Şair könlüm, nə var yenə köyrəlibsən uşaq kimi,alışırsan öz-özünə haqdan yanan çıraq kimi.Yelmi qalxdı, göymü uçdu, sındın belə budaq kimi?Dünya mənə zindan oldu qaranlıq bir otaq kimi.Cavid dedim – abır-həya dustağını xatırladım,gözü bağlı bir millətin göz dağını xatırladım.Yada saldım papağını, eynəyini, əsasını,gör namərdlər kimdən aldı bu torpağın qisasını.

Fikir məni öz yerimdən qoparırdı,mən sərnişin, Zaman nəhəng bir sərnişin qatarıydı.İllər dəmir dirəklər tək düzülmüşdü yollar boyu,axan kimdi, batan kimdi? – axtarırdım sular boyu.Gördüm qara vaqonlarda Cavid gedir,öz qəbrinə doğru belə şəhid gedir.“Yerə enməm də, səma şairiyəm!” –deyən enib yerdə gedir.Gizlədilir o, bəşərdən, üzündə bir pərdə gedir.Bir saldata tapşırılıb Şekspirə bərabərim,Şərqdə Pirə bərabərim,“Peyğəmbər”i qoyub gedir peyğəmbərə bərabərim.Haqq-ədalət istəyirdi, indi susub o lal gedir,dilindən dür tökülürdü, dilində min sual gedir.Danışmağa hüququ yox, bir haqqı yox,qələmi yox, eynəyi yox, varağı yox,düşüb üstə yeriməyə torpağı yox!Azərbaycan! şair oğlun yatıp gedir,ürəyində yazılmamış neçə cilid kitab gedir.Ortada haqq-hesab gedir.

Vətənində yer bölüşür hakimiyyət adamları,seçirdilər niyyəti bəd adamları, –kişiləri, qadınlarıbir az avam olanları, bir az nadan olanları.Cavid nahaq avam deyil, nadan deyil,ipək sapdan toxunsa da təbiəti,ipə-sapa yatan deyil.“Millət” deyən tutulurdu millətinə düşman kimi,rus dilində təhsil alan hörmət-izzət sahibiydi,vətənpərvər sayılırdı, yəni izzət sahibiydi.

Orda Bığdı, burda Eynək... “sui-qəsddən” qoruyurlar,əsən yeldən qalxan tozdan, gələn səsdən qoruyurlar.Yerdə xalqdan, göydə haqdan, uçan quşdan qoruyurlar,qurduqları quruluşdan qoruyurlar,bir az Cavid Əfəndidən qoruyurlar,buna məhbəs qoruyurlar, ona vətən qoruyurlar.

Bax, beləcə söndü yurdun ocaqları,yəqin cəllad, ya cəlladın uşaqlarıyenə yaxşı vəzifədə xumarlanır, mehribandı,açılmayır DTK-nın qapıları nə zamandı.Sibir qarlı, Sibir uzaq, Sibir soyuq,xariciylə dil tapırlar, millətə dil verənlə yox.

Teatrda Cavid idi, yenə Cavid baş qəhrəman,teatrda onu görmək: onu sevən, onu duyanƏmirlərin, Xumarların, Knyazların¹ arzusuydu,səhnədə yox, səhnəardı söhbətlərin mövzusuydu.

¹ Dramaturqun ədəbi personajları

Bir az asta deyirdilər,toyda-yasda deyirdilər.Cavid dəvət olunmurdu məclislərə, səfərlərə,ya ədəbi axşamlara, ya ədəbi səhərlərə.Ona qarşı qoyurdular filan-filan nəsilləri,sərçə ilə qartal kimi, ya şam ilə tonqal kimigörünürdü bəziləri.Qarğa kəklik yerişini yeriyirdi,Cavid baxıb əriyirdi.Lakin məxfi siyahıda unudulmur, hallanırdı,sözdən-sözə yamaq salan pinəçilərgedib meşin qapılarda yallanırdı.

Azərbaycan Cavidindi, başqaları sahib çıxır,Moskvanın Bakıdakı iqtidarı sahib çıxır.Soyadı “ov”, soyadı “yan” sahib çıxır,Azərbaycan tarixinə böhtan atan sahib çıxır.İstedadın faciəsi nə yamandı,istedadsız kürsülərdə, meydanlarda qəhrəmandı,asır-kəsir, tutur-yıxır,o da gəlib Azərbaycan, burda sənə sahib çıxır.

Turan adlı bir ölkəydi istədiyi,Turan adlı bircə qızı qaldı onun.Yad əllərdə əlyazması qaldı onun,“qırxı”, “ili” tutulmadı, evdə yası qaldı onun.

Corabından tanıyıblar, sümüklərin üstə qalıb,saçlarından tanıyıblar, gəmiklərin üstə qalıb.Corabını geyindirib, başına şal bağlayıblar,məzarını açan kəslər, təzədən yas saxlayıblar.İndi bildim, bu ölkədə şair olmaq qorxuludur,Peyğəmbəri daşa basır, sənətkara divan tutur.Sonra qəbri ziyarətgah!Bunca sevgi, bunca zülüm?!. necə rəva gördün Allah?!Danış Həmid! o tabutda sizə sümük göstərənlər:sizdən necə sonra üzr istədilər?

Bir dahinin taleyinə necə qıydı Zaman belə?nə divanlar tutdu getdi, çarxı dönmüş dövran belə?!Bir İNSANIN gözlərindən yuxu qaçdı onda belə,o sirr açdı, düyün açdı, o göz açdı onda belə,ünvansıza o əbədi bir ünvanı aldı belə,“məhbusa” bir təzə Fəxri xiyabanı aldı belə.

– Mən razıyam, ruhum razı, tanrım razı, –mən Cavidəm, Heydər, oğlum, sən Cavidin etirazı.Sağ ol oğlum, yad torpaqda çürümədi sümüklərim,bu da mənim son tamaşam, mənsiz keçən son əsərim.Müəllifi sənsən oğlum, baş qəhrəman burda mənəm,vətənindən ilk didərgin, ilk qovulan burda mənəm.

Mən Məhəmməd hümmətiykən gedib düşdüm uzaq yerə,mən çarmıxa çəkilmişəm İsa kimi nahaq yerə.İncimişəm yer üzündən, yer altda da yoxdu yerim,nə bunlara bənzərim var, nə onlara bir bənzərim.Öz yurduma qayıdıram mən dünyanın o başından,ata-ana beşiyimə, behişt olsun atan-anan.Açıb Sibir çöllərinin faciələr qovluğunu,oğlum, necə cilovladın ürəyinin alovunu?fırtınalar qucağında, necə dözdün dəryada sən?mən dövranla üz-üzəydim, sən əsrinlə üz-üzəsən.

Dörd əl qazdı iki dustaq, qoydular məzara səni,yeddi milyon əl çıxartdı o məzardan sonra səni.Öz çiyinini verdi ustad, yeddi milyon dayaq kimi,mən bir tabut görməmişdim, qaldırsınlar bayraq kimi.Mən yas yeri görməmişdim, dönüb olsun el bayramı,təbrik etsin bir-birini qəbristanda gedib hamı.

Turan bacım, millət bacım! məğrur yeri torpaq üstə,keçdim Cavid küçəsindən, gedib çıxdım Ocaq üstə.Atabəylər diyarında gördüm Cavid məqbərəsi,mən bilirəm, sən çəkdiyin acıların yox əvəzi.Gözəlliyin, zərifliyin, məhəbbətin,

yetim qaldı sənə qurban, onda sənin.İlk məhəbbət məktubunun əvəzinə,izahatmı yazdırdılar kor olmuşlar onda sənə?!Ürəkləri soyumadı, minnətdarlıq istədilər,kölgə kimi izlədilər.Professor heyətinin “düşməniydi” sənin atan,adına da qısqanırdı bəziləri; niyə Turan?!O gedəndə səni gözdən salan “ərlər”,tabutunu gətirəndə “gözün aydın” – deyirdilər.

Bu millətin hər üzünü görən bacım,bu millətin Turan qızı, Turan bacım.Biz köçürük bu dünyadan, məbəd qalır,Cavid qalır, Əcəminin yaratdığı sənət qalır.Bu sənətə hörmət qalır,bu hörməti unutmayan millət qalır.

Sentyabr 1995

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине