Bizə hansı elmlər lazımdır?
Страница 1 из 3
Cənab Axund Əbuturabın “Bizə hansı elmlər lazımdır?” məqaləsinə ədibi-həkim cənab Əli bəy Hüseynzadə həzrətləri müxtəsər, lakin o qədər ustadanə cavabi-şafi vermişlərdir ki, ondan sonra bizim kimi acizlərin əlavə məqalələri onu təkrardan qeyri bir fayda verməz.
Burasını bilə-bilə, bu barədə yenə bir neçə söz söyləməyə məcbur oldum, çünki cənab Axundun bəyan etdiyi fikir və əqidə aramızda indiyə qədər o mərtəbə kökləşib rəğbət bulmuşdur ki, onun xilafi-əql və əsasi-din olduğuna dair nə qədər çox yazılsa, o qədər kəşfi-həqiqətə xidmət edər sanıram.
Bəli, həmin məsələ ərbabi-maarif arasında nə qədər çox yazılsa və nə qədər münaqişə və mücadiləli olsa, həqiqətə ol qədər yaxınlaşılmış olur. Hələ bu yolun tikanlarından, töhmətlərindən, küfrlərindən qorxmayıb bir az irəli gedilsə, xeyli düyünlər, qaranlıq nöqtələr, şəriətə bürünmüş xurafat və cəfəngiyat daha tez görülüb açılmış olur.
Axund Əbuturab cənabları deyir: “Yazıçıların yazdıqlarından belə məlum olur ki, onların məqsudu elmdən, şəriət elmindən masiva elmlərdir…”
Bəli, Axund cənabları yazıçıların yazdıqlarından və “utlubu-l-elm və lau bi-s-sin”dəki “elm”dən məqsud mütləq şəriət elmindən masiva olan elmlərdir. Əgər sizin dediyiniz kimi, elmdən murad yalnız “elmi-şəriət” olsa idi, heç vaxt “utlubu-1-elm” deyilməzdi, bəlkə “utlubu-1-fiqh” buyurulardı. Çünki şəriət istilahınca elmi-şəriətə mütləq “elmi fiqh” və ümumiyyətlə, bilməyə “elm” deyilir. Necə ki, ayati-kərimə və hədisi-şəriflərin çoxunda da elm və fiqh sözləri ayrı-ayrı zikr olunubdur. Hətta cənab Axundun özü elmdən məqsəd elmi-şəriət olduğunu isbat eyləmək üçün: “Cahada getməyənlər din məsailində təfəqquh etsinlər” ayətini dəlil gətirir. Halbuki həmin ayət Axundun əqidəsinin çürük olduğunu çox gözəl isbat edir. Çünki ayətdə açıqdan buyurulur ki, “təfəqquh” ediniz, yəni elmi-şəriəti öyrəniz. Şəkk yox ki, burada “təfəqquh”dan məqsəd elmi şəriətdir.
Özgə sayaq da ola bilməzdi.
Tarixi bilənlərə məlumdur ki, ol vaxtın davalarında bir tərəf cümlə əsir və ya şəhid ola bilərdi. Belə təqdirdə elmi-şəriəti, yəni fiqhi yaxşı bilən əshabın cümləsinin birdən davaya getməkləri təzə zühur edən bir dinin nəşri nöqteyi-nəzərincə, camaat və məmləkət idarəsincə yaxşı deyildi. Lazımdır ki, fiqh üləmasının bir qismi davaya getməyib camaat arasında din və dünya ümurinin icrasına mübaşir olaydı. Dəxi burada “təfəqquh” yerinə “təəllüm” buyurulmazdı. Belədə, sülh vaxtlarında buyurulmazdı ki, elmi-şəriət öyrənmək üçün: “Öz yaxın üləmanızı buraxıb Çinə qədər gediniz”. Halbuki o vaxtlarda ərəblərin ülumi-əqliyyəyə, sənət və hünərə ziyadə ehtiyacları olduğundan və o zamanda da Çində sənət və mərifət ziyadə olduğundan ülumi-əqliyyə və sənayenin təlimini və Çinin uzaqlığını nəzərdə tutub həzrət peyğəmbərin: “Utlubu-1-elm və lau-bi-sin” buyurmağı çox təbii idi.
