Страница 2 из 2 · 50%

“Möhtərəm mələkə!

Zamanın hadisələri bir-birini təqib edir. Həyatımızın qiymətli günləri ruzigarın dəyirmanında dartılan dən kimi toz olub gedir. Qardaşımın əqlə və siyasətə uyğun olmayan hərəkətləri yalnız düşmənlərin deyil, dostlarımızın da həyatına fəna təsir edir. O, təzə dünya yaratmaq istədiyi islahat ilə köhnə dünyanı da dağıtdı. Dünya qurmaq işində bacarığı olan adamları sürgünə, həbsxanaya alır və dar ağacına qaldırır.

Mələkənin Həmədandan getməsi mənim üçün çox ağır idi, lakin məni təskin edəcək bir cəhət var idi; o da mələkənin Həmədanda əsən küləkli günləri görməməsi idi. Lakin o günlər daha yoxdur. Yenə də mən işi öz sahiblərinin əlinə tapşırmağa başlamışam. Zəhir Bəlxi və Kəmaləddin cənabları da paytaxtdadır. Azərbaycandan Həmədana gətirilən nadinc qoşunların yavaş-yavaş qulaqları burulur. İraqlılardan ibarət çox qüvvətli qoşun dəstələri düzəltmişik. Hər iş öz yerindədir. Olmayan bir iş varsa, o da mələkə həzrətlərinin Həmədanda olmamasıdır. Buna görə də Hüsaməddini Xarəzmdən çağırıb mələkəni paytaxta gətirmək üçün Reyə göndərdim. Bu barədə ixtiyar mələkənin özündədir. Atabəy qəsri təmirdən qurtarıb mələkənin təşrif gətirməsini gözləyir”.

Qətibə məktubu alıb gözlərinə sürtdü və həyəcanla qalxıb otağın o tərəf-bu tərəfini dolaşdı, Hüsaməddin isə oturub öz hərəkətinin aqibətini düşünürdü. O, mələkənin paytaxta getməsindən razı qalırdısa da, onun Toğrul ilə barışmasından heç də razı deyildi. Çünki mələkənin paytaxtı və mələkəliyi ələ almaq istədiyini bilirdi, bu isə ancaq mələkənin Toğrula ərə getməsi ilə mümkün idi.

Hüsaməddin bunları düşündüyü dəqiqələrdə Qətibə də evi dolaşdığı halda fikirləşirdi: “Əvvəlcə mənə Toğrul lazımdır. Onu istədiyim zaman aradan qaldıra bilərəm. O həm qorxaqdır, həm də tez aldanır, Hüsaməddin isə qorxmaz bir adam olsa belə axmaqdır, sevgisi başının bəlasıdır. O, hələ indi də mənə baxdığı zaman Gəncədəki Qətibəni düşünür. Halbuki mənim iyirmi yaşında oğlum bir məmləkətin hökmdarıdır. Hüsaməddinə gələndə adi bir qoşun sərdarıdır. Lakin hazırda o mənim əlimdə oyuncaqdır. O elə xəyal edir ki, bir məmləkətin mələkəsi və bir hökmdarın əzəmətli anası ona ərə gedəcək və onunla soyunub bir yorğan-döşəyə girəcəkdir”.

Qətibə bunları düşünürkən, özü də hiss etmədən qəhqəhə ilə güldü. Bu gülüş Hüsaməddinin sükutunu pozdu, çünki Hüsaməddin də eyni dəqiqələrdə düşünür və öz-özünə deyirdi:

“İndi mən nəyəm?! Əlimdə qoşun yox, vəzifə yox, bir məmləkətin hakimi deyiləm. Qətibə mənim hansı bir mərtəbəmə aldanıb mənə ərə gəlməyə razı olacaqdır? Hazırda onun qapısında yüzlərlə mənim kimi nökərləri və onun oğlunun əli altında minlərlə səcdə edən Hüsaməddinləri vardır: Hazırda başqalarına səadət qazandırmaq üçün alət vəzifəsi bitirməkdəyəm. Qətibə qəlbində mənim üstümə gülür”.

Qətibə də eyni ilə bunları düşünərək bir daha qəhqəhə ilə güldü və yenə də Həmədana nə zaman və nə qayda ilə hərəkət etməsi üzərində düşünməyə başladı.

Hüsaməddini uzun illərin təhqirləri yaxaladı, o ayaq üstündə durduğu zaman böyük güzgüdə öz boy-buxununa baxdı, utandığından tərlədi, bir neçə dəqiqə dərin düşüncəyə qərq oldu və özünə nifrət edərək dedi:

“Bax mən nə idim... Hazırda nə olmuşam?! Mənim sevgim, axmaqcasına sevgim məni hara gətirib çıxardı... Hazırda Qətibə kimdir? Mən, ərini öldürən bir qadını nə üçün sevəydim? Mən Atabəy Məhəmməd kimi bir hökmdara sədaqət göstərməyən bir qadından nə gözləyirəm?! Gözləyəcəyim bir şey varsa, o da təzə cinayətlər, başqaları əleyhinə düzələn sui-qəsdlər, yenə də məmləkətə qarşı xəyanətlər yaratmaq...

Mükafatım nədir? Xalqın lənəti, vicdanımın əziyyəti!

Mən bunun üçün Toğrulu, Qızıl Arslanı da məhv etməliyəm... nə üçün? Adi bir qadın, sədaqətsiz bir qadın üçün. O dodaqlar, məndən başqasının dodaqlarına icazə verən dodaqlar üçün... “Dalısı sonra”... bu nə deməkdir? Aldatmaq, cinayətləri dərinləşdirmək, daha ağır alçaqlığa yol vermək!

Hüsaməddin bunları düşünərək titrədi və qəlbində dedi:

“Yox. Mən daha bundan artıq alçalmayacağam, mən çox da bacarıqsız adam deyiləm, onun mənim əlimin altında sirləri vardır, mən istədiyim zaman onu məhv etdirə bilərəm”.

Hüsaməddin bunları düşündüyü zaman yenə də Qətibəyə tamaşa edirdi. Gənclik onun nəzərində cilvələnir, onu yenə də Qətibənin ayaqlarına tərəf sürükləyir və həqarətin çuxurlarına doğru cəzb edirdi. Buna görə də Hüsaməddin bütün qüsurları sevgidə görür və ona lənət edərək deyirdi:

“Sənə lənət olsun. Sən qəhrəmanları zəncirləyib bir vicdansızın, bir aldadıcının dizi altına verirsən. Cinayətləri doğan, insanları haqsızlığın dar ağaclarında boğan da sənsən. Dinə, peyğəmbərə, Allaha baş əyməyənlər belə ancaq sənin önündə diz çökürlər.

İnsanların rahat həyatına zəhərlər aşılayan, intiqamlar, intiharlar yaradan sənsən.

İnsanların ürəyinin qanından doğulursan, buna görə də qan tökdürməyi, insan öldürməyi, birini o birisinin üzərinə güldürməyi sevirsən. Dünyada sənin sevdiyin bir şey varsa, o da insanların şərəfsizliyi, alçalması, yalvarması və şüurlarının korluğudur.

Sən ən böyük alimlərin başını ən adi bir qadının ayağı altında tapdayırsan. Sənə şeytan ruhu adı verənlər yalan demirlər ki...

Sən böyük bir məmləkəti idarə edən hökmdarların idarəsini adi bir qadının iradəsinə bağlayır və sən bir xalqın müqəddəratını bir qadının saxta gülüşlərinə satırsan. Sən quru və murdar şəhvətdən başqa heç bir şey deyilsən. Bir-birinə zidd olan insanları barışdıran da sənsən, döyüşdürüb ayıran da sənsən.

Sənsən beş dəqiqəlik nəşələrin nəticəsində insanları əbədi fələkətə düşürən, həyatın sonuna qədər inlədən. Sənə qılınc, yalvarmaq, din və vicdan qalib gələ bilmir.

Sən ancaq ölümlə, özü də şərəfsiz ölümlə insanın yaxasını buraxırsan..."

Qətibə birdən-birə dönüb Hüsaməddinə baxdı və onda bir dönüş yaradıldığını dərhal hiss etdi. Ona yaxınlaşaraq:

– Mənim ruhum! – dedi. – Yorulduğunu hiss edirəm, məncə uzunuzadı yolları piyada getmək, yeməmək, içməmək, yumşaq yorğan-döşəkdə deyil, tikanlar və daşlar üstündə yatmaq insanı yora bilməz. Lakin ruhun yorğunluğu düşüncə və ümidsizliyin yorğunluğu olduqca ağır və əziyyətlidir. Mən səndən ayrılıb Rey şəhərinə gəldiyim gündən bəri saydığım ağırlıqların yorğunluğu qarşısında əzilməkdəyəm. Mənim üçün ancaq bir ümid qalmışdı. Sən bilirsən ki intiharla ümidin arasındakı məsafə iki dodaq arasındakı məsafədən daha qısadır. Lakin mən ümidsizliyə imkan verməməyə çalışırdım. Ümidsizlik qalib gəlmək istərkən, ancaq səni düşünür, bununla da ümidlərimi möhkəm edirdim. Ancaq o düşüncələr nəticəsindədir ki, bu gün sən məni öz qarşında və öz sərəncamında görürsən. Qətibə bunları deyərək qollarını açıb Hüsaməddinin boynuna saldı və dodaqlarından öpdüyü zaman: – Ancaq bu dodaqlar vasitəsilə sənin məhəbbətin mənim qanıma daxil ola bilir. Yalnız bu dolaqların vasitəsilə iki sevgi birbirinə aşılanır. Nəhayət, bununla da qaynayıb bir-birinə qarışır, bununla da nəbzlərin vuruşu və ürəklərin çırpıntısı birləşir və bir can iki bədəndə yer tutduğu zaman, sevgilər gözlənilən nəticələri verməyə başlayır. Mənim ruhum! Get-gedə sənə öyrənir və sevgilərini qanıma buraxıram. Mən elə zənn edirəm ki, nəbzlərimizin vurğuları da bərabərləşir. – Qətibə bunu deyərək birinci dəfə öz ağ biləklərini Hüsaməddinin əlinə verdi. – Bax, nəbzin vuruşuna, əlini ver mənə, qəlbin çırpıntısını da nəbzlərin vurğusu ilə ölçə bilərsən.

Hüsaməddin Qətibənin ağ və inci biləyindən tutduğu zaman hər bir şeyi unutmuşdu. On dəqiqə əvvəl baş verən dönüşdən bir əsər belə qalmamışdı, indi isə o öz qəlbində düşünür və deyirdi:

“Dünyada məndən xoşbəxt bir insan harada tapılar?.. Böyük bir məmləkətin məlykəsi əlini, dodaqlarını mənim sərəncamıma vermişdir. Sevgi belə şeydir. Doğrudur, sevgi yalnız sevgini axtarır. Sevginin önündə mərtəbənin, dərəcənin, mənsəb və rütbənin, tac-taxtın əhəmiyyəti ola bilməz. Əcəba, Qətibə qızlığında yoxsul bir şairi sevmədimi? Şairdən ötrü bütün varlığını fəda etməyə hazır deyildimi? Heç vaxt, mənim əvvəlki fikirlərim doğru deyildir. Onun məni sevməsində heç də təəccüb etməli bir şey yoxdur. Sevginin xasiyyəti belədir. Padşah bir naxırçı qızını da sevər, yainki padşahın qızı keçəl bir gədəyə aşiq ola bilər. Sevginin bu xüsusiyyəti də alçalmaq deyildirmi? Halbuki mən nə keçəl bir gədəyəm, nə də ki, naxırçıyam. Mənim qılınclarımın şəfəqi hələ də aranlıların gözlərini qamaşdırmaqdadır. Əcəba, Qətibə mənim qəhrəmanlıqlarımı bilmirmi?!

Qətibə əlini Hüsaməddinin əlindən çəkib dedi:

– Get, rahat ol. Mən də bir az rahat olum, əsas söhbətlər axşam yeməyində!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов