurorlar qabağında? Başa düşürsənmi, Rəşid! Bala, birini de, birini eşit!
Rəşid evə gələndə, fürsət düşəndə nənəsi dilini işə salırdı, nəvəsinin xoşuna gəldi, gəlmədi, hey danışırdı.
Rəşid ələ keçməyəndə, bir müsahib, dinləyən tapmayanda Heybət xalanı başıaşağı oturub düşünən görürdün.
Qızı Məsmə ona baxıb deyirdi:
– Qəm dəryasına cummusan, ay arvad, nə olub, qaşın-qabağın açılsın, bu yazın günündə, sənə nə olub?
– Mən bəxtəvər deyiləm sözümü sayan ola!
"Düşünən" demək də doğru olmaz, çünki Heybət xala düşünmür, çoxdan düşünüb hökm halına gətirdiklərini xəyalında sahmana salırdı. Ölçüb-biçirdi ki, uşağı birtəhər yola gətirsə, Laləyə elçi getsə, qızın "hərisini" alsa, böyük dəsgah ilə toy-tədarük eşqinə düşsə, evdə işləri necə quracaq? Kimə nə tapşırıq verəcək, necə plan tökəcək, kimi köməyə çağıracaq, ev-eşiyi necə təmirdən çıxaracaq. Əlbət ki, o məqamda, mübarəkbadlığa gəlib-gedənlərin ayağı açılar, Rəşid də dəftər-kitabı hələ bir yana qoyub xeyir işinin hayına qalacaq! Lalə də, maşallah, qızılgül yarpağı kimi qızdır. Gərək onun toyuna tamam-dəsgah, adma layiq hazırlaşasan. Sabah ağzıgöyçəklər deməsin ki, Heybətin nəvəsinə atüstü toy elədilər, məclisi belə oldu, paltarı elə oldu. Bunun hamısını "Rəşidin qulağına indidən demək", başına yeritmək gərəkdir!
Heybət xala öz aləmində başında çoxlu niyyət, çoxlu planlar dolu halda xəyalata dalmaqda, Rəşid də öz dərsini sahmana salmaqda idi.
Rəşid belə mübahisələri dinləməyi xoşlamırdı. Danışmağı da lazım bilmirdi. Atası, anasilə görüşəndən sonra maşına oturub təyyarə meydanına gedəndə anasına dil yetirdi:
– Nənəmə deyərsən, oğlanın getməyi tələsiyə düşdü, qəflətən bilet gətirdilər, səni görməyə macal tapmadı. Salam-dua deyib yola düşdü! Beləcə, müxtəsər!
Qarı bu sözü eşidəndə hirsləndi:
– Necə yola düşdü, a qız?
– Yaxşı yola düşdü, yoldaşları maşın gətirmişdilər.
– Getdi?
– Saat səkkizdə getdilər!
– Bəs mənə niyə demədiniz?
– Sən yatmışdın, oyatmaq istəmədi.
– Mənim sözüm var idi, neçə gündür başımda dolaşdırıram. Ona başa salmaq istəyirəm, siz də götürüb xəlvəti yola salırsınız! Bu nə hərəkətdi? Uşağın xeyir işini bitirməmiş haydı çıxdı getdi?
– Xeyir işə qol qoymur, hələ oxuyuram, deyir.
Heybət xalanın cini başına vurdu.
– Oxuyuram, oxuyuram! – Oxuyanda nə olar, bəyəm xalqın uşaqları oxumur, bəyəm bir oxuyan bizimkidir? Nə olar, bir siz də danlayasınız, səsimə səs verəsiniz. Deməkdən yorulmuşam. Gədənin başına ağıl qoyan tapılmır. Sabah da Lalə əldən çıxacaq, sonrakı peşmançılıq da fayda vermiyəcək.
Heybət xala dediklərinə cavab almayanda belə güman edir ki, eşidənlər razıdır. Hamının ürəyindən xəbər verir. Ona görə də düşündüklərinin mabədinə, işin dalısına keçib qətiyyətlə qərar verirdi.
– Elə mən deyən yaxşıdır. O yan-bu yana getməyək. Diqqət elə, gör nə deyirəm. Mən deyirəm elə, Rəşidə də qulaq asmaq lazım deyil. Biz tədarükümüzü eliyək, oğlan əslində utancaq olar, demiyəcək məni evləndirin. Biz işimizi görək. Mənim məsləhətim belədir, qızım!
Heybət nənə sözlərinə nə etiraz, nə razılıq görməyəndə, sanki, qətiyyətinə yekun vurmaq üçün, səsinin ahəngini dəyişib əlavə etdi:
– Amma Rəşidi mənsiz nahaq buraxmısınız! Heç olmasa, ona Moskva bazarlığı üçün sifariş verərdim. Həm yaxşı olardı, həm də yüngül. Qız üçün bər-bəzəyi ordan almaq hara, burdan almaq hara. Necə deyərlər, yer ilə göy qədər təfavütü var. Rəşid özü də Moskvada oxuyan oğlandır, hər şeyin yerini biləndir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-oxutmuram-el-cekin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hər yaşın öz qayğısı, öz tələbi var. Doqquz aylıqda doğulasan, dünyaya gələsən gərək (tələsənlər yeddi aylıqda gəlirlər). Bir yaşa çatdın, yeriyəsən gərək. İki yaşda danışasan, üç yaşda bağçaya, yeddi yaşda məktəbə gedəsən gərək, on altıda işə gedə bilərsən, on səkkiz, iyirmi yaşda evlənsən yaxşıdır.Ad günümdə nənəm məni əzizləyər, aş bişirər, hədiyyə alar, yaraşığıma baxardı. Bu dəfə açıq dedi:
VarislərÇoxdanın, qırx ilə yaxın bir zamanın söhbətidir ki, sizə danışıram: onda mən cavan, gümrah, çevik bir tələbə idim. Yay tətilini vətən yaylaqlarında keçirməyi, fürsətdən istifadə edib qoca, təcrübəli kişilərin xatirələrini dinləməyi, vəzifəm ilə bağlı bir iş olan xalq ədəbiyyatı nümunələrini toplamağı sevərdim.Yayın isti günlərindən birində yerli tələbə yoldaşlarımdan biri məni müdrik bir kişinin, qoca bağbanın yanına, Dilican yaylağının mənzərəli bir dağ döşünə gətirdi.
Əziz kitabımƏziz dost, əziz qohum, qardaş, yoldaş, əziz sirdaş, məsləkdaş olar. Ancaq mən əziz kitab haqqında demək istəyirəm. Belə kitab bəlkə sizin hər birinizin varıdır.Əziz kitab!
Gülmək lazımdırSəfərovu başağrısı əldən salmışdı. Elə bil ki, bu xəstəliyi ona hardansa məcburi vəzifə kimi tapşırmışdılar. Çarəsini də tapmırdı. Ha çalışırdı, yaxasını qurtara bilmirdi.İşdən qayıdıb soyunandan, yuyunandan, evdə güzgü qabağında dayanıb üz-gözünə baxandan sonra sanki bir ağrı qara qarğa kimi qəflətən onun başına qonur, rəhmsiz bir davamla beynini dimdikləməyə başlayırdı.