Hər halda “fiqh”dən məqsəd elmi-şəriət, “elm”dən məqsəd də məhz ülumi-əqliyyədir. Dəxi, “elm” və “fiqh” sözlərindən məna, məqsəd o qədər açıqdır ki, bunun ziddinə getmək göz-görə inadlıqdır.
Burasını keçəndən sonra, islamda şəriət elmi musəvi və isəvilərin qarışıq və anlaşılmaz olan şəriət elmləri kimi deyil ki, uzun-uzun təvillərə və təfsillərə möhtac olsun; xüsusilə vəkti-səadətdə və xəlifələr zamanında şəriət elmi o qədər sadə, o mərtəbə açıq vəbəsit idi ki, onu öyrənmək üçün uzun zəhmətlər, uzun vaxtlar əsla lazım deyildi. Hətta islamın ibtidai zühurunda şəriət elmi hər kəsin qanacağı, tezliklə anlayacağı bir sadəlikdə olmağı və müsəlmanların zahirən hüsn-əxlaqlı bulunmağı səbəbdən idi ki, ol zamanda öz xahişlərilə, öz qənaəti və vicdaniyyələri ilə islama daxil olanların əddi ağıllara xibrət verirdi. Tarixçə məlumdur ki, islamı bidayətində o dərəcə böyüdən, rövnəqləndirən islam əqaid və ehkamının məhz əql və təbiəti-bəşəriyyənin tezliklə qəbul edəcəyi bir sadəlikdə olmağı idi; “zəmanəyə görə” insanları maddi və mənəvi xoşbəxt edəcəyi bir yolda olmağı idi.
Amma vəqta ki, əqaidi-islama qeyri məzhəb münəqqidlərinin xilafi-əql rəvayətləri, cahilanə adət və xurafatları daxil olmağa başladı, əqaid və ehkami-islam izrahi-həqq bəhanəsilə uzun-uzun təfsirlərə düçar oldu, elmdən məqsəd şəriət elmi dinləməyə başlandı, ol zamandan etibarən islam rövnəqdən düşməyə, müsəlmanlar xar və zəlil olmağa başladı.
Fikrimizi bir az açıq söyləyək. İslamın ərəblər arasında ibtidai zühurunda və müəxxərən müxtəlif qövmlərin islamı ibtidai qəbullarında əqaid və ehkamın açıq və sadəliyi sayəsində müsəlmanlar gözəl əxlaqlı, mətin qəlbli, azad fikirli, doğru sözlü, tərəqqipərəst, insana dost, ədalətli, ülumi-əqliyə mühibbi və bəlkə xadimi olduqlarından az vaxtda dünyanın yarısına sahib birər hökumət təşkil etdilər və bu hökumətlər islamın əsasını, sadəliyini mühafizə etdikləri müddətcə şövkət və əzəmətlərini də mühafizə etdilər; onlar bu hökumətləri, bu cahangirlikləri qılınc zoru ilə böyük məmləkətləri fəth etməkdən artıq, ədl və mərhəmətlik tərəqqilə xırda qəlbləri təsxir etməklə vücuda gətirdilər.
Amma vəqta ki, əslində bəsit və sadə olan əqaid və ehkamı bəyan üçün uzun-uzun təfsil kitabları yazıb füruğatə bəst verdilər, “əql və hikmət” istinaddan artıq rəvayət və cəhalətə müstənəd ixtilafatə yol açdılar, şəriəti riyasət arzularına alət etdilər, ol gündən islamın evi yıxılmağa başladı.
Odur ki, ol vaxtdan, şöhrət və mənfəət tamahına düşən alimnumalar öz fikir və təsəvvürlərinin büt və atəşpərəstlərin etiqadları ilə məzc edib qədim cəhalət adətlərini, rəvayati-batiləni, xurafatı təfsirlərə qədər daxil etdilər. Və bu vasitə ilə birər mömini zəhərlədilər. Bir az ərəbcə bilməkdən savayı bir ləyaqətləri olmayan cahil müfəs-sirlər öz ağıllarının naqisliyindən ülumi-əqliyyəni dini-islamə müxalif və düşmən hesab etdilər və belə də kitablarında yazdılar. Şəriəti-islamiyyəni hərcümərc etdilər, bu gün əqli-səlimin qəbul edə bilməyəcəyi bir hala endirdilər. Məzhəbi-islamı anlaşılmaz, qarışıq, çar-paşıqlı, yüz parça və fırqəyə böldülər.
