Biz od üstündə doğulduq
Mən ölümlər və sürgünlər, qadağanlar, milli qırğınlar və soyğunlar, milli təhqirlər, milli əsarət görmüş nəslin nümayəndəsiyəm. Uşaqlığım zəhərə batırılmış badam içinə oxşayır. Gəncliyim, ahıllığım, qocalığım kəşməkəşli illərdən keçib. Atamın şəhid olmasıyla doğma kəndimizdən, buz bulaqlı meşələrimizdən ayrılıb, anamızın göz yaşlarını qəlbimizə axıda-axıda bacımla mənim Daş Salahlı və şəhər həyatımız başlayıb.
Lakin milli dərdlərimiz daha böyük olub. Müsavat hökumətinin qurulduğu günlərin sevinci, süqutunun kədəri, 20-ci ildə kəndlərimizə qəfil erməni hücumları, az ömürlü, iztirablı qaçqın günlərimiz bir-birini əvəz edib.
Toplu-tüfəngli “qızıl” ordunun işğalıyla kəndlərimizdə dəyişən həyat tərzi, sinfi mübarizə şüarı altında həbslər, sürgünlər, kütləvi ölümlər, dağıdılan əmlaklar, 37-ci ilin fəlakətli günləri, gecələr döyülən qapılar, 18 yaşlı dayımın aparıldığı qara maşının arxasınca tökülən göz yaşlarımız, onun Sibir cəhənnəmindən gələn məktubları, babamın həbsi, daha nələr... nələr...
Bunların hamısının ağrısı mənim uşaqlıq və gənclik illərimdən – ürəyimdən keçib. Anamın yanında gəncliyə yenicə qədəm qoyan iki qızı ilə hazırladığı xörəyi, paltarı qoca, günahsız məhbus atasına vermək üçün dəniz qırağındakı həbsxananın qapısı önünə səhər gedib, axşam qayıtması...
Yaşadığımız o səksəkəli illər, aylar bir daha geri dönməsin.
30-cu illərin “təmizləmə” dövründə babamı da güllələnməlilərin siyahısına saldılar. Lakin xeyirxah camaat qocanın ağ saqqalını qana bulanmağa qoymadı. Onu ölümə verilənlərin doldurulduğu damdan çıxardılar, sürgündənsə saxlaya bilmədilər. Onun 18 yaşlı oğlu ilə birlikdə qəbri Qazaxıstan çöllərində qumlar altda qaldı. Ağbirçək nənəm ordan tək qayıtdı. Ziyalı dayılarımın qəbirləri Türkiyənin Amasiya şəhərində bir dağ ətəyində, anamın, nənəmin qəbirləri Bakıdadır.
Beləcə, böyük bir ailənin üzvlərindən heç birinə doğma kənd torpağında, nənə-babalarının, ata-analarının yatdığı torpaqda yatmaq qismət olmadı.
Sonra ikinci dünya müharibəsinin xalqımıza gətirdiyi məhrumiyyətlərlə qarşılaşdıq. Cəbhədə yarım milyon oğul itirən anaların fəryadı, dərdli göz yaşları, çətin güzəranları, cəbhəçi qızlarımızın taleyinin acısı yenə ömrümdən keçdi.
Mənim yaradıcılıq yolum da elə asan olmayıbdı. Çox çətinliklərlə üzləşsəm də, bu vaxtlar qələmdən, əməkdən, qeyrətdən, xalqıma, sənətimə olan məhəbbətdən başqa köməkçim olmayıb. O dəhşətli illərdə, bir sinif kimi ləğv olunmuşların övladlarına kim kömək əli uzada bilərdi?
