Qardaş qanı
Komandir ilə mənim aramda əyri bitmiş, sıx kölgəli bir qarağac var idi. Sanki, komandirin işarəsini görüm deyə, ağac gövdəsini sağa tərəf yayındırmışdı. Mən komandirimin düz, cəld uzanan və bir istiqamət göstərən əlini, xüsusilə hədəfə tutulmuş süngü kimi şax dayanan şəhadət barmağını gördüm, tez yola düzəldim.
Biz yaralılar üçün gedirdik. Onları dərhal şose yoluna, sanitar maşınına gətirməli idik. Axtarış yerlərimiz isə başdan-ayağa atəş xətti idi. Yaralı axtardığımız hər addım torpağa hər dəqiqə ölüm yağırdı.
Günortaya yaxın idi. Günəş, sanki silahları daha da qızdırmaq üçün lap aşağılara enmişdi. Bəlkə də o, xalqlara fəlakət gətirən qəsbkar təyyarələri yandırmaq istəyirdi. Deyəsən, bunu döyüşçülərimiz də hiss etmişdilər. Onlar havada səslənən bu qızdırma milçəklərini məhv etmək üçün nə lazımsa edirdilər.
Mən daldalanmaq mümkün olmayan yerlərdə üzüüstə sürünürəm. Toplar nərildəyir, pulemyotlar tələsir, təkər səsləri dəmirçi bazarını xatırladır. Göy, yer bir-birinə qarışmışdır. Üfüqləri kəsif və bulanıq bir hava örtmüşdür. Adam çox eşidir, az görür. Güman edirsən ki, sənin sağında, solunda, arxanda, qarşında, başın üstündə və ayağın altında, hətta qəlbində, beynində alovlanan çarpışmaları, bütün bu gurultu və dəhşətləri müəyyən bir pərdə örtmüşdür.
Bunu düşünməyə vaxt hanı? Qulağıma sızıltı səsi gəlir. İstiqamətini seçə bilmirəm. Dalda bir yerdə güllədən qorunub başımı qaldırıram. Bütün vücudumla qulaq kəsilib dinləyirəm. Ancaq gurultudan heç nə seçilmir. Atəş xəttinə baxanda bizim dəstələrin irəliyə yüyürdüyünü görürəm. Odur, Bəhramın bütün bədəni ilə dartınaraq düşmən tərəfə əl bombası tulladığını görürəm. Bunları, bu iş və ürək yoldaşlarımı mən həmişə belə görmək istəyirəm. Nə üçün mən yaralı axtarıram? Niyə sanitar çantası əvəzinə əl bombası daşımayım?.. Hansı bir hiss iləsə yüyürmək istəyirəm. Sapand daşı kimi yarpaqları biçən güllələr yenə məni sürünməyə məcbur edir. Bayaqkı sızıltı yenə qulağımdadır. Deyəsən, zərbələr, döyüşlər, odlar, alovlar altında yer sim kimi titrəyir, inildəyirdi.
Mən gözümü dəstəmizdən ayıra bilmirəm. Deyəsən, orada, döyüşçülərimizin can-baş ilə vuruşduğu yerdə bu saat nə isə qeyri-adi bir şey olacaqdır. Bəlkə də, olmuşdur. Yaralı görmədikdə mən daha da ürəklənir, daha da sürətlə yeriyirəm. Birdən diqqətimi Bəhramın, zirək gəncin hərəkətləri cəlb etdi. O, yerə sinib atır, qalxır, yüyürmək istəyir, ancaq yüyürə bilmirdi. Əl hərəkətləri, baxışı və tüfəng atışı ilə o həmin Bəhram idi. On beş il mənimlə yoldaşlıq edən, mənimlə bir oxuyan və birlikdə cəbhəyə gələn Bəhram idi. Lakin ayağa qalxanda nə isə yerişinə bir ləngər və ağırlıq gəldiyini hiss edirdim. Bu əbəs deyilmiş: Bəhramın sol qıçı dizindən aşağı al qana boyanmışdı. Bu dəqiqəni, mənə qardaşdan yaxın və əziz olan Bəhramın yaralandığını gördüyüm vaxtı heç bir zaman unutmayacağam. Ürəyim dayanan kimi oldu. Axıb gedən bu qızıl qanda bütün əziz günlərimin, xatirələrimin, parlaq ümidlərimin getdiyini zənn etdim. İxtiyarsız qışqırdım, Bəhrama tərəf qaçdım.
Bəhram yarasının ağrısını ancaq indi hiss etdi. Mən təkid ilə onu səngərdən ayırdım. Yarasını bağlamaq istədim. Düşmən güllələri dolu kimi yağmağa başladı. Amansız bir güllə mənim sanitar çantamı sökdü. Bir də baş barmağımı apardı. Deyəsən, düşmən Bəhram kimi bir igid əsgərin ölümdən xilas olduğunu görmüş, quduraraq, bütün gücü ilə hücuma keçmişdi.
Bu hiss məni daha da əsəbiləşdirdi. Həyatımı itirsəm də, Bəhramı atəş xəttindən çıxarmağı qət etdim. Onun etirazına baxmayıb, qıçları tərpənməsin deyə bərk-bərk tüfəngə bağladım. Qolumu enli kürəklərinə doladım, böyrüm üstə sürünə-sürünə getdim.
Ətrafımız düşməndir. Bəlkə də pusquda duranlar var, səs çıxarmaq xatalıdır.
Bəhram da yəqin ki, buna görə susmuşdu. Mən hərdənbir onun üzünə baxır, itirdiyi qana heyifsilənirdim. Ancaq gözlərindəki dirilik və çevik hərəkət mənə ümid verirdi. Həkim məntəqəsinə çatmaq üçün tələsir, var gücümlə sürünürdüm.
Mənə elə gəldi ki, bu yeriş Bəhramı incidir, onun yarasını yenidən aça bilər. Bu xəstəni mən xərəkdə aparmalı idim. Buna imkan yox idi. Məntəqəyə az qalsa da, qarşıdakı yol eniş-yoxuşdur, yaralı əziyyət çəkəcəkdir.
Mən yaralını kənar bir qaya altına, kölgəliyə çəkirəm. Budaqlar, otlar ilə örtürəm. Bəhram, nə etmək istədiyimi düşünür, onun quru və solğun dodaqları tərpənir:
– Yanıram, su!
Bəhramı cərrah stoluna qoyanda həkim məni arxayın saldı.
– Qorxusu yoxdur. Bu ürəkdə əsgərdən ölüm uzaqdır.
Mən də bunu istəyirdim.
Bəhram igid bir əsgərdir, vətənin əziz oğludur. Bundan başqa Bəhram mənim həyatımın, gəncliyimin, arzu və ümidlərimin yarısı deməkdir. Xoş günlərim, qayğısız vaxtlarım deməkdir. Ona yaralı vaxtında kömək etmək və bu köməyin yaxşı nəticəsini görmək nə qədər xoşdur! Həkimin sözündən sonra Bəhramı təzədən diriltmiş kimi sevinirəm. Dizimə qüvvət, gözümə işıq, ürəyimə fərəh gəldi. Həkimi də, yaralını da, görməyə gələn işçiləri də qucaqlayıb öpmək istəyirəm. Həkimə kömək edən bacının mənə tərəf bir tüfəng gətirdiyini gördüm. Bu, təzə, parlaq, həm də qanlı bir silah idi.
Bu silahı sahibsiz görəndə məni, nədənsə, ani bir kədər bürüdü. Onun gövdəsində Bəhramın qüvvətli əllərini, çaxmağında yoldaşımın şax barmaqlarını aradım. Deyəsən, mən duyanı şəfqət bacısı da duymuşdu. Yoxsa tüfəngi mənə verəndə mənalı-mənalı baxmazdı. Yoxsa heç tüfəngi mənə verməzdi.
Mən tüfəngi müqəddəs bir əmanət kimi ikiəlli tutmuşdum. Onu gözüm önünə gətirib baxır, sanki işıldayan dəmirlərdə, parıldayan ağacda nəyi isə oxumaq istəyirdim.
Mən çox durmadım, çox düşünmədim. Buna vaxt yox idi, komandirin hüzuruna gəldim, silahı göstərib icazə istədim.
– İzin verin hələlik Bəhramı əvəz edim. Dəstədə onun yeri boşdur.
Komandir xahişimi yerə salmadı. Məni sanitar dəstəsindən atıcılar dəstəsinə göndərdi.
Mən səngərlərdə silahı bağrıma basanda qardaşımdan əziz olan Bəhramı yanımda hiss edirdim. Silah səslənəndə Bəhramın dindiyini duyurdum. Silaha qulluq edəndə Bəhrama qulluq edirmiş kimi həzz alırdım. Ancaq tüfəngin qundağında möhür kimi qalan bir damla qanı silməmişdim və silməyəcəkdim. Bu, qardaş qanının əlaməti idi. Bu, Bəhramın, sanki, mənə qoyub getdiyi bir yaddaş idi. Mən düşməndən intiqam almalı idim. Bunu bacarmasam, nə vətən, nə komandir, nə Bəhram, nə də onun sevimli silahı məndən razı qalmazdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-qardas-qani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O lv.Gözlənilən gün gəlib çatdı.
Əsgər oğlu1– Başı xeyirlilər çörəyi-suyu da vaxtında yeyib-içmirlər. Belə də dərs olarmı, belə də candan keçmək olarmı. Müəllimlərinə bir deyən, bir çatdıran yoxdurmu. Nədir bu axı...
MərdimazarHər kəs öz əməyinin məhsuluna baxıb həzz alır: neftçi göydə uçan təyyarənin səsindən fərəhlənir, pambıqçı top-top olan parçaları, paltarları görüb sevinir, aqronom kəhrəba taxılı ilə, bağban bol meyvəsi ilə, müəllim hünərli tələbəsi ilə, mühəndis tikdiyi əzəmətli binalarla fəxr edir. Azad, ictimai zəhmətdən doğan fərəh və iftixarı duymayan sovet adamı yoxdur.Tarlada alaq otu olduğu kimi, içərimizdə köhnə dünyadan ilişib gələn çirkin niyyətli adamlar da vardır. Onlardan biri həmin Hacı Aslan oğludur. Ömrü boyu yazdığı iftira dolu ərizələri əskinas kimi büküb sığallayır, əzizləyir, dönə-dönə düzəldib ağardandan sonra paketə qoyur, marka vurur, axşamüstü, qaranlıq çökəndə şəhərin müxtəlif yerlərindəki poçt qutularından birinə salır. Böyük igidlik göstəribmiş kimi, sevincək əllərini ovuşdurub: "Hərifin atası yandı", – deyir.
Qələmİlyasın məktəbə gedən yolu meşədən keçirdi. Bu səhər İlyas tələsmiş, dərs şeylərini yaxşı yığmamışdı. Qələmi çantanın küncündən başını çıxarıb baxırdı. Meşədən keçəndə qələm çantadan düşdü.Meşədəki ağaclar qələmin başına yığıldılar, ona "xoş gəldin" dedilər. Onlar qələmin düz boyuna, dəmir papağına, qara gözünə, əlvan rənginə, yaraşığına heyran-heyran baxıb soruşdular:
Стихи других поэтов
Şəninə nə qədər şer yazmışam,Sahil qumlarına şüar yazmışam.
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
DeyərNamərd ilə işim yoxdu, mən həcətakram deyər.Nə yükü yox, nə mətaı, şahü-xodkaram deyər.
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,