Odur ki, bugünkü fiqh və rəvayət kitablarının kəsrətini, ixtilaflı risalələrin çətinliyini, qarışıqlığını və bunları öyrənmək üçün zəhmət və zamanın çoxluğunu hiss edənlər, ixtilaf və təfərrüat mübahisələrilə vaxtlarını çürüdən biçarələr ulumi-əqliyyə və hikəmiyyədən bixəbər olduqlarından, haq-nahaq: “Elm”dən məqsəd “elmi-şəriət”dir deməyə məcbur oldular. Və cənab Axund Əbuturabın dediyi kimi “əlməru əduvvu ma cəhələhu” – kişi bilmədiyi elmə düşmən olur” qaideyi-ümumiyyəsinə görə də ülumiəqliyyəyə düşmən oldular.
Fikrimizi yenə bir az daha açıq söyləyək. Qurani-kərimin mündəricatının yüzdə onu ancaq şəriəti-əməliyyə elminə, doxsanı əxlaqa, tərbiyeyi-ruhaniyyəyə, rəvayati-qədiməyə, məzahibi-salifəyə adət və hekayəti-məziyyəyə aiddir. Bununla bərabər Qurani-kərimin ehkam və əqidi-diniyyəyə aid yerləri nə qədər az isə o qədər də sadə, bəsit və məhduddur.
Quranın bir cüzi qismini bilmək üçün şəriəti-əməliyyə təfsirlərini, şərhlərini bilməyə nə qədər ehtiyacımız vardır.
Halbuki Quranın əqaid və ehkamına aid cəhəti o qədər sadə və səhihdir ki, onu öyrənmək bir o qədər uzun vaxt və zəhmətə möhtac deyildir. Amma Quranın elmi-ruha, tarixə, hikmətə, üsuli-məişətə, bir sözlə, ülumi-əqliyyəyə məxsus yerləri o mərtəbə qapalı, çətin, təfsir və şərhə möhtacdır ki, bunları bilmək həqiqətdə çox zəhmət və vaxta möhtacdır.
Bu qəziyyələrdən şu nəticəni çıxarmaq istəyirəm ki, Quranı, islamı bilmək, Allahı tanımaq, insani-kamil olmaq üçün şəriət elmini bilmək on dərəcə lazımsa, ülumi-əqliyyəni bilmək doxsan dərəcə lazımdır. Və əgər Quranda əməli-şəriyyəyə, məsələn, dəstəmaza və ya talağa dair olan bir müxtəsər ayətin şərhini bilmək üçün iki-üç müfəssəl kitabın oxunub bilinməyi iqtiza edirsə, o vaxt Quranın tarixdən, hikmətdən, əxlaqdan bəhs edən bir çox ayətlərin şərhlərini bilmək və bu surətdə Allahın sifətini, qanununu, qüdrət və izzətini tanımaq üçün və ülumi-əqliyyəyə dair yüzlərcə cild kitabın oxunub bilinməsi lazımdır. Bəli, madam ki, Allahı tanımaq Quranı bilməyə, Quranı bilmək hər ayətin uzun şərh və təvillərin bilməyə vabəstədir, o halda “fiqh”də olduğu kimi, məsələn, ərzə, şəmsə, buxəara, fəlakiyyata tarixi vüquata dair müxtəsər və mübhəm ayətlərin uzun şərhlərini bilmək də eləcə lazımdır.
Bu həqiqət bəyanından sonra əgər Axund Əbuturab həzrətlərinin nəzərində Quranın yüzdə doxsan payına came olan ayətlərin şərhlərini bilməklə Allahı tanımaq olmazsa, Quranın yüzdən on qismi, yəni əməli-şəriyyəyə aid şərh və təfsirləri bilib, qeyri qismlərdən bixəbər olmaqla da heç vaxt Allahı tanımaq olmaz.
Burası da bilinməlidir ki, aləmi-islamda Əbu Hənifələr, İmam Cəfər Sadiqlər, Şəfailər, İmam Musa Kazımlar və qeyrilər elmi-fiqh və fitvada müctəhid və imam olduqları kimi, İbn-Rüşdlar, Əbu Əli Sinalar, Mövlana Cəlaləddin Rumilər, Məhiəddin Ərəbilər, Cabirlər, İbn Xəldunlar və qeyriləri də öz zəmanələrinə görə ülumi-təbiyyə, hikəmiyyə, tarixiyyə və əxlaqiyyədə müctəhid və imamdırlar. Əvvəlkilər Quranın bir cüzi hissəsindən ibarət olan əmali-diniyyəni nə cür izah edib risalə və təfsirlər yazmış isələr, ikincilərdə Quranın qismi-əzəmini təşkil edən ülumi-hikəmiyyə və əqliyyəyə dair yüzlərcə təfsirlər yazmışlar.
İndi, əqli-səlim bunu təqaza edər ki, əgər Quranı bilmək Allahı tanımaq, insani-kamil olmaq üçün fiqhə aid təfsirlərin oxunması vacib isə əql və hikəmiyyətə aid ayətlərin təfsirlərini oxumaq vacibdən də vacibdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nemanzade-bize-hansi-elmler-lazimdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bakının şöhrət tapan şəxsi düşmənçiliyi, dəstə davası, o murdar və alçaq xasiyyəti yavaş-yavaş özgə müsəlman şəhərlərinə də keçməkdədir.Ağıllı qonşularımız özgə qonşuların hünər və mərifətlərini görüb-götürdükləri halda, biz müsəlmanlar harda zərərli və cəhalət əsəri bir şey varsa, onu öyrənməyə can atırıq. Budur ki, Tiflis müsəlmanları da qoçaq Bakı dəstələrini yamsılamağa çıxıb, avqustun 6-cı axşamı saat 9-da müsəlman məhəlləsində, yəni Şeytanbazarda güllə-bazlığa başladılar. İyirmiyə qədər atılan güllələrdən bir adam yaralanmaqdan səvayi, həmd olsun, tələfat və böyük ziyan olmadı. Bəli, mala, cana zərər olmadı. Amma görək məna da beləmi? Görək hər cür dəstəbazlıqların vücudi-ittihadımıza, tərəqqeyi-milliyyəmizə vurduqları zərərlər bir neçə sözlə anladıla bilərmi? Bax, burası çətin. Burası çətin ki, müsəlmanların dəstə-dəstə bölünüb bir-birilərini yox etməyə çalışmalarının nəticəsini yazmağa qüvvətli qələm, polad ürək, əyyubi-səbir istər. Məndə isə o hünər yox. Ancaq zəif qəlblə burasını bildirmək istəyirəm ki, müsəlmanların öz-özlərinin vurduqları zərərləri, öz-özlərinin başına gətirdikləri müsibət və bəlaları heç bir xarici düşmən gətirə bilməz. Tariximizin bir çox səhifələrini ləkədar edən, siyasi, şəri dəstəbazlığımıza, öz içimizdən özümüzü yeyib xarab və pərişan etməyimizə keçmişlərdən misal axtarmağa hacət yoxdur. Qafqazımızın hansı müsəlman şəhərinə, hansı bucağına baxsaq orda müsəlmanlığın adını rüsvay etməyə, müsəlmanları həqir və rəzil buraxmağa amadə bir fitnə və cəhalət “mikrobu” gözümüzə sataşar.
Vasiteyi-nicatımız nədədir?Bugünkü adətimiz, əfkarımız zaman və məkanımızın vəzi nəzərə alınarsa nicat və tərəqqimiz idareyi-ruhaniyyələrin islahına bağlı olduğunu hər sahibi-fərasət təsdiq edər sanıram. Hərçənd bir millətin tərəqqisi əsasən, ruhanilər ilə olmuyub, biləks bəzi millətlərin, xüsusilə avropalıların tərəqqisi, ruhanilərin nüfuz və iqtidarından düşməkləri ilə başlamışdır. Amma islamda, xüsusən bu növ zülm və cəhalət dövründə, hər tərəfdən sıxılıb əzildiyimiz belə keşməkeşli bir vaxtda bizim vasiteyi-nicatımızın ən ümdəsi, bizi səlamətə çıxaran yolların ən gödəyi ancaq idareyi-ruhaniyyələrimizin islahıdır.Mənim bu sözlərimə ehtimal çox kimsələr, xüsusən bir çox intelligentlərimiz gülərlər. Çünki idareyi-dərəcə biganə, həqir, əhəmiyyətsiz, nüfuzsuz nəzərinə o dərəcə biganə, həqir, əhəmiyyətsiz, nüfuzsuz xırda görünübdür ki, ondan bizim üçün bir nicat ümidi təsəvvür etmək belə bir xəyali-fasid hesab olunubdur. Amma həqiqətdə isə belə deyildir. İdareyi-ruhaniyyələr bizim yeganə şəri-məhkəməmiz, milliməclisimiz, icmai-idarəmiz, xüsusi kabinetimiz, müstəqil məşrutə-xanəmizdir. Bizi dirildən də odur, öldürən də odur. Rusiyada islami saxlayan da odur, batıran da odur. Bizi insan edəcək də odur, bugünkü kökə salan da. Amma nə etməli ki, belə böyük bir idareyi-milliyəni biz indiyə qədər özümüzə mal etməmişik. Nə fayda ki, belə ali bir idarənin millətilə olan münasibət və mərbutiyyətini nəzərə alıb onun islahatına əsla çalışmamışıq. Biləks həməvaxt öz zərərimizə olaraq öz keflərinə və ya özgələrin siyasi oyuncaqları olmağına bol-bol müsaidələr etmişik.
Məzlum ən böyük zalimdirDünən Şəkidən, möhtərəm yoldaşımdan aldığım məktub pərişan ürəyimi bir qat daha pərişan etdi. Məni pərişan edən yalnız hökumətin zülmü deyil, o zülmə, o həqarətə boyun əyən camaat halətidir.Şəkinin birinci üsuli-cədidə məscid məktəbi hamıya məlum olsun gərək. Bu məktəb camaatın ixtiyarında, camaatın həmiyyətilə bir neçə il gözəl davam etdi. Faydalı səmərələr verdi. Bir az sonra hər nədənsə camaatın bəziləri yanlış bir fikrə düşdülər: məktəbi, o millət ocağını və istiqbal ümidgahını hökumətin ixtiyarına, xasiyyətləri məlum bir para qulluqçuların əlinə verməyə çalışdılar. Biçarələr elə güman edirdilər ki, hökumət idarəsi bizə camaat idarəsindən daha nəfli olacaqdır. Binəvalar elə xəyal edirdilər ki, hökumət bizə gerçəkdən atalıq edib, bizim dərdimizə qalacaqdır. Halbuki yazıqlar daha ondan bixəbər idilər ki, öz ixtiyarlarını, öz haqlarını öz əllərilə bir para zalımların, rəhmsizlərin pəncələrinə verib, məktəbi bünövrəsindən yıxmağa özləri səbəb olurdular.
Alınan azadlığı nə cür saxlamalıİran mücahidlərinəİstibdad cəhənnəmini söndürüb yerinə azadlıq bağçası, dünya cənnəti qurmaq nə qədər çətin isə alınan azadlığı saxlayıb davam etdirmək də bir o qədər, bəlkə ondan daha artıq çətindir. Çətindir, bəli. Ondan ötrü çətindir ki, müstəbidlər öz istibdad və hökmdarlıqlarını bərqərar etmək üçün zülm və şiddətə həmişə nə cür möhtacisələr, hürriyyət mücahidləri də müstəbidlər barəsində zülm və ədalətsizlik göstərməyə eyni surətdə məcburdurlar.
Стихи других поэтов
Bütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
دل با تو برفت هیچ منزل که نمانددر عشق بگو کدام مشکل که نماند
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki