Toy tədarükü
Hər yaşın öz qayğısı, öz tələbi var. Doqquz aylıqda doğulasan, dünyaya gələsən gərək (tələsənlər yeddi aylıqda gəlirlər). Bir yaşa çatdın, yeriyəsən gərək. İki yaşda danışasan, üç yaşda bağçaya, yeddi yaşda məktəbə gedəsən gərək, on altıda işə gedə bilərsən, on səkkiz, iyirmi yaşda evlənsən yaxşıdır.
Ad günümdə nənəm məni əzizləyər, aş bişirər, hədiyyə alar, yaraşığıma baxardı. Bu dəfə açıq dedi:
– Haçan evlənirsən, ay oğul? On səkkiz yaşın tamam olub.
– Hələ tezdir!
– Nəyi tezdir? Mən o yaşa çatanda iki uşağım var idi. Əsl vaxtdır, bala! Maral kimi qızların birini bəyənsənə, elçi gedək, toy eləyək, dəsgah quraq, gəlin gətirək!
– Tələsirsən, ay nənə, qoy bir məktəbi-zadı qurtaraq!
– Məktəbə nə var, qurtaracaqsan, arxayınam.
– İndiki qızlar diplomsuza gəlmirlər.
– Sənin kimisi üçün sinov gedirlər.
– Niyə? Oğlan azdır?
– Çoxdur, sənin kimisi hanı?
– Ay nənə, sənə elə gəlir, hər kəsin qarğası özünə qırğıdır.
– Sənə nə olub, təki hamının balası belə böyüsün.
– Oğlanı qız tanıyar, sənin tərifinə qulaq asan olmaz.
– Tərifləmirəm, göz qabağındadır, necə deyərlər, Araz axır, gözüm baxır...
Gün o gün oldu ki, nənəmi muştuluqladım:
– Ay nənə, Rübabəni, montyor Həmidin qızını istəyirəm. Necədir, bəyənirsən, ya yox?
– Yaraşıqlı qızdır, özü də qapıbir qonşu.
– Qonşuda qız sevənin ürəyində yağ olmaz.
– Sən yox, o sevib, sən də "hə" demisən. Mübarək olsun.
– Bunu hardan bilirsən?
– Bilirəm, yaxşı bilirəm.
– Bilirsən, daha nə durmusan, başlasana!
– Tələsmə, hər şeyin vaxtı, yeri var. Sənə elçi getmək lazımdır, mənim gözüm üstə!
Nənəm məni yoxlamaq istədi:
– Günü sabah xanımları yığıb gedərəm montyor evinə, nə olacaq, ata-anasmın başmaqları da razıdır. Qız istəyəndən sonra kimin nə sözü. De görüm, qıza pal-paltar, üzük-müzük almısanmı?
Məni fikir götürdü:
– Burada deyiblər, məscid tikilməmiş kor qapını aldı! Xeyir iş baş tutsun, qalan tədarükü də görərik, nə var ki!
– Ay bala, qəribə danışırsan, elçi gedəndən sonra təzədən tədarükə başlamayacaqsan ki. İndi nə hazırlığın var, qoy ortalığa, biz də məsləhətləşək, ona münasib iş görək.
– Ay nənə, hazırlıq deyəndə, bir üzükdü, bir dəst də paltar. Nə olub daha, savadlı qızdır, ona dəvə yükü cehiz aparmayacaqsan, işini gör.
Nənəm kirimiş durub o biri otağa keçdi, anamı çağırdı. Xısın-xısın söhbətə başladılar. Mən sakitcə dayanmışdım, anamın cavabını gözləyirdim.
Çox çəkmədi, anam otaqdan çıxdı:
– Xeyir olsun, Rübabəni bəyənmisən deyirlər.
– Mən də bəyənmişəm, nənəm də, yığışın elçi gedin.
– İndinin elçisi oğlan özü olur, sən bəyənmisən, bizə də xoşdur.
– Nənəm tədarük görür.
– Görür, qoy görsün.
– Özü görsə yaxşıdır, mənə gördürür.
– Qız bilər, sən bilərsən.
– Nənəm ayrı cür düşünür.
