Müharibə illəri tanışlardan birinin cəbhədən qara xəbəri gəldiyini eşidib onun evinə getdim. Darısqal otaqda gəlin-qayınana baş-başa verib xısın-xısın ağlayırdılar. Uşaqlar duyuq düşməsin deyə, yavaşdan, gileylənə-gileylənə ağlayırdılar. Ana oğlunun köynəyini bağrına basmışdı. Ölüm xəbəri tez yayılır. Qonşular eşidib gəldilər. Ana onları görəndə, “hər kəsin evində yarsız gəlini var, mən ona qurban” – deyib ağladı.

Müharibənin yarsız qoyduğu gəlinlər... Onların sayı-hesabı yox idi.

Sonralar 20-25 il ərzində mən bu ailənin dolanacağına diqqət yetirdim. Yeganə oğlunu itirmiş ana ilə sevgili ərini, uşaqlarının atasını itirmiş cavan gəlin, dar gündə özlərini itirmədilər, böyük bir əzm və iradə ilə əl-ələ verib bütün çətinliklərə sinə gərdilər, uşaqları böyütdülər, oxutdular, hərəsini bir yana çıxartdılar. Dövlətin yardımı ilə şəhid əsgərin ailəsi təqaüdlə təmin olundu, üçotaqlı, işıqlı, geniş mənzilə köçdü. Qayınana vəfat edəndə böyütdüyü nəvələr onun cənazəsini çiyinlərində apardılar.

Müharibə illəri bütün xalq ağır sınaq qarşısında vahid bir ailəyə çevrilmişdi. İnsanlar daha qayğıkeş və mehriban olmuşdular.

Çətin sınaq günlərində böyük iradə, fədakarlıq və nəcabət göstərən, qayınanalarına oğlunu əvəz edən, uşaqlara həm ata, həm ana olan gəlinlər nə üçün dinc quruculuq dövründə, rahat və firavan yaşadığımız günlərdə, bəzən qaynana ilə bir-birlərini başa düşmür, ümumi dil tapa bilmirlər?

Çingiz Aytmatovun “Ana tarla” əsərini xatırlatmaq istəyirəm. Tolqonaq ərinin və üç oğlunun cəbhədən qara xəbərini alır. Evdə cavan və göyçək gəlini Alimanla ikisi qalmışdır. Tolqonaq dərdinin ağırlığına baxmayaraq, kolxozda briqadir işləyən ərini əvəz edir. Aliman taxıl zəmilərində kolxozçu qızlarla bərabər işə çıxır. Hər ikisi kəndin qocalarını, körpələrini, cəbhədə vuruşan əsgər balalarını ac qoymamaq üçün bütün qüvvələrini sərf edirlər. Bu sadə, zəhmətkeş qadınlar böyük səmimiyyətlə bir-birlərinə bağlanmışlar. Bir neçə günlüyə öz elinə gedən Aliman başa düşür ki, bircə gün də istəkli qayınanasından ayrı yaşaya bilməz. Bu ayrılıq gecəsində qayınananın da yatağına sanki qor dolur. Səhərəcən yata bilmir, səhər tezdən avtobusla qonşu kəndə, gəlininin dalınca gedəndə, gəlinə yolda rast gəlir. Aliman da qayınanasının yanına tələsir. Hər ikisi qucaqlaşır, öpüşürlər. Nəcabətin, sədaqətin bu yüksək zirvəsi ən daş ürəkləri belə sarsıtmaya bilməz.

Yenə də ədəbi əsərlərdən birinə müraciət etmək istərdim. Keçən əsrin məşhur dramaturqu A.N.Ostrovski “Tufan” əsərində Kabanixa ləqəbli bir qayınana surəti yaratmışdı. Kabanixa köhnə feodal cəmiyyətinin adət və ənənələrini böyük bir ehtirasla qoruyub saxlamaq, cavanları da bu cəmiyyətin qeyri-insani qanunlarına tabe etmək, gəlini itaətkar qul görmək əzmindədir. Sevgili arvadının qüsur və günahlarını bağışlamaq istəyən oğluna qarşı Kabanixa amansızdır. İradəsiz oğul anasının tabeliyindən çıxa bilmir, cavan gəlin Katerina məhv olur.

Rus ədəbi tənqidi o zaman Katerinanı “zülmət səltənətində işıq şöləsi” adlandırmışdı. O, doğrudan da zülmət içrə bir nur idi. Orda məsələ gəlin-qayınana ziddiyyətlərində deyildi. Bu, ictimai ziddiyyət idi. Dünyagörüşünün, əxlaq normalarının, köhnəlik ilə yeniliyin arasında gedən ictimai mübarizə idi.

Ailə xalqın, cəmiyyətin bir hüceyrəsidir, bu hüceyrə sağlam və gözəl olarsa, cəmiyyət də, xalq da sağlam və möhkəm olar.

Gəlin-qayınana arasında xoşa gəlməyən sözlər, atmacalar, kobud və qaba rəftar köhnəliyin, avamlığın, meşşanlığın qaranlıqlarıdır. Gəlinə “yad qızı” damğasıyla soyuq münasibət bəsləmək, pisikdirmək, qohum-əqrəbasını saymamaq, yaxud qayınananın bəzən avamlıqdan, cəhalətdən doğan kəsirlərini qabartmaq kimi hallar ailə səmimiyyətinin növrağını pozar, ailədə xoş bir ahəng yaranmasına mane olar.

Bəzən belə xoşagəlməz sözlər eşidirsən: “Filankəs ərindən qorxmur, ərindən qorxsa, qayınanasına hörmət edər”. Qorxu, hörmət və məhəbbət doğura bilməz. Qorxu yalnız kin və küdurət, nifrət hissi doğurar. Hörmət də, məhəbbət də qarşılıqlı münasibətlərdən doğan yüksək və nəcib hissdir. Hörmət və məhəbbət hissinin doğub yaşaması üçün əlverişli, münbit zəmin gərəkdir. Gözəl hisslərin yaşayıb çiçəklənməsi üçün zəmin olmadıqda, bu hisslər sönüb gedər, kinə, küdurətə çevrilər, soyuq və xoşagəlməz hallar yaranar. Deyərdim ki, pis gəlin, yaxud pis qayınana yox, pis insan var. Pis adamlar isə hamıya qarşı bədxah olurlar.

Bir-birinin heysiyyətinə toxunmaq, bir-birinə yuxarıdan aşağı baxmaq, ürək sındırmaq, lovğalıq, kobudluq ancaq daxilən boş adamların, mənəviyyatı kasıb və çürük adamların xüsusiyyətidir. Özündən razılıq, acı söz, kobud rəftar, lovğa və laqeyd davranış gərəksizdir, ziyanlıdır.

Aşıq deyişmələrindən birində deyilir:

O nədir ki, gələr keçər,
O nədir ki, mələr keçər,
O nədir ki, dələr keçər,
Ağrısı çox, qanı olmaz?

O ömürdür gələr keçər,
O güllədir mələr keçər,
Yaman sözdür dələr keçər,
Ağrısı çox, qanı olmaz.

Qoy, qayınanaların, gəlinlərin ürəyində “ağrısı çox, qanı olmaz” yaralar olmasın.

Hörmətli qayınanalar! Yeni ailə şəraitinə düşən, təzə mühitə hələ yaxşı isinişib alışmayan, ata ocağı, ana qucağı üçün qəribsəyən cavan gəlinlərin keçirdiyi ruhi hallar gərək sizə yaxşı bəlli olsun. Axı siz də bir zaman gəlin olmusunuz!

Əziz gəlinlər! Ananın həyatından oğlu silib atmaq mümkün deyil. İnsan qocalanda daha kövrək olur. Qayğıya, nəvazişə daha çox ehtiyac duyur. Mehribançılığınızı qocalardan əsirgəməyin. Axı siz də qocalacaqsınız, qayınana olacaqsınız.

İmamverdi Əbilovun “Azərbaycan qadını” jurnalının 1977-ci il 8-ci nömrəsində dərc olunmuş “Gəlinlər qayınana olur” adlı məqaləsini mən də oxudum. Bu məqalə ilə əlaqədar redaksiyaya gələn oxucu məktublarının bir hissəsi ilə də tanış oldum. İmamverdi müəllimə ananın əməyinə verdiyi yüksək qiymət üçün analar adından təşəkkür edirəm. Bu məqalə eyni zamanda qadın-ananın şərəfinə deyilmiş bir himn kimi səslənir. Ana zəhməti böyükdür. Uşaqları böyüdüb boya-başa çatdırmaq, ananın həm borcu, həm də şərəf işidir.

Yeni ailə quran gənclərin qayğı və nəvazişə ehtiyacı çox olur. Təzə ailəyə düşmüş təcrübəsiz gəlinlərin əskik işlərini, nöqsan və kəsirlərini şişirdib qonum-qonşuda danışmaqdansa, keçdikləri böyük həyat təcrübəsi, bilik və bacarıqları ilə gəlinlərinə kömək eləsələr, qayınanalar daha yaxşı iş görmüş olarlar.

Gəlin-qayınana ziddiyyətləri ictimai ziddiyyətlər, olsa-olsa xırda məişət ziddiyyətləri ola bilər. İndiki qayınanalar orta hesabla götürsək, əlli-altmış yaşında qadınlardır. Bu qadınlar əmək adamlarıdır, onların çoxu ya işləyir, ya da dövlətdən təqaüd alırlar. Onların oğul və gəlin qazancına ehtiyacı yoxdur.

“Gəlinlər qayınana olur” məqaləsi ilə əlaqədar olaraq redaksiyaya gələn məktublar içərisində maraq və narahatlıq doğuran məktublar da var.

Bu məktublardan birində oxuyuruq:

“Qayınanam məni boşatdırdı. Dedi ki, oğluma öz qohumumu alacağam, qohumun bizə canı yanar. Qohumunu aldı, bir ildən sonra onu da boşadılar. Üçüncü bir arvad aldılar, yəqin ki, o da bizim kimi olar”.

Əziz bacım, sizə onu deməliyəm ki, burada məsələ yalnız pis qayınana məsələsi deyil. Bəlkə də bir çox başqa işlərdə anasının sözünə baxmayan oğul, nədənsə tez-tez arvad alıb boşamaq məsələsində itaətkar oğul olur, iradəsizlik göstərir. Belə adamları cəmiyyət ifşa etməli, töhmət etməli, şüuruna təsir göstərməlidir. Bu xüsusi məsələ deyil, ictimai məsələdir, pozğunluqdur. Belə adamlar yalnız alıb boşadıqları qadınları bədbəxt etməklə qalmır, eyni zamanda uşaqların həyatını şikəst edir, qəlbisınıq böyüməsinə səbəb olur.

Uşaqlar normal həyat şəraitində böyüməlidirlər. Uşağın həm atası, həm anası olmalıdır. İndi elə asanlıqla atdığınız körpələr, böyüyüb yetişəndə, sizə “ata” deməyib rədd edəndə onlara “nanəcib” övlad kimi baxmağa haqqınız yoxdur.

Qayınanasından, ər qohumlarından razılıq hissi ilə, məhəbbətlə yazanlar da az deyil. Bu məktubları oxuyanda insanda fərəh hissi oyanır, ürəyimiz bahar təravəti ilə dolur.

İnsanlara məhəbbət, qayğı, geniş dünyagörüşü olan qadınlar bir-birinə münasibətdə daha təmiz, daha saf, daha büllur hisslərlə yaşamağı bacarırlar, o zaman həyat da gözəl olur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов