Aldanış
Страница 1 из 2
Müttəfiqlər öz müvəffəqiyyətlərini bölüşdürmək üçün barışa bilmədilər. Qətibə Hüsaməddinə, Toğrul isə Qətibəyə verdiyi vədələrə əməl edə bilmədi. Toğrul öz sarayına çəkilib hökumət işləri ilə məşğul idi. Qətibə onunla görüşməyə imkan tapa bilmirdi. Toğrul bütün qüvvətilə Qətibənin gözünə görünməmək və öz iradəsini onun təsirindən qurtarmağa çalışırdı. Toğrul heç bir vaxt Qətibənin nəsihətlərini eşitmək və ona əməl etmək istəmirdi. Toğrul nə qədər sərxoş və əyyaş bir hökmdar olursa olsun, eyni zamanda məmləkətinə etdiyi xəyanəti müəyyən çərçivədən kənara çıxarmaq xəyalında deyildi. Toğrul öz ailəsini Həmədana köçürmüş, oğlu Məlikşahı vəliəhd etmiş və Qətibəyə evlənməklə onun oğlu Qütlüğü vəliəhd elan edəcəyinə dair verdiyi əhd-peymanı tamamilə unutmuşdu.
Qətibə nə qədər çalışdı isə Toğrulu azad bir yerdə görüb sözlərini deyə bilmədi. Nəhayət, o xəstələndiyi üçün, Toğrula belə bir məktub göndərdi:
“Əlahəzrət! Ağır surətdə xəstələnmişəm. Bəzi işlərimdən ötrü əlahəzrəti görmək istərdim.
Qətibə xatun”
Toğrul doğrudan da onu xəstə hesab edərək, Atabəy sarayına gəldi. Lakin saraya gələndən sonra, onun cismani xəstəliyə yox, siyasi xəstəliyə tutulduğunu gördü.
Qətibə Toğrulu gördüyü zaman şiddətlə ağladı, lakin göz yaşlarının Toğrula təsir etmədiyini, ondan təskin, təsəlli və nəvazişlər eşitmədiyini görincə daha ağlamadı. Göz yaşı bir silah olaraq Toğrula əsər etmədiyindən bütün kin və inadını gözlərinə yığıb Toğrulu süzdü:
– Mənim gözlərimin içinə yaxşı bax, – dedi, – görünür ki, sən məni yenə də lazımınca tanımadın. Bir qadın səni taxta oturtmağı bacararsa, taxtdan düşürməyi də bacarar. Sən bu sözləri daima qulağında saxla. Mən olmasaydım, sən yenə də Atabəy Məhəmmədin əlinə göz dikəcəkdin. Səni əlahəzrət mərtəbəsinə çıxaran mən oldum. Biləks, sən yenə də haman səfil və haman sərxoş idin.
Nankor! Sən bu dodaqlara and içməmişdinmi? Sən mənim oğlumun vəliəhd elan ediləcəyinə vədə verməmişdinmi? Mən sənin üçün nələr etmədim... Mən olmasaydım, səni xəlifə Nəsirəddinbillahın qapısından içəri buraxardılarmı? Mən olmasaydım, Atabəy Məhəmməd sənin gözlərinə mil çəkdirməmişdimi? O gözlər mənə minnətdardır. Sən heç utanmayaraq, yenə də mənim gözlərimə baxırsan.
Mənim mükafat verdiyim zaman əlim çox açıqdır. Lakin mükafatı geri aldığım zamanda da həddindən artıq xəsisəm. Sən, Bəhram şahla, Xarəzmşahlar və iraqlılar ilə bağladığımız müqaviləyə əməl etməlisən. Onlara verilən vədə yerinə yetirilməlidir. Dodaqlarıma içdiyin anda əməl olunmasını tələb edirəm.
Toğrul qəhqəhə ilə gülərək, Qətibəyə cavab verdi:
– Sərxoşluqda danışılan sözləri ayıq ikən xəyala gətirməyin özü də bir sərxoşluqdur. Bir dəfə sən mənim, bir dəfə də mən sənin dodaqlarından öpdüm. Gözəl qadın, qızğın şəhvət və qırmızı şərabın qarşısında verilən vədələrin nə kimi bir etibarı ola bilər? Onda mən səfil idim, indi isə əlahəzrətəm. Onda sən möhtəşəm bir mələkə idin, indi isə aldanmış və ərini öldürmüş bir qadınsan. Həm də yalançısan. Sən xatırla, gör mən səni son dəfə öpdüyüm zaman nə demişdin?
– Mən sənə heç bir söz dəməmişdim.
– Əcəba, sən bu qədər yüngül bir qərarı yadından çıxardığın halda, mən o qədər böyük vədləri unutmağa haqlı deyiləmmi?
– Mən verdiyim vədələri heç bir zaman unutmaram.
– Sən mənim qollarımın arasından sıçrayıb çıxdığın zaman “dalısı sonra” dəməmişdinmi?
– Demişdim.
– Hələ o “sonra”nın vaxtı gəlməmişdirmi?
– Xeyr, hələlik gəlməmişdir. Əcəba, öz ərimi öldürüb səni taxta əyləşdirməyim kifayət olmadımı?
– Taxta əyləşmək kifayət deyil, taxtı özümə təhkim etmək üçün yenə də çalışmaq lazımdır. Qızıl Arslan hələ diridir. Bu gün mən səninlə izdivac edər və oğlunu Azərbaycan vəliəhdi elan edərsəm, sabah xalq Atabəy Məhəmmədin qanının məsuliyyətini mənim öhdəmdə qoyub bu məmləkətdən sürgün edər. O zaman sənin mənə verdiyin taxt-tacın ömrü çox az olar.
Sənə sual verirəm: biz bu tezliklə evlənərsək, bu tezliklə sənin oğlunu vəliəhd elan edərsək, Qızıl Arslan buna nə kimi bir nəzərlə baxa bilər? Bizim bu izdivacımız Qızıl Arslana qarşı bir ittifaq kimi təbir edilməzmi? Sən bu tələsməklə Şərqdə ikinci bir rüsvayçılığa səbəb ola bilərsən. Sən heç bir vaxt mənə minnət qoyma. Hərgah mən bu taxt-taca sahibləndimsə, öz həqiqi irsimə sahibləndim. Sən “Toğrula taxt-tac verdim” – deyə məğrur olma! Sən bir xanədanın başçısını məhv etdin. Mən sənin məmləkət düşmənlərinə verdiyin vədələrə vəfa edə bilməyəcəyəm. Tutaq ki, Fars və Kirmanı Bəhram şaha verdik, bir saatlığa sənin sözünə baxıb Xorasan və Mərvi Xarəzmşahlarına güzəştə getdik, Mosil, Həmədan və Bağdad qapılarına qədər iraqlılara bağışladıq. O zaman bu taxt-tacı harada qurmalıyıq?
Qətibə heç düşünmədən:
– Azərbaycanda! – dedi.
– Azərbaycan bizim deyil. Orada Qızıl Arslan kimi hökmdar vardır. O bir dəfə “atlanın!”, – desə, Azərbaycandan yüz min atlı səfərə çıxar. Mən inkar etmirəm. Sən qardaşımı öldürdün, onu bizim əlimizdən aldın. Yerində isə Toğrulun oturmasına səbəb oldun. Lakin onu bil ki, Toğrul heç bir zaman Atabəy Məhəmməd ola bilməyəkdir. Mən onu öz yerimdə qoyduğum zaman onun məmləkət üçün dəyərli bir hökmdar olduğunu nəzərə almışdım. Lakin iki şey məni onunla dostanə yaşamağa qoymadı: biri həsəd, ikincisi isə, bu məmləkətin düşmənləri.
İndi özün yaxşı mülahizə et, sənin özün o düşmənlərin cərgəsində deyilsənmi? Sənin məmləkətə vurduğun zərbəni nə iraqlılar, nə də xarəzmlilər vura bilməzdi. Mən səndən çox rica edirəm ki, mənim taxt-taca yetişməyimə kömək etdiyini xatırlatdığın zaman qardaşımı öldürdüyünü tez-tez xatırlatma. Bu, bizim dostluğumuzun pozulmasına səbəb ola bilər, çünki o mənim əziz qardaşım və anamın oğlu idi. Biz bu məmləkəti onun qılıncının sayəsində ələ gətirmişdik.
Qətibə Toğrulun danışdıqlarına çox böyük əhəmiyyət verdi, çünki bu sözlərlə Toğrulun onu təhdid etdiyini anlayırdı. O bu təhdiddən təkan yedi, çünki Toğrul onu qardaşının qətlində töhmətləndirib məhv etdirə də bilərdi.
Lakin Qətibə onun: “Mənim qardaşımı öldürdüyünü tez-tez xatırlatma, bu bizim dostluğumuzun pozulmasına səbəb ola bilər, çünki o mənim qardaşım və anamın oğlu idi” – deməsini cavabsız qoya bilmədi və istehza ilə:
– Əlahəzrət zəhərli ülgücü hazır etdiyi zaman Atabəyin qardaşı və anasının oğlu olduğunu düşünməli idi, – dedi.
Qətibənin bu sözündən sonra Toğrul söhbətin ahəng və mündəricəsini tamamilə dəyişdi:
– Əvvəla, bu cinayət sənin və ya mənim tərəfimdən baş versə də, bir xəyanətdir. Çünki biz bununla nə şəxsi, nə də ümumi vəziyyəti dəyişdirə bilməzdik. Lakin xəyanət həyata keçəndən sonra bizim bir-birimizi təqsirləndirməyimiz hər ikimizin məhvinə səbəb ola bilər.
Qətibə onun sözünü yarımçıq qoyaraq:
– Bunun üçün vədələrə vəfa olunmalıdır, – dedikdə, Toğrul cavabında:
– Bu ancaq, vəziyyət tamamilə təmin ediləndən sonra mümkündür, – dedi.
– Əcəba, sənin əlahəzrətlik mərtəbəsinə yetişdiyin, vəziyyətin təmin olunması kimi mənə edilmirmi?
– Xeyr, edilmir, çünki hələlik Qızıl Arslanın nə düşündüyü məlum deyildir. Hər şey bu vəziyyət aydınlaşandan sonra bəlli olacaqdır. Vədələrim yerində qalır, həyata keçirilməsi üçün əlverişli bir zaman gözləməliyik. O dodaqlara and içmişəm, yenə də içirəm.
Toğrul bunu deyərək, dodaqlarını Qətibənin dodaqlarına dayadı, lakin hər iki dodaq bir-birini aldatmaq istədiyini bilirdi. O dodaqlar bir-birindən ayrıldığı zaman titrəyirdi, o titrəyişlər bir məna və bir mündəricə daşıyırdı. O dodaqların ikisi də bu sözü deyirdi: “Nə qədər ki, sən sağsan, mən diri qala bilməyəcəyəm”.
Qətibə Toğrul ilə münasibəti aydın elədikdən sonra özünün tamamilə aldandığını və böyük səhv buraxdığını anladı. O, başqalarını öz məqsədinə alət etmək istərkən, özünün ucuz bir alət olduğunu hiss edərək hönkür-hönkür ağladı. Lakin gec idi. O bir daha Atabəy Məhəmmədi dirildə bilməyəcək idi. Bir daha böyük bir padşahlığın mələkəlik şərəfini mənimsəməyi bacarmayacaqdı. Onun istinad edəcəyi bir kimsə qalmamışdı. Onun ümidi iki nəfərə idi: onlardan birisi Hüsaməddin, o birisi də azad etdiyi cariyəsi Səba xanım idi. Lakin Hüsaməddin ondan küsmüş, Səba xanım isə Atabəy Məhəmmədin ona bağışladığı Qasımabad malikanəsində oturub özü üçün saray tikdirməklə məşğul idi. Hüsaməddin tamamilə Toğrul tərəfinə keçmişdi. Toğrulun silahlı qüvvələri tamamilə Hüsaməddinin əlində idi. Qətibənin ona təkrar-təkrar: “Ancaq Atabəyi öldürəndən sonra məni öz qollarının arasında görəcəksən” – deyə verdiyi vədələr yalan çıxmışdı. Onun Toğrula ərə getmək istədiyini bildiyi zamandan bəri Hüsaməddin Qətibədən kənar çəkilmiş və ona qarşı intiqam hissləri bəsləməyə başlamışdı.
Qətibə vəziyyəti düşündüyü zaman, Hüsaməddinə göstərdiyi etinasızlığı özü üçün ikinci və böyük bir səhv hesab edirdi. O düşünürkən hələ qızlıq vaxtında Hüsaməddinin dediyi bir cümləni xatırladı:
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-aldanis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dünyada heç bir çətin iş yoxdur ki, müsəlmanın əlindən gəlməyə. Əgər müsəlman milləti istəsə dağı dağ üstünə qoyar. Amma biz görürük ki, müsəlmanlar həmişə hər bir işi yarımçıq qoyub heç bir barədən tərəqqi tapmayıblar.Bunun səbəbi odur ki, müsəlman tayfası həmişə dağınıq olub, heç bir işdə fikir və əməllərini birləşdirib müttəfiq olmayıblar.
Qafqazda idareyi-məşrutə(Politika söhbəti)*Həşdat il bundan irəli rus qoşunları İrəvan və Naxçıvan mahalında İran sərbazları ilə dava eləyəndə rus sərkərdəsi məşhur Paskeviç, Nikolay padşaha bu məzmunda bir teleqram göndərmişdi:
İbadətHərdən bir mənim xəyalıma bir belə şey gəlir: cənab molla Yusif Talıbzadə kitabında yazır ki, məscidə daxil olanda gərəkdir sağ ayaq ilə daxil olmaq və xaric olanda sol ayaq ilə çıxmaq.Mən bu sözləri oxuyandan sonra öz-özümə dedim ki, bundan sonra əlbət gərək bu nəsihətə əməl sliyəm.
Ana diliHərdən bir mənim xəyalıma bir belə şey gəlir:Mən universitet, yə’ni darülfünundan tazə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazısı axund molla Səbzəli gəldi bizim evə, mənim görüşümə. Evimizdə heç kəs yox idi anamdan savayı. Bu övrət də çıxdı o biri otağa və qazı ilə biz başladıq söhbəti. Deməyinən yazıq anam da qapının dalında durub qulaq asır.
Стихи других поэтов
Əlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəbHəvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
ÇarpaGet dolanginən, xamsən hənuz,Püxtə olmağa çox səfər gərək.