Bütün vəfalı qadınlara və övladlarımın
anası Gülarəyə ithaf

Calandı gecədən
gündüzə illər,
əsrə taleyimi
nəqş etdi dünya.
Yaratdı nə qədər
möcüzə, illər
Mənə də möcüzə
bəxş etdi dünya.
Doğuldum,
göz açdım,
ağladım,
güldüm,
İlkin söylədiyim
"Ana" sözüdür.
Bizim möcüzəli
həyatda, bildim,
Ən böyük möcüzə
ömür özüdür.
Günəş — kainatdır,
Ulduz — kainat,
Bürclər də sehirli
qitələridir.
İnsana vətənsə
Sonsuz kainat —
Doğma yer kürəsi
Görüş yeridir
Ulduzlar nurlanır
Biri-birindən,
Parlayır gün kimi
cahanda insan.
Keçib arzuların
Zirvələrindən
Tapır öz baxtını
İnsanda insan.
Elə ki, üz-üzə
Çıxır oğlan, qız,
Bir görüş ağacı
Bitir dünyada.
Elə ki, qovuşur
İki atasız —
Yetimlik köç edib
Gedir dünyadan.
Qovuşur, həsrətli
Əllər qovuşur
Səcdə də bunadır,
Heyrət də buna.
Elə bil intizar illər qovuşur —
Tale də deyirlər,
Qismət də buna!
İnsan yer uzünün
Şahı olsa da,
Başlara qoyulan
Bir tacdır ömür.
Əgər ömür yolu
Uzaq yolsa da,
ömür yoldaşına
Möhtacdır ömür.


Yenə də arzular
Xatirələndi,
Haçandı o axşam,
Bəlkə dünəndi?
...Dinir asta-asta
yastı balaban...
(Artıq onu çalan
köçüb dünyadan.)
Nə çılğın sağlıqlar
Aşıb-daşırdı,
Nə sözlü-söhbətli
Tamada vardı.
Belə toy edirdi
Kəndim Xırdalan.
Kəndim... Şiş təpəsi
Oyum-oyumdur...
Kimsəyə demədim
O gün toyumdur.
Qoy bilən gəlsin,
Qoy gələn gəlsin!
Yığıldı qohum da
Dost da, tanış da,
Kəndim fərəhləndi
Toylu baharla.
Birgə oturmuşdu
Yuxarı başda
Doğma ağbirçəklər
Ağsaqqallarla.
O, bir işıq kimi
Girdi qapıdan,
Düşdü ürəklərə
Nur izi onun.
Bir üstü qırmızı
Mil-mil çamadan,
Bir də sevgisiydi
cehizi onun.
— Xoş gəldin, əlləri xınalı gəlin,
Ay utancaq gəlin, həyalı gəlin!
Gəldiyin yollara mən qurban gedim,
Yaxın gəl, ayağı sayalı gəlin!
Bu, gəlin həsrətli
ana səsiydi,
Onun bir dünyalıq
Gur nəğməsiydi!

Ana! Kirpiyilə
Odlar götürən,
Beş oğul yetirib
Bircə toy görən
Mərdanə ananın
Təntənəsiydi...
Ana müqəddəslər
Müqəddəsiydi!
Birləşdi qəlblərin
Arzusu, kamı.
Taledən-taleyə
Körpü salındı.
Dəbdəbə naminə
O toy axşamı
Ayaqlar altında
Bir nimçə sındı.
Nimçə xınçım-xıncım
O gün sınsa da,
Ürəklər sınmasın — dedik, — dünyada.


Qaranquşlar kimi
Gəldi övladlar,
Doğuldu mirastək
Saxlanmış adlar.
İki anam oldu
Mənim cahanda
Bir anam,
Bir qızım
Anam adında.
Anam bu dünyadan
Qış günü köçdü.
Qızıma tapşırıb
Ömrünü köçdü.
Elə ki, həyata gəldi Gülümsər,
Batdı təbəssümə
Yerlərlə göylər.

Sonra Arzu gəldi
Dünya üzünə
Təzə qanad verdi
Arzular mənə.
Sonrasa...
Boyandı
İllər qaraya...
(Bu "sonra" qoy qalsın azca sonraya).
...Kainat gündüzdür,
Kainat gecə,
Dünyanın sirləri
Düyün-düyündür.
Yuxusuz gecələr —
İkiqat gecə,
narahat gündüzlər —
Yarımçıq gündür!
Şair, bəs deyilmi
Köhlən çapdığın,
Nədir axtardığın,
Nədir tapdığın
Axtar duyğuları,
İtir yuxunu,
Coşsun fikirlərin dəli çovğunu.
Böyük həqiqət var
Sevgi soraqlı,
Ağlın ürəyidir —
ürəyin ağlı.
Sükutla söz gəzdim
mən səhərədək,
O açdı sabahı
Layla deyərək.
Əzabla misraya
Düzdüm sözləri,
Gözəl övladlarla
O yazdı şeri.
O axı, anadır
Axı, anadır.

Şerin, şeriyyətin yaradanıdır.
Dünyada nəsil çox,
Qərinə çoxdur,
Səhərlər,
Axşamlar
Durur yanaşı.
Yarəb, yer üzündə
Qadın nə çoxdur,
Yaxşı ki, təkcədir
Ömür yoldaşı!
Həyatda mərdlərin
Əhdi qırılmaz,
Ürək mətin olsun,
Söz etibarlı.
Kişinin papağı
Yerə vurulmaz
Qadını olarsa
Kişi vüqarlı!


— Bu gün yetim qaldı kənddə bir uşaq.
Amansız taleyin işlərinə bax!
— İlkin "ana" dedi qonşu körpəsi,
Ananın sevincdən titrədi səsi,
Özgə taleləri
ona yad deyil,
Yad ömrü ömrünün yarısı oldu.
— Yaxşı ki, Firuzə gözlədi on il,
Tamarzı olmadı,
Bir qızı oldu!
Başımız ağrıdı —
Ağrı onundu.
Dişimiz ağrıdı —
Ağrı onundu.
Özü ürəyini tutsa da, bizim —
Durdu keşiyində ürəyimizin.

Dini, imanı da
Uşaqlarıydı,
Uşaqlar
Ən nurlu
İşıqlarıydı.
Sanki mən
Dünyaya
Təzə doğuldum,
Uçmağa göy verdi,
Qanad verdi o.
Ən böyük uşağı
Onun mən oldum,
ən böyük əzab da
Məndən gördü o.
İsindik biz onun
hərarətilə,
Sanki heç yağmadı
Qışların qarı.
...Bilmədik
Nə sirdir —
Məhəbbətiylə
Gələn bəlanı da
Göydə qaytarır.
Bəlanı,
Dəhşəti,
Xəstəlikləri —
Qaytarır...
Qaytardı
Neçə yol geri...
Qaytara bilmədi
Yalnız bir kərə:
Onda vida dedik
Biz Ələkbərə.
Ayrıldı
Öz ata,
Öz anasından,
Dördüncü baharın
Astanasında.
O gün,
Çulğaladı
Günəşi, ayı —
Ana ağısıyla
Ata harayı:
"Ələkbər yanında yatan Ələkbər,
Atanın səsini bəlkə eşitdin.
Gözlədik yolunu
Sənin nə qədər,
Bu qədər gec gəlib, tez niyə getdin"?!
Dərddən bükülərmi
Ananın dizi?
Təkcə yaş tökmədi.
O, qan ağladı.
Kişinin ürəyi,
Qadının gözü
Bütün yer üzündən
Pünhan ağladı.
Sevinc istəyirsən —
Dərd olur nəsib,
Bala itirənlər —
Bəla tapırlar,
Üzlərdə,
Gözlərdə
Təskinlik gəzib,
Yenə sədaqətdən
Qala tapırlar.
Sanki tufan ötdü...
Bir sükut çökdü...
Nidasız haraydı
Oğul həsrəti.
...Qadın kədərindən
Daha böyükdür
Ana dəyanəti,
Ana qüdrəti.

Kədər sərhədləri
Olurmu sonsuz?
O yara sızladı
Dünənə kimi.
O yara sızladı —
Arzu oğlumuz
Arzu Ələkbərə dönənə kimi.
Səbrlə dəyanət
Elə üzləşir,
Sevinc etməyəni
Dərd edir bəzən.
Dərdə dözümlülər
Müqəddəsləşir,
Dərd də insanları
Mərd edir bəzən!


Yenə gəlib keçər
Baharlar, yazlar,
Analar
Küsməzlər
Talelərindən,
Əgər küssələr də üzə vurmazlar,
Baxmazlar əzaba,
Alın tərinə.
...Doğma universitet pillələrindən
O qalxdı
Analıq
Pillələrinə
hər övlad gülüşü —
Sirli bir səda,
Qəlbində bir inam,
Ümid doğuldu.
...Əgər o, məktəbdə
Dərs deməsə də,
Bütöv bir nəsilçün
Müəllim oldu.

Körpələr dil açdı...
Kama yetdi o.
Dilçilik etmədi,
Dil öyrətdi o.
Gələrək üz-üzə
coşğun həyatla,
Yelkənli qayıqtək
Çıxdı ümmana.
Hərdən belə dedi
O zarafatla;
— Bir ömur verilib
Əfsus, insana!
— O niyə?
— Əlbəttə, bu, arzulardır,
İki ömür olsa...
Bir özün düşün...
Biri ailəyə
həsr olunardı,
Biri də qalardı
Sənət, elm üçün.
Təbəssüm işığı
Qondu üzlərə,
Gülüşlər qarışdı
Gülüşə yenə.
Yenidən mən çıxdım
uzaq səfərə,
Tələsdim evimə —
Görüşə yenə.
Hayana getsə də
Şair, elindən —
Şairin ürəyi
öz evindədir.
Uzaq səfərdə də
Bilirdim ki, mən
Evimin dirəyi
öz evimdədir.

Cahan kitab oldu,
Səfərlər sətir,
Mən salam apardım
Neçə millətə.
Dostlar gülüb dedi:
— Nəbi gəlibdir
Bu gün öz evinə ezamiyyətə!
İllər qanad taxdı
Sözdən, sənətdən,
İlham oba-oba
Dadıma çatdı.
Hörmət çoxaldıqca
Artdı şöhrət də,
Paxıllar şöhrətdən
Daha tez artdı.


İllərin ardınca
İllər ötüncə —
Bu qalır mənimçün
Yenə sirr kimi,-
Girdi evimizə
Nə zaman,
Necə.
Qısqançlıq —
Ən böyük
Bir təhqir kimi.
Vurdu qılıncını
Çox dərindən o,
Qısqanclıq üzləşdi
İlk etibarla.
Başlanıb
Telefon
Zənglərindən o,
Dolaşdı ev — ara
Pıçıltılarla.

Necə narahatdı
Saatlar,
anlar,
Yollar
Ayrıcında
ömürlər durdu.
Üzbəüz çıxmağı
Bacarmayanlar
Nə gizli tellərlə
Tələ qururdu!
Heçdir üzr istəmək,
Yersiz küsəndən,
Bircə çarəsi var —
O dəyanətdir.
Sənət üz döndərdi
Elə ki, səndən,
Evlərə nifaq sal,
Bu da sənətdir!
— Hardaydın?
— Neynirdin?
— Sirri aç, barı!
— Ona niyə baxdın?
— O niyə baxdı?
Bütün yer üzünün
Gözəl qızları
Sanki vurulmuşdu
Mənə bu vaxtı.
Keçdim yoxuşlardan,
Yol aça-aça,
Məgər ki, sarsıtmaq
Asandı məni?!
Ona müqəddəstək
Mən inandıqca,
O, dağa-daşa da
Qısqandı məni...
Yalnız özüm kimi
özüm varam mən,
Bəzən ürəkləri
Mən qanatmışam
Nə deyim, bəlkə də
Günahkaram mən,
Burda ehtiyatsız
Addım atmışam.
Sən gəl, bu şairi
İndi başa düş,
Sükutu şirinsə,
dili acıdır...
Vaxtında təbəssüm,
Vaxtında gülüş —
Qadın ürəyinin ehtiyacıdır.
Bəzən məhəl qoymur
Yar sözlərinə,
Alovsuz,
Tüstüsüz
Alışır ki, o!
Sevdiyi qadını
Duymaq yerinə
Aylar, ulduzlarla
Danışır ki, o!
Şairin qəlbinə
Duman da çöksə,
İlk sözü,
Son sözü
Mehribanlıqdır.
Şairlik əgər ki,
Bir igidliksə,
Şairlə yaşamaq —
Qəhrəmanlıqdır!


Bəzən dara çəkir
Məni fikirlər.
Elə sözlər gəlir
Qəlbimdən mənim,
Dediyim duyğular
Yalansa əgər,
Yer də, göy də mənə
Qoy olsun qənim.
Qadın həyasını
Qoruduğutək,
Kişi qürurunu
Qorusun gərək.
Axı, bir yastığa
Baş qoymaqla sən,
Gərək bir ömürçün
Başdan keçəsən!
Gəlirsə bir gün ağ,
Bir gün də qara, —
Məhəbbət insanın
Varı-yoxudur.
Başlar baş qoyursa
Yad balışlara,
Başsız küləkdir o,
Başsız duyğudur!
Xəyanət dursa da
Bəzən tunc kimi,
Ədalət çəkilsin
Bir qılınc kimi.
Başını itirən
Baş əyib gəlsə,
Min yol üzr istəyər
Söz arasında.
Vəfasız kəslərin
Başı kəsilsə,
Kəsilsin evinin
Astanasında


Hərbin o dəhşətli
Od illərindən,
Nə qədər bir uzun
Qərinə keçdi?..
...Gecə səksəkəli
Qalxır yerindən:
— Yuxumda
Yanıma
Atam gəlmişdi!
Danışır,
Səsində
Qorxu, həyəcan,
Qövr edir min doğma
Söz ürəyində.
Ömründə davanı
Görməyən insan
Gəzdirir dəhşəti
öz taleyində.
Bir əsrin
Görüşsüz
Ayrılığından
Ata, yuxularda
Dönür elinə.
O, dörd onilliyin
Uzaqlığından
Toxunur qızının
Qara telinə.
Haçan o, qızıyla
Görüşüb, bilmir,
O qara tellərə
Dən düşüb, bilmir.
Qalır ömürlərdə
Hərbin tufanı
Açılır
Xatirə — qanadlar ancaq.
Qəbri yad ellərdə
Tapılmayanı
Tapır yuxularda
Övladlar ancaq!

Ölüm yağışları
Yağır torpağa.
Çağlayır köksündə
Hərbə nifrəti.
Özü ana olub
Neçə uşağa —
Yenə də qəlbində
Ata Həsrəti.
Çəkilsin evlərdən
Qorxu, təlaş da,
Axı, xoşbəxt günün
Əvəzi olmur.
İki ata ömrü
Sürən qardaş da
Bir ata ömrünün
Əvəzi olmur!


Nəvələr —
Evlərin
Şıltaqlarıdır,
Nəsil ağacından
Budaqlarıdır.
İndi nənə üçün —
mənası ömrün
Yanarla, Vüsaldır,
Sonayla, Elgün!
Elə ki,
Toplaşdı
Evə nəvələr,
Nənə də,
Nəvə də,
Elə kef elər!
Nağıl danışırlar,
Laylalı nağıl,
Bəzən olar haylı-haraylı nağıl!

Yanar:
— Sən ancaq laylanı mənə de, "ana"!
Vüsal:
— Ana, nağılımı pıçılda mənim!
Sonra da bu yandan
Hay çəkir Sona:
— Layla da mənimdir
Nağıl da mənim!
Elgün beşaylıqdır
danışmır hələ,
Deyir sözlərini
təbəssümüylə,
Onun bic-bic gülən
Gözlərinə bax,
Danışsa, onlardan
Betər olacaq.
...Əsir çilçıraqlar,
Titrəyir tavan,
Sona rəqs eləyir
Yerdə, divanda.
Yanar atəş açır
Avtomatından
Vüsal düz divara
Çıxır bir anda.
Nənə:
— Başıma uçurtdu evi uşaqlar,
Vallah, ürəyimi partladacaqlar.
...Çəkilir ümmanın
Gur dalğaları,
İncik baxışlarla
Gedir nəvələr.
Evi başdan-başa
Bir sükut sarır,
Marığda dayanıb
Güdür nəvələr.

Onlar yaxşı bilir,
Sabahdan yenə —
Qəlbini zənglərlə
Açacaq nənə!
— Canım-gözüm qurban,
Yanar necəsən?
Niyə gəlmirsiniz,
Belə iş olar?
Gəl, bağım, baharım,
Gözüm yoldadır!
...Yenə qopar evdə
Doğma bir tufan,
Əsər çilçıraqlar,
Titrəyər tavan.
İntizar
Çəkilər
Dumanlar kimi,
Bu görüş,
Bu şadlıq
Dünyaya dəyər.
Nənə gur çağlayan
Ümmanlar kimi
Dincələr
Dalğadan
Dalğaya qədər.
Baxar nəvəsinə...
Tez böyü barı!
Görər sabahı da
Boyunda onun.
Bəli, gələn əsrin
Vətəndaşları
Beləcə boy atar
Qoynunda onun.
Özü də körpəylə
Bir körpə olub
Ana nəsli, nəslə
Qovuşdurandır.

Zamandan-zamana
Bir körpü olub
Ana əsri, əsrə
Qovuşdurandır.


Əsrim!
O parladı
Günəşlə, ayla.
Əsrim!
O, yol açdı
Bəşər yazına.
Əsrimin mübarək
Addımlarıyla
Çatırıq bir əsrin
astanasına.
Tarixin —
Zəkası dərin əsrini
Bayraqtək
Yüksəldək
Ulu göylərə.
Bütün əsrlərin
Zərrin əsrini
Calayaq gələcək
Minilliklərə.
Gedirik,
Yolumuz
Müqəddəs, uca
Doğma ulduzlar da
halay-halaydı.
Əsrin sahilinə
Yaxınlaşdıqça,
Kaş ömrün sahili
Uzaqlaşaydı.
Bəşər bizə verib
Etibarını,
Bizimdir al səhər,
Parlaq gündüz də.
Aparaq
Bir əsrin
Analarını
Gələcək əsrə biz
Gözümüz üstdə.
Əsarət köç etsin
Yer kürəsindən,
Günahsız qanların
İzi silinsin!
Bütün insanlığın
Hafizəsindən
Kaş ki, müharibə
Sözü silinsin!
Arzular böyükdür,
Yollar da uzun,
Nəvə, nətiçələr
Çatsın murada.
Bütün intizarlar
Yerdən yox olsun,
Sevgi intizarı
Qalsın dünyada.
Parlasın ürəkdə
Büllur məhəbbət,
Aparaq
Sədaqət —
Sabahkı əsrə.
Qalsın bu əsrdə
Paxıllıq, həsəd,
Qoy keçsin nəcabət —
Sabahkı əsrə.
Ulduzlar
Qoynunda
Mürgüləyək biz,
Biz açdıq kosmosa
Nurlu bir qapı.

Bütün əzablara
Vida deyək biz,
Tək qalsın bizimlə
Sənət əzabı
Xəyalən
O günə
Qanadlanıram,
Görürəm, çəkilir
Qatı qaranlıq.
Sahildən o yana
Elə sanıram,
Başlanır sahilsiz
Bir mehribanlıq.
Baxır ümid ilə
Ulduzlar yerə,
Deyir: uzat mənə
Kömək əlini!
...Övladlar uçarkən
Sabah göylərə,
Aparsın özüylə
Ana şəklini!
Səma dənizləri
Qoy ləpələnsin!
Ana təbəssümü
Göyə çilənsin!
Uçsun ana qəlbi
Kəhkaşanlarda,
cahan daha nurlu,
Mənalı olsun.
Deyirəm, yetimdir
Ulduzlar orda,
Orda ulduzlar da
Analı olsun!


Baxış mehribandır,
Söz mehribandır,
Sevgisi — əbədi
Bir imtahandır,
Sənə təbiətdən
O, ərməğandır
Ömür yoldaşı!
Yanır ürəklərdə
Zərrəsi onun,
Nəvələr —
Ən sonsuz
Nəğməsi onun,
Yalnız o özüdür
Əvəzi onun,
Ömür yoldaşı!
Özü qızlarıyla
Ana qatarı,
Çoxalır bir daha,
Sana, qatarı:
Bir nəsil böyüdür —
Durna qatarı,
ömür yoldaşı!


Biz ki, qovuşmuşuq
Duzla, çörəklə,
Birlikdə bir ümman
Su içmişik biz.
Axı, nə görmüşük
həyatda hələ,
Elə ağır-ağır
Yol keçmişik biz.
Söykənək qururla
Oğula,
Qıza,
Övladlar böyüsün —
Sən deyən kimi,
Qumrular qonsunlar
Eyvanımıza.
Xeyir xəbər üçün —
Sən deyən kimi.
Bizimçin hardasa
gəlin bəslənir,
Kaş tezcə
Özünü,
Üzünü görək!
Sanki lap yaxında
Bir toy səslənir,
Bəlkə oynamaqçün
Biz əl götürək?
Övladlar
Bəxtiyar,
Bəxtiyar olsun,
Budur ibadətim,
Etiqadım da.
Qoy sənin adında
Bir qız doğulsun,
Bir oğlan doğulsun
Mənim adımda.
Vəfa ömürdəndir,
cəfa da bizdən
Nəsillər
nur alsın
taleyimizdən.
Günəş kainatdır,
Ulduz — kainat,
Bürclər də sehirli
Qitələridir.
İnsana vətənsə
Sonsuz kainat.
Doğma yer kürəsi
Görüş yeridir.
Baxtın qapısını
Nə yaxşı döydük,
Nə yaxşı bir vaxtda
Dünyaya vardıq.
...Təzədən çahana
Gələ bilsəydik,
Yenə bir-birini
Mütləq tapardıq!

1981-1985.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов