Dördüncü məclis
Страница 3 из 4 · 50%
ONUNCU GƏLİŞ
N a d i r ş a h (üzünü Cəfər xapa). Necə oldu?
C ə f ə r x a n. Qibleyi-aləm! Buradan çıxandan sonra vəliəhd bizə dedi ki, mən özüm gərək o bədbəxti axtaram tapam, başına bir neçə adam cəm edib şəhərdən kənara çıxdı.
N a d i r ş a h. Hə ... Hə.... Tamah güc gətiribdir! (Acıqlı ayağa durur.) Daşı-daş üstə qoymaram, boynunuzu bir dəqiqədə vurduraram, İranı alt-üstünə döndərərəm.... Bu saat oğlumu qolubağlı bura gətirməsəniz. Durmayın!
(Məhəmməd xan, Cəfər xan, Rza xan tez çıxırlar.)
N a d i r ş a h (başını əli ilə tutub əyləşir və sonra Mirzəyə). Mirzə! Görürsən, düşmənim mənimlə bir evdə olur. Mənim sayəmdə dolanır, mən düşmənimi iraqda gəzirəm.
M i r z ə M e h d i x a n. Qibleyi-aləm! İnanmayınız bu sözlərə, İranı bədbəxt etməyiniz. Hamı hiylə bu xanlardadır ki, vüzəra hesab olunurlar. Bunlar çox biinsaf xəlqdir. İnanmayınız, qibleyi-aləm! Vəliəhddən belə şeylər sadir olmaz....
N a d i r ş a h. Xeyr, daha şübhə yeri qalmadı. Onun gərək bu gün iki gözləri də çıxa və cəmi İran da rahat ola.
M i r z ə M e h d i x a n. Qibleyi-aləm! İşi yəqin etməmiş vəliəhdi bədbəxt etməyiniz.
N a d i r ş a h. İş mənə çoxdan yəqin olubdur, Mirzə! Əbəs yerə təvəqqe etmə! (Hirsli.) Gərək bu gün onun gözləri dünyanın işığına həsrət qala. Bu gündən mənim Rzaqulu adlı oğlum yoxdur, bu gündən İranın vəliəhdi yoxdur.... (Başını əli ilə tutub fikrə gedir. Dişqarıda qilü-qal səsi gəlir, Rzaqulu xanı qolları bağlı gətirirlər.)
ON BİRİNCİ GƏLİŞ
Rza xan, Məhəmməd xan, Cəfər xan, Rzaqulu xan.
N a d i r ş a h (başını qaldırıb Rzaqulu xana). Bədbəxt oğlum, tamahkar oğlum, atandan artıqmı dövlətə, millətə qulluq edəcəkdin ki, bu fikirlərə düşdün? (Hirsli). Aparın bu saat bunun iki gözlərini də çıxardın. (Göstərir). Bu gözlər gərək onun üzünü görməyə, o gözlər dəxi bu dünyanın işığını! (Hirsli.) Aparın!
R z a q u l u x a n. Şah baba! Mənim gözlərimin qiyməti heç, amma İranı gözsüz qoyursan.... Aparın məni! Padşahın buyuruğuna əməl ediniz. İşin həqiqəti sonra məlum olar. (Üzünü xanlara.) İranın evi o vaxt yıxıldı ki, sizin kimi şəxsləri ümərayi-dövlət təyin etdilər. Aparın! (Çıxır və dalınca xanlar.)
N a d i r ş a h (səndəlin üstə yıxılıb başını əli ilə tutur). Pərvərdigara! Nə halətdir!.... (Ürəyini əli ilə tutu r.)Of ... ürəyim döyünür.
M i r z ə M e h d i x a n (yıxılır Nadir şahın ayaqlarına). Qibleyi-aləm! Neçə ildir qulluq edirəm. Bu vaxtadək bir təvəqqem olmuyubdur ki, qəbul etməyəsiniz. Axırıncı təvəqqemdir, vəliəhdi bədbəxt etməyiniz.
N a d i r ş a h (hirsli). İtil gözümdən, sən də onunla dilbir olubsan? (Mirzə Mehdi xan yavaş durur gedir.)
