Страница 1 из 3

ƏVVƏLİNCİ GƏLİŞ

Hacı İbrahimin evi. Dövlətli, Avropa qaydasında. Xədicə tək.

X ə d i c ə. Pərvərdigara! Nə vaxtadək mən qanlı yaşlar tökəcəyəm! (Üzünü yuxarı tutur.) Nə vaxt mənim ürəyimin yarası sağalacaqdır? Ya rəbb! Görəsən məhəbbətdən qüvvətli şey olarmı? Qaranlıq gecələri aydın göstərən, insanı ay və ulduz ilə danışdıran məhəbbət deyilmi? Ya rəbb! Mən bədbəxt bir şəxsin oduna yanım, rəvadırmı ki, axırda muradıma çatmayım?.... (Birdən əli ilə başını tutur və bərkdən.) Uf!.... Nə yaman fikirdi mənim başıma gəldi! (Gah gəzinir, gah dayanıb durur.) Bəyəm məhəbbət ondan ötəridir ki, illərlə bəslədiyin gözəl fikirlər axırda bir dəqiqənin ərzində puç ola? Xeyr, ruzigarı mən o qədər bivəfa bilmirəm. Əlbəttə, hərgah məhəbbət ancaq mənim tərəfimdən olsaydı, mümkün olardı ki, bu iş başa gəlməyə. Amma mənim yəqinimdir ki, Yusifin mənə məhəbbəti mənimkindən az deyil. Biçarə Yusif mənim ucumdan nələr çəkibdir. (Fikrə gedir.) Görüm, ya rəbb, nə vaxt yarımla görüşəcəyəm?! (Fikrə gedir.) Yusiflə görüşməyi hərdəm yada salıb ruhum təzələnir.... (Fikrə gedir.) Ah, bu qədər səbir etmək olmaz. Yaxşısı budur Nazlını çağırım, gedib Yusifə desin ki, mən onunla görüşmək istəyirəm. O vaxt açıb ürəyimin dərdini ona deyərəm. Yusif insafa gəlib işi təxirə salmaz. (Gedib Nazlını dişqarıdan səsləyir.) Nazlı! Ay Nazlı! (Nazlı daxil olur.)

İKİNCİ GƏLİŞ

X ə d i c ə (Nazlının əlindən tutub). Nazlı! Mənim dərdim günü-gündən artır və özün də bilirsən ki, səbəbi nədir. Səni özümə başdan yavuq adam bilib hamı gizlin olan fikirlərimi sənə demişəm. İndi özün bil. Bundan artıq dəxi dayana bilmirəm. (Ağlayır.)
N a z l ı. Nə var, xanım Xədicə! Nə olubdu? (Xədicə ağlayır, Nazlı yavuq gedib qolundan tutur.) De görüm, axı nə olubdu? Göz yaşını nə üçün tökürsən?
Xəd i c ə. Of.... Sən allah yaramı təzələmə, tabım yoxdur. təzədən açıb sənə ürəyimin dərdini deyim.... Ancaq.... (İstəyir danışsın, ağlamaq tutub qoymur.) Ancaq.... Səndən təvəqqe edirəm ki, bu gün necə olsa, Yusifə deyəsən mənim yanıma gəlsin. Belə vaxt heç ələ düşməz. Atam-anam dayımgilə gediblər, özləri də gec gələcəklər. Yusifə deyərsən ki, səninlə gəlsin. Elə ki, Yusif darvazadan içəri daxil oldu, darvazanın qapısını bağlarsan, ta gələn olsa xəbər etsin. Onda Yusifi dal qapıdanyola salarıq.
N a z l ı. Xanım! Çox yaxşı, amma qorxuram bu iş axırda açıla. Sonra Yusif üçün də, sənin üçün də xarabçılıq olar.
X ə d i c ə. Görünür ki, hələ uşaqsan. Məhəbbət meyvəsini dadmayıbsan. Hərgah dadsaydın, bu sözü deməzdin. Sən elə bilirsən bizim məhəbbətimizi heç kəs bilmir? İnandırıram ki, bu işdən hamı xəbərdardır.
N a z l ı. Doğrudur, bir neçə adam bilir və Yusiflə sən əvvəlinci dəfə görüşmürsən. İki-üç dəfə olubdu. Amma genə yaxşıdır ki, bir neçə vaxt hələ gizlin tutasınız.
X ə d i c ə (tərəfə). Pərvərdigara! Məhəbbət hissiyyatı olmayan adam ilə nə müşküldür danışmaq? (Gedib Nazlının əlindən tutur.) Nazlı! İnsan hər şeyi pünhan tutsa, məhəbbəti pünhan tuta bilməz. Allahı istərsən, mənim dərdimə əlac et....
N a z l ı (tərəfə). Gələsən atası anası ilə danışdığı söhbəti açıb deyim.... (Fikrə gedir.)
X ə d i c ə (əlindən tutur). Niyə fikrə getdin? Yoxsa bir şey bilirsən? Hə? De.... De, görüm.
N a z l ı. Doğrusu.... Yusifin tərəfindən bir şey eşitməmişəm. Amma yaxşı olardı ki, bu fikirləri yavaş-yavaş başından çıxardasan. Çünki necə ki, mən görürəm bunun axırı puç olacaqdır....
X ə d i c ə (təəccüblə). A.... Görükür, səndə xəbər çoxdur. İndi de görüm, nə var? Yoxsa, and olsun bu məhəbbətimə özümü burada həlak edərəm. (Şey gəzir.)
N a z l ı (onu tutur). Sakit ol, bu saat hamısını sənə birbəbir deyim: dünən axşam çay vaxtı atan və anan bağçada oturub sənin sözünü danışırdılar. Mən də ağacın altında oturub çay hazır eləyirdim. Sözlərindən görükür ki, səni Yusifə verməyəcəklər.
X ə d i c ə (təəccüblə). Məni?.... Yusifə?
N a z l ı. Bəli.
X ə d i c ə (tərəfə). Pərvərdigara! Nə acı sözlərdir mən eşidirəm. (Nazlıya tərəf.) Səbəbini bilmədinmi?
N a z l ı. Səbəbi odur ki, necə ki, atan deyirdi Yusif kasıbdır....
X ə d i c ə. Sən bunu yəqin eşidib deyirsən?
N a z l ı. Lap bu qulaqlarımnan. (Qulaqlarını göstərir.)
X ə d i c ə. Uf! Fələk!.... (Əyləşib üzünü əlləri ilə tutur və bir az fikirdən sonra.) İndi ki, belədir, get bu saat Yusifi çağır gəlsin, heç olmasa axırıncı dəfə onun üzünü görüm və dərdimi ona bəyan edim. Ta bir az ürəyimin odu sönsün.
N a z l ı. Buyurursan, gedərəm. (Nazlı dişqarı çıxır.)
X ə d i c ə (tək, üzünü xalqa). Pərvərdigara! Dünyanın işinə bax, insanı heyvan dərəcəsində tuturlar. Məni Yusifə vermək istəmirlər. Ondan ötrü ki, onun pulu yoxdur.... (Fikrə gedir.) Uf! (Ürəyini əli ilə tutur.) Ruzigara bax.... İstəyirlər məhəbbəti pulla puç edələr. Görükür, ata və ana qızı verəndə onun gələcək xoşbəxtliyini dövlətdə görürlər. Dəxi bunu bilmirlər ki, məhəbbət etdiyi işləri heç dövlət etməz.... (Saçını əli ilə tutub bərkdən.) Uf! Bu bəlalı başıma necə fikirlər gəlir. (Fikrə gedir.) Yox, jox ... bundan sonra mən dəxi yaşamaram ... And olsun Yusifin canına, hərgah bu iş başa gəlməsə, özümü həlak edəcəyəm.... (Fikrə gedir.) Xeyr, ruzigarı mən o qədər bivəfa bilmirəm ki, Yusiflə məni ayrı sala. Bir az səbir edim.... İndi yəqin ki, gələr. (Səs gəlir.) Gərək ki, gələn odur. (Baxır, Yusifi görüb başını aşağı salır.)

ÜÇÜNCÜ GƏLİŞ

Yusif və Xədicə.

Y u s i f (təəccüblə). Xədicə! (Yavuq gedib qucaqlayır. Xədicə başını aşağı salıb cavab vermir.) Xədicə! Niyə danışmırsan? Nə olub sənə? Desən görüm. (Xədicə cavab vermir.) Xədicə! Sən mənim canım, de görüm nə üz veribdir? Bəsdir, məni az
incit. (Xədicə ağlayır.) Bircə de görüm, nə üçün ağlayırsan?
X ə d i c ə. Necə ağlamayım ki, illərlə bəslədiyim məhəbbəti ruzigar puç etmək istəyir.... (Ağlayır.)
Y u s i f. Necə? (Qucaqlayır.) Necə? .... Bir də de görüm!
X ə d i c ə. Yusif! Səni and verirəm bizim məhəbbətə, qoy bir az sənin qucağında, nəfəs alım. Bəlkə bu axır görüşümüz oldu.
Y u s i f (birdən ayağa durur). Xədicə! Sən nə söyləyirsən? Fikrin özündədirmi? Necə ki, axır nəfəsdir, ha? De görüm, yoxsa and olsun sənin bu zülflərinə, özümü bu saat həlak edərəm. (Əlini cibinə uzadır.)
X ə d i c ə (Yusifi bərkdən tutub). Ay, bircə səbir et.
Y u s i f (qucaqlayır). De görüm, bu nə sözlərdir, sən deyirsən?
X ə d i c ə. Bircə de görüm, məni nə vaxt xoşbəxt edəcəksən?
Y u s i f. Nazlı Xədicə, sənin xoşbəxt olmağın qalıb ata və anana. Onlar da deyirlər ki, guya sən hələ toya hazır deyilsən.
X ə d i c ə. Bəli, hərgah atam-anama qaldısa, ikimiz də bədbəxt olmuşuq.
Y u s i f. Nə üçün?
X ə d i c ə. Görükür, onlar indi fikirlərini dəyişiblər. Məni sənə vermək istəmirlər. Bu xəbəri mən bu gün eşidib sənə adam göndərdim ki, hamı əhvalatı sənə deyim, ta başımıza bir çarə qılaq.
Y u s i f. Axı, səbəbi nədir ki?
X ə d i c ə. Səbəbi odur ki, guya dövlətin yoxdur və guya məni dövlətli istəyir.
Y u s i f. Xədicə! Bunlar ara sözüdür, belə sözlərə inanma. (İrəli gəlib Xədicəni qucaqlayır və Xədicə Yusifə qəmgin baxır.)
X ə d i c ə. Of! Yusif! Gərək ki, sənin üzünə axır baxışımdır. (Üzünü tutub ağlayır.)
Y u s i f (Xədicəni qucaqlayıb). Xədicə! Sən onu yəqin bil ki, sən mənimsən, mən sənin. Və ondan savayı niyə bir fikir etmirsən ki, hərgah sənin özgəyə meylin olmasa, kimin hünəridir səni verə, zira ki, şəriətə müxalif işdir.
X ə d i c ə. Hərgah şəriətlə iş görsələr, mənim qorxum yoxdur. Amma nə fayda ki.... (Ağlayır.)
Y u s i f (tərəfə). Bunu Xədicə doğru deyir. Pərvərdigara! Gör pul insanın gözlərini necə tutur ki, şəriət də unudulur və o məhəbbət ki, gələcəkdə iki nocavan onunla xoşbəxt olacaqlar, nahaq yerə puç edilir.... (Fikrə gedir və bərkdən). Uf! Uf! Xədicə (gedib Yusifin əlindən tutur). Yusif! Biz burada çox qala bilmərik; çünki indi anam gələr. Ancaq bir söz xəbər alacağam.
Y u s i f. De görüm!
X ə d i c ə. Səni and verirəm mənim sənə olan məhəbbətimə, doğrusunu de görüm, hərgah ruzigar belə bivəfa oldu ki, bizi bir-birimizlə ayırdı, onda tədbirin nədir?
Y u s i f. Uf!.... Sənin sözlərin mənim ürəyimi dağlıyır. And olsun (ayağa durur, bərkdən) bizim məhəbbətə! And olsun bu yolda tökülən göz yaşlarıma! And olsun bu zülflərə (əli ilə göstərir) ki, məni kəmənd edibdir! Hərgah məqsuduma çatmasam, özümü bir dəqiqədə həlak edərəm....
X ə d i c ə (əlini ürəyinə qoyub). Dəxi bir az sakit oldum. (Tərəfə.) Mən bundan elə bu sözləri gözləyirdim. (Yusifə.) Dəxi mənim üçün bu sözlər kifayət edər. (Dişqarıda səs gəlir.)
Y u s i f (tələsmiş). Mən dəxi gedim, gəlib bizi burada görərlər, yaxşı olmaz.
X ə d i c ə. Gedə bilərsən....
Y u s i f (Xədicənin əlini öpüb). Salamat qal! (Dişqarı çıxır.)
X ə d i c ə. Xoş gəldin! (Xədicə, tək.) Məhəbbət, həqiqət yaxşı şeydir! Mən Yusiflə asanlıqla ayrıldım. Çünki istəmədim onun ruhuna zəhmət verim. Hərçənd o gedəndə ağlamaq istədim, amma xeyr, mən ağlasaydım Yusifin ürəyi xarab olardı, mən dəxi ona tab gətirə bilməzdim.... Eybi yoxdur, səbir edərəm. Aşkar ağlamayıb, pünhan ağlaram. (Əyləşib üzunü tutur. Anası içəri daxil olur və Xədicəni bu halda, görüb onun yanına gedir.)

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Bir kəndin sərgüzəşti

Keçənlərdə Qafqaz kəndlərindən birində bir neçə vaxt günlər keçirtdim. Bu kənd böyük, zəngin bir kənd idi. Hər kim bu kəndə təzə gəlmiş olsaydı, iki məhəllənin bir-birindən seçilməyini görərdi: məhəllənin biri dağ başında, küçələri toz, torpaq, dar, palçıq evləri bir-birinin içində; ikinci məhəlləyə gəlincə, küçələri enli, təmiz və evləri səliqə ilə tikilmişdi. Məhəllənin biri N. ikincisi isə İ. adı ilə məşhur idi.Ata-babadan bu məhəllələrə belə bir ad qoyulmuşdu.

191515 мин
İdil kənarında

(Bir romanın başı)Nə gözəldir İdil çayı!

19133 мин
Pir

İyun ayının ortası idi. Günlər çox isti keçirdi.... Məşədi Allahverən sabah namazına durub arvadını tələsik durquzdu:"Ay qız Gülbadam! Gülbadam! Tez ol dur, uşağı da durquz, vaxt keçir hava sərin ikən yola düşək."

19171 ч
Nəriman Nərimanovun oğlu Nəcəfə bitməmiş məktubu

Moskva, 28 yanvar 1925-ci il."1895-ci il yanvarın 15-də Bakıda Tağıyev teatrında ilk dəfə mənim “Nadanlıq” pyesim tamaşaya qoyuldu. Həmin günü mən ədəbi işimin başlanğıcı hesab edirəm. Bu gün 1925-ci il yanvarın 28-də həmin hadisədən 30 il keçir. Dostlarımdan bəziləri bunu bilib həmin günü qeyd etmək istədilər. Onlardan teleqramlar alınmışdır... Əlbəttə, əgər ciddi düşünsən, demək olar ki, mən heç bir şey etməmişəm. 30 il! Bu müddət ərzində bəzi şeylər etmək olardı. Həmin müddəti mənim bu illərdə yazdıqlarımla müqayisə etdikdə utanmalı olursan... Digər tərəfdən isə həmin vaxtı təsəvvür etdikdə, bütün şəraiti, həyatımın keçdiyi dolanbac yolları nəzərə aldıqda, bir şeydə təskinlik tapırsan ki, az da olsa bir iş görülüb. Məni əhatə edən mühit, bu mühitin geriliyi, irəliyə hərəkətindəki ətalət, ətrafımızdakı həyat təzahürlərinə soyuq münasibət, millətlər arasında gedən mənasız çəkişmələr, buradan da doğan iztirablar: qan, göz yaşları, yoxsulluq, yalan və bir sıra başqa şeylər, bunlar mənə rahatlıq verməyib, mənim yazdıqlarım bütün bunları göstərir. Bəlkə də bu, çox sönük, bədiilikdən uzaq, bacarıqsızlıqla təsvir olunub, mənim öz qüvvə və məkanlarım daxilində yazılarım göstərir ki, mən bir çoxları kimi ətraf mühitə laqeyd qala bilməzdim, mənim qəlbim sakit deyildi, mən istəyirdim və cəhd edirdim ki, bəşəriyyətə heç olmazsa bir xeyir verim. Bu və yalnız bu, mənə bir qədər təskinlik verir ki, 30 il ərzində ictimai sahədə işləmişəm. Əgər öz işimlə heç olmazsa on nəfəri həmin “xəstəliyə” yoluxdurmağa nail olmuşamsa, deməli, mən, mənim şüurum o mənada sakit olar ki, mən hədər yerə yaşamamış, bu geniş, lakin darısqal dünyada bir guşə tuta bilmişəm...

19256 мин

Стихи других поэтов