Arşak Surenyans
Страница 1 из 2
Mən bir az yubanqmışdım, saat 1-in yarısı idi. Biz Ksenya ilə tam saat 12-də görüşməli idik. Hava soyuq idi, qızı gözləməyə məcbur etmişdim, küçələrdə olan böyük izdiham mənim bu qədər təxirlə getməyimə səbəb olmuşdu.
Mən uzaqdan qızı gördüm. O tərəf-bu tərəfə baxa-baxa dolanırdı. Soyuq ona təsir etmişdi: qalın paltar geyindiyinə baxmayaraq, yenə də ayağının birini götürüb o birisini qoyurdu.
Mən onun yanına gəldikdə o, nazik əllərini əlcəkdən çıxarıb əlimi sıxdı. Mən onun danışmağına imkan verməyərək üzr istədim.
– Xanımın özü vəziyyəti gördü, indi elə bir zaman deyil ki, insan asılı olmamağı bacarsın, küçələrdəki izdihamı görürsünüz. Dəstələri yarıb keçmək mümkün deyil. Yubanmışam, sizə əziyyət vermişəm, gərək məni bağışlayasınız.
Ksenya donmuş və titrək dodaqlarını açaraq:
– Siz nə söyləyirsiniz? – dedi. – Mən əminəm ki, sizdə insanı acıqlandırmaq və insanın narazılığına səbəb olmaq üçün heç bir xüsusiyyət yoxdur. Siz xalqın məhəbbətini qazanmaq, xüsusən qızların ruhuna uyğun söhbətlər etmək və sizinlə danışanların kədərlərini unutdurmaq üçün yaranmışsınız. Sizi sevməyən, sizə hörmət bəsləməyən ürəklər insan köksündə olsa da, insan ürəyi deyildir. Lakin mən bugünkü görüşdə sizə əziyyət verməyə və bu soyuq havada sizi saxlamağa məcburam, gərək bunun üçün siz məni bağışlayasınız.
Qız bunları deyərək yalvarıcı bir surətdə gözlərimə baxırdı, mən elə zənn edirdim ki, qız yenə də öz şəxsi işi üçün gəlmişdir.
Bu fikirlə də:
– Hər cür xidmətiniz olursa hazıram! – dedim. – Nə qədər soyuq olursa-olsun sizinlə bərabər olmaq mənə hər şeyi unutdurur.
Mən danışdıqca qız da xəfif surətdə gülürdü. Yəqin ki, o da mənim onu lazımi qədər anlamadığımı hiss edərək gülməyə başlamışdı. Lakin küçədə gəzişib azad danışmaq üçün yalnız qatı soyuqlar deyil, xalqın gediş-gəlişi də mane olurdu.
Qız yenə də gülümsünərək:
– Mənim haram var ki, orada görüş təyin edə bilim? – dedi.
– Elə bir yeri mən özüm təyin etmiş olursam siz etiraz etməzsiniz ki?
– Siz öz nöqsanınızı məndəmi görmək istəyirsiniz? Mən Culfada sizinlə birlikdə vaxtımı keçirmək istərkən siz ondan boyun qaçırmadınızmı? Mən sizin təmiz vicdanınıza inanıram. Ona da əminəm ki, siz mənim bu inamımı doğruldacaq qədər namuslu və möhtərəm bir adamsınız. İndi buyurun!..
– Mən də sizin bu inamınızı doğrultmağa söz verirəm. Siz ona inanın ki, mənimlə tanış olanlar və məndən ayrılanların hamısı unudulmaz bir xatirə ilə ayrılmış və mənə qarşı unudulmaz bir məhəbbətlə yaşamışdır. Hərgah xanım qız icazə verərsə, biz daim Arşak Surenyans cənablarının evində görüşərik.
Qız təəccüblə soruşdu:
– Hansı Arşak? Bizə pərəstar olan Arşakmı?
– Bəli, həmin Arşakdır. Mən onun namuslu bir zat olduğuna inanıram, zəngin və sevimli bir təbiətə malikdir.
– Heç də etirazım yoxdur.
– Elə isə bir az dayanın, mən fayton çağırım, soyuğun qabağında durmağın mənası yoxdur.
Mən qızdan bir az aralanıb cəbbəxana ağzına gəldim, orada faytonlardan birisini gətirib qızı əyləşdirdim. O, əlcəklərini çıxardı və nazik əllərini mənim əlimə verərək:
– Bax bu əllərim nə qədər üşümüşdür? - dedi, – lakin sizin intizarınızda olduğum zaman bunların heç birisini xatırlamırdım, çünki insan isti və soyuğu düşüncəsi və ürəyi ilə hiss edir, lakin mənim düşüncəm də, ürəyim də sizin yanınızda idi. Buna görə də özümü hiss etmirdim. İndi isə siz gəldiniz, mənim də varlığım özümə qayıtdığı üçün üşüdüyümü hiss edirəm.
Mən bir söz danışmırdım, çünki qızın nə kimi bir məsələdən ötrü məni çağırdığını bilmirdim, çünki mənim onun sözlərinə verəcəyim cavab özünün mənə demək istədiyi sözlərinə də mane ola bilərdi. Soyuqdan qorunmaq üçün o mənim böyrümə qısılmışdı. Onun bütün baxışı və hərəkəti məndən mehribanlıq tələb edirdi. Lakin onun bu tələbinə cavab vermək olmazdı, çünki bu cavab bizim gözəl qızla gələcəkdəki uzun-uzadı sevgi macəramızın zəminəsi ola bilərdi. Buna görə də mən söhbətin mövzusunu dəyişib ondan soruşdum:
– İndi xanım qız buyursun görək öz sevgilisi və gələcəkdə ailə düzəltmək istədiyi ərlə olan ixtilafı həll olundumu?
– Siz qadın heysiyyətini təhqir etməyidəmi bacarırsınız? Bir də mən onunla uyuşa bilərəmmi? O məni təhqir etməmişdirmi?
– Sevginin xüsusiyyətlərindən birisi də odur ki, insana təhqirləri unutdurur, insanı hər bir acılıqla barışmağa öyrədir.
Bu sözlərim qızın qəlbinin tellərinə toxundu, üzümə tərs-tərs baxaraq:
– Fəlsəfəni təhrif etməyin! – dedi. – Sevgi təhqirləri insana unutdurmur. Sevgi insanı bəzən şərəfsizliyə sürüklədiyi üçün insan təhqirin acılıqlarını hiss etmir, çünki təhqiri insana hiss etdirən bir şey varsa, o da şərəfdir. Mən o qədər də şərəfsiz deyiləm ki, məhəbbətimi əxlaqsız bir qadına verən adamla barışa biləm.
– Ən səmimi sevgililər belə səhv edə bilər. Səhvlər nəticəsində ayrılmaq lazım gəlirsə, o zaman dünyada bir-birindən küsüb ayrılmayan insan tapa bilməzsiniz. Ailə həyatı məncə, birdən-birə səmimi olaraq qurulmur, ailə quran iki adamın, yəni kişi və qadının qəlbləri bir-birinə uyğunlaşdıqdan, hərgah təbiri caizsə, iki qəlb bir-birinə aşılandıqdan sonra ailə həyatı doğru və həqiqi yolunu tapmış olur. İndi xanım qız mənə söyləsin görüm, o mənim bayaqdan bəri saydığım mərhələləri keçmişdirmi?
Qız gülərək başını çiynimə qoydu və dərin bir ah çəkərək:
– Sizin saydığınız bu mərhələləri keçmək üçün bütün gənclik zamanlarını çəkişmələrdə sərf etmək lazım gəlmirmi? – dedikdə mən soruşdum:
– Bəs sizin fikriniz nədir? Siz ailə quruluşunu yeni bir bina hesab edərək birdən-birə içinə keçməkmi istəyirsiniz? «Ailə qurmaq? sözü nə deməkdir? Ailə mahir bir sənətkar tərəfindən düzəldilmiş sandıq deyil ki, alıb istifadə etmək olsun. Ailəni iki nəfər naşı və həyata təzəcə atılan, eyni zamanda bir-birini sevən iki adam qurmağa məcburdur. Onlar elə adamlardır ki, xasiyyətcə, şəkilcə, zövq və maraq cəhətincə də bir-birlərinə oxşamırlar. Onların uyuşması üçün, onlarin ümumi bir ailə dili tapması üçün istinad edə biləcəyi yeganə bir vasitə varsa, o da sevgiləridir. Bunun üçün onlar nə cür hərəkət edirlərsə etsinlər, lakin həmin sevginin ləkələnməməsinə çalışmalı, bu istinadgahın laxlamasına imkan verməməlidirlər. Yenə də mən əsas məqsədimə qayıdaraq xanım qıza demək istəyirəm ki, ailə həyatı kiçik səhvlərlə pozulmamalıdır. Gənclikdə səhv olacaqdır. Gənclik şüurlu, həm də dəlidir. Onu təşkil etmək üçün kiçik səhvləri böyük bir maneə kimi qəbul etməməlidir. Gənclik özü ilə bərabər beşikdən və uşaqlıqdan gəncliyə gətirdiyi irsləri özündən təmizləyənə qədər bir çox səhv buraxmağa məcburdur. Mənim özüm də o səhvlərdən buraxmışam, mən də uşaqlıqdan gətirdiyim miraslarla özümdən bir çoxlarını incitmişəm, bir çox işlərdə uşaqlığa layiq hərəkətlər etmişəm. Sizin ailə qurmaq istədiyiniz gənc zabit də belədir, o da özü ilə bərabər uşaqlıq dünyasından gətirdiyi bir mirasın nəticəsi olaraq səhv buraxmışdır.
Qız qalxıb özünü düzəltdi və əlini əlimdən çəkərək:
– Belədir, belədir! – dedi. Mənim böyük və nəcib dostum, belədir! Ailə həyatı çəkişmələr, ixtilaflar, acılar içərisindən süzülüb çıxır, buna şübhəm yoxdur. Lakin bu qədər çəkişmələr nəticəsində doğru və həqiqi bir ailə quranlar öz zəhmətinin məhsulundan istifadə elə bilmir, artıq onlar bu ağır təşkilatı qurmaq işində yorulur və acizləşir, bəs o zəhmətlər nə üçün idi?
– Siz sevginin səbəbini deyə bilsəniz, mən sizin bütün suallarıniza cavab verə bilərəm.
Qız danışmadı, düşünməyə başladı. Mən onun sükutunu pozaraq dedim:
– Sevgi, üçüncü bir adamın dünyaya atılması üçün şirin və ləzzətli bir başlanğıcdır. Ailə həyatındakı zəhmətlər, üçüncü adamı dünyaya gətirmək və onu təşkil etmək, təbiətin tələblərinə cavab vermək gələcəkdə daha bir ailənin yaradılmasından ötrü zəminə hazırlamaq üçündür, çünki insan həm özü üçün, həm də gələcək cəmiyyət üçün yaşamağa məcburdur.
Arşak Surneyansın qapısında faytondan düşüb içəri girdik.
Arşak yetimləri ilə bərabər həyətdə hava almaq üçün gəzirdi. Ksenya, həyətdə bir libasda, bir qiyafədə gəzən qız və oğlan uşaqlarını gördüyü zaman heyrət etməyə bilməzdi, o bu heyrətlə də mənə sual verdi:
– Biz hara gəlmişik?
– Biz cənab Arşak Surenyansın evindəyik, uşaqlar isə onun övladlığa qəbul etdiyi yetimlərdir.
Bunu dedikdən sonra qız bunlarla daha artıq maraqlandı. Uşaqlar onun ətrafına yığışıb danışdılar, nəhayət, uşaqlar öz sənət otaqlarına, biz isə Arşakın otağına keçdik. Arşak əlindən gəldiyi qədər təzə qonağı məhəbbətlə qəbul etdi, onun qoca xidmətçiləri, pərvanə şamın başına dolanan kimi Ksenyanın başına dolanırdılar. Qızın qarşısındakı stolun üstü ağlagəlməz naz-nemətlərlə doldurulmuşdu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-arsak-surenyans
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mənim xəyalıma bir şey gəlir:«Tayms» qəzetəsinin yazdığından belə məlum olur ki, bu il hacıların cibindən otuz milyon manat pul çıxıb əcnəbi paraxod sahiblərinin cibinə girdi.
VurhavurHərdən xəyalıma belə bir şey gəlir:Əgər bir vilayətə yolun düşdü və istəyirsən biləsən ki, bura müsəlman vilayətidi ya yox — bax gör adam döyürlər ya yox. Əgər döyürlər — bil ki, müsəlman vilayətidir.
ZərafətHərdən mənim xəyalıma belə bir şey gəlir.«İrşad»ın sütunlarında gözümüzə sataşdı ki, iki il bundan irəli Bakıda aclar üçün cəm olunan qırx beş min manatın yarısı xərcləndi, amma yarısı hələ xərclənməyib durur.
Töhvəİstambuldan bizə hərdən bir qəribə töhvələr gəlir.Biz indiyədək elə xəyal eləyirdik ki, əbcəd elmini Naxçıvanda Məşədi Həsəndən savayı heç kəs bilmir. Amma indi İstambuldan gələn «Şəms» ruznaməsində oxuyuruq ki, məktəbi-sultaniyyənin məşhur müəllimlərindən ədibi-fazil müəllim Feyzi cənabları bir hədisi əbcəd hesabına çəkib yazır:
Стихи других поэтов
Qanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
در قیامت اگرم زلف تو زنجیر شوددل ز دوزخ میر اندیشه که دلگیر شود