"Xanım qələmi"
Qələm köftə ki, mən şahi cahanəm,
Qələmzənrə bə dövləti mirəsanəm...
Farsların bu məşhur misalını yazı-pozu ilə məşğul olanların çoxu deyir və eşidir. Qələmin doğrudan da öyünməyə haqqı var. Çünki onun qüdrətini hamı görüb, inanıb.
Xanım qələmi haqqındakı söhbət bir az ayrı məna daşıyır. Özü də, necə deyərlər, təzə söhbətdir.
O gün mədəni mallar mağazasının qabağından ötəndə birdən yadıma düşdü. İçəriyə girib xahiş elədim:
– Qardaşoğlu, görürəm, sizin vitrində çox qələm, çox qələmdan, özüyazan, özüpozan, çox əlvan, gözəl mallar var. Mənə bəzək-düzək, yaraşıq lazım deyil. Mən qələmi məhz yazmaq üçün alıram. Çünki bu mənim sənətimdir. Xahiş edirəm, mənə elə bir qələm ver ki, yazmağa yarasın!
– Yoldaş filankəs, bizim bu şüşənin altında gördüklərinizin hamısı yazır. Biri mürəkkəb ilə, diyircəklə, biri rəng ilə... Sizin zövqünüz hansını istəyir, verim.
– Mənə yazan lazımdır.
– Bunların hamısı yazır.
– Yazır, bilirəm yazır, ancaq onu yazmaq məqamına gətirincə mənimki mənə dəyir. Bir qələmi qəddəyirəm, içi tökülür. Bir avtoqələmi doldururam, kostyumumu korlayır. Xülasə, yar-yoldaş yanında beş kəlmə yazmaq istəyəndə utanıram. Kiçik kağıza qol çəkmək bəzən bir problem olur. Yanımdakıların çoxu qələm çıxarıb kömək eləmək istəyir, görürsən onlar da peşman olurlar.
– Yox, peşman olmazlar, bizdə yazan, özü də yaxşı yazan qələmlər var!
– Çox xahiş edirəm o yazanlardan birini, bir yaxşısını mənə verəsiniz, qiyməti də neçə olsa, sözüm yoxdur. Halalınız olsun.
– Yoldaş filankəs, qələmimiz çoxdur. Lap neçə rəng desən, yazan qələm var. Məsələn, bu, beş rəng ilə yazan, üç rəng ilə yazan. Bu...
Mən satıcı yoldaşın əlavə izahatını dinləyəndən sonra ona başa saldım ki, mənə çox rəng lazım deyil. Bir rəng ilə yazmaq kifayətdir. Məsələ rəngdə deyil, yazının özündədir. Bir rəng ilə yazı var, daşdan keçər. Çox rəng ilə yazı olur, görürsən, hamıda ikrah doğurur.
Satıcı mənim sözümlə bir az dayandı, baxdı, baxdı, sonra qələm sərgisinə göz gəzdirdi. Mən fürsətdən faydalanıb hərifə bəzi sözlər də dedim:
– Qələm silah məqamındadır. Onu əlinə alan kimi yazmalıdır. Yoxsa, kağıza sürtürsən yazmır, nə irəli gedir, nə geri. Bərkə vuranda kağızın üstünə bir lomba ləkə salır, yazı əvəzinə sən durursan dəsmal axtarmağa. Belə qələm mənim nəyimə lazımdır, özü də bikar deyiləm, iş adamıyam, addımbaşı sil-süpür ilə məşğul olmağa vaxtım nə gəzir! Dostum, xahiş edirəm mənim bu sözlərimi sizin ustalara, məhsul buraxanlara çatdırasınız. Bu yaxınlarda hörmətli "Bakı" qəzetində də bu barədə bir yazı oxudum, bilmirəm nəzərinizə dəyib, ya yox?
– Bəli, elə bir şikayət olub, bizə dedilər.
– Qardaşımsan, mənə elə qələm ver ki, daha dəqiqədə bir təmir istəməsin, yazsın, vəssalam! Özü də əlvanlıq, rəng-filan lazım deyil, sadə qələm, yazan qələm!
Sahcı yoldaş vəziyyətin ağırlığını hiss elədi, içəri otağa keçdi, yenə qayıtdı.
– Yoldaş filankəs, – dedi, – bizdə qələmlər çoxdur. Bilmirəm, sizə hansını təklif eləyim...
Bunu dedi, kiçik yeşiyi açıb nazik, balaca, qotazlı bir qələm çıxardı.
– Bu, yaraşıqlı, sadə, özü də yazan qələmdir. Bilmirəm, xoşunuza gələr, ya yox?
– Yazan olsa, niyə gəlmir.
– Yazandır. Bunu çox xanımların sumkasında görərsiniz.
– Yazıçı xanımların xoşuna gəlibsə, böyük işdir.
– Bəli, onlar alırlar, özü də razılıq eləyirlər.
