Страница 1 из 2

Aşağıdan, ev idarəsinin balaca klubundan musiqi səsi gəlirdi. Hərdən musiqi yavaşıyır, kim isə fərəhli bir mahnı oxuyurdu. Oxuyanı Rəşid səsindən tanıdı. İskəndər idi. Rəşid bildi ki, uşaqlar çalıb-oynamağa yığılıblar. Sevincdən bilmədi nə etsin. Tez papağını başına qoydu, atasına dedi:

– Ata, İskəndərgil klubdadırlar, mən də gedirəm.

Atasının başı nəyə isə qarışıq idi. Dönüb baxmadan, yavaşca izin verdi:

– Get.

Rəşid işıqlı şüşəbənddən ötüb, üçüncü mərtəbədən aşağı düşməli idi. Ancaq dəhlizdə işıq yanmırdı, pilləkənlər qaranlıq idi.

Rəşidin gözü qaranlığa sataşanda ürəyinə qorxu düşdü. Pilləkənləri enməyə cürət etmədi. Elə güman etdi ki, pilləkənlərə ayaq qoysa xortdan tutub onu yeyəcək. Şüşəbəndin qapısında bir az dayanmamışdı ki, ürəyi daha da qorxuya düşdü. Tez qapını basıb geri qayıtdı, istədi, qorxusunu atasına desin. Utandı.

Rəşid bilirdi ki, atası qorxaqları sevmir. Atası içəri otaqdan gələndə musiqinin səsi daha da ucalırdı. Həyətin uşaqları, qarmonçu Mişkaya oyun havası çaldırır, dəstə ilə oynayırdılar. Rəşidin atası pəncərəyə yanaşıb qulaq asmaq istəyirdi. Bir də gördü Rəşid qapının küncündə dayanıbdır. Elə bildi ki, Rəşid çalğıdan xoşlanmayaraq, qayıdıb gəlmişdir:

– Niyə qayıtdın?

Rəşid dinmədi. Atası yaxınlaşdı, onun üzünə baxdı:

– Bəs aşağı düşməmişdin?

– Yox!

Atası Rəşidin dərdini anladı:

– Yoxsa qorxursan, qaranlıqdanmı qorxursan?

Rəşid utandığından başını aşağı saldı:

– Yox, - dedi, - qaranlıqdan qorxmuram.

– Bəs nədən qorxursan?

– Xortdandan!

Atası qəhqəhə çəkib güldü. Rəşidin qolundan tutub kluba apardı.

– Bala, - dedi, - ay qırışmal, qaranlıq olanda nə olar? Gündə on dəfə çıxıb-düşdüyün pilləkənlərin nəyindən qorxursan, özünün də səkkiz yaşın var.

Rəşid yenə inandırmaq istədi:

– Qaranlıqdan qorxmuram, xortdan-zad olur.

– Deməli, xortdandan qorxursan. Yaxşı, Mişkaya bunu deyərəm. Mişka qarmonçalan idi. Həm də zarafatcıl oğlan idi. Həyətin bütün uşaqları ilə dost idi. Görərdin, sözvaxtı onları başına yığıb, halay vuraraq söhbət edirdilər. Mişka haradansa bir kino aparatı tapmışdı. Həyətin divarına yekə ağ təlis mıxlamışdı. Aparatla işıq salır, həyətdə pulsuz kino göstərirdi. Mişka Rəşidin də xatirini çox istərdi. Hələ bir dəfə ona iki lent də bağışlamışdı.

Rəşid atasının əlindən tutaraq:

– Yox, ata, demə. Mişkaya demə.

Atası razı oldu.

– Mişkaya, - dedi, - söyləmərəm, amma sən xortdandan qorxmağı tərgit. Yoldaşların bilər, ayıbdır.

Rəşid kluba girəndə Mişka qarmonu yerə qoymuşdu. Uşaqlar iki dəstə olub, əl-ələ vermişdilər. Oyun oynayırdılar. Rəşidi görən kimi Rüstəm İskəndərin əlini buraxdı, aralıqda Rəşidə yer elədilər. O da başqaları kimi əl-ələ tutdu.

Bir az oynayandan sonra, Mişka uşaqlara dedi:

– Oturun, yoldaşlar, nağıl deyəcəyəm.

Uşaqlar Mişkanın şirin nağıllarını çox eşitmişdilər. Tez stullarda oturdular. Bir-birinə macal vermədən qışqırdılar:

– Əsgərin nağılını danış!

– Koroğlunu!

– Məlikməmməd yaxşıdır.

Rəşid də xahiş edirdi:

– Pilotu de, pilot buluda gedir ha!

Mişka gəlib Rəşidin qabağında dayandı. Diqqətlə onun üzünə baxdı. Rəşid, güman etdi ki, "Pilotu" danışacaq, onun xahişinə əməl edəcək.

Amma Mişka, deyəsən, ayrı söz demək istəyirdi.

Rəşidin atası əhvalatı ona pıçıldamışdı.

– Uşaqlar, xortdanı kim görüb?

Uşaqlar gülüşdülər, Rəşid istədi desin "mən görmüşəm", birdən xəyalına gəldi ki, "görməmişəm axı, necə deyim görmüşəm".

Mişka sualına cavab gözləmədi, klubun orta tərəfinə çəkilib dedi:

– Bu saat xortdanı sizə göstərəcəyəm.

Uşaqlar sevindilər, dal cərgələrdə oturanlar qalxıb qabağa keçdilər. Bayaqdan çıxıb getmək üçün qapı ağzına çəkilənlər qayıdıb oturdular. Danışanlar, gülüşənlər kiridilər. Hamı dörd gözlə Mişkanın üzünə baxır, onun nə edəcəyini səbirsizliklə gözləyirdi.

Mişka bütün klubu sakit görüb, stol üstündəki külqabını götürdü.

– Uşaqlar, - dedi, - bunun içində nə var?

Uşaqlar cavab verdilər:

– Çöp!

Mişka uşaqlara yanaşdı. Bir əlini qulağının dalına tutdu, başını qabağa tərəf əyib diqqətlə qulaq asdı.

– Nə?

Uşaqlar bir də cavab verdilər:

– Çöp!

Mişka narazılığını bildirmək üçün başını tovladı:

– Yox!

İkinci cərgədəkilərdən soruşdu, "kibrit çöpü" dedilər. Mişka yenə razı olmadı. Üçüncü cərgədə oturanlar "spiçka" dedilər. Mişka əlini tovladı ki, "bilmədiniz".

Mişka qayıdıb qabaq tərəfdə dayandı, külqabıdakı çöplərə işarə edərək dedi:

– Bilmirsiniz, bunlar nədir?

Rəşid bu işə lap heyran qalmışdı. Yerindən qalxıb qabağa keçdi. Mişkanın lap yanına gəldi. Külqabının içinə diqqətlə baxdı. Dönüb dikdik Mişkanın üzünə baxdı.

– Bu kibrit çöpüdür də, yoldaş Mişka.

Mişka gülümsədi və şəhadət barmağını sağa-sola tərəf tərpədərək, rədd etdi.

– Yox, yox. Sən də bilmədin.

– Bəs nədi? Özün de!

Mişka üzünü uşaqlara tutdu:

– Yoldaşlar, indi ki bilən olmadı, qoyun özüm deyim. Bax, bu külqabının içində gördükləriniz xortdandır.

Bu sözü deyən kimi uşaqlar gülüşdülər. Mişka heç qımışmadı da. Danışmağa başladı:

– Bəli, yoldaşlar, bu xortdandır. O ki sizin bəzilərinizi qorxudur, gecə çölə çıxmağa qoymur ha, o xortdan həmin budur ki, var.

Mişka bir kibrit çöpünü iki barmağı arasına alıb yuxarı qaldırdı, hamı gördü, hamı eşitdi, amma heç kəs inanmadı.

Mişka əli ilə sakitlik işarəsi verdi, başa saldı:

– Bilirəm, - dedi, - siz çox bərk adamsınız. İnanmayacaqsınız, sözümün canı var, sizə bu xortdandan bir nağıl danışım, görün dediyim düzdür, ya yox.

Uşaqlar sakitcə oturub dinləməyə başladılar. Mişka keçib qabaq stolun dalında oturdu. Danışdı:

– Mən kənddə olanda odun satırdım. Meşədən çırpı, meyvə yığıb gətirirdim. Biyan kökü var ey, şirin olur, çuğundur kimi qırmızı. Bizim yerdə ondan çox var. Bir kişi öyrətmişdi. Yığıb gətirir, şəhərdə satırdım. Bir gün payız idi. Bir xurcun biyan kökünü satıb, sevincək evimizə qayıdırdım. Gecə idi. Piyada, tək gəlirdim...

Burada Mişka Rəşidin üzünə baxdı, nədənsə gülümsəyən kimi oldu. Əlavə etdi:

– Xortdandan-zaddan da qorxmurdum. Yolum qozlu meşədən düşdü. Hava soyuq idi. Ancaq əynim qalın idi, anam bir cilitka tikmişdi, kürəyinə də yun döşəmişdi. Onu geyinəndə elə qızışırdım ki, deyəsən, belim də ocaq qalanıb. Başımda dəri papaq, ayağımda çarıq, yeyin gedirdim. Dünyada gözümə heç nə görünmürdü. Anamı düşünürdüm ki, evə tez çatım. Biyanın pulunu verim, getsin un alsın. Yolumdakı suya-batdağa da baxmırdım. Ayaqlarım qızışmışdı, rütubəti duymurdum. Qozlu meşə də çox böyük idi.

Rəşidin səbri tükəndi:

– Bəs xortdan necə oldu?

Mişka gülümsədi:

– Xortdan gələcək, ancaq özünü bərk saxla, qorxub qaçma!

Uşaqlar gülüşdülər. Rəşid qızardı, başını aşağı saldı. Mişka əllərini ovuşdura-ovuşdura danışığına davam etdi:

– Qozlu meşənin kəsilən yeri, böyük açıq bir taladır. Mən gecə ağacların arası ilə həmin talayacan gəldim. Açıqlığa çıxan kimi, ay da buluddan çıxdı, özünün süd işığı ilə aləmi boyadı. Mən bu açıqlıq və aydınlıqda bir az dayanmaq, rahatlanmaq istəyirdim. Bir xışıltı eşitdim. Ürəyim birtəhər oldu. O saat uşaq vaxtı anamın xortdan deyib məni qorxutduğu günlər yadıma düşdü. Dayanmadım, yoluma düzəldim, bir az da yeyinlədim.

– Yeyinləyəndən sonra, uşaqlar, nə görsəm yaxşıdır?

Mişkanın sualına heç kəsdən səs çıxmadı. Çünki hamı maraq və səbirsizliklə dinləyir, kibrit çöpünün, ya da xortdanın ortaya gəlməyini gözləyirdi.

Mişka davam etdi:

– Yeyinləyəndən sonra bir də gördüm ki, qabağımda bir şey oynayır. Diqqətimi yığıb baxdım: uzunqılça, adama oxşayan bir şeydir, ancaq başı görünmür. Mən yeridikcə o da qabağımda atıla-atıla gedirdi.

Canımı vahimə aldı, nə aldı. Durduğum yerdə hərəkətsiz qaldım. Yəqin elədim ki, qabağımdakı xortdandır. İstədim bərk qışqıram, səsim çıxmadı, istədim qayıdıb qaçım. Buna da ürəyim gəlmədi. Bir neçə dəqiqə durdum, xortdan yox oldu. Yola ha baxdım, bir şey görə bilmədim, gözlərimi ovuşdurdum, öz-özümə güldüm. Dedim... Yəqin məni qara basırmış. Ürəkləndim, qalxıb yoluma düzəldim. Yenə beş-altı addım getmişdim ki, gördüm, budur ha xortdan qabağımda oynayır. Özü də uzun qılçalarını ata-ata məndən beş-altı addım irəlidə, səssiz-səmirsiz oynaya-oynaya gedir. Ancaq yenə başı görünmürdü. Mən özümə cürət verdim, əyilib yerdən yekə bir daş götürdüm. “Yaramaz heyvan, məndən nə istəyirsən?" dedim, daşı onun kürəyinə çırpmaq istədim. Qolumu qaldırdım ki, atım, gördüm ki, xortdan yoxdur. O yana xortdan, bu yana xortdan, yoxa çıxdı ki, çıxdı. Yoldan çıxıb, ağacların daldasına baxdım, kolları araladım ki, görüm xortdan qaçıb gizlənməyib ki. Heç bir şey görmədim. Dönüb yoluma davam elədim. İkicə addım getməmişdim bir də gördüm xortdan səliqə ilə qabağımda oynamaqdadır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов