Bahar idi. Zəncan şəhəri yaşıl bir don geymişdi. Badam çiçəklərinə qərq olmuş dağlardan xoş ətir qalxırdı. Quşların sevincli bahar nəğməsi hər tərəfi bürümüşdü. Axan suyun yekahəng şırıltısında həzin bir musiqi vardı.

Bir parça çörək qayğısı ilə çoxdan bəri İranın müxtəlif şəhərlərini dolaşıb, nəhayət Zəncan şəhərində sakin olmuş dəmirçi ailəsinin kiçik qızı məktəbdən evə qayıdırdı. O, nədənsə incik idi. Nə baharın şux ahəng səsləri, nə çiçəklərin məstedici ətri, nə də axan suyun şırıltısı onun könlünə fərəh verirdi. Bu gün o, yenə məktəbdə tənəffüs zamanı yoldaşları ilə öz doğma Azərbaycan dilində danışdığı üçün onu tənbeh etmiş, dərsdən sonra ac saxlayıb evə buraxmamışdılar. Zəif vücudlu, məğrur ruhlu balaca qız düşmən qarşısında ağlamamış, göz yaşlarını qəlbinə axıtmışdı. İndi o, cansız ayaqları dolaşa-dolaşa evlərinə tələsir, bu ağır dərdini anasına danışmaq və orada doyunca ağlamaq istəyirdi. O, Zəncanda yeganə məktəb olan farsca qız məktəbində oxuyurdu. Bura məktəbdən çox həbsxanaya bənzəyirdi. İran irticaçıları xüsusilə böyük bir səy göstərərək Zəncan şəhərindən Azərbaycan ruhunu silmək üçün ən şiddətli tədbirlərə əl atırdılar.

Zəncanın çox möhtəşəm bir tarixi vardır. Zəncan İran Azərbaycanının bir parçasıdır. O, Azərbaycan torpağının cənub hissəsində yerləşən böyük bir əyalətin mərkəzidir. İran mürtəceləri bu qədim Azərbaycan torpağını Azərbaycandan ayırmaq, onu farslaşdırmaq istəyirdilər. Lakin əzilən xalq öz dilinə və öz ruhuna daha çox məhəbbət bəsləyirdi. Zəncan bu gün belə İran azadxahlarının mübarizə səhifələrində ən çox təkrar olunan bir addır.

Nəğmələri dustaq edilmiş, bayatıları sürgünlərə göndərilmiş, dilinə ağır qıfıl vurulmuş böyük bir xalqın mənəvi iztirabları dəmirçi qızı Hökumə Billurinin qəlbində dərin izlər buraxaraq onun şair könlünü üsyana çağırırdı. O, ilk şeirlərini belə bir mühitin verdiyi ağır təsirlər altında yazır, Azərbaycan qızlarının bu müşkül vəziyyətinə qarşı üsyan edirdi.

İllər keçir, gənc şairə böyüyür, ətrafında olub-keçən hadisələri daha dərindən və daha aydın dərk etməyə başlayırdı. O, Zəncan şəhəri ətrafında 300 para kəndə sahib olan Zülfiqarinin xalqa etdiyi zülmü görür, xalqın ağır güzəran keçirdiyini anlayırdı. 17-18 yaşlarına yetişdiyi zaman Hökumə şerinin əsas mövzusu vətən, azadlıq və qadın hüququ olur.

O, fədai dəstələrində olmamışdı. O, əlinə silah almamışdı, döyüşlərdə iştirak etməmişdi. Onun silahı qələm idi. Hökumə ilk şeirlərini fars dilində yazmışdı. O, yazdığı şeirləri dərc etməz, hətta öz yoldaşlarına da oxumazdı. Yalnız hərdən şiddətlə qapını döyən küləklər bir yetim naləsi kimi pəncərələrdə zarıldayarkən kiçik Hökumə gözlərindən axan isti yaşları anasının qolları arasında gizlədərək ona öz könlünün tərcümanı olan şeirləri oxuyardı. Lakin anası onun farsca yazdığı şeirləri diqqətlə dinləyər, bir şey başa düşməzdi. Yalnız “Qızım, öz dilimizdə yazsana”, – deyərdi. Bu sadə və nəcib arzunu Hökumə yalnız İran Azərbaycanında demokratik hərəkat başladığı zaman həyata keçirə bildi. Yeni Azərbaycan demokratik hökumətinin verdiyi qərar əsasında Azərbaycan dili dövlət dili oldu. Hökumə ağır qapılı bir zindandan qurtarmış məhbus kimi yeni həyatın qoynuna atıldı. O, şeirlərini öz doğma Azərbaycan dilində yazmağa başladı. O, vətəninin üzərində açılan bu azadlıq baharını şair qəlbinin bütün coşqunluğu ilə salamladı:

Çıxdı günəşim şəqilə canan tərəfindən
Parlar bu günəş rəhbəri – dövran tərəfindən.
Bu nöhzət rövşan sönə bilməz dəxi birdəm,
Çün qüvvət alır qüvvəli mərdan tərəfindən.

Azərbaycan demokrat hökuməti qurulduqdan sonra Zəncan şəhərinin həyatı dəyişmiş, şəhərdə yeni bir aləm başlanmışdı... Bu yeni həyatı quran fədakar və fəal insanlar cərgəsində şairə Hökumə Billurinin də səsi vüqarla yüksəlirdi. O, artıq iki ildən bəri işsiz keçirdiyi həyatına xitam vermişdi. Zülfiqarinin məşhur malikanəsi Zəncan şəhərinin mədəniyyət evinə çevrilmiş, Hökumə də orada müdirə sifətilə çalışmağa başlamışdı. O, eyni zamanda məktəbdə ədəbiyyat dərsləri verir, şəhərin bütün ictimai və mədəni həyatında fəal çalışırdı.

Hökumə indi xoşbəxt idi. O, vətəni və azadlığı Azərbaycan dilində tərənnüm edirdi. Dünyada öz dilində şeir yazmaqdan şirin bir arzu ola bilərmi? Şairə artıq arzusuna çatmışdı.

Lakin İran Azərbaycanı xalqının səadəti uzun sürmədi. Amerika və İngiltərə imperializminin buyruğu ilə İran mürtəceləri pəncərələrini yenicə bir işıqlı gündüzə doğru açmış qəhrəman xalqın üzərinə qara əsarət bayrağını endirdilər. İşıqlı yollara kölgələr qondu. Ölkəni matəm bürüdü. Zəncan şəhərinin də bahar səmalarını qara buludlar aldı. Hökumə yenicə azadlığa çıxmış xalqının faciəsinə şahid oldu. O, Təbrizdə aparılan mitinqlərdə alovlu bir natiq kimi çıxış edərək Zəncanda gördüyü münasibətləri xalqa nağıl etdi. Vətəninin, xalqının düşmənlərinə qarşı amansız kin və qəzəb alovları onun şair ürəyini dərindən yandırdı, lakin etiqadını sarsıtmadı.

Sən ey insanlığın qudur düşməni,
Hələ qurumamış əllərində qan,
Unutma o yanan odlar vətəni,
Bir gün yapışacaq sənin yaxandan.

Ölməz tarix boyu sənətim, dilim,
Yanıb kül olsa da min dəftər, kitab.
İntiqam hissilə yaşayan elim
Bir gün əməlindən çəkəcək hesab.

Hökumə Billuri “Vətən”, “Sonsuzdur düşmənə nifrətim mənim”, “Vətənin nicatı tez gələcəkdir” kimi bir sıra şeirlərində vətəni xarabazara çevirən düşmənlərə qarşı kəskin nifrət, amansız kin bəsləyir, onun qəlbi vətənini azad və xoşbəxt görmək ümidilə çırpınır. Onun bu ümid yolu, azadlığı əlindən alınmış, lakin məğlub olmamış böyük bir xalqın – Azərbaycan xalqının qəlbindən qopan intiqam alovları ilə işıqlanır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов