Bakı cəmiyyəti-xeyriyyəsinin diqqətinə
Bakı cəmiyyəti-xeyriyyəsi öz bəyannaməsində Qars və Ərdəhan tərəflərində qalan arvad-uşaqların Bakı və Gəncəyə gətirilməsi fikrində olduğunu bildirir və oralardan gətirilən yetim uşaqların birər, ikişər bəzi ərbabi-həmiyyənin himayəsinə veriləcəyini də əlavə edir. Bu bəyannaməsindən anlaşılır ki, Bakı cəmiyyəti-xeyriyyəsi bu günə qədər olan durğunluqdan daha açıq bir fəaliyyətə keçmək, bədbəxtliyin, ehtiyacın böyüklüyünə, əcələliyinə nisbət iş görmək istəyir.
Şükür, buna da şükür!
Nə etməli, bu tənbəllik həpimizdə var. Ümumi işlərimizə yavaş yapışmamız, qeydsizliyimiz cümləmizdə olan bir naxoşluqdur. Buna görə böyük ümidlər, ciddi təşəbbüslər, özgələrə nümunə olacaq həmiyyət və xidmətlər gözlədiyimiz Bakı cəmiyyətindən, daha doğrusu, Bakı camaatından artıq şikayətə haqq bulamıyoram. Ancaq ora dövlətlilərinin ehtiyaclarımıza nisbət bir zad vermədiklərini və o kimilərin Bakıda olmalarına və Bakı ilə dövlət qazanmalarına görə gələcək tariximiz, gələcək milli intibahımız Bakı üçün böyük bir töhmət, ictimai bir intiqam hazırlasa yeri var.
Gələlim əsas məqsədə.
Mənim düşüncəmə görə, Qars və Ərdəhan tərəfində qalan arvad və uşaqları Bakıya gətirməməliyiz. Bunu bir neçə cəhətə görə deyirəm:
Bakı ilə Qarsın havası, məişəti tamamilə ziddir.
Bakıda xərc iki-üç qat artıq olur.
Gələcəkdə yolların çətinliyi və özgə maneələr təsəvvür olunduğundan Bakıda olacaq arvad və qoca kişilər lazımi vaxtda öz yerlərinə qayıda bilməzlər.
Bakıda qalacaq arvadların bir qismi bəzi səbəblərə görə bəlkə orada qalıb qayıtmayalar. Bu isə Ərdəhan tərəfində boş qalan yerlərimizi özgələrə qapdırmaya səbəb olur.
Öylə güman edirəm ki, Qars və Ərdəhan tərəflərində qadan bədbəxtləri o yerlərə bitişik və sərhəd olan Axalsix uyezdində saxlasaq həm saydığım müşküllərdən qurtulmuş, həm də bu böyük işimizi yüngül və tez bir yolla başa gətirmiş oluruz.
Qars tərəflərində qalan yetim uşaqların Bakıya gətirilib saxlanacağı və birər, ikişər paylanacağı zikr edilir.
Öylə sanıram ki, tapılacaq uşaqların hamısı Bakı və Gəncəyə gətirilib bir yerdə, bir pansionda saxlanmalıdır. Yetim uşaqları öz himayələrinə almaq istəyənlər pansionun illik xərcini verməklə izhari-həmiyyət elərlər.
Arxayınam ki, millətpərəstliyin ən sağlam üsulu olan bu yol ilə birər, ikişər, beşər uşağın illik xərcini verəcək həmiyyətlilərimiz içimizdə əskik deyil.
Oğulluğa qəbul ediləcək uşaqların verilməsinə sözüm yox. Amma burası var ki, bunda qayəti-ehtiyat lazım. Yoxsa tərbiyə və himayə yerinə nökərçiliyə yol açmış oluruz.
Bizim milli qayəmiz isə həmin yetim türk balalarını oxudub öz yerlərinə göndərmək, öz yerlərinə sahib etmək və oralarda əskilən nüfuz və nüfuzu-milliyəmizi doldurmaqdır. Əksinə, həmin uşaqları tək-tək dağıtmaq isə əməl və müqəddəs fikrimizə öz əlimizlə zərbə endirməkdir.
Etiqadım bunadır ki, cəmiyyəti-xeyriyyəmiz bu cəhətə artıq diqqət yetirər.
Əgər uşaq çox tapılsa, pansionun biri Qafqazda, digəri Şimali Rusiyada ora türk qardaşlarımızın münasib gördükləri bir yerdə vücuda gətirilməlidir.
Çox qayğu və acı ilə bildirirəm ki, rəisi-ruhaniyyəmiz sayılan müfti və şeyxin etinasızlığından, çoxumuzun qorxaq və həmiyyət-sizliyindən uşaqların əksəri aclıqdan və naxoşluqdan tələf oldu. Bir qismi suya çəkilib xristian edildi, içəri Rusiyaya aparıldı. Qalanı çox az olsa gərək.
Həkim Xosrov bəy Sultanov cənabları – “Ərdəhan tərəflərdə kimsə qalmamış, onlar canlarını qurtarmaq üçün qaça bildikləri yerlərə getmişlərdir” – deyir. Bəli, o bədbəxtlərin çoxu canlarını bir cür əziyyətdən qurtarmaq üçün dərələr boylarında, kəndlər ətrafında, torpaqlar altında bir-biri üstə düzülüb uzanmışlar, rahətə varmışlardır.
Ancaq azı, çox azı, yəni iki minə yaxın arvad-uşaq canlarını qurtarıb və özlərini Pusxov tərəflərinə atmışlardır. Pusxov uçastkası Ərdəhan ilə Axısxa arasındadır, Qars oblastına tabedir. Camaatı tamamilə müsəlmandır. Yerləri meşəlik, qayalar, dağlıq və şəhərlərdən uzaq olmasına görə camaatı çox fəqirdir. Öylə ki, bunlar hər il bahar vaxtında özləri üçün ayrı yerlərdən yeyəcək tədarük etmək məcburiyyətindədirlər. İştə böylə fəqir bir camaat 4-5 aydan artıqdır ki, özlərinə can atan minlərcə din qardaşlarını evlərində saxlayıb yeyəcəklərini yan bölürlər. Bundan sonra isə özləri də yeyəcəkdə çətinlik görəcəklərdir. Buna görə oraların halı çox yaman olacaq.
İnsafdırmı Pusxovun kasıb camaatı olunca yeyəcəyini yarı bölsün, bizlər bir kərəlik bir neçə şahı, bir qaç manat verməklə milli və insanlıq vəzifəmizi qurtarmış hesab edəlim…
Bakı cəmiyyəti-xeyriyyəsinin o tərəflərə ianə göndərməsi xüsusunda nəzəri-diqqətini cəlb edərim: Pusxov uçastkası davadan uzaq sakit bir yer olduğundan ianə göndərilməsinə heç bir maneə yoxdur.
Bakıdan un göndərmək lazım deyil. Axalsix tərəflərdə 140-160 qəpiyə taxıl alıb üyütmək olur. Nə qədər taxıl olsa, bizim dəyirman pulsuz üyütməyə hər vaxt hazırdır.
Hörmətli xadimlərimiz Xosrov bəy Sultanov cənabları Qarsdan böylə yazırlar: “Ərdəhan kəndlərinin heç birində adam yox. Bunlar canlarını qurtarmaq üçün qaça bildikləri yerlərə getmişlərdir. Yalnız bir-iki yerdə 500-600 arvad-uşaq var”.
Bu xəbəri daha artıq bir təfsilatla dörd ay əvvəl yazıb həqiqəti-halidən camaatımızı xəbərdar etmək istədim. Mən bu xəbəri Ərdəhanın geniş ağ düzləri qızıl rəngə çevrildiyi və bu qızıllığın hənuz səmayə əks etdiyi vaxt dərələrin uçurumlarından, qayaların oyuqlarından, kəndlərin izsiz bucaqlarından, meşələrin dərinliklərindən qopan fəryadlar və sədayi-istimdadlar ətraflarındakı qayalardan hənuz cavab aldıqları zaman duyub bən də fəryad qoparmışdım. Heyif ki, nikbinlərimiz yazdıqlarımı “mübaliğə” güman edib bu işə soyuq qanla baxdılar. Hətta bəzi mötəbər şəxslər bizzat özümə müraciət edib camaatımızın ürəyini eylə acı və mübaliğəli xəbərlərlə dırmalayıb yandırmamağımı, həyəcana gətirməyimi təvəqqe etdilər.
İndi düşünürəm və sual edirəm ki, ürəkləri yanan ağalar bu dörd-beş ayda ürək yanğılarını əcəba nə ilə göstərdilər?
Kasıb-kusublarımızın verdikləri ianələri çıxmaq olsaq ağaların, dövlətlilərin verdikləri beş-on min manatı keçmir: millətin, qara camaatın kömək və zəhməti ilə qazanılan dövlətin böylə bir gündə öz millətinə layiq gördüyü, öz millətinin ölüm halında olan aclarına qıydığı, ehsan etdiyi bumudur? Bizdən 25 kərə az olan qonşumuz öz möhtaclarına 800000 manat yığdılar, yenə də yığırlar, yığacaqlar.
Bizim Boxçalı, Qazax, Zəngəzur, Cavanşir… və qeyri və qeyri yerlərin bəyləri, hacıları, dövlətliləri hələ özgələrə təməllüq ilə məşğuldur.
Hələ bəzi şirindilli, məhəbbətpərvər görkəmlilər deyirlər: təki muradımız başa gəlsin, yəni təki millətin istiqbalını görüm, vallah-billah, bu qədər yüz qurban və nəzir hazırdır. Biçarələr eylə güman edirlər ki, böylə mənasız sözlərlə özgələrini inandırırlar. Daha bilmirlər ki, böylə ən zəruri vaxtımızda beşcə qurban verməyənin gələcəkdə yüz deyil, bircə də vermiyəcəyini və versə də məqbula keçmiyəcəyini uşaqlar da bilirlər.
