Araz çayının üstündən salınan körpünün o biri başında keçmişdəki kimi qarovul və yoxlayıcı postu var idi. İran məmuru Qara Mahmud xan yenə də öz kürsüsünü orada qoyub oturmuşdu, lakin nə o gəlib-gedənlərə, nə gəlib-gedənlər ona əhəmiyyət verirdi. İran gömrük məmuru artıq yoxlayıcı vəzifəsi deyil, tamaşaçı vəzifəsini daşıyırdı. Çar istilasının təsirləri gömrük məmurlarının damarlarına qədər təsir etmiş, onları müstəmləkə şəraitinə öyrətmişdi. Bizi rus Culfasından İran Culfasına aparan fayton düz-doğru sürüb körpünü keçdi, kimsə onun hara getdiyini soruşmadı və ya soruşmağa cürət etmədi. Mən əcnəbi qiyafətində idim, yanımdakı qız da amerikalıya deyil, rus qızına bənzəyirdi. Buna görə də faytonumuza yaxın düşən olmadı, heç kəs çar istilasının əzəmətini düşürmək və çar təbəəsini ətrafına dolanmaqla onun şərəfinə toxunmaq cürətində bulunmadı..

Biz isə çar təbəəsi olmadığımızdan pasportumuzu vizə etdirməli idik. Pasport idarəsinin qarşısında faytonu saxladıq. Bizi yoxlamalı idilər.

Faytondan düşüb pilləkənlərdən yuxarı qalxdıq. Bizi aşağı rütbəli bir gömrük məmuru qarşıladı. O yaltaqlandı, yarırus, yarıtürk, yarıfarsca:

– Ağa, buyurunuz. Biz sizin sərəncamınızdayıq, – dedi.

İçəri girdik, kiçik, yoxsul, kəsif bir otaq idi. Otağın bir küncündə qoyulmuş yazı masası ən sadə taxtadan qaba bir şəkildə qayrılmış, üstü isə Culfanın qəliz tozu ilə örtülmüşdü. Üstündəki şeylərə gəldikdə bir qələm, bir qırıq mürəkkəb qabı, bir də İran hökumətinin vizə möhründən ibarət idi. Yazı masasının dalında oturan gənc pasport məmuru bizi görüb ayağa qalxdı və bizə yaltaqlanan gömrük məmuruna aciqlanaraq:

– Gədə, məgər şuma heç şərəf və şərm nədarid? – dedi.

Mən ona çar təbəəsi və çar məmuru olmadığımızı bildirərək:

– Mən iranlıyam, xanım qız da amerikalıdır, pasportlarımızı viza etdirmək üçün cənabınıza müraciət etdik, – dedim.

Onun rəngi açıldı, yerində oturdu, pasportları gözdən keçirərək bir ah çəkdi, vizasını qoydu və bizə qaytarırkən:

– Bu imza ilə hər yerə gedə bilərsiniz, bizim imzamızın o qədər də əhəmiyyəti yoxdur, yalnız bu imza kifayətdir, – dedi.

O bu sözləri deyərkən barmağını çar jandarmının imzası üzərinə qoymuşdu.

Oradan çıxdıq. Yolun kənarı ilə gedən İran tacirlərinin çöhrəsində daha başqa hal var idi. Onlar hərbi nəğmə oxuyaraq keçən bir çar məfrəzəsini fərəhlə dinləyərək danışırdılar:

– Çar hökuməti olmasaydı, bizim dərimizi çoxdan soymuşdular.

– Ticarət yavaş-yavaş dirçəlir.

– Belə də olmalıdır, bizimkilərdən fayda yoxdur.

– Baba, nə vətən? Baba, nə istiqbal? Bunlar bizə çörək verməz.

Bu cür sözlərdən çox eşidirdik. Fikir və əqidə etibarilə ruslaşan və istilanın qoynuna girən xırda kapitalistlər, qiyafə etibarilə də dəyişmişdilər. Yayın istisinə baxmayaraq, yaxalıq bağlamış, kostyum geymiş və paltolarını qolları üzərinə salmışdılar.

Miss Hannanın kiçik bloknotuna qeyd etdiyini görərkən onun üç gün əvvəl «İranda xeyriyyə işləri ilə məşğul olacağız, siyasətlə heç bir işimiz yoxdur» sözlərini xatırladım. Amerikalıların İrandakı çar siyasəti ilə maraqlandığını yəqin etdim.

Rus istiqraz bankının maddi himayəsi altına girən və çar jandarmına arxalanaraq İran kəndlisini rahatca soyanların bayram etdiyini hər bir addımda görmək olurdu.

Şose yolunda bir rus onbaşısı ilə bir İran tacirinin söhbətini dinləyirdim. O, rusca danışa bilməsə də, mən onun nə demək istədiyini anlayırdım. Onbaşı çox sağlam bir gənc idi. Tacirin kim olduğunu faytonçudan soruşdum. Daran kənd tacirlərindən Hacı Salman ağa olduğunu söylədi.

Söhbətləri çox maraqlı idi:

– Ваши патишах очен болшой патишах. Я тебе сказал ки мне тибе уважат. Ты хороши человека.

Bunu söyləyərək Hacı Salman soldatın üzünü və çənəsini oxşadı və yenə də sözünə davam etdi:

– Ваши народа сифилизованны народа.

Bu sözü eşidər-eşitməz soldatın tacirə bir şillə vurduğunu gördüm. Onun papağı da yerə düşmüşdü. O yalvarırdı və tez-tez deyirdi:

– Мне тебе плохи ни исказал. Зачем тибе мне бибийот?

Soldat onun yaxasından yapışıb:

– Сифилитик твой отец сукин сын! – deyə onu hara isə sürüyüb aparmaq istəyirdi. Çox adam yığışmışdı, hamı da bilər-bilməz Hacı Salmanı söyür və onbaşını sakit etməyə çalışırdı.

Biz orada durmadıq, faytona oturduq, gördüyüm səhnə qanımı qaraltmışdı. Heç bir söz danışmırdım. Nəhayət, miss Hanna:

– Biz harada düşəcəyik? – deyə sükutu pozdu.

– Burada istirahət ediləcək otel yoxdur, Culfa qərargah şəklini almışdır, – deyə cavab verdim.

– Bəs nə edək?

– Tanış bir adamın evində düşməliyik, – dedim.

– Əlbəttə, bu ancaq sizin üçün mümkündür. Mən isə tanış olmadığım bir adamın evinə necə gedə bilərəm? – deyə qız yenə mənim onu təmin edəcək bir cavab verəcəyimi gözləyirdi.

– Siz onların yaxından tanış olduğu bir adamla tanışsınız, bu da kifayətdir, – dedim.

Faytonumuz poçt-teleqraf müdirinin qapısında durdu. Xanın xidmətçiləri və oğlanları qapıya çıxdı, məni görüncə sevindilər, şeyləri faytondan götürdülər. Uşaqlar analarına xəbər vermək üçün pilləkənlərdən yuxarı qaçdılar.

Burada daha bir təsadüf baş verdi ki, o da xanın ovdan müvəffəqiyyətlə qayıtmasından və bizimlə qapıda təsadüf etməsindən ibarətdir.

Pilləkənlərdən yuxarı qalxarkən onunla görüşdük. Miss Hannanı onunla tanış edib birlikdə yuxarı çıxdıq. Xanın xanımı məni amerikalı qızla görərək güldü və qızı hörmətlə qəbul edərək yıxanmaq və tualetini düzəltmək üçün öz otağına apardı.

Mən xanımın nə üçün güldüyünü anladım və xana müraciətlə:

– «Tanışımız hər səfərində bir qızla gəlir» deyə xanımımız güldü, – dedim, bu sözümü xan da təsdiq etdi və:

– Xanım Ninaya böyük hörmət bəslədiyindən, sizi başqa bir qadınla görürkən gülməyə və şübhələnməyə haqlıdır, çünki onun bizim nə iş gördüyümüzdən və nə məqsəd daşıdığımızdan xəbəri yoxdur, – dedi.


Çağırılan qonaqların hamısı ov kababı yeməyin intizarında idi. Qonaqlar qruplara ayrılaraq, müxtəlif məsələlər üzərində mübahisələr aparırdılar. Siyasi söhbətlər əsas yer tuturdu.

– «Mançester Qardian» qəzeti yanımdadır, qəzet Rusiya və İngiltərənin İranın daxili işlərinə qarışmasını yeddinci il müqaviləsinə zidd hesab edərək, onların istilaçılıq hərəkətinə qarşı protesto edir, – deyə birisi rus istilasının müvəqqəti bir şey olduğunu irəli sürürdü.

İranın tezliklə çar Rusiyasından qurtaracağına şadlanan Mirzə Həsən xan idi.

– «Deyli Nyus» və bundan başqa bir neçə sosialist qəzetləri də rusların İrana soxulmalarına qarşı ciddi bir surətdə protesto etmişdilər, nicat ümidləri getdikcə artır, azadlıq yolunu tanımış bir xalqı əsir etmək mümkün deyildir. Bir də rus səfiri cənab Sabin və İngiltərə səfiri ser Breqli Məhəmmədəli şaha bu barədə qəti söz vermişlər: ölkəmizdə sakitlik olan kimi çar ordusu çıxmağa məcburdur.

Rusiya və İngiltərə səfirlərinin verdiyi vədlərə inanan bu gənc də Rüstəm xan idi.

Qaraşın bir kişi bunların hamısına etiraz edirdi. Bu da Araz körpüsündə oturan Mirzə Mahmud xan idi.

– Biz heç vaxt azadlıq qazanmaq üçün başqalarının yardımına inanmamalıyıq. Bizə tərəfdar çıxan hər bir dövlətin müəyyən bir məqsədi var, bu məqsəd isə bizim faydamıza ola bilməz. Biz öz qüvvəmizi hazırlamalı, nicatı özümüzdə aramalıyıq. Kapitalist dövlətlərinin biri digəri ilə düşmən olduğuna baxmayaraq, yenə də onlar İran kimi yağlı bir tikəni bölüşməkdə sazişə girə bilərlər. İngiltərə və Rusiyanın İran işlərindəki sazişi də bəndənin sözlərini isbat etmiş olur.

Mirzə Məhəmməd xanın sözlərindən sonra söhbət yenə də Təbriz üzərində dayandı.

– Qafqazlılar çəkilib gediblər.

– Bizimkilərdən xəbərim yoxdur.

– Bağır xan, Səttar xan, Tağızadə, Hüseyn Bağban da Osmanlı konsulxanasındadırlar.

– Azadlıqdan dəm vuran ingilislər, Təbrizdə heç kəsi öz himayələrinə qəbul etməmişlər, qapılarını inqilabçıların üzünə bağlamışlar.

Bu söhbətlərdən mən Səttar xanın himayədə olduğunu yəqin etdim. Lakin bu məni təskin etməyirdi, çünki osmanlılar nüfuzsuz, qüvvətsiz olduğundan ingilislərin və rusların tələbi üzərinə Səttar xanı verməyə məcbur ola bilərdilər və ya ruslar həyasızcasına konsulxanaya soxulub Səttar xanı çəkib aparardılar.

Hələ sözarası çar soldat və zabitlərinin evlərinə girib silah almaq bəhanəsi ilə həyasızlıq yapdıqları da danışılırdı. Ayrı-ayrı qrupların uzun söhbətlərini dinləməyə macal yoxdur. Çünki biz də kiçik bir qrup təşkil edirdik. Bizim qrupdakılar: Əmir Həşmət, onun qardaşı Mirzə Əbülqasım xan, Mirzə Məhəmməd xan və bir də poçt-teleqraf müdiri idi.

– Bunların başqa fikri, başqa söhbəti yox idi. Qarabəniz, arıq üzlü, alnının yoğun damarları görünən və göz bəbəkləri titrəyən Əmir Həşmət:

– Xarici düşməni əzmək və həyasız siyasətindən daşındırmaq üçün xalq üsyanı lazımdır, müsəlləh qiyam lazımdır, – deyirdi.

Nahar süfrəsi hazır oldu, qonaqlar süfrə başına dəvət olundu. Söhbətlər kəsildi.

Xanın qadını, miss Hanna ilə bərabər süfrədə iştirak edirdi.

Süfrə başında eşitdiyimiz yeni xəbər məndən artıq miss Hannanı təşvişə saldı.

Xanın xidmətçiləri istila ordusunun baş komandanı general Snarskinin verdiyi əmrnamənin surətini gətirdilər. Əmrnamənin surəti bundan ibarət idi:

«Təbriz və Təbriz yolu üzərində vaqe Azərbaycan şəhərləri hərbi vəziyyətdədir.

Buralarda əhali siyahıya alınmağa başlandığı üçün müsafirlər hərəkatı müvəqqəti olaraq dayandırılır.

Xüsusi əmrim çıxıncaya qədər Təbrizə və başqa şəhərlərə heç kəs buraxılmayacaqdır.

Azərbaycan döyüşən ordusunun baş komandanı

Snarski
14 iyul 1909-cu il».

Bu, yaxşı xəbər deyildi. Əhalini siyahıya almaqda çar jandarmalığının başqa məqsədi vardı. İnqilabda iştirak edən və çar siyasətinə qarşı işləyənlərin siyahısı Snarskinin əlində idi. Əhalini siyahıya almaq bəhanəsi ilə Snarski siyahıda olanların hamısını əldə etməyə çalışırdı. Bizə gəldikdə iki çarəmiz vardı: ya İran Culfasında istidə, tozda qapanıb qalmaq, ya da Rusiya sahilinə qayıtmaq. Mən Rusiya sahilinə qayıtmaq fikrində deyildim, çünki pasport işində yeni əngəl doğa bilərdi. Qızın məsələsi də çətinləşirdi.

Mən bu barədə düşünməyi sonraya qoymaq tövsiyəsində bulunsam da, amerikalı qız sakit olmayaraq:

– Mən başsız, avara qaldım, məhv olacağam, – deyə ağlamaq istəyirdi.

– Siz başsız və yardımsız deyilsiniz, mən sizin rahatlığınız üçün hər bir imkanı yarada bilərəm, – deyə qızı sakit etməyə çalışdım. Qız nicat tələbedici gözləri ilə mənə baxırdı.

Ələkbər yoldaş da:

– Qorxmayın, xanım, kəndimiz yaxındır, yaxşı otaqlarımız, təmiz havamız və rahat olmaq üçün də imkanımız vardır, – deyə onu ovundururdu. Qız isə sakit olmaq istəməyirdi.

– Ekspedisiya üzvləri Təbrizdə, mən isə burada qaldım. Onların nə dərdinədir, əllərində para var, konsulxanadan da hər yardım ala bilərlər, mənim işim isə fənadır, maddi vəsaitim bitəcək, özüm də çöllərdə qalacağam, necə olsun? Nə edim? – deyə qız yol çəkən gözləri ilə əlindəki çəngəl-bıçağa baxırdı.

– Bu sözlərin hamısı lüzumsuzdur. Əvvələn, bu hadisə bizdən asılı deyildir. Çar işğal ordusunun tələbidir, ikincisi isə para və vəsait barəsində heç də düşünməməlisiniz, zəngin bir tacir olmasam da, zəngin bir nüfuzum vardır. O nüfuz sizi və elə də mənim özümü illərcə yaşatmağa müqtədirdir. Biz harada olursa-olsun, tanışlarımızın, rəfiqlərimizin hörmətli qonağı kimi yaşayacağıq, üçüncüsü isə yanımızda aylarca sizi təmin edə biləcək para vardır, öz paramızla da yaşaya bilərik. Heç düşünməyin, rahatınız, əmniyyətiniz, siz düşünməsəniz də, təmin ediləcəkdir.

Mənim bu inandırıcı və cəsarətli sözlərim Hannaya təsir etdi, onun tutulmuş üzü açılmağa başladı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов