Содержание
  1. I
  2. II
  3. III
  4. IV

Страница 1 из 4

Yay axşamıdır. Ucaboy, uzunpaltar bir kişi zəmilərin içi ilə, başıaşağı, daş-kəsəyi, kol-kosu basa-basa yeyin yeriyir. Keyimiş qıçlarını əsa kimi qabağa atır, ayaqladığı daş-torpağı hiss etmir. Düz yolu qoyub dağa-daşa düşməyindən, qaraltı görcək yayınıb kənar getməyindən adam şübhələnir.

Bu, saçı-saqqalı qar kimi ağarmış, sifətinə yuxu kimi qaranlıq çökmüş yüz yaşlı bir qoca idi. Elə quru, arıq bir adamdı ki, yeriməsə, canlılığına inanmazsan, deyərsən kölgədir, ya xəyaldır.

Bu paltarlı skeletin iti çiyin sümükləri ağ abanı asqı kimi saxlayır. Külrəngli üz dərisi sümüyə yapışmış, göz çuxurlarını qaşlar örtmüşdür. Əyilib baxmayınca çuxurlarda işıldayan və sönməkdə olan həyat qığılcımını görməzsən...

Bu qoca kimdir, haradan gəlir, haraya gedir, nə üçün təlaş içindədir?

I

"...Mən sizin naşı işinizdən danışıram. Neçə ildir dəzgah başındasınız, yenə əyri xal, yenə düyün, yenə kis! Bilin ki, mənim üçün adam qəhətliyi deyil. Qapımda dilini bir qarış çıxardıb yalvaranlar var. Daha heç birinizə yazığım gəlməyəcək!.."

Ərbab ağzına gələni öz toxucularına dedi, onları işdən qovmaqla hədələdi. Fəhlələr karxana həyətindən çıxanda ərbab Ləbbeyki saxladı. Onu kontora çağırdı, qapını örtdü, yanında əyləşdirib dedi:

– Sənə bir iş verəcəyəm, amma qorxuram.

– Ağa, nəyimdən qorxursunuz?

– Qorxuram ki, mayanı batırasan!

– Ağa, bu nə sözdü...

Ərbab əlini Ləbbeykin çiyninə qoyub, səsini alçaltdı:

– Vacib mətləb var. Səni ləyaqətli bilib çağırtdırmışam. Görüm etibarını. Əvvəla, budur ki, səninlə xüsusilikdə olan söhbətimizi heç kəs bilməyəcək, bir sən, bir mən, bir də o, - Ərbab "o" deyə şəhadət barmağını göyə qaldırdı, Allaha işarə elədi. - İkinci budur ki, sənin işin gərək xəlvət gedə, heç kim bilməyə...

Ləbbeyk çox maraqlandı, başını qaldırıb öz ağasına - arıq və uzunsifət tacirə baxdı, bir şey demədi.

Sahibkar Ləbbeyki iki kəlmə ilə ələ aldığını bilib sevinmiş və məharətindən razı qalmışdı. Əmələsinin ürəyinə şübhə və vahimə gəlməsin deyə son sözünü bir qədər şərh elədi.

– Xəlvət deyəndə, burada dinə-şəriətə, ya dövlətə aidiyyəti olan günah bir fəqərə yoxdur. Ticarət oyunudur, özünə gərək yaxşı məlum ola ki, mən səliqə sevən adamam. Ürəyim tutan sevda ziyan da gətirsə dönmərəm, bir şey ki beynimə düşdü, gərək eləyəm.

Ləbbeyk ağasını dinləyir, ancaq sözün uzanmağına darıxırdı. Gözləyirdi ki, görsün ona nə iş tapşıracaqlar. Bir xeyir gələcəkmi?

Sahibkar əmələsinin müntəzir baxışlarında bu sualları oxudu və ayağa qalxıb stolunun gözündən bir qırmızı kitab çıxartdı. İlk varağını çevirdi, başıaçıq, yay kostyumu geyinmiş, gülərüz bir kişinin qurşaqdan yuxarı şəklini göstərdi və dedi:

– Bu şəkli toxuyacaqsan?

O bu cümləni elə ciddi, qəti və mənalı dedi ki, Ləbbeyk cavab tapmadı, kitabı əlinə alıb, diqqətlə baxdı və:

– Ağa, bu kimdir? - deyə soruşdu.

Sahibkar Ləbbeykin sualını eşitmirdi. Əl-qolunu ölçüb, barmaqlarını oynadaraq, gah əyilib, gah düzəlib tapşırıqlarını verirdi.

– Rəngi sənin öhdənə, nə vurursan vur, ancaq qəşəng elə! Elə elə ki, zərif, isbatlı bir şey olsun. Səndən xalça istəyirəm: kağız kimi şax, ipək kimi yumşaq! Lülələyəndə ağac kimi dümdüz dursun, açanda ayna kimi işıq salsın, xalları naxış kimi aydın, dürüst, qəşəng!

Sahibkar sözünü bitirdi, sanki dediklərinin təsirini görmək üçün əmələsinin üzünə baxdı. Ləbbeyk şəklə yaxından, uzaqdan, kənardan nəzər saldı, bir də soruşdu:

– Ağa, bu kimdir?

– Urusdur!

– Nə əcəb, ağa, urusu toxutdurursan? Yoxsa böyük urusdur?

Sahibkar sinəsini irəli verdi, boynunu şax tutub məğrur və inandırıcı bir əda ilə dedi:

– Bəli, çox böyük urusdur. Külli xaki-Urusiyətin pişvası, - Ərbab səsini dəyişib soruşdu: - De görüm, belə avropalılara layiq iş görə biləcəksən ya yox?

– Niyə, ağa, toxuyarıq baxarsınız!..

– Baxmağına baxacağam, elə olmasın ki, baxım məyus olum.

– Nə ki bacarığımız var, əsirgəmərik. Eni, uzunu nə sayaq olacaq?

– Çargül, adamboyu!

Ləbbeyk üçün şəkil toxumaq asan bir işdir. Beş ildən çoxdur, dəzgah başında çalışır, neçə-neçə şəkillər toxumuş, əlindən neçə-neçə gözəl naxışlı xalılar çıxmışdır. Onun işlərini göydə götürürlər. Ancaq ağasının indiki təcili işi Ləbbeykə birtəhər gəldi. O, şəklini toxuyacağı adamı tanımaq istəyirdi. Doğrudur, bunun günəmuzd əmələyə dəxli yoxdur. Onun borcu ağasının sözünə qulaq asmaqdır. Lakin Ləbbeyk hər işdə aydınlıq sevən oğlandır. O, Yusif-Züleyxa, Leyli-Məcnun, Rüstəm-Söhrab, Fərhad-Şirin şəkillərini, hacıların ziyarət mərasimini, mələklərin ibadətini, peyğəmbərin meracını toxumuşdur. Bunlar hamısı ona məlum şeylərdir. O, indi istəyirdi ki, qırmızı kitabdakı şəkli tanısın.

Ləbbeyk fikirdə ikən ağası dilləndi:

– Açılan ayın əvvəllərində şəhərimizdə yarmarka başlanır, Urusiyətin handa bir alıcı tacirləri gələcək, bu malı bir ətək qızıla satacağam. Sənin də peşkəşin olacaq!

Ləbbeyk kitabı açır, dönə-dönə şəklə baxırdı. Başıaçıq, sakit duruşlu, bahar geyimli rus, sanki, onun üzünə gülürdü. Ləbbeyk şəklin hər cizgisinə, hər nöqtəsinə diqqət yetirir, xəyalında rəngləri quraşdırırdı. “Bu firəngi paltardır, tünd boya tutmaz, kostyum ilə köynəyin rəngi ayrı olsun gərək, ən çətini bu sadə çöhrə və mənalı baxışdır. Bu baxışı eynilə saxlamağı bacarsam, soluxmağa qoymasam, işim işdir, hünərim hünər".

– Ağa, altından adı-zadı olmayacaq ki?

– Bə nə! Odur, kitabda necə var, elə!

– Ağa, mən urusca nə başa düşürəm!

– Maddi-mənası nəyinə gərək. Hərfləri bir-bir cərgə ilə toxu getsin!

Ləbbeyk kitabı qoltuğuna qoydu, istədi soruşsun:

“Ağa, xəlvət niyə?" Münasib görmədi, daha vacib şey xatırladı:

– Ağa, onda səhər işi gətirəcəklərmi?

– Karxanaya heç bir şey gəlməyəcək. Bayaq dedim, xəlvətdir, evində toxuyacaqsan. Mahmuda de, dəzgahı qursun, nə lazımdırsa versin. Şəkli heç kəsə göstərmə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İlhamın anası

1Bu gün Səltənət uşağını konsultasiyaya aparmışdı. Həkim məsləhətini dinləmişdi, süd, qatıq alıb qayıdırdı. Köhnə məktəb yoldaşlarından birisinə - Ceyrana rast gəldi. Ceyran tərtəmiz geyinib-kecinmişdi, bəzənib-düzənmişdi. Bir oğlanın qoltuğuna yaşlanıb gedirdi. Səltənəti görəndə istehza ilə güldü:

19406 мин
Anaların üsyanı

Avqustun axşam bürküsündə qəsəbədən çölə, meşələrə doğru yollanan dəstədə Mariya da var idi. Qırmızılar çəkiləndən sonra bir bəla kimi şəhərə dolan faşist soldatları ələ keçən hər kəsi öldürür, haraya isə, nə üçünsə aparırdılar.Mariya uzaq, qaranlıq meşələrə gedə bilməyəcək, getməyəcəkdi. Onu nə güllə, nə süngü, nə də dar ağacı qorxudurdu. Düşdüyü vəziyyət hər hanki ölümdən müdhiş idi: biryaşlı körpəsini evdə nənənin yanında qoyub çıxmışdı. Mariya balasını şəhərdə, düşmən əlində qoymaq istəmirdi.

19405 мин
Ananın köynəyi

Oğlunu orduya yola salandan sonra, ananın qərarı gəlmirdi. Evdə otura bilmirdi. Qonşusu dərzi Cahangirin yanına getdi, artelə girmək üçün ondan kömək istədi. İki gün sonra ana yüzlərlə fəhlə qadınla yanaşı fabrikada, tikiş maşınının dalında əyləşmişdi. Bu maşın, bu sənət ona çoxdan tanış və yaxın idi. Cavanlıqda onun tikmə köynəkləri, əl işləri, sap ilə vurduğu naxışlar məşhur idi. Hər yerdə söylənər, təriflənərdi.Sonradan başı ailəyə, övlad böyütməyə qarışdı. Maşını bir tərəfə atdı.

19405 мин
Gülgəz

IGülgəz əlindəki badam çubuğunun puçurlarını təmizləyə-təmizləyə otağa girdi.

19409 мин

Стихи других поэтов