Pir
Страница 3 из 9 · 22%
Nə isə, inanan inanmışdı, inanmayan istəyirdi inansın və bir neçəsi də öz-özlərinə deyirdilər: hər adamın nəziri qəbula keçməz ki? Əməli saleh adamın nəziri qəbul olunar, saleh olmayanınkı olmaz. Əməli saleh də bu ölkədə Məşədi Allahverən kimisinə deyərdilər.
Zatən bu mahalın kişiləri, arvadları bir-birinə oxşardılar: surətdə yox, ruh cəhətincə bunlar bir-birindən uzaq getməmişdilər. Bunlar oruclarını çox bərk-bərk tutardılar, belə bərk tutardılar ki, toz olan yerdən keçmirdilər, dodaqlarını büzərdilər, burunlarını yaylıqla tıxayardılar. Ancaq ağızları açılanda belə açılardı ki, gərək qulaqlarını tutub qaça idin. O deyildi ki, hamı bir qayda ağızlarını aça idi. Xeyr, biri çox bərk açardı, o biri bir az ondan boş.... Eləsi də var idi, heç ağız-zad açmazdı, dinməz-söyləməz qardaşının yetimlərinə çatan pulları hər gecə iftara toyuqplov bişirib yeyərdi, zavallı yetimlər isə ac qarınlarını yerə sürtərdilər. Sonra namaz üstə öz allahına deyərdi: "Pərvərdigara! Özün şahidsən, buyurduğun orucu tuturam, namazımı qılıram...." Bunlar namazdan da bir-birindən uzaq getməmişdilər: intəhası biri namaz üstə çox dua edərdi, biri az: çünki birinin azehtiyacı var idi, birinin çox. Fəqət hamı bir söz deyərdi: "Yetir, pərvərdigara filan şeyi, özün şahidsən, buyurduğuna əməl edirəm". Bunların qanacaqları ilə allahın buyurduğu da nə idi: oruc, namaz, zəkat, fitrə....
Fəqət bilmirəm, allaha rüşvət verib allahdan rüşvət istəməyi bunlara pir öyrətmişdi, yoxsa pirə rüşvət vermək aldıqları tərbiyənin nəticəsi idi.... Odur, hamı rüşvətlə yola düşüb gedirlər: biri qoyun aparır, biri quzu, biri toyuq aparır, biri xoruz, biri qızıl üzük, biri gümüş güzgü, biri çit aparır, biri ipək parça, biri şam aparır, biri şamdan, kimi pul, kimi portman....
Fəqət bu nəzirlərin, bu rüşvətlərin içində məlum və naməlum nəzirlər də var. O deyil ki, hamısı aşkar getsin. Odur, ayaqları bağlı qoyun bir yanı üstə düşmüş arabanın dalına sarınıbdır. Başı da arabanın yanından sallanıb titrəyə-titrəyə araba getdiyi yolun çuxurlarını göstərir. Ayaqları bağlı toyuq-xoruz da az deyil. Bunlar hamısı aşkar nəzirlərdir. Fəqət gizlin nəzirlər, rüşvətlər də az deyil, hətta bir arabada bir külfətdən iki arvad gedir. Biri-birinin nəzirindən xəbərləri yoxdur. Odur, altmış yaşında Məşədi Pərzad xala gəlini Gülzarla bir arabada yanba-yan oturublar. Bunları Dəmirqaya göndərir ki, pirdə şam yandırsınlar, tainki gələn il bu vaxt Gülzar bir oğlan doğsun. Pərzad qarı oğlunun üstə durubdur ki, ikinci arvad alsın; çünki nəvə görməmiş ölmək istəmir.... Hər gün açıq açığına gəlininədeyir: "Anam, üç ildir oğluma gəlibsən, bir şey yoxdur. Görünür, doğan deyilsən. Qoy oğlum arvad alsın! Nə üçün bədbəxt edirsən?" Gündə bu barədə evdə dava-qalmaqaldır! İndi nəzir aparırlar, şam yandıracaqlar. Fəqət biçarə Pərzad nənənin bir də bir gizlin nəzirdən xəbəri yoxdur. Gülzar bir balaca əskiyə düyümlənmiş qızıl üzüyü döşünə atıbdır. Bunu pirə aparır ki, qoca Pərzad tez ölsün. Bəlkə Dəmirqaya da anasının sözlərinə suyulub arvad almasın....