Ömər Faiq
“İqbal” qəzeti. 19 aprel 1915, № 916
Kitabxana.az · https://kitabxana.az/ru/works/nemanzade-baki-cemiyyeti-xeyriyyesinin-diqqetine
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bəradərim doktor Xosrov bəy Sultanovun gürcü politikaçıları xüsusunda “Açıq söz”də yazdıqları məktubu oxuyanlardan bəziləri ola bilər ki, doktorun özünü günahsız çıxartmaq üçün yazılarında, düşüncələrində ifrata getdiyini sanarlar. Çünki bizdə, bizim xasiyyətimizdə özgələrlə olan dostluğun davamı üçün özümüzün mənfəətini, özümüzün təhlükədə olduğunu düşünməmək adəti var, həm də çoxdan var. Bu xasiyyət yalnız tək-tək kişilərin beyinlərində deyil, millətimizin ruhunda, əxlaqi-ictimaiyyətimizdə köklənmiş, möhkəmlənmişdir.Dostluq xəncəri ilə yaralanmaq və o yaranın acısını duymamaq igidliyi (?) bizdə çoxdan milli əxlaq yerini tutmuşdur.
Ömər Faiq əfəndinin Ruzadzenin teleqramına cavabıBu axır vaxt möhtərəm gürcü camaatı məni öz milli və Gürcüstan istiqlaliyyətinin düşməni ədd etməklə bərabər Axalsixdə guya mənim tərəfimdən hazırlanan üsyanı mənə isnad veriyorlar. Gürcü camaatı Ruxadzenin hökumət namına göndərdiyi teleqrafı oxuduqdan sonra bu fikrə gəlmişdir.Buna cavab olaraq deyirəm ki, hərgah Axalsix uyezdində narahatlıqdırsa və əhali arasında həyəcan və qələyan davam edirsə, ən əvvəlcə bunun səbəbi Ruxadze cənabının özüdür! Ruxadze asayişə nəzarət etmək sifətilə gəlib öz vəzifəsini unutmaqla bərabər uyezdə anlaşılmaz işlər törətməyə və hökumət namından hökumət siyasətinə yaraşmaz, hətta demokratik cümhuriyyətin heysiyyət və ləyaqətini ləkələyən “öz siyasətini” aparmağa başladı. Ruxadze “həmin siyasətini” vücuda gətirmək məqsədilə onun amalına zidd olanları aradan sıxıb çıxarmağa başladı. Müsəvvəniyyəti-şəxsiyyə haqqında general Maqayevin rəsmi məktubuna baxmayaraq, Ruxadze məni üç nəfər yoldaşımla həbs edib Tiflisə göndərdi. Bir çoxlarını da azadlıqdan məhrum etdi.
İşlərimizdə HərcmərclikHər şeyin ilk yaradılışında, ilk təşkilində bir çox nöqsanlar olur, ibtidailiklər görülür. Hər dürlü mövcudiyyət, hər növ təsisat mütləq qanuna – qanuni-tədric və təkamüli-təbiyyətlə möhkəmləşir.Təbiətə zor etmək, tərəqqini sürətlə istəmək səyi ilə kamala çatmaq olmaz – deyirlər. Bunlar çox doğru. Lakin burası daha ziyada doğrudur ki, hər tərəqqini, hər kamalı yalnız təbiət əlinə buraxmaq da təbii, Allahı tanımamaqdır. Çünki tərəqqi və kamal təbiətin təsirindən artıq səy və ictihadın dərəceyi-qüvvəsinə tabedir.
MilliləşməkCanlı işlər, tarixi dəyişikliklər bizə göstərir ki, hər cəmiyyət, hər fərd, hər dürlü ənənəsindən, müqəddəsatından, imkan və etiqadından az-çox əl çəkdiyi halda milli dilindən əsla və əsla vaz keçməmişdir. Və heç vaxt da keçəməz. Çünki hər millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi-mövcudatıdır. Ondan məhrum olduğu gün mərhum olmuş, ondan uzaqlaşdığı gün qəbrinə yaxlaşmış deməkdir.Tarix bizə göstərir ki, bir millətin cahangirliyi, hökuməti, hətta yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyatı var, o millət məhv edilməz. Dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz.
Стихи других поэтов
Aşıx Hüseyn gəlirmiş Reyhan xanımla deyişməyə. Edal- ağa gölü yaxıımığında Qızılqışlaxda görür bir oğlan, bir qız, oımardan da aralıda bir dəstə qız per-pencər yığır. Ancaq bu pencər yığan qız heç oğlandan o yana getmir, hey oğlanı danışdırır. Oğlan qıza məhəl qoymur. Yan-yörəsindən yığdığı buğa qanqallarından soyub şirin-şirin yeyir. Deyir aşıx tayfasıki var, gördüyün çağırar. Bını görən kimi sazı köynəhdən çıxartdı.Dedi:
Mürəbbe: Gəldi qasid dedi mən biqərarəGəldi qasid dedi mən biqərarə,Şux dilrubanın izdirabı var,
DilbərSallanıban yüz naz ilənBu seyrana gələn dilbər
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.