Содержание
  1. I
  2. II
  3. III
  4. IV

Страница 3 из 4 · 50%

Ləbbeyk canını dişinə tutub, cəriməni boynuna götürəndən sonra kitabla daha artıq maraqlandı, qoltuğuna vurub, cümə günü düz şəhərə gəldi.

III

Axşam çıraqlar yananda Məşriq kişinin evinə bir məmur gəldi. Ləbbeyki çağırıb dedi:

– Mənimlə divanxanaya gedəcəyik!

– Xeyir ola?

– Orada deyərlər.

Ləbbeyk məmurun qabağına düşüb getdi və o gedən getdi. Bir neçə ay həbsxanalarda yatdı. Məmurlar qabağında saatlarla dayanıb cavab verməli, polislər qabağında şəhərdən-şəhərə getməli oldu. Axırda hər şeyə göz yumub, canını dişinə tutur, zülmət bir gecədə qarovul gözündən yayındı. Nə arxasınca atılan güllələr, nə qaçışan ayaq səsləri onu tapdı. Ləbbeyk qardaşı Salamın izincə aradan çıxdı.

Məşriq kişi divanxana qapılarında get-gələ düşdü, bəziləri oğlunun tez buraxılacağını dedi, bəziləri hələ işinə baxılmadığını, kimisi də sürgün olunduğunu xəbər verib, atanın bağrını yardı. İki aydı dustağın yeri-yurdu məlum deyildi. Yazıq kişi ac-susuz, ayaqyalın, başıaçıq, gözüyaşlı, ağzıdualı qapı-qapı gəzib, divan adamlarına yalvarırdı. Ləbbeykin ağası kişinin əlindən zara gəlib qovmuşdu:

– Açıl başımdan, oğlun xain çıxıb, cəzasını çəkəcək, heç atılıb düşmə!

Məşriq kişi əsasına söykənir, altdan-yuxarı ağanın - o qansız və insafsız adamın sərt üzünə baxıb, özünə cürət verirdi:

– Oğlum nə xəyanət eləyib axı?

Sahibkar məmur kimi danışırdı:

– Leninpərəst imiş. Onun dalınca gedirmiş.

– Gedəndə nə olar? On il sənin dalınca gedib, ağ günə çıxıb?

Sahibkar qocanı qorxudurdu:

– A kişi, başın gora titrəyir, çıx get, qanını boynumıza salarsan!

– Elədiyin qanların hansını vermişsən, ay cəllad!

Məşriq kişi həyətini girov qoyub pul tapdı, ərizə yazan mirzələrdən birini şəhər polisinə vasitəçi saldı. Nəticə də vermədi. Dedilər müqəssirdi, gərək cəzasını çəkə.

Hər yerdən əli üzüləndən sonra böyük və köhnə şəhərin dar və isti küçələrində mat, məyus, yorğun və taqətsiz qaldı. Güc-bəla ilə özünü böyük məscidin həyətinə saldı. Dəstəmaz alıb, iki rükət namaz qıldı. Əlindən getmiş iki balasını göylərdən istədi. Qüssəli və yanıqlı ürəyini açıb, Allaha şikayət elədi. Hönkür-hönkür ağladı. Başını möhürə qoyub səcdəyə getdi.

Fikrində Ləbbeyk, ürəyində dərd, dilində dua, gözlərində yaş olan qoca elə xəyala qapılmışdı ki, kənardan baxan onun vurulduğunu, həyatını itirdiyini yəqin edərdi. O, daş kimi hissizdi. Uzun iztirab, uzaq yol, üzücü xahişlər, üzüboz məmurlar, üzülməz göz yaşları kişinin taqətini almışdı. Başı səcdəyə enəndə ağır bir yuxu onu götürüb, kim bilir, hansı aləmlərə aparmışdı. Şirin və dadlı röyalar onu payız yarpağı kimi yerdən-yerə atırdı. Lakin onu oğlundan, itirdiyi ümidindən ayıra bilmirdi.

Gecənin oğlan vaxtında bütün aləm sükuta bürünüb yatanda Məşriq kişi məscidin mehrabına tərəf yüyürür və qışqırırdı:

– Oğlumu, gözümün işığını səndən istəyirəm. Yarəbbim! Evindən çıxmayacağam, oğlumu ver!

Kişinin səsinə adamlar ayağa qalxdılar, minbərdə əyləşən bir əmmaməlinin işarəsi ilə xidmətçilər Məşriqi hop götürüb küçəyə atdılar. Bu, küçə deyil, daş hasardı. Hasarın pəncərəsindən Ləbbeyk baxır, əlindəki kitabı bayraq kimi qaldırıb atasını çağırırdı.

– Məşriq, oğlum Ləbbeyk! - deyə pəncərəyə yüyürür, Ləbbeyk hay verirdi:

– Ata, ata, düşmənlərə yalvarma! Ay ata, qardaşıma bildir. Məni Lenindən istə!

Qoca Məşriq qollarını qaldırıb, yumruqlarını göydə sıxır, sanki damarlarını silkələyib, gənclik günlərini xatırlayır, ürəyindən qüvvət istəyirdi. Oğluna qovuşmağa can atırdı. Kimsə onun uzun ətəyindən çəkir, əbasını siyirib, yerə salır, başmaqlarını çıxarırdı. Kişi quş kimi qıvraq olur, qalxmaq istəyəndə məscid xadimi ayağından yapışır, bərk-bərk qılçasına sarmaşır, buraxmırdı. Məşriq hirsindən dodağını dişləyib, təpiyini elə silkdi ki, xadim yerə düşdü:

– Əl çək, alçaq!..

Məşriq qan-tər içində yuxudan qalxanda məscid mücavirlərini başı üstündə gördü. Mücavir qoca müsafiri namaza oyadırdı. Möminlər dəstəmaz alırdılar. Məşriq təsirdən bir müddət hərəkətsiz qaldı. Şirin yuxusunu bir də təsəvvürün gətirdi. Ümid və nicat aləmindən buraya, kəsalət və kəsafətə düşdüyündən heyifsiləndi, mücaviri söyə-söyə həyətdən çıxdı. Dar küçələrdən dikələn uca, sıxgünbəzli daş binalar kişiyə bir qala kimi gəldi. Bu qala nə üçündür? Kimi qorumaq, kimdən qorunmaq üçündür?

Qoca xəyalında dolanan bu təsəvvürləri seçə bilmir, oğlu ölmüş kimi yaxasını açır, çomağını yerə vurur, başını göyə qaldırır, sanki, əli hər yerdən üzülən kişi göylərdə bir şey axtarırdı. Üfüqlərdə - məscidlər, minarələrin arxasından, uca minbərlərdən, pərdəli pəncərələrdən, ağır qapılardan o yanda işıq, günəş görünürdü. Kişi dolağını bağladı, çarıq bağlarını bərkidib yeyinlədi. Tezliklə bu cansıxan aləmdən çıxmaq, heç olmasa, kənd düzlərinin saf havasında arxayın qüssələnmək, oğlunun - o ciyərparəsinin xəyalı ilə yaşamaq istəyirdi.

O, şəhərdən çıxanda günəş də dağların dalından qalxır, qalxdıqca ocaq kimi şəfəq püskürürdü. Qəribədir, sanki o, Məşriq kişiyə salama gəlirdi. Onlar bu saat yaxınlaşacaq, bir-birinə qovuşacaqlar, bu, həmişəki günəş Məşriq kişinin dərd və qüssələrinə etinasız olan, saymaz gəlib-gedən günəş deyil, sanki, bu qocanın müsibətlərindən xəbər tutub qəzəblənən, həm də himayə qanadı açan bir pənahdır. O, bədbəxt atanı səadət kimi bürüməyə gəlir. Məşriq kişinin itirdiyi gənclik həyatını, batalarını, işaran ümidlərini, şirin xəyallarını, arzularını bir qızıl nur çanağında gətirir.

Məşriq kişi bu günəşin eşqi ilə yeriyir, sirrini kimsəyə demir, kimsədən kömək istəmir, Ləbbeyk və Salam üçün onların dalınca, onların yolu ilə gedirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İlhamın anası

1Bu gün Səltənət uşağını konsultasiyaya aparmışdı. Həkim məsləhətini dinləmişdi, süd, qatıq alıb qayıdırdı. Köhnə məktəb yoldaşlarından birisinə - Ceyrana rast gəldi. Ceyran tərtəmiz geyinib-kecinmişdi, bəzənib-düzənmişdi. Bir oğlanın qoltuğuna yaşlanıb gedirdi. Səltənəti görəndə istehza ilə güldü:

19406 мин
Anaların üsyanı

Avqustun axşam bürküsündə qəsəbədən çölə, meşələrə doğru yollanan dəstədə Mariya da var idi. Qırmızılar çəkiləndən sonra bir bəla kimi şəhərə dolan faşist soldatları ələ keçən hər kəsi öldürür, haraya isə, nə üçünsə aparırdılar.Mariya uzaq, qaranlıq meşələrə gedə bilməyəcək, getməyəcəkdi. Onu nə güllə, nə süngü, nə də dar ağacı qorxudurdu. Düşdüyü vəziyyət hər hanki ölümdən müdhiş idi: biryaşlı körpəsini evdə nənənin yanında qoyub çıxmışdı. Mariya balasını şəhərdə, düşmən əlində qoymaq istəmirdi.

19405 мин
Ananın köynəyi

Oğlunu orduya yola salandan sonra, ananın qərarı gəlmirdi. Evdə otura bilmirdi. Qonşusu dərzi Cahangirin yanına getdi, artelə girmək üçün ondan kömək istədi. İki gün sonra ana yüzlərlə fəhlə qadınla yanaşı fabrikada, tikiş maşınının dalında əyləşmişdi. Bu maşın, bu sənət ona çoxdan tanış və yaxın idi. Cavanlıqda onun tikmə köynəkləri, əl işləri, sap ilə vurduğu naxışlar məşhur idi. Hər yerdə söylənər, təriflənərdi.Sonradan başı ailəyə, övlad böyütməyə qarışdı. Maşını bir tərəfə atdı.

19405 мин
Gülgəz

IGülgəz əlindəki badam çubuğunun puçurlarını təmizləyə-təmizləyə otağa girdi.

19409 мин

Стихи других поэтов