ON İKİNCİ GƏLİŞ
G ü l c a h a n (tez gəlib Nadir şahın ayağına döşənir. Ağlaya-ağlaya). Qibleyi-aləm! Səni and verirəm o şeyə ki canını onun yolunda çürüdübsən, yazığın gəlsin mənim balama, məni axirətədək gözü yaşlı qoyma, Nadir! (Ağlayır.) 20 il ondan ötərimi bəsləmişdim? (Ağlayır. Nadir şah başını əli ilə tutur.) Nadir, evimi yıxma. Buyur mənim gözlərimi çıxartsınlar, balamda təqsir yoxdur. (Ayağını qucaqlayıb ağlayır.)
N a d i r ş a h. Olmaz. Belə gərək olsun, dövlətə xəyanət edən gərəkdir cəzasına çatsın....
G ü l c a h a n (yalvarır). Nadir! Buyur iki saat kgzləsinlər, taki o çıxan gözləri doyunca öpüm. Allahı sevirsən, mənim göz yaşıma rəhm et! (Ağlayır). Sən İranın adil bir padşahı, mən İranın bədbəxt analarından biri, iş təhqiq olunmağını
tələb edirəm.... Buna da ixtiyarım yoxmu?
N a d i r ş a h (bar az baxıb bərkdən). Dur get! (Qolundan tutub yıxır.)
G ü l c a h a n (bərkdən). Ay!.... (Qəşş edib yıxılır.)
PƏRDƏ
BEŞİNCİ MƏCLİSİN MABƏDİ
ƏVVƏLİNCİ GƏLİŞ
Rəxtxab.
M i r z ə M e h d i x a n. Pərvərdigara! Nə yaman və dəhşətli vaqiədir! Bundan sonra İran dəxi düzəlməz. Şah bu gün-sabah ağlını itirər, dövlət düşəcəkdir biqeyrət xanların əllərinə.... Kim bilir, nə olacaqdır. Biçarə Rzaqulu xanı zalım uşağı nahaq yerə bədbəxt etdilər. Dünən şah çağırıb mənə deyir: Mirzə, bir səhvdir etmişəm. Cəmi dünya qana batsa, o səhvi düzəltmək olmaz, iş aşkar olubdur. Rzaqulu xanın bu işlərdən bilmərrə xəbəri yox imiş. Bu fəsadlar tamam xanlardan üz veribdir....
İKİNCİ GƏLİŞ
N a d i r ş a h (əlində ağac, beli bükülmüş, yavaş-yavaş gəlir.) Mirzə! Necə ki, dünən eşitdin elədir, nainsaf uşağı mənim balamı nahaq yerə gözsüz qoydular. (Ağlayır.) Mən evi yıxılmış, mən, ağlını itirmiş binamusların sözlərinə qulaq asıb,
onlara inanıb həqiqət, İranı gözsüz qoydum. (Ağlayır.)
M i r z ə M e h d i x a n. Qibleyi-aləm! Səbir etmək lazımdır, təqsirkar öz cəzasına çatar.
N a d i r ş a h. İş-işdən keçibdir, dünya başıma təng olubdur. (Başını tutur.)
M i r z ə M e h d i x a n. Qibleyi-aləm! Bu fəsadları törədən bəs məlum deyilmi?
N a d i r ş a h. Birdirmi? İkidirmi? Düz əlli nəfər sözlərini bir ediblər ki, məndən sonra İranın taxtı Rzaquluya təslim olmasın.... Bəli, məqsudlarına çatdılar.
M i r z ə M e h d i x a n. Adları məlumdurmu, qibleyi-aləm?
N a d i r ş a h. Əlbəttə, məlumdur. Bu gün cəzalarına çatarlar. Əlli nəfərin də başları gərəkdir kəsilsin. (Taxta əyləşir. Başını tutub Mirzə Mehdi xana yavaşdan.) Get, mən bir az rahat olum.... (Uzanıb.) Yox, rahat ola bilmirəm. (Ürəyini tutur.)
Of!.... Nə halətdir, pərvərdigara! Gözlərim torlanır. (Birdən qorxub durur, guya gözünə adam görükür.) Kimsən? Hə? Qatildir! (Geri çəkilir.) Məni.... Məni öldürmək istəyir, hə? Yox... yox.... (başını tutur.) Pərvərdigara! Ölüm mənə vacibdir. (Dizi üstə durur.) Ancaq istəyirəm göz yaşım ilə günahlarımın minindən birini təmizləyim. Mən gərək ağlayam, qanlı yaşlar tökəm, oğlum təki kor olam, ondan sonra əmr özünündür. Mənim naləmdən yer-göy gərəkdir mələyə, ondan sonra ixtiyar sənindir. Mən gərək yaman-yaman dərdlərə mübtəla olam.... (Ağlayır.) Ağla, gözlərim, ağla! Dünyanın işığına oğlum kimi gərəkdir həsrət qalam. (Başını iki əli ilə tutub aşağı baxır, ağlayır.)
ÜÇÜNCÜ GƏLİŞ
G ü l c a h a n (əli qoynunda, qara paltarda yavaş-yavaş gəlir). Nadir? Nə səbəbə belə edirsən? (Nadir şah səs vermir, Gülcahan yavuğa gedir.) Nadir! Nə olubdur? (Nadir durur.)
N a d i r ş a h. Heç. (Başı aşağı.) Gülcahan, doğrusu, üzünə baxa bilmirəm, təqsirim çoxdur. Əlindən nahaq yerə balanı almışam. (Əlindən tutur.) Bağışla məni, bağışla! Səni and verirəm oğlumun tökülən gözlərinə. (Qucaqlaşıb ağlayırlar.)
G ü l c a h a n. Ah, Nadir, Nadir! Ana olsaydın bilərdin mən nə çəkirəm. Nə etmək, hərdən baxanda ürəyim od tutub yanır.... Qiyamətədək yanacağam.... (Ağlayır. Dişqarıda səs gəlir. Nadir şah qapıya tərəf gedir.)
N a d i r ş a h. Nə var? (Qapıdan çıxır.) Yaxşı, bir az səbir etsinlər. (Gülcahana.) Rzaqulunun yoldaşlarıdır. Gəliblər görməyə, gedək o biri otağa, oğlum bura gələndə mən onu görməyim.
G ü l c a h a n. Nadir! Bədbəxti özünə həsrət qoyma. Neçə dəfə deyibdir məni apar şah babamın yanına.
N a d i r ş a h. Yox, yox! Gülcahan, gətirmə, göstərmə! Yəqin bil ki, onu görsəm ağlım başımdan çıxar. Hərdənbir yuxumda görəndə dəli oluram.... İnsaf məni incidir. Ürəyim od tutub yanır.
G ü l c a h a n. Bəs nə edim? Nə çarə qılım?! Hər gün yalvarır: məni şah babamın yanına apar, bəlkə bu gün-sabah öldüm, mənə xeyir-dua versin. (Ağlayır.)
N a d i r ş a h. Xeyir-dua! Ah biçarə! Binəva! (Ürəyini tutur.) Of, yenə bir şey sancdı. (Fikrə gedir.) Yaxşı, razı oldum, ancaq mən yuxuda ikən gətir, bəlkə bir az sakit ola. İndi get, yoldaşları gözləyirlər. (Gedirlər.)
F ə r r a ş (qapıdan). Buyurunuz!
Kitabxana.az · https://kitabxana.az/ru/works/nerimanov-nadir-sah-dorduncu-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
ƏFRADİ-ƏHLİ-MƏCLİSY u s i f-- mədəniyyətli, qulluq edən cavan oğlan, Avropa libasında.
Birinci məclisƏVVƏLİNCİ GƏLİŞYusif otağında əyləşib kağız oxuyur. Ev, şəhər evi. Bir neçə kürsü və bir küncdə miz üstündə kitablar və kağızlar.
İkinci məclisƏVVƏLİNCİ GƏLİŞHacı İbrahimin evi. Dövlətli, Avropa qaydasında. Xədicə tək.
Üçüncü məclisƏVVƏLİNCİ GƏLİŞYusifin otağı. Şamdan bəy.
Стихи других поэтов
Nə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
Nəfəs: İlahi, neyləsin, nətsinİlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,