Nə isə, bu taq-tuqla gedən arabalarda, bu çaparaq gedən faytonlarda, bu başlarında çarşab, başlarında papaq olanlarda çox sirlər var.... Bu sirr sahibləri, sirr dağarcıqları yavaş-yavaş pirə yavuqlaşırlar: fayton-faytonu keçir, araba-arabanı, atlı-atlını, piyada-piyadanı. Bir-birinə qarışıb bir yol tutub gedirlər. Faytonla gedən fikir edir: tez gedərik, yaxşı yer tutarıq. Araba ilə gedən fikir edir: eybi yoxdur, zəhməti çoxdur, savabı da çox olar. Piyada gedən özünə təsəlli verib deyir:pirəpiyada gərək gedəsən.... Nə isə hərə öz qanacağı ilə bir nöqtəyə yeriş edirlər.... Toz-torpaq, isti gözə görünmür. Hamı istəyir tez özünü pirə yetirsin. Hamı tələsir.... Kimi tez şəfa tapmağa yeriş edir, kimi bir-birinin acığına at çapır, kimi dalda qalmış eşşəyini bizləyir....
III
Hamıdan tez Məşədi Allahverənin faytonu pirə yetişdi. Məşədi Allahverən faytondan düşüb balasını qucağına aldı. Bu vaxt pirin adamları pişik siçanı marıtdayan kimi pirə gələnləri səhərdən marıtdayırdılar və nə üçün də marıtdamasınlar. Bu gün bunların bayramıdır: kiminin cibinə pul girəcək, kiminin kasası yağlanacaqdır, kiminin kisəsinə düyü dolacaqdır. Odur, Məşədi Allahverənə, istər-istəməz gözləri faytonda olan şeylərə baxaraq: "Xoş gəlibsiniz, allah qəbul eləsin" deyib qarınca kimi faytona daraşdılar.... Məşədi Allahverən bunların xasiyyətlərini yaxşı bilirdi. Ona görə şeylərin hamısını bircə adama tapşırdı, qeyrilər kənara çəkildilər.... Məşədi Allahverən və Gülbadam darvazadan girib bir ağacın altında palaz saldırtdılar. Bunlar yavaş-yavaş yerləşməkdə ikən qeyriləri də bir-bir, iki-bir gəlirdilər.
Pirin mollası qara, nazikxət, boynu albuxara torbasına oxşayan, ortaboy, qoyungöz, qara əbalı Molla Cəfərqulu hamı ilə salamlaşırdı, hamıya: "Xoş gəlibsiniz, allah qəbul eləsin!" sözlərini deyirdi və qonaqlara yer göstərirdi. Molla Cəfərqulu rəhmli adam idi. Bu, nəinki adamlara və hətta heyvanlar üçün də yer düzəltmişdi. Bağlı-bağçalı ikimərtəbə evin dal tərəfində uzun bir saray tikmişdi. Heyvanları orada bağlayıb hər kəs arpa-samanını heyvanının qabağına tökərdi. Həyətsə gözəl bir yer idi. Alt mərtəbə tamam qonaqlar üçün otaqlar idi, üst mərtəbdə özü olardı. Fəqət qonaq çox olanda yuxarı da buraxardı, çox lazım da olmurdu. Çünki həyətində böyük kölgəli ağaclar var idi.... Fəqət bir az yağlı qonaq olanda Məşədi Cəfərqulu deyərdi: "Dünəndən sizin üçün filan otağı hazırlatmışam...." Yağlı da burada yağı və yağ kimi şeyləri artıq gətirən adamlara deyərdilər. Məsələn, bir bişirim halvaya bir girvəknə yağ lazımsa, üç-dörd girvənkə yağ gətirən daha qalanını geri aparmazdı; düyü də və qeyri şeylər də bunun kimi. Çünki adət belə idi: artıq qalan şeyi pirdən aparmaq olmazdı. Hər nə qaldı, pirin malı hesab olunardı. Bu da Molla Cəfərqulunun zəhmətini artırardı. Doğrudan, Molla Cəfərqulu qonaqlarından sonra çox zəhmət çəkərdi: tör-töküntü yığıb yerbəyer etmək çətin məsələ idi.... Bir bu iş olsa, yaxşı. Molla Cəfərqulunun qonaqlardan sonra yenə bir işi var idi. Axşam hamı çəkiləndən sonra gərək pirə bir baş çəkə idi: keçmiş şamları yerbəyer, nəzirləri ziyarət edərdi. Çünki gecə, kim bilsin, bir də gördün günahkarın biri pirə əl uzatdı.... Həqiqət pir açıqlıq bir yerdə idi. İki balaca
kəndin arasında zorba qoz ağacının altında bir balaca günbəz kimi şeydən ibarət bir yer idi. Əslində bu iki balaca kənd bir-birinə o qədər yavuq idi ki, bunlara bir kənd də demək olardı və hər kəndə bir kəndin böyük məhəlləsi demək olardı. Nə isə, bu məhəllələr qədimdən ayrı kənd hesab olunurdu. Birinin adı Z... kəndi o birininki Ə... kəndi idi. Bu iki kəndin, daha doğrusu, bir-iki məhəllənin arasından bircə yol var idi, gediş-gəliş, at-araba bu yol ilə olardı. Bu yolda, yəni Z... kəndinə yavuq bir böyük qoz ağacı var idi. Pir də haman bu qoza ağacının dibində idi. Zatən pir olmamışdan da bu qoz ağacı yayın istisində adamları öz tərəfinə çəkərdi. Bunun böyük budaqları, budaqların enli yarpaqları ağacın altına genişli bir kölgə salıb da həm insanlar və həm heyvanlar üçün günün istisində sərin yorunuq məkanı və şiddətli yağmurda zorba bir günlük olmuşdu....
İndisə bu qoz ağacı nəinki qıraq kəndlərdə və hətta şəhərlərdə də şöhrət qazanmışdı, böyük bir ziyarətgah olmuşdu.... Xalq hər cümə gəlib Molla Cəfərqulunun bağçasında yeyərdilər, içərdilər, qurbanlarını kəsərdilər, sonra kişilər bir dəstə, arvadlar da bir dəstə ilə pirə gedərdilər. Hərə öz nəzirini müəyyən bir deşikdən salardı, ürəyindən nə keçirəcəkdi keçirərdi, ya pirin günbəzindən öpərdi və yainki öpməzdi. Bu çox da vacib deyildi. Öpən də olurdu, öpməyən də. Fəqət qoz ağacının dibindən torpağı götürub uşaqların alınlarına sürtmək vacib kimi bir şey idi, guya arvadlar deyərdilər, uşağa göz dəyməz.... Vaxtaki xüsusi ziyarət tamam oldu, hər kəs nə diləməli isə dilədi, nə rüşvət verməli isə verdi. Molla Cəfərqulu gəlib pirin kəramətlərindən söylərdi. Arvadlar bir tərəfdən, kişilər o biri tərəfdən durub Molla Cəfərqulu da arada sözünü deyərdi.
Molla Cəfərqulu artıq dərəcədə dilli adam idi, yəni natiq idi; danışanda hamının fikrini cəlb edərdi və həmişə də ziyarətə gələnlərə nitq söylərdi və nitqini də başlayanda bir az mənalı, təsirli olsun deyə "ya əyyühənnas" sözləri ilə başlardı. İndi də bu sözlərlə başlayıb dedi: "Eşidirəm deyirlər şəhərdə və bir neçə kəndlərdə xalq vəba naxoşluğundan qorxub dağa-daşa qaçmaq istəyir. Məbada belə şeylər edəsiniz. Vəba allahın əzabıdır və allah-taala öz əzabını əməli saleh olmayanlar üçün həmişə göndərir. Siz ki, şükür allaha, əməli saleh adamsınız: namazınızı qılırsınız, orucunuzu tutursunuz və həmişə pirə gələnlərdənsiniz, nə üçün qorxursunuz?
Kitabxana.az · https://kitabxana.az/ru/works/nerimanov-pir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sonanın yatacaq otağı. Çarpayı, balaca miz, stullar.S o n a (pəncərənin qabağında oturub kitab oxuyur, hərdənbir gözlərini kitabdan götürüb fikrə gedir). Bu kitabda yazır: arvadların azad olmaqları özlərinə bağlıdır. Kişilərə ümid bağlayırlar isə öz məqsədlərinə çatmazlar. Mən də bu fikirdəyəm. Görəsən Bahadırın bu məsələdə fikri nədir? Burada olsaydı, soruşardım. Bu barədə bir saat mübahisəmiz olardı.... Mən çox vaxt ürəkdə onun sözlərini qəbul edirdim. Fəqət mübahisəmiz uzansın deyibən qəsdən dediyini qəbul etməzdim.... Məsələn, Bahadır burada olsaydı, mən deyərdim: xeyr, kişilər arvadları insan bilirlər isə özləri gərəkdir onlara azadlıq verələr. (Gülə-gülə.) Mənim sözlərimi qəbul etməyib, həm də tarix kitablarını, fəlsəfə inşalarını tökmüşdü, mənə dəlil gətirmişdi: "Xeyr, xanım! Arvadlar özləri hürriyyət qazanmasalar, kimsə onlara hürriyyət verməz. Təbii, hürriyyət heç vaxt verilməyibdir, alınıbdır" deyirdi. (Fikirdə). Ah, nə gözəl günlər! Nə gözəl saatlar! İnsanın ağlı mübahisə meydanında, əcəba, nə gözəl işləyir! İndi tək, günlərim bu kitablar arasında gedir. (Fikirdə.)
Dördüncü məclisPeterburqda Bahadırın otağı: yazı stolu, divan, kreslolar.... Stol üstündə kitablar. Bahadır oturub yazır və hərdənbir fikrə gedir.ƏVVƏLİNCİ GƏLİŞ
Beşinci məclisDəlilər evi. Səhnənin bir tərəfində ev, qabağında bağça, bağça ətrafında hasar. Dəlilərin paltarları: başlarında ağ dəsmal, üstlərində uzun ağ xələt, don, ayaqlarında ağ corab.Ə v v ə l i n c i d ə l i. (Səhnədən dəli deyil, fəqət anadanolma ağıldan kəm bir vücud səhnənin sol tərəfində oturub gözlərini bir nöqtəyə dirəyir, əlindəki kağızları çeynəyir).
Şeytan bazardaBilməyirəm, qeyri müsəlman məmləkətlərində varmı-yoxmu, fəqət Qafqazda müsəlman şəhərlərinin hamısında "Şeytan bazarı" namında bir uram və ya bir məhəllə olmağını bilirəm. Təəccüb burasıdır ki, Tiflis müsəlman şəhəri olmaya-olmaya müsəlmanlar olan məhəllədə də Şeytan bazarı məlum məşhur bir bazardır. Qeyri yerlərdə bu bazarlara nə üçün Şeytan bazarı deyirlər isə bilməyirəm, fəqət Tiflisdə Şeytan bazarının tarixi vardır. Qədimdən həmin Şeytan bazarı doğrudan da bir şeytan yuvası idi: adam öldürərdilər, harada? Şeytan bazarında. Cib kəsərdilər, harada? Şeytan bazarında. Filan hacının oğlu var-yoxunu qumara uduzardı, harada? Şeytan bazarında. Filan Sibirə göndərilən, sonra qaçıb gələn adamı harada tapardılar? Şeytan bazarında. Biçarə kəndçiləri (...) soyardılar, harada? Şeytan bazarında. Böylə bir tarixi olan bazara Şeytan bazarı deməyib nə deyəcəksiniz?Qədimdə, yadıma gəlir, bu bazarda bir adət də var idi: qəribə, adətdən dişqarı bir paltarda adam görsəydilər, Şeytan bazarının cavanları ona sataşardılar. Məsələn: allah eləməsin bir adam kürkünü tərsinə geyinə idi o saat görərdin bazardan keçəndə hay-huy səsi bazarı götürərdi. Hay-huy səsi cəhənnəm! Nə olacaqdır. Boğazlarını çox da yırtsınlar. Amma, allah göstərməsin, qarpız qabığından. Bir də gördün hər tərəfdən qarpız qabığı başına yağış kimi yağır. Doğrudur, bu qarpız qabığı qulağın yanında vız edib getsə, genə xoşbəxtlikdir, fəqət yaxşı nişana vuranların əllərindən (çıxan) qarpız qabığı vız etməyib lap peysərə yapışıb qalır. Bu yamandır!
Стихи других поэтов
Al yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
OlduSalam olsun sənə, ey Hacı Kərim,Gözəllərin gözü xun-fişan oldu,
TəcnisDedim: gəl, dost, ikimiz həmdəm olalı,Ağı mən oxuyum, qarasan, qara,