600 ayı balası
Nikolay hökuməti vaxtında Maarif nazirliyinin maliyyə şö’bəsində qəribə bir kağız tapılmışdı. Hətta o vaxt çar mətbuatı da bu iş ilə artıq maraqlanmışdı; qəzetə müxbirləri maarif nəzarəti ətrafında toplanırdı. Təəssüf olsun ki, təb olunmasına ixtiyar verilmirdi.
Dəftərxana müdiri məktəblərin haqq-hesabını nəzərdən keçirdiyi vaxt Gəncə kimnaziyasının məsarif cədvəlinə rast gəlmişdi. Cədvəldə min cürə məsariflər göstərildikdən sonra yazılmışdı ki, «kimziyanın ehtiyacına sərf olunmaq üçün 600 ayı balası alınmışdır».
Dəftərxana müdiri bu kağızı tələsik gətirib verir maliyyə müdirinə. Maliyyə müdiri çox təəccüb edir ki, əcəba bu ayı balaları nədən ötrüdür? Axırda iş ora yetişir ki, maliyyə müdiri böyük bir daklad yazıb haman kağız ilə bərabər maarif nazirinin hüzuruna gedir. Doğrudan da maarif naziri bu məsələdən artıq heyrətlənir. Çoxu da bundan heyrətlənir ki, bu qədər ayı balasını haradan tapıblar?
Ona görə də maarif naziri kağızı qoyur cibinə, maliyyə müdirini yola salır.
Həmin günün axşamı maarif naziri Dövləti Şuranın iclasına gedir. Gündəlik məsələlərdən sonra nazir qoynundan kağızı çıxarıb nazirlərə göstərir. Hamı təəccüblənir. Bir çoxları deyir ki, Gəncə quberniyası çox da ayı olan yer deyildir. Doğrudur, meşəlik çoxdur, amma yenə də 600 ayı balasını bir yerə yığmaq mümkün deyildir. Bir çoxları deyir ki, əlbəttə olmaz, amma saxlayıb balalatmaq mümkündür.
Amma bə’ziləri də buna e’tiraz edib deyir ki, ayı balası nəyə lazım olan şeydir ki, onu daha da balalatsınlar?
Nazirlərdən ticarət və nafiyə naziri deyir ki, onları yunlarından ötrü böyüdürlər. Yunlarından da şal toxuyurlar, yorğan-döşəyə işlədirlər. Bə’ziləri deyir ki, onları iş heyvanı yerinə çalışdırırlar. Amma maarif naziri deyir: onları məhz ondan ötrü saxlayırlar ki, məktəblərdə heyvanat dərsləri keçdikləri vaxt mütəəllimlərə göstərsinlər.
Əlbəttə, nazirin sözünün üstünə söz ola bilməzdi. Çünki keçən vaxtlarda kimnaziyalarda elmi-heyvanata böyük diqqət verilərdi. Fəqət bunu da deməlidir ki, ayı balalarının haradan alınması üçün mübahisə kəsilməmişdi. Ona görə də Gəncə kimnaziyası müdirinə telegram vurub, ayı balalarının haradan alınması üçün mə’lumat istənilmişdi.
Kimnaziya müdiri maarif nazirinin telegrafını alan kimi bütün müəllimləri toplayıb iclas edir. Çox da qorxuya düşürlər ki, bu telegrafı nədən ötrü vurublar və bunlar ayı balalarının haradan alınmasını nə üçün soruşurlar?
İclas belə qərara gəlir ki, ayı balalarının alınan yerini telegram ilə bildirsin və ayı balası satan Kəblə Hüseynəlidən də aldığı pula qəbz alıb Peterburqa göndərsinlər. Elə də etdilər. Çünki onlar bilirdilər ki, çar hökumətinin qulluqçuları israf olmağa-zada yol verən adamlar deyillər. Ona görə də Peterburqa Maarif nəzarətinə bu məzmunda bir telegram çəkirlər:
Peterburq Maarif nəzarəti
Ayı balaları Cəbirdə Kəblə Hüseynəli Həzrətqulu oğlundan alınmışdır. Pul qəbzi poçta ilə göndərilir.
Gəncə qəza kimnaziyası müdiri
Maarif nəzarəti telegramı alan kimi çox təəccüb edir. Bir nəfər adamın 600 ayı balası satmağı təəccüblü işdir.
Maarif nəzarəti bir necə gündən sonra daha da heyrətə düşür. Çünki Kəblə Hüseynəlidən alınan qəbz də gəlib çıxmışdı. Qəbzdə yazılmışdı ki, «Mən, Kəblə Hüseynəli Kəblə Həzrətqulu oğlu 600 ayı balasını Gəncə kimnaziyasına satıb, birisi bir abbasıdan pulunu aldım».
Maarif naziri birinci dəfə idi ki, ayı balasının birisini bir abbasıya eşidirdi. Ona görə də ikinci dəfə yazıb Gəncə kimnaziyası müdirindən soruşdu ki, hərkah lazım olsa Gəncədə nə qədər ayı balası almaq mümkündür?
Bir necə gündən sonra kimnaziya müdirinin müfəssəl bir məktubunu aldı. Müdir yazırdı ki, «Cənab nazir, bu günlərdə payız yağışları başlanmışdır. Ona görə də ayı balası hazırlamaq işləri dayandırılmışdır. Hərkah çox lazım isə yenə də tək-tək adamlardan 20—30 minə qədər ayı balası toplamaq mümkündür. Əmriniz olursa biz burada hazır edərik. Amma xırda-xırda almaq əlverişli deyildir, çünki bir adama zakaz versək ayı balalarının hamısı bir ölçüdə, bir boyda və bir ağırlıqda olar. Ancaq xırda-xırda alanda ayı balaları bir boyda olmayacaqdır».
Maarif naziri məktubu böyük daklad ilə bərabər Dövləti Şuraya göndərib Gəncədəki ayı balası istehsalını nəzərdən keçirmək üçün göndəriləcək elmi heyʼətin məsarifinə 20 min manat buraxılmasını təklif edir.
Maarif nazirinin layihəsi Dövləti Şurada muzakirə olunduqdan sonra elmi heyʼətin məsarifinə 150 min manat para buraxılır.
Baharın əvvəlinci ayları idi. Gəncə kimnaziyasının müdiri Maarif nazirliyindən aşağıdakı məzmunda bir telegram almışdı:
«Cənab müdir, Gəncədə ayı balası istehsalını müayinə etmək üçün göndərilən elmi heyʼət martın 22-də Peterburqdan hərəkət elədi. Onlardan ötrü mənzil hazır edəsəniz. Onların elmi tətəbbuatda bulunmalarına yardım göstəriniz. Hər çins ayı balasının nəzərdən keçrilməsi üçün elmi heyʼətə nə lazım olursa muzajigə edilməsin.
Maarif nəzarəti dəftərxanası.»
Mart ayının 27-də axşam saat 8-də Bakıdan Gəncəyə sərnişin qatarı gələcək idi. Elmi heyʼət də həmin qatarda gələcəyini telegraf ilə bildirmişdi. Kimnaziya müdiri rəsmi paltarlarını geyib sinif müəllimləri ilə bərabər, hətta türkcə elmi-ilahi dərsi deyən ayrım mollası da vağzalda intizar çəkirdi. Bütün müəllimlər dəxi cərgə ilə durub, elmi heyʼəti gözləyirdi.
Qatar stasyona yetişdi. Kimnaziya müdiri elmi heyʼəti qəbul etdi. Elmi heyʼət altı nəfərdən ibarət idi. Elmi heyʼət üzvlərinin hamısı ayı balalarını görməyə maraqlanırdı.
Hətta mənzilə düşəndən sonra da müdirə deyirdilər ki, ayı balalarını nə vaxt görmək olacaqdır? Müdir isə deyirdi ki, hərkah vağzaldan şəhərə gələndə Cəbir tərəflərini mülahizə buyursa idiniz yollarda 20 minlər ilə ayı balası görər idiniz.
Sabah səhər açılan kimi elmi heyʼət üzvləri yuyunub çay içəndən sonra ayı balalarını görməyə maraqlanırdılar. Müdirdən soruşurdular: ayı balaları olan yerlər çox uzaq deyil ki?
Müdir onlara deyirdi ki, yox yaxındadır. İstəsəniz bir çox yerlərə də gedib ayı balalarını nəzərdən keçirə bilərik.
Odur ki, üzvlər hazırlanırdı. Bir neçəsi də ayı balalarının cinsini öyrənmək üçün özü ilə bərabər elmi-heyvanat kitabçalarını gətirmişdi. Bə’zisi də ayı balalarının ağzını və damağını müayinə etmək üçün çamadanında alətlər götürmüşdü. Bunlar əllərinə heyvanların dişi batmamaq üçün qalın əlçəklər taxdılar.
Müxtəsər, hazırlıq bitdikdən sonra kimnaziya müdiri qabaqda, dalısınca elmi heyʼət üzvləri, onların dalınca sinif müəllimləri üst mərtəbədən həyətə düşüb aşağı tərəfə gedirdilər. Müdir xırdaca odun anbarının yanında durub barmağı ilə anbarı göstərib elmi heyʼətə dedi:
– Buyurun, ayı balaları burdadır. Yarısı məsrəf olubdur, yarısı qalıb.
Elmi heyʼət üzvləri bir-birinə baxıb təəccübləndi. Onların fikrincə 300 ayı balasını bir balaca odun anbarında yerləşdirmək, doğrudan da, allahın dilsiz-ağızsız heyvanlarına böyük zülm hesab olunurdu.
Elmi heyʼət üzvləri müdirdən xahiş etdilər ki, əvvəlcə özü içəri girsin, çünki onlar girməyə qorxurdular. Odur ki, müdir qapını açıb içəri girdi, dalınca da elmi heyʼət üzvləri daxil oldu, amma heç bir şey görmədi. Ancaq anbarın bir bucağında 300-ə qədər çiy kərpic var idi. Elmi heyʼət üzvləri müdirdən soruşdular:
– Bəs hanı ayı balaları?
Müdir kərpicləri göstərib dedi ki, budur, bəs bu ayı balaları deyil, nədir?
Elmi heyʼət üzvləri təəccüblə bir-birinin üzünə baxıb başlarını buladılar. Sonra müdirə dedilər ki, axır bu çiy kərpicə siz nə üçün ayı balası adı qoyursunuz?
Müdir gülümsünüb dedi ki, burada heç təəccüb etməyiniz, çünki Qafqazda hər şəhərin bir dili vardır. Kim bilir, bəlkə bunun başqa şəhərdə başqa adı vardır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-600-ayi-balasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Evdən çölə çıxmazdı əzəldən bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.
Molla SuğraMolla Suğraya ziyarət eylə qismət, ya Hüseyn!Siğə olsun bir müsəlmana bu övrət, ya Hüseyn!
Ay tutulandaYerdə əyyami-məhərrəm, şiələr qan ağladı,Ay tutuldu nalədən, göydə qəmər qan ağladı.
Şeyx əmi!Üstünə sal tazə əba, şeyx əmi,Saqqala yax rəngü həna, şeyx əmi!
Стихи других поэтов
O günlər ki, gün buludu sökərdi,Yel yollara badam gülü tökərdi,
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Necə olduYeri bəyim düşdümü Kor yadına,Mən dəlini tutan günlər necə oldu