Boz adam
Komandir soruşanda ağzımdan çıxdı ki: "Mən gedərəm!" Deyəsən, rəhmətliyin oğlu çoxdan ürəyində məni tutubmuş. Qırağa çəkib tapşırıq verdi. Mən də təkrar edib xudahafizləşdim.
Gedirdim, çox çətin işə gedirdim. Mən hara, kəşfiyyat hara!.. Özü də necə kəşfiyyat! Gərək təkbaşıma soxulam düşmən qərargahına, vəziyyəti öyrənəm, işlərindən halı olam, dörd saatacan xəbər gətirəm. Almanların da elə zamanıdır ki, hirslərindən cilov gəmirirlər. Üç gündür səngərlərimizə dalbadal güc vururlar, hər gələndə bir-iki yüz soldat papağını boş qoyub qaçmağa məcbur olur. İşləri fırıq olanda gedib bir-birini danlayırlar, təzə əmrlər yazırlar. Biz də sabahısı gün bu əmri ölülərin cibindən çıxarıb "işə tikirik." Ona görə deyirəm ki, almanlar bu saat qızıl əsgər qanına susayıblar. Ələ düşsən, tikə-tikə doğrayacaqlar.
Doğranmağımın dərdini çəkmirəm. Bəs xəbəri kim gətirəcək? Gərək mənim dalımca da başqasını göndərsinlər...
Eh, əsgərlikdə adam belə şeylərə baxsa, çaşbaş qalar. Əmrin dalınca yüyürəndə hər şey öz-özünə həll olunur.
Mən kəndli paltarında "bismillah" deyib, almanların qərargahına keçəndə gün əyilmişdi. Hava seyrək buludluq idi. Cavan qovaq ağaclarının altında, dizəcən otluq, kölgəlik yerdə beş addım yeriyir, ətrafıma baxınırdım. Özümü içərilərə salandan sonra kənddən-kəndə gedən köç yoluna çıxdım. Yolun bir tərəfi qarğıdalı zəmisi, o biri tərəfi boş yer idi. Açıqlıqda məni görə bilərdilər. Lap özümü kəndliliyə qoydum. Əlimdə ağac ehmalca yeriyirdim. Zəminin dalında evlər görünür, hərdən səs gəlirdi. Deyəsən top təkəri səslənirdi. Ağacların arasından, nə təhərsə çılpaq buraxılmış bir top lüləsindən, maskalanmış tankı seçə bildim. Deyəsən, həriflər ön xəttə qüvvə yığırdılar. Daha da diqqət yetirmək istəyəndə xəyalıma gəldi ki, birdən mənə də diqqət yetirən olar. Başımı aşağı salıb bir az da getdim. Dayanmağa qorxurdum, getməyin də mənası yox idi. Hərifin nə fəndi varsa, bu aralarda olacaq. Birdən üstümü kəsdilər:
– Əllər yuxarı!
Mən eşitməzliyə vurub, yoluma davam etmək istədim. Səs qışqırdı:
– Kimsən, dayan!
Dönəndə bir boz soldatın üstümə süngü çəkdiyini gördüm:
– Ay urus, dayan! Nəçisən?
– Kəndliyəm, əkinçi.
– Haradan gəlirsən?
– Banadar kəndindən.
– Hara gedirsən?
– Öz evimə, budur, bu kəndə.
– Banadarda nə gəzirdin?
– Atımı alıblar, dalınca getmişdim.
– Bəs hanı?
– Bolşeviklər indi adama at verər?
Boz adam dinmədi. Nə fikirləşdisə, yaxın gəldi.
– Cibində nəyin var?
Ürəyim qopdu. Axtarsa əngəl olacaqdı. Üstümə əl atan kimi onu qamarlayıb işini bitirəcək idim. Ancaq baxırdım görüm yoldaşı-zadı var mı. Sən demə, bunu yol keşikçisi qoyublarmış.
İstədim xırtdəkləyim. Amma bir şey öyrənməmiş qayıtmağın mənası yox idi. Əlimi cibimə saldım:
– Nəyim olacaq, 60 manat çervonum.
– Çervon niyə?
– Çervon olmamış qızıl olmayacaq ha!
– Papirosun varmı?
Mən çıxarıb verdim. Damağına qoydu, bir qullab vuran kimi, gözlərini qırpdı.
– Sizin tütün niyə acı olur?
– Bundan da acısı var, qismət olsa görərsiniz!
Boz adam dinmədi. Güman etdim ki, məni saxlamaq istəmir.
– Evimizə gedə bilərəmmi?
– Yox, səni zabitə göstərəcəyəm.
– Zabit neynir məni?
– Özü bilər. Nə çox danışan urussan!
– Gəl apar göstər, kasıb adamam, işim-gücüm var.
Tüfəngin qundağı ilə məni itələdi:
– Otur yerə, kolxoz! Tərpənsən vuracağam!
Mən zabitin yanına getməyə lap razı idim. Çünki o tərəflərdə görməli çox şeylər var idi. Boz adamın yanına başqa bir soldat gəldi. Deyəsən, növbə dəyişirdilər. Öz dillərində danışdılar. Sonra boz adam məni qabağına qatdı: "Yeri!"
"Deyəsən, bu məni buraxmayacaq. Aparıb dama-zada salacaq. Qərargahımızda məni gözləyirlər. İşim-gücüm tökülüb qalacaq..."
Boz adamın silahını alıb qaçmaq mümkün idi. Çünki o məni küt bir kəndli sayır, ehtiyat eləmirdi. Ancaq haraya apardığını seçə bilməmişdim. Gördüm ki, bu qərargahdır. Ağaclar altında üç tank var idi. Ondan o yana hündür ot tayası vurulmuşdu. Tayanın dalısı ağaclıq idi, bir şey görünmürdü. Qabaq tərəfdə iki yük maşını var idi. Birisi tayanın yanında qurdalanırdı, deyəsən, nəyi isə düzəldirdi...
Boz adam məni maşınların yanına gətirdi.
– Əyil!
Belimə iki yeşik patron yığıb qabağına qatdı. Mən ömrümdə belə ağır şey götürməmişdim.
– Zabit, - dedim, - bizlərdə adama yük çatmazlar.
– Bizlərdə də çatmazlar.
– Bəs bu yük deyil, nədir?
– O yükdür, altındakı adam deyil!
Mənim dinəcək təhərim yox idi. Lap səngərlərə yaxın gəldik. Yükümü boşaltdılar. Anladım ki, bu ağaclı yaşıllıqlar altında xeylək adam gizlənib. Budaqların başı, yarpaqlı tərəfi yeri örtsə də, qıraq tərəfdən aşkar görünürdü. Cibimdəki bomba məni qıdıqlayırdı: "Nə fürsətdir!" Komandirin qorxusundan heç bir şey eləmədim.
Boz adam məni qabağına qatıb arxa səmtə apardı.
– Bizim kəndimiz bu yanda qaldı axı!
– Çox danışma!
Hərif bir tüfəng dürtməsi də vuranda lap hirsləndim. Xəyalımda dedim: "Vaxtdır, qoy hesablaşım, qurtaraq..."
Yenə tapşırıq, komandir yadıma düşdü, özümü toxtatdım. Boz adam məni iki kilometr qədər arxaya aparıb buraxdı:
– Geri qayıtsan vuracağam, düz get!
Mənə aydın oldu ki, düşmən təzə hücuma hazırlaşır. Hər halda bu gecə başlayacaqdır...
Xirtdəkləyib arxa saldım, boğdum, silahı alıb götürüldüm.
İçərilərə doğru yeyinlədim, ağaclıqlar dalında köhnə qobu var idi. Özümü qobuya salıb, qərbə doğru daban aldım. Uzaqda atışma səsi eşidilirdi. Qaranlıq çökür, hava yavaş-yavaş çiskinləyirdi. Mən gizlənmədən, ehtiyat etm ədən yeyinləyirdim. Ürəyimdə tutmuşdum ki, rast gələn olsa, bomba ilə danışacağam. Qoy komandir deməsin ki, fərsizsən, düşmənin sovqatını verə bilməmisən.
Komandirin təyin etdiyindən yarım saat gecikmişdim. Ancaq özümü qan-tər içində qərargaha salanda uşaqlar sevinmişdilər. Əhvalatı komandirə danışdım. Boz adam ilə olan söhbətimizi söylədim. Onun tütün barəsindəki şikayətini də unutmadım.
Komandir güldü:
Bizim tütünün acısını, - dedi, - bu gecə yaxşı dadarlar.
O gündən sonra mən əməlli-başlı kəşfiyyatçı olmuşam. Öyrənməkdən asılı imiş. Adam istəsə hər sənəti öyrənər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-boz-adam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Beləsi iki cür olur. Biri teatrda yaxşı sənətkar, mahir aktyor!Biri də həyatda özünü böyük mövqedə olanlar arasında göstərmək iddiasında, meylində olanlar. Mən bunlardan birini tanıyıram. Heç bu tanışlığıma da peşman deyiləm. Çünki kişini görəndə ürəyim açılır. Vallah, başdan-ayağa tamaşadır. Teatrdan, kinodan, sirkdən, konsertdən artıq tamaşadır. Adama ləzzət verir, baxmaqdan doymursan.
Sözün yeri varŞəfiqə xanımla Şirin xanımın qonşuluq, dostluq münasibətləri təmiz, möhkəm və fərəhli idi. Hər ikisinin yeganə balası bir yaşda, bir boyda idi, bir bağçada tərbiyə alırdı. Analar görüşəndə, hər şeydən əvvəl, uşağın kefini soruşardılar:– Ziyafət necədir?
İki qız, bir oğlan– Məktubunuza müfəssəl cavab almaq istəsəniz, vağzala gəlin. Ayın on dördündə saat dörddə Hökumət evinin qabağında görüşə bilərik!Əsəd dəstəyin şəbəkəsinə çox qışqırıb "alo", "alo" dedi, ancaq gec idi. Novella telefonu qoyub getmişdi.
Yad adamMən bu idarəyə təzə gəlmişəm, özü də müdir gəlmişəm. Vəzifəm ağır, işim çox, məsuliyyətim də ki öz qaydası ilə.Onu yaxşı dərk eləmişəm ki, kollektiv ilə dil tapsam, hörmət qazansam, işçilər ilə insan kimi rəftar eləsəm, istədiyimə nail olacağam. İctimai tərbiyə, sağlam əxlaq yolunda öhdəmə düşənin öhdəsindən gələ biləcəyəm. Yox, əgər kollektivdə hörmətim olmasa, adamlara özümü sevdirə bilməsəm, vay mənim halıma.
Стихи других поэтов
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Dünyanın dərdiBu gecə yenə yatmamışam.Nə başım ağrıyır,
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.