– Nə düşünür?
Anam bunu deyəndə nənəm o biri otaqdan dik atıldı içəri.
– A qızım, oğlan cavandır, xam adamdır, birdən-ikidən belə işlər görməyib. Toy-tədariik nə bilir. Mən demişəm gərək tədarük görsün.
– Nə tədarük desən, özü görər.
– Özü nə bilir? Dünənin uşağıdır: üzük bilir, sırğa bilir, qolbaq bilir?
– Ay ana, zəmanə uşağı yəni qolbağı da bilmir?
– Bilir ey, bilmək var, bilmək var!
– Nə lazımdır, özü eləyəcək.
– Özbaşına buraxmaq olmaz, elçi gedənə tədarük lazımdır.
Mən dözmədim, nənəmin qabağını kəsdim, soruşdum:
– Nə tədarük, ay nənə, aləm evlənir, mənə nə olub. Sevdiyim qızla ZAQS-a getməyə nə dəsgah başlayacağam?
Mənim sözüm nənəmə bir az qəribə, bir qədər də ağır gəldi.
– Ədə, kiri, kəs səsini! O yan-bu yanda da deyərsən, biabır olarıq. Qız evi də səni qapıdan qovar, kiri, otur yerində.
– Ay nənə, mən nə eləməliyəm?
– Sən uşaqsan, bilmirsən ki, evlənmək ömürdə bir dəfə olur, gərək ata-ana nə var, güc vura! Paltar nədi, üzük nədi, sırğa nədi! Gərək qızın ürəyindən keçənə əməl eləyəsən.
– Qızın ürəyindən keçən mənəm, mən də ki razı.
Nənəmi heyrət götürdü, dik dayanıb mənim üzümə baxdı, bir cavab almayanda əsəbiləşmiş kimi üzünü cırmaqladı:
– Qız sənin qaş-gözünə aşiq deyil, bala, qız paltar istəyir, bərbəzək istəyir. Qohum-əqrəba yanında fors eləmək istəyir. Sən də gərək onun yeddi arxasınacan padarka aparasan: atasına, anasına kostyum, qardaşlarına saat, bacısına qolbağ, xalasına şal paltar, əmisinə cib saatı, məktəb yoldaşına qəşəng portfel, müəlliminə bir atrez...
– Ay nənə, mən bu yük altından çıxa bilmərəm.
– Az danış, ömründə bir dəfə evlənirsən, arzu-kam eləyirsən, burada qəpik-quruş güdəcəksən? Az danış, sən mənə qulaq as, qoy işimizi görək.
– Ay nənə, yoldaşlarım elə asanlıqla evlənirlər ki, mənə nə olub?!. Nənəm qəzəblənmiş kimi, ovcu ilə ağzını örtdü.
– Yoldaş, yoldaş! Sən bilirsən kimin oğlusan? Səni yetənə tay tutmaq olar? Səni aləm tanıyır, saya salır. Rübabə hər yerdə səninlə fəxr eləyir, adın gələndə camaat ayağa qalxır, toyun ayrı cür toy olacaq. Aç qulağını, eşit.
Nənəmin nəsihətlərini eşidəndə məni fikir götürdü, gördüm ki, burada Rübabənin də, mənim də düşündüklərimiz heçdir. Nənələrin planı ilə evlənmək uzun məsələdir. Bu söhbəti danışanda Rübabə mənə təsəlli verdi:
– Nənələrə zəhmət vermək, toy xərci istəmək artıqdır. Özümüz evlənərik, sonra onları muştuluqlarıq.
Məni gülmək tutdu. Güldüm, amma razılaşdım. Rübabə doğru düşünürdü. Nənənin planı hara, nəvənin planı hara!..
Elə də oldu. Sakitcə ZAQS-a getdik. Orada bizi təbrik elədilər, qayıdandan sonra nənələri götürüb restorana - çığırtma yeməyə apardıq. Onlar da üzümüzdən öpdülər, xeyir-dua verdilər.
Mən nənəmin könlünü aldım:
– Ay nənə, sizə və qohumlara hədiyyə borcumuzu unutmamışıq, arxayın olun.
Nənəm bir şey demədi, güldü, tərs-tərs üzümə baxdı:
– Rübabə sənin dərsini verib, daha sözüm yoxdur. İndiki cavanları Tanrı saxlasın.
– Saxlasın, ay nənə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-toy-tedaruku
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Komandir soruşanda ağzımdan çıxdı ki: "Mən gedərəm!" Deyəsən, rəhmətliyin oğlu çoxdan ürəyində məni tutubmuş. Qırağa çəkib tapşırıq verdi. Mən də təkrar edib xudahafizləşdim.Gedirdim, çox çətin işə gedirdim. Mən hara, kəşfiyyat hara!.. Özü də necə kəşfiyyat! Gərək təkbaşıma soxulam düşmən qərargahına, vəziyyəti öyrənəm, işlərindən halı olam, dörd saatacan xəbər gətirəm. Almanların da elə zamanıdır ki, hirslərindən cilov gəmirirlər. Üç gündür səngərlərimizə dalbadal güc vururlar, hər gələndə bir-iki yüz soldat papağını boş qoyub qaçmağa məcbur olur. İşləri fırıq olanda gedib bir-birini danlayırlar, təzə əmrlər yazırlar. Biz də sabahısı gün bu əmri ölülərin cibindən çıxarıb "işə tikirik." Ona görə deyirəm ki, almanlar bu saat qızıl əsgər qanına susayıblar. Ələ düşsən, tikə-tikə doğrayacaqlar.
FitnəBəhram şahın ay üzlü, çöhrəsindən min bir gözəllik yağan bir kənizi var idi. Bu kənizin adı Fitnə idi.Fitnə zirək, qıvraq, ağıllı-kamallı qız idi. Sifəti cənnət yazı kimi təzə və zərif, yerişi göy zəmi üzərindən süzən yel kimi aram, xoş idi. Üzündən-gözündən məlahət yağırdı. Fitnə yaxşı kaman çalar və rəqs edərdi. Bülbül kimi şirin, təsirli səsi var idi. Kaman ilə səs-səsə verib oxuyanda quşları göydən endirərdi. O, şaha vurulmuşdu. Şah da ona aşiq idi.
AtaZəng çalmandan sonra müəllimlər otağı boşaldı. Yalnız məktəbin 20 ildən bəri daimi gözətçisi olan Salman kişi peçə odun qoyur, səliqə-sahman eləyir, sonra da kürsünü altına çəkib divar dibində, xəritə qabağında əyləşir, hansı bir maraqlasa uzun müddət nəzərini xəritədən, bu əlvan kağızın qarışıq yazılarından, saysız-hesabsız cızıqlarından ayıra bilmir.Salman kişini bu vəziyyətdə görənlər ona coğrafiya müəllimi, yaxud dünya səyyahı deyərdilər. Əslində isə Salman kişinin heç ibtidai savadı da yoxdur. Ancaq məktəbdəki iş təcrübəsi sayəsində bəzi hərfləri və rəqəmləri tanımış, qol çəkməyi öyrənmişdir. Coğrafiyadan başı çıxmaz, hətta dünyanı "qarpız kimi" yumru sayan bir "dərsə" inanmazdı da.
Qardaş qanıKomandir ilə mənim aramda əyri bitmiş, sıx kölgəli bir qarağac var idi. Sanki, komandirin işarəsini görüm deyə, ağac gövdəsini sağa tərəf yayındırmışdı. Mən komandirimin düz, cəld uzanan və bir istiqamət göstərən əlini, xüsusilə hədəfə tutulmuş süngü kimi şax dayanan şəhadət barmağını gördüm, tez yola düzəldim.Biz yaralılar üçün gedirdik. Onları dərhal şose yoluna, sanitar maşınına gətirməli idik. Axtarış yerlərimiz isə başdan-ayağa atəş xətti idi. Yaralı axtardığımız hər addım torpağa hər dəqiqə ölüm yağırdı.
Стихи других поэтов
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
AyrılıqAh, kim könlüm binasın etdi viran ayrılıq,Qıldı əhvalım yaman, hər vaxtı, hər an ayrılıq,
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?