Mən söhbəti uzatmadan qələmin qiymətini soruşub piştaxtanın üstünə bir manatlıq qoydum.
Satıcı pulun artığını verdi və mənə izah elədi ki, belə qələmlərin müddəti də olur. Mexanizmində bir qüsur hiss eləyəndə, mağazaya müraciət edə bilərsiniz, biz təmiri pulsuz elətdiririk.
Bu qələmin müddət kağızına baxanda gördüm ki, səliqəli xətt ilə çap hərflərlə yazılıb:
"Xanım qələmi."
– "Xanım qələmi?"
– Bəli, bunun yaraşığına görə elə ad qoyublar.
– Yəqin bunu xanım sumkaları üçün hazırlayıblar.
– Sumkada da, cibdə də saxlamaq olur. Çox yoldaşlar bunu alır, bununla da yazırlar.
Qələmin o yan-bu yanına diqqətlə baxdım. Qabağımdakı bir kağıza da toxundurub gördüm ki, yazır, ilişmədən yazır, hərfləri inci kimi kağıza düzür.
"Xanım qələmi!"
Qələmin pulunu verib çıxandan sonra böyük bir çətinlikdən qurtulmuş kimi özümü rahat hiss etdim. "Xanım qələmi" haqqındakı söhbəti yoldaşlarımın çoxuna danışdım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-xanim-qelemi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Uzun illər bundan qabaq qırmızı və xam misin qazandı qoxusu Berlin kapitalistlərinin burnuna getmiş, mühəndislər çağırılmış, aparatlar qurulmuş, planlar düzəlmiş, yerlər zəbt olunub, kəndlilər döyülmüş, bazar açılmış, işçilər toplanılmış, qamçılar şartıldamış, yer altlarına lağımlar salınmış, kişilər qazımış, qadınlar daşımış, uşaqlar təmizləmiş. Bu ehtiras və ölüm çəkişmələri - Yasamal dağlarının başındakı meşəlikdə, dayaz bir dərədə - Gədəbəydə - misəridən zavodu doldurmuşdur...Üç tərəfini bürüyən dərin və uzun sulu mağaralar zavodun qan damarlarıdır. Zavoddan çıxaraq ətrafı dolaşan dəmiryol xətti bir sual kimi bükülmüş və mədənləri zavoda bitişdirmişdir. Bu xəttin ən zərif və səliqəli tərəfi mis "kraliçasının" malikanəsindən çıxandır.
Marksın dostuMən oxumaqdan qayıdıram... Anam səfərdən gələnin çantasına göz dikmək xasiyyətini unutmuşdur. O bilir ki, oxumaqdan qayıdarkən kitabdan başqa nə sovqatım ola bilər? Revolyusiya rəhbərlərinin yeni rəsmlərindən gətirmişəm, anam ehtimal ki, onların nə üçün şəkilə salındığını bilmir. Lakin o, evin lüt divarlarını onlarla sevinə-sevinə örtəcəkdir. Evdə az oluram, o, ana qəlbilə məndən inciyir. "Bəsdir. Bir saat da çəkil, oturub bir az dincəl! Dünyanın ağzını sən düzəldəsi deyilsən ki!.."– deyə məni danlayır.
Almas gəldi– Pambıqda tərləyirsən, ya yox? Tərləyirsən. Ürəyin yanır, ya yox? Yanır. Yaxşı, palçıqlı su içsən yaxşıdır, ya çay? Əlbəttə ki, çay istəyəcəksən. Bir stəkan çay sənə can verər, qan verər, dincəldər. Səni açar... İndi ki belədir niyə olmasın...Almas xalanın çıxışı vəziyyəti dəyişdi. O, tarlalarda yeməkxana təşkili və əhəmiyyəti haqqında inandırıcı danışır və əl-qolunu ölçərək deyirdi:
Azad qızQara çadralı bir qız xəyal kimi süzülərək divar dibindən ötdü. Xəlvət küçələrdən keçib özünü məktəb həyətinə saldı. Dəhlizdə çadrasını açdı, tərini sildi, saçını düzəltdi, sonra küçə qapısından boylandı, dalınca gələn yoxdu, ürəyi sakit oldu.Çimnaz məktəbə getdiyini gizlədə bilmədi. Axırda bildilər. Evdə qiyamət qopdu. Qohumlar hiddətə gəldi. Ata-ananı namussuz adlandırdılar, qıza azğın dedilər, hədələdilər.
Стихи других поэтов
Burada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyim
Rəqib töhməti etdi məni cüda, ey dustRəqib töhməti etdi məni cüda, ey dust!Bu zülmü gördü rəva, görməsin səfa, ey dust!
ŞəklindəSevimli tələbəm Tağı Şahbaziyə.*Sevimli bir diləyim var, xəyal şəklində,
Daş sizə qəmbər bizəQarğıyıb zalım fələk istər sizə, istər bizə,Çox dəyib mitinq zamanı daş sizə, qəmbər bizə.