Страница 2 из 2 · 50%

Mürsəl bir tərəfdən Zibaya nəsihət, tapşırıq verir, o biri tərəfdən cəbhədəki mənzərəni xatırına gətirirdi.

Hissələrimiz düşmən mövqelərinə lap yaxınlaşmışdı. Hücumda onu dəstənin qabağında, "irəli" deyə qışqıranda gördüm, başından dəyən güllə zireh papağını kənara atdı, yazıq üzü üstə düşdü. Mən pulemyotu idarə edirdim, qoyub gedə bilmədim. Onlardan sonra biz yeridik. İki saat sonra mən necə yaralanmışdımsa heç nədən xəbərim olmayıb, gözümü açıb özümü sarğı məntəqəsində gördüm.

Mir Əli qəhrəman idi, qəhrəman kimi də vətən borcunu verdi. Bizim vəzifəmiz isə onun intiqamını almaq, heç bir zaman onu unutmamaqdır!

Mürsəl sözünü tamamlamadan cibindən balaca dəsmala bükülü bir şey çıxartdı:

– Buyurun, - dedi, - Ziba xanım, mərhumun saatıdır, sanitarlar mənə verib, qəbz aldılar. Sən bunu əlbət ki, Leyladan gizlətməlisən! Sizə zəhmət verməkdən qəsdim bu idi.

Mürsəl belə bir xəbərdən sonra Zibanın simasına nəzər saldı, birdən oturduğu yerdən dik atıldı, qız çoxdan özündən gedib, huşsuz düşmüşdü. Mürsəl bacıları səslədi, həkim istədi. Leylanı götürüb palataya apardılar. Mürsəl isə dediyinə peşman oldu.

2

Mürsəl Mir Əlini od içində tərk etmişdi. Daha doğrusu tərk etməyə məcbur olmuşdu. Ayılandan sonra sarğı məntəqəsinə hay salıb soraqlaşmışdı. Belə bir yaralı tapılmadığından yoldaşının ölümünü yəqin etmişdi. Ancaq Mir Əlinin vəziyyəti Mürsəl düşündüyü kimi yox, bir az başqa cür idi. Həmin gün Mir Əli başından ağır yaralanandan sonra top gülləsinin açdığı çalanın kənarında vücudunun yarısı torpaqda örtülü halda, huşsuz düşüb qalmışdı. Sərin yay gecəsinin nəsimi onun əsəblərinə toxunanda oyanmış, özünü meyitlər arasında görmüşdü.

"Çıxmayan cana ümid yoxdur" demişlər. İnsan, vücudundakı zəngin həyat imkanlarını ancaq ağır xəstəlik məqamında duyur. Mir Əli gözlərini açıb aydın fəzaya baxanda, güman etdi ki, axır nəfəsidir, hər şey bitmişdir. Bu baxış yalnız sönmək üzrə olan həyat qığılcımının son parıltısıdır. Bunun ardınca zülmət gələcək, ağırlaşan göz qapaqları əbədi bir qaranlıq gətirəcəkdir... "Of! Həyat!"

Mir Əli vücuduna hərəkət vermiş, tükənməkdə olan taqətini diz qapaqlarına toplayaraq, şərqə-səngərə tərəf yollanmışdı. Hər işıldayanı su bilib yönəlmiş, ağaclar altında sərin torpaq arayıb, sinəsini sürtmüşdü...

Bir gün sonra sanitar əsgərlər Mir Əlini yarımcan meşədən tapıb aparmışdılar. Ay yarım məntəqədən-məntəqəyə, xəstəxanadan-xəstxanaya keçirilərək, getdikcə arxanın dərinliklərinə aparıldı. Son bölgü məntəqəsində yarası uzun sürənlərin Novosibirsk şəhərinə göndəriləcəyini bir şəfqət bacısından öyrəndi, həkimlərdən və xəstəxana müdirindən xahiş edib, özünü vətəninə - Bakı xəstəxanalarına yollanan qatara saldı.

Eyni gündə, eyni saatda şimaldan cənuba gələn qatar Mir Əlini gətirdi: cənubdan şimala gedən qatar isə Leylanı və Mürsəli gətirdi.

Can bir qəlblə olan bu üç adamın, bu üç əzizin bir-birindən xəbəri yox idi. Müharibə, qəfildən qopan bir ruzigar kimi, onları ayırıb o qədər uzağa atmışdı ki, heç biri o birisinin halını təsəvvür edə bilmir, sağlığına xatircəm ola bilmirdi.

Uzun ayrılıqdan və təhlükələrdən sonra doğma yurduna, öz ailəsinin yanına, Leylanın, Tofiqin yanına qayıdan Mir Əlinin halını mən yazmasam da oxucu bilir.

Tbilisi şəhərində Mürsəli görəndən sonra Leylanın necə pərişan hala düşdüyü, nə iztirab içində qayıtdığı da oxucuya məlumdur.

Mürsəl isə Leylanı belə vəziyyətdə tək buraxa bilməmişdi. Şikəst olsa da, iki günlüyə icazə alıb, özü gətirmişdi.

Mürsəl tanış olduğu, müşayiət etdiyi qızı hələ də Ziba bilir, Ziba çağırırdı. Ona görə də təsəlli verir, evdə, Leylanın yanında ah-zardan tamam əl çəkməsini xahiş edirdi. Deyirdi, ancaq bunun mümkün olacağına özü də inanmırdı. Yəqin etmişdi ki, fəlakətli xəbərdən bulud kimi tutulan bu matəmli qız Mir Əlinin evinə sakitliklə girməyəcək, bəlkə də bütün qüssələrini ifadə edən yanıqlı bir fəryadla yeddi qapı-qonşu başına yığacaqdır.

Bu vəziyyəti gözü önünə gətirən Mürsəl heç evə, Leylanın yanına getmək istəmirdi.

– Ziba bacı, - deyirdi, - mənim sizə getməyim yaxşı düşməz. Ürəyim pisdir. Mərhumun uşağını görsəm, özümü saxlaya bilməyəcəyəm.

Gəlin, siz rüsxət verin, mən vağzaldan qayıdım, onsuz da...

Bu xahiş Leylanın qəlbinə dəydi:

– Mir Əlinin sizin kimi əziz dostu qapımızı açmaq istəmirsə, bundan sonra yoluxub-yoxlayanımız kim olacaq?!

Mürsəlin deməyə sözü qalmadı.

Onlar vaqondan düşüb, evə yollananda səhər yenicə açılırdı. Şəhər təzəcə yuxudan qalxır, günəş yenicə Xəzərdə çimib çıxır, fəzalar seyrinə hazırlaşırdı.

Vağzalın kənar tərəfində dayanan səhiyyə maşınları vaqonlardan düşən xəstələri qəbul edirdi. Mürsəl bu maşınlarda o qədər uzanaqlı qalmışdı ki, onları görəndə gözü ağrıyırdı. O bilsəydi ki, əziz dostu və həlak olmuş saydığı Mir Əli də bu xəstələrin içindədir, sevincindən qışqırıb, nə bilim, nə deyərdi.

Səhiyyə maşınının yollanmasını gözləyən və şəhərə gələnlər içində, demək olar ki, ən sevincəyi olan Mir Əli vaqonlardan düşüb tramvaylara tələsən camaata baxırdı. Səki dolusu izdihamla yeriyənlər içində bəlkə də onun tanışları, qohumları, ürəyinin bəndi - Leylası var idi. Mir Əli də bunu görmədi, seçmədi. Ancaq Mir Əlinin qəlbi döyünürdü. Xəstəxanaya tələsirdi. O, briqadirə yanaşıb, icazə istəmişdi. "Evimizə dəyməsəm, ailəmi görməsəm, mən nə xəstəxanada yata bilərəm, nə də müalicə olunaram. İkicə saat mənə vaxt!".

Briqadir də:

– "Get, - demişdi, - ancaq vaxtında qayıt!"

Maşın xəstəxana qabağında dayananda birinci çıxan başısarıqlı Mir Əli oldu. Qolunda şinel, başı, yaxasıaçıq, elə sevincək və sürətlə evlərinə yüyürürdü ki, deyirdin kişinin yağı daşır. Ev qapısına çatanda baş Mir Əlinin, baş Leylanın! Bunun əlində şinel, onun əlində çamadan...

– Leyla!

– Mir Əli!

– Səsinə qurban!

Mir Əlinin səsi Leylanın çöhrəsini örtən qəm və matəm pərdəsini yırtdı.

Sevgililər qucaqlaşdılar. İçəridən, Zibanın, sonra da Tofiqin səsi eşidildi. Uşağı tələsik oyatmışdılar. O, yalınqat köynəkdə balaca yumruğu ilə yuxulu gözünü ovaraq qapıya qaçır və qışqırırdı:

– Atam gəldi!

Tofiq, o şirindil uşaq o gün qələbə bayrağı kimi əllərdən düşmədi, başlarda gəzdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qocaların uşaq söhbəti

1Vahid müəllimin yaşıl təpədə işıqlı, səfalı bir evi var. Günəş səhərdən batanacan otaqların içindədir. Axşamlar da ki, büllur çilçıraq otaq nədi, eyvana, həyətə, hətta küçəyə də işıq verir.

19608 мин
Qəbul imtahanı

Dövlət universitetinin böyük, daş binası qarşısında iynə salsan, yerə düşməz. Adam əlindən keçmək olmur. İsti yay səhəri açılandan axşamacan cavan oğlan və qızların burada yığnağı, mübahisəsi, söhbəti, gəl-geti kəsilmir. Kimisinin qoltuğunda jurnal, kitab, vəsiqə qovluğu, kimisinin əlində itilənmiş qələm, iki qatlanmış dəftər, coğrafiya atlası, cildi kirlənmiş proqram, rus, Azərbaycan dilində qəbul qaydaları...Bu il jurnalist şöbəsinə böyük müsabiqə var: iyirmi beş nəfər qəbul olunasıdır, girmək istəyənlər yüz iyirmi beş nəfərdir. Ərizə verən hər beş adamın dördü kənarda qalacaqdır.

12 мин
Neçə cür salam var?

Mən elə bilərdim salam bircə cür olar, növbənöv olmaz. Düzdür, hər şeyin növləri olur: əla növ çay, birinci, ikinci növ çay, əla növ tütün, un, düyü və sairə...Ancaq salam kimi məşhur bir adəti növlərə bölmək, nömrələmək olmaz. Salam həmişə, hər yerdə, hər kəs üçün salamdır, lazım və vacibdir. Bir-birini görəndə, görüşəndə, ya ötəndə salam verib keçirlər. Burada adamdan adama, ya vaxtdan-vaxta, yerdən-yerə təfavüt olmasın gərək!

19604 мин
O dünyada

Dayı malı şirin olur; çünki hazır, müftə! Yer qazıb, tər töküb qazanmamısan, daş atıb qolunu yormamısan. "Müftə sirkə baldan şirindir."Amma müftə mal zəhrimar özü də sirkə kimi bir şeydir. Onun da düşər-düşməzi olur. Elə adam var, bütün ömrünü havayı gəlir ilə yaşayır, ortada yeyib, düzdə gəzir, özünə də güldən ağır söz deyən olmur. Əksinə, hara getsən görürsən hərifi ağızdolusu tərifləyirlər: "Filankəs çox ağıllı adamdır, işini biləndir."

19609 мин

Стихи других поэтов