Biz iki bacı ali məktəbi də daima qovulmaq qorxusuyla bitirdik. Bunun üçün də biz, arasında boy atdığımız kənd camaatımıza borcluyuq. Aldadılmış, qorxudulmuş bu camaat öz milli xeyirxahlıq duyğularına sadiq qalıb, “mərkəz”dən göndərilən suallara bizim xeyrimizə cavab vermişlər. Biz bu xeyirxahların köməyi ilə asfalt yarıb göyərən ot kimi çətinlikləri yarıb keçdik, öz varlığımızı, etiqadımızı saxlaya bildik. İçərişəhərdə bizim kiçik bir otağımız vardı. Onun alçaq pəncərəsinin taxtası mənə yazı stolunu əvəz edirdi. Nəvainin “Fərhad və Şirin” əsərinin tərcüməsi, 1941-ci ilə qədər nəşr olunan şeir və poemalarım həmin pəncərə qarşısında yaranıb.
Bu yazdıqlarım o kəşməkəşli illərdə çəkdiyimiz sarsıntıların, tökdüyümüz göz yaşlarının bir damlası belə deyil. Ömrümün bu çağındasa yenidən erməni xəyanətilə üzləşmək dəhşətdir. Bütün insani keyfiyyətlərini itirmiş erməni onların babalarına sığınacaq, çörək verən xalqa vurduğu zərbələr bəşər tarixində bir xəyanət və cinayətdir.
Mərdin mərdlə vuruşuna nə var! Dəhşət mərdlərin namərdlərlə döyüşüdür. Humanizmdən dəm vuran erməni yazıçıları, şairləri, alimləri, görəsən, yetirmələrinin törətdikləri bu faciələrdən sonra hansı humanist duyğudan söz açacaqlar?
Qoy, bu erməni “yetirmələri”nin babalarına sığınacaq, od-ocaq, çörək verən xalqımızın başına gətirdikləri faciələr, torpağında erməni məskən salan bütün xalqlara ibrət dərsi olsun.
Gözəlliyinə heyran olduğum, şəninə silsilə şeirlər həsr etdiyim Qarabağ torpağı, meşələrinin nəğməsini dinlədiyim, dağlarının havasını udduğum, buz bulaqlarının suyunu içib, qoynunda dincəldiyim Ağdam, Şahbulaq, Abdal Gülablı cənnəti üzərinə yağdırılan raket, top mərmilərinin ağrısı mənim ürəyimdən keçir.
Gənclikdə gəzdiyim Vətən yollarını qocalıq bağlayan günlər təsəllim yenə də qələm oldu. Yurd-yuvalarından didərgin düşən başıbəlalı qaçqınlarımıza həsr etdiyim “Ağla, kamanım ağla”, “Qoymayın ağlayım məni”, qanlı Yanvar günlərində yazdığım “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında”, “Qanlı Yanvar bayatıları” və bir sıra başqa şeirlərim “Odlar yurdu”, “Ədəbiyyat və incəsənət” habelə xarici qəzet səhifələrində nəşr olundu, “Azadlıq” radiosunda səsləndi.
Mənim milli dərdimizə, milli ordumuza, qəhrəman oğullarımıza həsr etdiyim bu əsərlər torpaq fəryadı, xalqımızın mətanəti və ordumuzun qəhrəmanlığının tərənnümüdür.
Hər qaranlıq gecənin bir işıqlı səhəri var. O işıqlı səhərdə yetişən yeni, ziyalı nəsillər rahatsız günlərimin, yuxusuz gecələrimin məhsulu olan bu “torpaq” fəryadını xalqımıza çatdıracaq. Fəryad dolu bu kitabın bir nüsxəsi isə məzarım üstünə qoyulacaq.
Yanvar, 1998
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-biz-od-ustunde-dogulduq
Другие произведения автора
Стихи других поэтов
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Sanei-qüdrətdən siyəb xallarınSanei-qüdrətdən siyəb xalların,Arizində nə zindanə duşübdür.
NöycavanGəl görüm, gəlişin nerdən, çeşmi siyah, nöycavan,Həsrətəm didarına, çəkirəm ah nöycavan,