Qızıl lalələr... O, sevgili başını, sizin gözəl sinənizə qoyduğu zaman, mən sizə nə qədər həsrət çəkmişdim...

O, – sizi incitmək istəmirəm, – dedi. Başını mənim dizlərimə qoymadı... Qızıl lalələr, o, geniş və sağlam çiyinləri üstündəki vüqarlı başını sizin sinənizə endirdi... Onun qara qıvırcıq saçları sizin qanadlarınız arasına qarışdı.

Göy üzü o qədər saf, üfüqlər o qədər təmiz idi ki... Sarı günəş də qızıl tellərini sizin yaraşıqlı dəstələriniz üzərinə tökmüş, gülümsəyirdi. Siz, gözəl lalələr, siz mənim qəlbimin çırpıntısını dinləməyirdiniz... siz böyük yurdun bir əsgər oğlunu öz sinəsində qucaqlayır, bəzən kiçik bir rüzgarın nəfəsilə titrəyərək, əyilərək onun dodaqlarına toxunub onu öpürdünüz... Qızıl lalələr, o gün mən sizə nə qədər həsrət çəkmişdim... O, gözəl başını qaldırır, bir az yorğun gözlərilə sizi doya-doya seyr edir, sonra yaz günəşinin mülayim və ilıq istisi altında yavaş-yavaş oxumağa başlayırdı.

Siz mənim qəlbimin çırpıntısını dinləməyirdiniz. Bəlkə də bu gənclikdir, keçər, – deyə gözəl başınızı məndən çevirir, mənə fikir vermirdiniz... Qızıl lalələr, o gün siz nə qədər amansızdınız...

Bu gənclikdir, doğrudur, lakin bu keçməz... siz məni anlamayırdınız... Gənc həyatını böyük qayələr uğrunda keçirən, odlarda, sularda çarpışan, bütün ömrünü bizim bugünkü azad və şən həyatımız uğrunda qoyan bir qəhrəmanı sevmək, nəhayətsiz sevmək, bütün varlığı ilə, qüvvəti ilə sevmək nə böyük şərəf!... Mən inanıram ki, ölkənin bütün qızları öz sevgilərini belə igid oğullardan əsirgəməzlər...

Qızıl lalələr... siz xoşbəxtsiniz, lakin sizin çarpan qəlbiniz yoxdur...

O gün nə qədər fərəhli idi... Yaşıl otların üzərində bir-birini qovan əlvan kəpənəklər, alınca budaqlarında sabahın şən nəğməsində sos verən sarı bülbül, al qırmızı çiçəklər insan qəlbinə yalnız yaşamaq, çarpışmaq, sevinmək və sevmək həvəsi verirdi. O gün mayın ikisi idi. Qızıl lalələr, bu tarixi yaxşı xatırlayın...

O mənə – “qızım!” – deyir və bir uşaq kimi baxırdı. Lakin bu “uşaq” qəlbində nələr, nələr vardı... O bəzən əllərini sizə doğru uzadır, sizin nazik yarpaqlarınızla oynayırdı... mən onu sizdən nə qədər qısqanmışdım. Qızıl lalələr, o, məni oxşamırdı, sizi oxşayırdı... Siz nə qədər amansızdınız... Mən bu dəqiqədə sizə nifrət edirdim...

Günəş batırdı... Siz, gözəl lalələr, başınızı əymiş elə bil ki, batan günəşlə bir gecəlik vidalaşırdınız. Biz gəzintidən qayıdırdıq... yaşıl otlar axşamın nəmli sərinliyi altında xumarlanır, yarpaqlar üzərinə düzülmüş xırda şeh damlaları inci kimi parıldaşırdı... O sizin içinizdən bir gözəlini qoparıb, mənim yaxama taxdı.

“Qoy bu lalə dostluğumuzun ilk nişanı olsun!” – dedi. Qızıl lalələr... Eşqimin yaraşığı qızıl lalələr. Mən sizi nə qədər sevdim... Mən o gündən sizi nə qədər sevirəm!...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов