Ən yaxşı müalicə xəstələnməməyə çalışmaqdır.

Həkim hekayələri, bir müddət həkimlik etdikdən sonra sənətindən əl çəkən bir tanışımın xatirələrindəndir. Burada xoşagələn nə varsa, o kişininkidir. Ancaq əl zəhməti ədibindir. Yazının yaraşıqsızhğı üçün ədibi töhmətləndirmək.lazımdır.

Yəqin, bu hekayələr çap olunmuş bir şəkildə xatirə sahibinin özünə də çatacaqdır. Eşitdiyimə görə, o, indi rayonların birində bağça mürəbbisidir, boş vaxtı var, oxuyar.

Xahişimiz budur ki, "Qonaqpərəst", "Dost görüşü" və "Vicdan əzabı" hekayələrindən alınan təsir haqqında arada-bərədə danışılmasın. Əl boyda bir məktubla müəllifin özünə bildirilsin. Deyirlər, xarici restoranlarda belə yazılar var: "Xörəyin yaxşılığını hamıya de, pisliyini isə ancaq restorançıya de." Biz isə belə şərtləşək: yazının pisliyini də, yaxşılığını da hamıdan əvvəl yazanın özünə deyək.

Bağban Nəsibin evinə ilk dəfə yazda, sular bulananda onun altıyaşlı qızım müayinəyə getmişdim. O zaman mən cavan və təcrübəsiz bir həkim idim. Buna baxmayaraq, çox iddialı idim. Naşılığımı hiss etdirməz, özümü yuxarı pillələrdə saxlardım. Bu, şübhəsiz ki, az bilməyin, daha doğrusu, uşaqlıq qalıqlarının əlaməti idi, sonralar qızğın həyat günəşinin təsirilə yaz qarı kimi əriyib getdi. Lakin bunun başqa, xeyirli bir cəhətini də görürdük. Bu iddiaya münasib, mən rəftarımda tamam bişmiş, təcrübə görmüş təmkinli bir həkim görünməyə çalışırdım. Evlərə çağırılanda başıma panama qoyur, təkatlı bir fayton kirayə edirdim. Evə girən kimi, panamamı və paltomu çıxarırdım. Xəstə yatan otağa keçməmiş ahəstə öskürüb, xəbərdarlıq edirdim. Mehriban bir səslə deyilən "buyur" sözünü eşitməkdən həzz alırdım. Ev sahibi əl-ayağa düşür, stul çəkir, kağız, qələm hazırlayırdı. Mən ağzımı açanda hamılıqca susur, diqqətlə qulaq asırdılar. Ürəyimdə deyirdim: "Nə olaydı, bütün insanlar ya bu evin sahibi kimi mehriban, ya da mənim kimi həkim olaydılar!" Xəstənin nəbzini, ürəyini, ciyərini yoxlayır, dilinə, boğazına baxır, dərman yazırdım. Evdən çıxanda min bir razılıq eşidirdim. Doğrusu, bilmirdim, camaat təkcə mənəmi, yoxsa bütün həkimlərə belə hörmət edir. Uşaq vaxtımda bizim evimizə həkim ayağı dəyməmişdi. Müalicə haqqında ancaq nağıllar eşitmişdim. Eşitmişdim ki, gün girən evə həkim girməz. Amma bizim evə nə gün girərdi, nə də həkim.

Mətləbə qayıdaq. Nəsib kişinin balaca və xəstə qızı mətbəxə oxşayan dar bir daxmada, taxtın üstündə quru bir əl ağacı kimi uzanmışdı. Qızdırma uşağın zərif vücudunu bir bəla kimi bürümüşdü. Qız gündəngünə quruyurdu. Taqətsizlikdən nəfəs alırdı, verə bilmirdi, verirdi, ala bilmirdi: onun üzündə həyat sönürdü. Yalnız nigaran və yalvarıcı bir baxış oxunan, hər kəsdən kömək gözləyən iri qoşa gözlərində hərəkət vardı.

Dava-dərman yazmaq istədikdə atası qolumdan tutub eşiyə tərəf çəkdi. Həyətin sağ tərəfindən bir neçə pillə çıxıb, fərş döşənmiş gözəl və bəzəkli bir otağa girdik. Yazı stolu və lampa var idi. Mürəkkəb, qələm hazır idi. Oturdum, dərman yazdım. Xəstənin işıqlı, havalı, təmiz bir otaqda saxlanmasını məsləhət gördüm, pəhriz tapşırıb çıxdım.

Bir də o qızın üzünü görmək mənə qismət olmadı. Sabahısı nə iş üçünsə uzaq yerə getdim. Nəsibin qızının, eləcə də başqa xəstələrimin müalicəsindən xəbər tuta bilmədim.

İki, ya iki il yarım sonra, payız vaxtı Nəsibin evinə bir də yolum düşdü. Həmin daxmada, həmin taxtın üstündə dörd-beş yaşlı bir oğlan uşağı yatırdı. Onun rəngi soluxmuş, dil-dodağı qurumuşdu. İshaldan yatırdı. Atasının dediyinə görə, məni evdə tapa bilməyib, bir neçə başqa həkim çağırıblar, xəstə çox dərman içib, ancaq xeyrini görməyib. Mən reseptlərə baxdım. Xəstənin yastığı yanında bir tərəfi çürük nar gördüm.

– Onun, - dedim, - təmizini, yaxşısını tapın, sıxın, suyunu içsin.

Dərman yazmaq üçün yenə yuxarı, qonaq otağına çıxdıq. Dərman yazdım. Nədənsə ilk gəlişim və qızdırmalı uşaq yadıma dişdü, soruşdum:

– Qızın kefi necədir?

Nəsib kişi başını aşağı saldı, sinəsindən soyuq bir ah qopdu. Məyus bir dillə dedi:

– Ömrünü sizə bağışladı.

Soruşduğuma peşman oldum, xəcalətimdən qızardım. Mən əvvəl güman edirdim ki, Nəsib kişi məndən razıdır. Qızını yaxşı müalicə etdiyim üçün indi də məni çağırır. Zənnim tamam dəyişdi. Mənə elə gəldi ki, bu kişi qəsdən məni çağırır, utandırmağa, qızartmağa çağırır. "Ömrünü sizə bağışladı", - deməklə Nəsib kişi, deyəsən, mənə, mənim müalicəmə gülürdü...

Məni daha artıq incidən o balaca qız, açılmadan solan qönçə idi. O, nə üçün ölsün? O, yaşamalı idi. Yaşasa idi, bu ailənin şənliyi pozulmazdı. Məktəblərdə oxuyar, gələcəkdə xalqımıza xeyir verən yüz minlərdən biri olardı. Bəlkə də yeni, ziyalı bir ana, nümunəvi bir tərbiyəçi olardı. Yaşasaydı, mənim də başım aşağı, dilim gödək olmazdı. Ölüm nə qədər vəhşi və amansızdır!

Bu təsirlərlə o qədər pozulmuşdum ki, iki sətirlik resepti yaza bilmirdim. Qalxdım, ayaqüstü bir-iki kəlmə təsəlli sözü deyib getmək istədim. Nəsib kişi mane oldu.

Bir də gördüm, qapının hər iki tayı açıldı. Məcməyi dolusu meyvə gəldi. Boşqablara böyük, saf, şirin narlar, sarı armud, üzüm qalanmışdı.

– Zəhmət çəkin, yeyin, - dedi, - doktor, öz bağımızın məhsuludur. Narın birini kəsdim. Zoğal kimi iri, əqiq kimi duru gilələri var idi. Belə meyvələrdə təbiətin həyat və səhhət gətirən şirəsindən, sağlamlıqdan başqa bir şey aramaq nahaqdır.

– Nəsib əmi, - dedim, - əcəb nardır. Bunun suyundan uşaqlara içirdin, xeyir eləyər.

– Doktor, - dedi, - kəsin yeyin, onlar üçün tapılar. Bunlar sizin kimi əziz qonaqlar üçündür.

Bir az söhbətdən sonra getmək istədim. Nəsib kişi yenə əl çəkmədi.

– Nahar vaxtıdır, - dedi, - sizi hara buraxıram! Meyvə ilə başınızı məşğul edirdim. Əyləşin, yaxşı yarpaq dolmamız var, əyləşin!

Çox çəkmədi, Nəsib kişinin böyük oğlu süfrə açdı, çörək gətirdi. Biz yeməyə məşğul olduq. Oğlan ayaqüstə dayanıb nəyi isə gözləyirdi. Mən onu süfrəyə çağırdım. Atası gözünü necə ağartdısa, oğlan tez əkildi.

– Bu heç yaxşı olmadı, - dedim. - Gərək İmran oturub bizimlə nahar eləyəydi.

Nəsib kişi həm əli, həm də başı ilə "yox" işarəsi verib dedi:

– Doktor, böyüyün böyük yeri var, kiçiyin kiçik. Onlar çardağın altında yeyərlər.

– Burada yesə, nə olar?

– Yox, hər şeyin qaydası var. Bura qonaq otağıdır. Qonağın qonaq yeri var, qaranın qara. Uşaqlara sən deyən kimi, vol versəm, iki gündə bu evlər samanlığa dönər. Gəlib-gedən olur. Dost var, düşmən var. Səliqə-sahman yaxşı şeydir axı, doktor. Beş adam gələndə, heç olmasa, bir təmizlik görsün.

Üçüncü dəfə Nəsib kişinin evinə qışda getmişdim. Böyük oğlu İmran revmatizmdən yatırdı, qılçalarının ağrısından yata bilmirdi. Tanış daxmaya girməmiş ev sahibi qabağımı kəsdi:

– Ay doktor, - dedi, - amanın bir günüdür, İmrana çarə! Gedənin qılçaları açılmır. Bir addım ata bilmir.

Mən dinmədim, xəstəyə baxmağa başladım. Kişi sözü və xahişi ilə mənə təsir etdiyini və ya nəyi isə düşündü, davam etdi:

– Doktor, bilmirəm, nə bədbəxtlikdir, məni basıb. Yeddi uşaqdan üçünü basdırmışam. Dördü də belə. Ölmə-diril, yanmayaq dolanır. Həkim bundan artıq olmaz, dava-dərman bundan çox olmaz. Sizin kimi, handa bir təbiblərin qədəmi buradan əskik olmur, aptekləri uşaqların qarnına boşaldıram. Lap bahalı dərmanlar yazdırıb alıram, olmur ki, olmur. Uşaqlar gündən-günə saralırlar. Mat-məəttəl qalmışam ki, bu nə bəladır, nəzərdir, gözdür, afatdır, vurğundur, qarğışdır, nədir, bilmirəm! Nədisə, məni tutub, yaman tutub!

İmranın anası da əlini əli üstünə qoyub dayanmışdı. Kişi danışdıqca o da ah-vay edir, köksünü ötürür, yalvarıcı bir dillə mənə nə isə demək istəyirdi, kəlməbaşı ərinin sözünə qüvvət verir, kəsmə-kəsmə danışırdı.

Xəstəni müayinədən sonra ata da, ana da gözlərini mənim dodaqlarıma zilləmişdi. Onlar övladlarının müalicəsindən xeyir xəbər, ümidli bir söz eşitmək istəyirdilər. Bunun üçün hər şeydən keçməyə, vardan-yoxdan çıxmağa hazır idilər.

Mən hirslənmişdim, bilmirdim, nə deyim və necə deyim. Mənim duruxmağıma Nəsib kişi ayrı məna verirdi. Deyəcəyim müalicə tədbirinin, bəlkə də çox pul götürən bahalı bir məsələ olduğunu düşünmüşdü. Əlini sinəsinə qoyub qabağa yeriyir, boynunu əyib ürəkdən deyirdi:

– Doktor, xərcdən, puldan arxayın olun, nə çarə lazımdır buyur, lap dərmanı Moskvada da olsa, aparacağam: de, vardan-yoxdan çıxmağa razıyam, təki İmran oğlum ayağa qalxsın...

Oğlunun adını çəkəndə kişi daha da təsirləndi, boğazını qəhər tutdu, gözü doldu, udqundu, güclə özünü saxlamağa çalışdı və müsibətini gizlədə bilməyən bir səslə davam etdi:

– Ay doktor... bunlarsız mənə güzəran... nəyə lazım! Xiffət məni üzür, doktor!

Mən bir tərəfi hirs, bir tərəfi ərk yolu, onları dalımca çağırdım. Pilləkənləri çıxdım. Təpiklə vurub, döşənmiş qonaq otağının qapısını açdım.

– Bu ev, - dedim, - kimindir?

– Kimin olacaq, ay doktor? Şükür Allaha, özümüzün! Qonaq otağımızdır da, bilmirsiniz?

– O yankı, o çarpayı qoyulan otaq kimindir?

İmranın anası dilləndi:

– Eh, - dedi, - ay doktor, fələyin üzü qara olsun. Arzu-kamımız var axı bizim. Oranı imranın toyuna, gəlininə saxlamışıq...

Mən ikinci otağın da qapılarını taybatay açdım. Ağ və böyük nikel çarpayının üstündən pərdəni açdım, qırmızı ipəkli yorğan-döşək göründü.

– İmran burada yatsa, nə olar? - dedim.

Nəsib kişi mətləbi anladı. Susdu. Mən davam etdim:

– Qonaq üçün, qonaq üçün... Ay müsəlman oğlu, bağışla məni, sənin övladlarını bir-bir əlindən alan həmin bu niyyətindir, sənin özünsən. Xəstəni Moskvaya aparmaq lazım deyil, ağzına qıfıl vurub, haçana, hansı qonağa saxladığın bu otağa gətirmək lazımdır. Ölən uşaqlar dirilib qəbirdən qalxsalar, sizdəki qonaqpərəstliyə lənət oxuyarlar. Doktorlara təklif etdiyin peşkəşi hamıdan qabaq öz övladlarına qıy, onlara yazığın gəlsin! Narın yaxşısını qonağa, çürüyünü qızma verəndə, qonağı işıqlı otaqda, uşağını qaranlıq daxmada saxlayanda, qonağı ipəklə, oğlunu çul-palazla yatıranda bilmirsənmi ki, axır nəticəsi belə olar?! Sənin bu işlərini bilən həkim bir də bu evə ayaq basa bilərmi? Ayaq basıb nə deyəcək? Qoy övladlarının hesabına əzizlədiyin qonaqlar gəlib sənin İmranını diriltsinlər, ya sənə övlad olsunlar!

Ata və ana məyus, xəcalət, peşmanlıq yağan nəzərlərilə mənə baxırdı, heç biri dinmirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов