“Koroğlu” dastanında maraqlı bir parça var; qılınc-qalxan cingiltisi, döyüş nərələri, mərdlik cəngləri, yürüş şeypurları və zəfər təbillərinin gur səsi içindən qəflətən həzin, kədərli, qəlbin ən dərin guşələrindən gələn bir inilti eşidirik. Bu, analıq həsrətiylə yanan Nigarın səsidir. Nigar öz dərdini qoç Koroğluyla bölüşür:

Necə baxım ev-eşiyə,
Yaralı könlüm üşüyə.
Toz bürümüş boş beşiyə
Şirin layla çalan yoxdur.

Çənlibeli güllər bəzər,
Güllər saralsa kim üzər,
Hər quş balasıynan gəzər,
Niyə sənin balan yoxdur.

Nə dərd olsa məni tapar,
Sonsuzluq bir yanım çapar.
Yarılqan uçar, toz qopar,
Görərsən ki qalan yoxdur.

“Koroğlu” dastanında təsvir olunan əfsanəvi səfərlər, xariqüladə qəhrəmanlıqlar arasında bu adi, insani duyğu heyrətamiz bir incəliklə işlənmişdir. İgidlik və nikbinlik dastanındakı bu gözlənilməz kədər, bu sonsuzluq dərdi, övlad həsrəti xalq təfəkkürünün ən dərin köklərilə bağlıdır.

Xalq “balası olan ölməz” deyir. Bu müdrik sözdə nə qədər böyük fəlsəfi bir məna vardır. Məsələ, insanların cismani övladı olub-olmamasında deyil. Hansı mənada olursa olsun, insanın “yerində qalanı varsa” onun yalnız nəslini deyil, işini, fikrini davam etdirən varsa, o ölümsüzdür. Övlad – gələcəkdir, övlad – ümiddir. Övlad birində sönən həyatın başqasında davamı, ölümsüzlük, əbədiyyət deməkdir.

Hər il iyun ayının 1-də uşaqlar günü qeyd edilərkən insanlar yalnız balalarının, körpələrinin, yəni konkret insanların bayramını etmirlər. Onlar eyni zamanda öz ümidlərini, arzularını bayram edir, gələcəyi salamlayır, həyatın daimilik qanununu alqışlayırlar.

Bizim qonşumuzda adi bir ailə yaşayır. Bu ailədə keçmiş nağıllarda deyildiyi kimi “ay parçası kimi bir oğlan uşağı böyüyür”, tumbul, qırmızıyanaq, qıvırcıq saçlı, şirin danışıqlı bir uşaq. Ondan soruşanda ki, “məni çox istəyirsən?”. O, məzəli bir uşaq ləhcəsiylə cavab verir: “İstəyirsən”.

Doğrudan da biz hamımız onu çox istəyirik. Amma biz onu yalnız bir totuq uşaq kimi, duzlu tələffüz edən bir körpə kimi sevmirik. O, həm də gələcəkdir. Ümiddir. Hamımızın qəlbində yaşayan xoşbəxt, dinc, müharibəsiz, mərəzsiz, firavan, gözəl bir sabah arzusudur.

Bizim ömrümüz həmişə günəşli günlər içində, həmişə baharda keçməyib. Çətin anlar da görmüşük, iztiraba, çətinliyə qatlaşdığımız vaxtlar da az olmayıb. Lakin bizim balaca qonşu, eləcə də dünyanın bütün uşaqları gözəl, işıqlı səhərlərdə yaşayacaqlarsa, biz axşamlarımızın və gecələrimizin dərdini çəkmirik, əgər onların ömrü həmişə bahar olacaqsa, deməli, bizim çətinliklərimiz də, mübarizəmiz də, əməyimiz də hədər getməmişdir. Əminik ki, belə də olacaqdır, biz əminik ki, balaca qonşu da, dünyanın bütün uşaqları da işıqlı gələcəkdə yaşayacaq. Bu gün öz körpə beşiklərindən durub ilk addımlarını atdıqları kimi, bir gün insan zəkasının beşiyi olan yer kürəsindən qanadlanıb, kosmosda addımlayacaqlar.

Hər dövrün özünə görə adları var. Balaca qonşumuzun adı Azaddır. İnsanın əzildiyi bir vaxtda – insanın mütiliyi, insanın gərəksizliyi dövründə yeni doğulanlara Allahverdi, Allahqulu, Qızbəsti, Qızyetər adları verirdilər. Bugünkü insanın Allah vergilərinə ehtiyacı yoxdur, o heç kəsin qulu deyildir. O Azaddır. Biz heç bir insanı – oğlan olsun, qız olsun, həyatın, dünyanın qapısında: Yetər! Bəsdir! Qayıt! – nidalarıyla qarşılamırıq.

Biz körpələrimizi qəlbimizin şəfqətiylə, gülüşlərimizin məlahətiylə, əlimizin, beynimizin zəhmətiylə, sinəmizin istisiylə qarşılayırıq:

Xırdacasan, məzəsən,
Sən hər güldən təzəsən.
Qurban olum o günə
Ayaq tutub gəzəsən.

Bala dadı – bal dadı,
Bala adam aldadır.
Yaxşısına mən qurban,
Pisi yenə bal dadır.

Bu laylaları biz kitabdan oxumamışıq. Analarımızın səsi hələ də qulaqlarımızdadır. Bu laylaları nəsil-nəsil analar bir-birinə ötürmüşlər, bu laylaları nənələrimiz analarımıza çalmış, biz öz övladlarımıza demişik, sabah qızlarımız da nəvələrimizə oxuyacaqlar. Bu laylalar bizə əzizdir. Hər xalqın öz dili, öz mahnıları, öz laylaları ona daha əziz olur. Lakin hələ elə xalqlar, elə ölkələr var ki, laylaları belə azad deyil, orada hər şey, hətta ana laylası belə alış-veriş vasitəsidir. Mən mütərəqqi İslandiya yazıçısı Halldor Laksenssin “Satılmış layla” əsərini xatırlayıram. Adi bir qadının öz balasına oxuduğu sadə, gözəl layla estradalara satılır, yeyib-içib harınlaşmış varlıların bir gecəlik, beş gecəlik əyləncəsi olur. Qoy laylalar körpələrə qaytarılsın, qoy ana qəlbinin dərinliklərindən gələn bu məhəbbət və şəfqət səsi alver vasitəsi olmasın.

Qoy dünyanın bütün uşaqları, hansı ölkədə yaşayırsa-yaşasın, hansı adı daşıyırsa-daşısın – hamısı balaca qonşum kimi azad olsunlar. Qoy onlar xoşbəxt böyüsünlər. Qoy onlar xoşbəxtlik üçün böyüsünlər. Onlar ümiddirlər, onlar sabahdırlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов