Mən kiməm
Страница 1 из 2
Hə, ey türk! İstər darıx, istərsə qarıx, yaxandan əl çəkən deyiləm. Sən hər şeyi öyrənmək istədiyin halda niyə bircə zadı – yəni özünü bilmək istəmirsən, niyə öz varlığından, öz vücudundan, öz soy və nəslindən xəbərin yox? Niyə sənə “Kimsən?” dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki,mən türkəm. Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl sən türk idin. İndi də türk-sən və bundan sonra da türk qalacaqsan?Zamanamızda, yəni din və əbudiyyətdən, cins və millətlərin hökm sürdüyü belə bir çağda insan öz soy və millətini tanımamaq, daha doğrusu, özünü bilməmək ən böyük günahlardan, silinməz ləkələrdən biridir. Lakin bu ləkə tezliklə gedən ləkəyə də bənzəmir. Bu ləkə yaman ləkədir. Bu ləkə surətində elə yılancıq (qanqrena) yarasıdır ki, millətimizin vücudunu, türklük varlığını yavaş-yavaş gəmirir, yox edir.
Bu gün həm də kiçik millətlərin, xüsusilə məhkum millətlərin öz varlıqlarını, öz hüquqlarını saxlamaq iddiası ilə bu qədər qan tökülən bir vaxtda bizim özümüzü tanımamazlıq bəlası,dərin düşünülürsə, qarayaradan da, taun çibanından da daha acılı və daha zəhərlidir. Hər kəs öz millətini tanıyıb onun yolunda ağladığı, onun yolunda gözünü kor etdiyi böylə bir həngamədə biz öz millətimizi sevmək deyil, onun hətta quru adını da bilməyib ortada şaşıb qalmışız. Çoxdan çürümüş əqidələr, təriqətlər tiryəkisinin beynimizə verdiyi sərsəmliklə hərlənib durururuz.
Bu hal ilə kim üçün və nədən ötrü çalışacağımızı da, təbii, itirmişik. İtirməsək də belə bilinməyən və bilinmədiyi üçün də sevilməyən bir millət üçün kim dəlidir ki, can yandırsın?
Kim olursa olsun, insan bir nəfər, bir millət və ya bir fikri-əməl uğrunda o vaxt can yandırır ki, ona o zaman aşiq olur ki, oxu yaxından tanıyıb ürəkdən sevsin, yoxsa quru və yalançı göstərişlərlə arada məhəbbət, eşq deyil, bayağı dostluq belə olmaz.
Mən iddia etmək deyil,uca səslə bağırıram ki, biz özümüzü tanımırız, biz öz millətimizin boş adını belə bilməyiriz.Nə olub, niyə dodağını büzdün? Görünür,söylədiklərimdə şəklin var. Çox yaxşı, buyur bərabər soruşalım, kimdir o?
-Marağalı Məşədi Əliəsgər.
– Bu kim?
– Şamaxılı Əbdülqafar.
– O biri?
– O da ərzurumlu Dursun ağa.
Bunların birincisindən soruşalım:
– Məşədi, siz nə cins və nə millətdənsiniz?
– İranlı və şiə məzhəbəm.
– Əbdülqafar ağa, sən?
– Mən də qafqazlı babıyam.
– Dursun ağa, sən bir az oxumuşa bənzəyirsən, gərək soyunu, millətini tanıyasan.
– Mən də osmanlı və sünniyəm.
– Daha özgə?
– Özgə heç!Siz çox da deyiniz ki, ”sünnilik, şiəlik, babılıq bir məzhəb və əqidədir”, cins və millət isə başqadır.
Dünyada ən kiçik bir böcəyin, ən ən yaramaz bir otun soyu cinsi bəllidir, bəs bu qədər böyük bir insan yığıncağının bir cinsi yoxmu?
İştə bəla da burasıdır ki, həm var, həm də yoxdur? Vardır: onun üçün ki, biz də özgələr kimi insanız. Bir də təbii, bir millət soyundanız. Yoxdur: çünki, varlığımızı bilmirik ki, soyumuzu da bilək.Gəlin bir də qonşularımızdan soruşaq.
– Şakro Çaparidze,sən nə məzhəbdənsən?
– Pravoslav.
– Nə millətdənsən?
– Gürcü
– Demitri,sən?
– Mən də pravoslav məzhəbindənəm.
– Millətin?
– Urun.
– İvan,məzhəbin?
– Pravoslav.
– Millətin?
– Rus!Həddin yox ki, bir oxumuş gürcüyə gürcülüyündən savayı özgə bir ad verəsən, o saat özünü alçaqlaşdırılmış hesab edər və səndən bərk də inciyər.
Ya bizdə? Bizdə isə lap tərsinədir: sənin də həddin yox ki, salmaslı bir türkün oğlu türkə “türk” deyəsən, o saat səndən üz çevirərvə bəlkə də səni düşmən hesab edər. Bir də axalsıxlı bir ağaya soruşunuz: o gələn kimdir?
– Əcəmə bənzəyir.
– Eyi,dəhduş diqqət et!
– Elə özüdür, əcəmdir, qızılbaşdır.
– Qoy olsun, biraz söylətəlim.
– İşin yox, burax dəf olsun. Qızılbaşdan nə eşidəcəksən ki?
Biçarənin xəbəri yox ki, qızılbaş deyə məsxərəyə aldığı kimi öz soyundandır, öz millət qardaşıdır.
Amerikalılar Təbrizə gəlib məktəblər, xəstəxanalar açırlar və beləliklə şiə türklərinə məhəbbət göstərirlər,yardım edirlər və ya edən kimi görsənirlər ki, gələcəklərdə məsləklərinə, ticarətlərinə xidmət eləsinlər.
Lakin bəlaya baxın ki, biz Qafqaz türkləri öz ayaqları ilə yanımıza gələn iranlı şiə türk qardaşımıza yüz çeşid ad qoşub uzaqlaşırıq. Üzdən də olmasa, arxadan min dürlü yaman deyirik. Söz başında “ac tat” deyə də təhqir ediriz.
Tiflis guşələrində aclıqdan, azardan can verən iranlı türk əmələlərinə – yırqatlarına “persiyan” gözü ilə baxıb keçirik, fəlakətlərinə soyuqqanlı tamaşa edirik.
Ya Qafqazda yaşayan iranlı şiə türkləri? Onlar daha qafil! Bunlar bizdən daha artıq uzaqlaşmaq istəyirlər: məktəblərini, məclislərini, hətta bəzi yerlərdə məscidlərini də ayırıb özlərinə “şiə-fars” rəngi verirlər, balacalarına, yəni öz türk oğullarına türkcəni də əsirgəyirlər, oxutmurlar. Şiəliklə farslığı heç münasibəti olmayaraq cahilanə birləşdirmək öz türklərinə balta vurmaq, öz sözlərini, öz ata-babalarını danmaq istəyirlər. Ya İranın içi ilə çölü? Oralarını daha soruşma,keç!
Çox yaxşı keçək Bakıya. Böyük “İslamiyyə” mehmanxanasına gedək. Göyçək və pak bir masanın (mizin) ətrafında oturan oxumuş və dünyadan xəbərdar, hətta sözündə millətpərvər görünən qardaşlarımızdan soruşalım. Soruşalım ki:
– Soy və millətiniz nədir?
– Əlhəmdülillah müsəlmanıq.
– Şiəsiniz, yoxsa sünni?
– Heç biri deyiliz, təkcə müsəlmanıq.
– Özgə, daha bir adınız-zadınız yoxmu?
– Xeyr, xeyr, xeyr!
Birincilərlə ikincilərin cavablarından anlaşılır ki, aralarında xeyli təfavüt var. Birincilər məzhəb və əqidə çevrəsindən çıxmamış, ikincilər isə bir az irəli gedib din dairəsində qalmış. Əgər məndən soruşulsa, aralarında heç bir təfavüt yox. Hər ikisi də birdir. Hətta deyə bilərəm ki, birincilər daha həqiqi, ikincilər isə daha xəyalidir.
Xəyalidir, çünki əqidə və məsləkləri yox etmək mümkün deyil, əqidə tərəqqinin yoldaşıdır, bunları ayırmaq isə dəlilikdir. Hənəfi ilə şəfailiyin birləşmədiyi bir yerdə sünnilik ilə şiəliyi birləşdirmək xam xəyalların ən xamıdır. Nə zərəri var? Qoy hər kəs öz əqidəsinə,öz ictihadında,öz imanında olsun.Nə var,ey oxucu! Niyə başını qaşıdın,niyə üzünü turşutdun? Sultan Səlimlərin, Nadir şahların və bir çox islam recal və üləmasının çalışdıqları,hətta o uğurda can fəda etdikləri bir məsləkə toxunduğumdan ötrümü məndən inciyirsən?
Yox, yox,incimə. Əgər onlar din və əqidənin xasiyyətlərini, vəzifələrini, mövqelərini həqqi ilə bilsəydilər boş-boşuna o qədər çalışmaz və nahaq yerə də o qədər qan tökülməyə səbəb olmazlardı. Əgər onlar “dini-islam”ın bir ağac, əqidələrinin də o ağacın birər budaqları olduğunu və o ağacın böyüməsi üçün budaqların mütləq ayrılmaq, genişlənmək ehtiyacında bulunduğunu qanıb onlara yol və hürriyyət versəydilər, islamiyyət heç vaxt bu qədər cığırından çıxmaz və o qədər boğuşub əzilməyə, keçilməyə də məhəl qalmazdı.
Ey qafqazlı türk, sən çoxdan islam qeyrətini çəkirsən və bu qeyrətlə, hətta öz varlığını, öz adını da itirmişdin.
Sən islam uğrunda o qədər çalışmış, əqidə qovğalarında o qədər zərər çəkmiş, o mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib təkcə müsəlman olmaq xəyalına düşmüsən.
Lakin əzizim, o qədər qorxma! Yenə aldanma ki, mərifət olan yerdə əqidə ixtilafi zəhmət deyil, rəhmətdir. Ey türk, dini əqidələr qovğasından daha çox qorxma! Qorxma ki,onların hökmü keçməyə, onların yerlərini indi siyasəti-məişət və siyasəti-bəşəriyyə əqidə və məsləkləri tutmağa başlayır.
Ey türk, sən çox da rahatsız olma və şəkkə də düşmə: dini olsun, dünyəvi olsun, əqidəni gizlətmə.
Ey türk, sənin başına çox işlər gəlmişdir, çox əqidələr dolmuşdur. Çox şeylər bilmişsən və bu gün də çox cahil deyilsən! Bir çox ədiblərin, müəllimlərin,mühəndislərin, həkimlərin, məktəblərdə yüzlərcə tələbələrin var!
Ey türk, olduqca çox şey bilirsən. Sən daha sırf cahil xeyir və şərin qanmayan demək olmaz.
Sən ey türk! Zamanın bir çox icadlarını, təzə fikirlərini, hətta modalarını da öyrənirsən, hətta dini əqidələrin çürüməyə üz tutduğunu sezib dünyəvi əqidələrə iman etməyə də başlayırsan.
Əvət, çox şeylər, fənnlər bilməyə çalışırsan. Bir çox hünərlər də öyrənmişsən. Havalara çıxıb və yıldızların nə olduqlarını yaxından bilmək, yerin içərilərinə girib mahiyyətini anlamaq istəyirsən. Ancaq, bircə xüsusda cahilsən. O barədə heç bir zad bilməyirsən. Hər şeyi öyrənmək istədiyin sənə ən lazımlı,sənə ən birinci fərz olan vəzifədən xəbərin yox…
Nə var, niyə darıxdın? Niyə yenə can sıxıntısının acısını bığlarından, dodaqlarından almağa başlayırsan?
Kitabxana.az · https://kitabxana.az/ru/works/nemanzade-men-kimem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bakıya lazımdır bir çarə qılmaq, dəxi bundan soııra səbir eləmək mümkün deyil. Heç mümkün deyil səbir eləmək. Bakının üfunəti dünya və alemə dağılıb qoymur nəfəs almağa. Nə qədər Bakı bu halətdədir, Qafqaz müsəlmanlarının tərəqqisi mümkün deyil, o səbəbə ki, hamı gözünü dikib Bakıya və Bakıdan nicat yolu gözləyir, amma nicat əvəzinə şəhərin müzürr həşəratı vilayətlərə dağılıb camaatı puça çıxarmaqdadır. Bakının şöhrəti müsəlmanın fikrini çaşdırır.Cavanlarımız özlərini Bakı qoçulanna oxşadırlar, milyonçularımız Bakı milyonçularına oxşadırlar, müəllimlər özlərim Bakı müəllimlərinə oxşadırlar.
Oyun-OyuncaqYox, vallah, belə olmaz! Axır yuxanda Allah var, axır dünyada bir haqq-hesab var, axır hər bir işin bir qaydası var, yoxsa adam başına deyil ki, hər nə bilir elə də eləsin. Bir il bundan qabaq siz mənə kağız yazıb yalvardınız ki, ay Molla Nəsrəddin, sən allah biz gəncəlilərə sataşma, biz özgə şəhərlərin camaatı kimi bikar oturmamışıq, biz “Drama cəmiyyəti” açmışıq, bizim “Nəşr-maarifimiz” var, biz “Cəmiyyəti-xeyriyyə” tikmişik.Mən də dinmədim, dedim qoy hələ görək axın nə olacaq.
Allaha Rüşvət (Axalsixdən)Ay molla dayı, keçən həftə qoca atam Allah rəhmətinə getdi. Allah sizinkinə də rəhmət eləsin. Vallah, ürəyimdə ha yalvardım, bu qış günündə, bu pulsuz vaxtımda ölməsin; ha deyirdim, alacaqlanmı yığım, heç olmasa, bir neçə yüz manat ələ götürüm. Atamın cənazəsinə xərc edim. Amma zalım Əzrail kasıb-kusub halından qanan deyil. Mənim yalvarmağım boşa getdi, yenə öz bildiyini elədi. Bir yandan atanım ölümünü, bir yandan da pulsuzluğumu dərd edirdim ki, bu vaxtda nə idi başıma gəldi: bizim mərhəmətli qonşu arvadlar atamın ölüm xəbərini eşidən saat qanşqa təki evimizə doldular, bir ağlaşma, bir fəğan qopardılar ki, Allah göstərməsin. Beş-on dəqiqə keçmədi ağbaşlılar dəstəsi də hücum çəkdi. Bir saat sonra bizim evimiz dəxi bizimkilikdən çıxdı. Atamın ölüm dərdini yadımdan çıxartdım. Çünki orası deyildi: Allahın bu çağırılmamış qonaqlarına çay, suxarı, çörək, plov… Molla dayı, bir burada olub öz qulağınla eşidəydin ki, arvadların ağlaşmalanyla mollaların Quran oxumaları bir-birinə qarışanda ne qəribə aləm olarmış!!! Bir istədim arvadlara deyim: “Nahaq zəhmət çəkib özünüzü incidirsiniz, atam doxsan yaşında fağırın biri idi. Öz əcəldə Allahın rəhmətinə getdi, sizə nə olub saçlarınızı yolursunuz?”Ele ağzımı açdım deyim, hər yandan: “Sus, təzə müsəlman! Sus, mürtəd!”
ZiyarətSen deyirsən “mənim qulağım var, hər şeyi eşidirəm”. Hə, sen hər şeyi eşidirsən? Eylədə de görüm, eşidibsənmi menim nəvəm Gullünün əhvalatını? Heç eşitməyibsən? Eylədə necə də deyirsən ki, “mənim qulağım var”.Bir gün oturmuşdum. Nəvəm Güllü ağlaya-ağlaya gəldi yanıma ki, “ay nənə, atam məni istəyir versin bir lotu, piyan adama. Amma men getmək istəmirəm”. Haman saat çarşabı başıma alıb qaçdım yeznəmgile ve başladım nəsihətə ki, “ay Allahın bəlasına gəlmiş, yazıq gül kimi qızı necə heyfin gəlmir ki, istəmədiyi bir adama zornan verirsən…”
Стихи других поэтов
Hicran sənətkarı, qəm xiridarı,Qəddar olan, biilqara de gəlsin.
BilmədimBəndəni əfv eyləyə millət gərək,Məbədə-meyxanə dedim, bilmədim,
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.