“Leyli və Məcnun”
Ölkədəki bəzi narazılıqla əlaqədar olaraq Şirvan xaqanı öz sarayının sənətkar şairi Xaqanidən də şübhələnir və onun haqqında gizli təhqiqat aparılmasına fərman verirdi.
Xaqanın şairi təqib etmək təşəbbüsü bir neçə gün əvvəl Şirvandan qaçıb Gəncəyə gələnlər tərəfindən xəbər verilmişdi. Bu xəbəri Xaqaniyə yetirmək və onun təcili surətdə Şirvandan qaçmasını bildirmək üçün göndərilən qasid, Xaqaninin qayınanası Cahanbanu tərəfindən bu məzmunda bir məktub aparmışdı:
“Mahtab şiddətli xəstədir. Gəncəyə gəlməyin lazımdır.
Cahanbanu”.
Xaqani məktubu alan kimi gecənin yarısında bir nəfər xidmətçisi ilə evindən çıxıb Beloqan tərəfinə yola düşdü. Lakin o, Şirvan hüdudunu keçməyə müvəffəq olmadı. Onu xaqanın əmrinə görə həbsə aldılar.
Xaqani həbsə alınandan bir neçə həftə sonra Nizami Şirvan xaqanının sifariş verdiyi “Leyli və Məcnun” dastanını yazıb bitirmişdi. Nizami yazdığı dastanı xaqana aparıb vermək və əvəzində həbsə alınmış şairi azad etdirməyi düşünürdü. Buna görə də Nizami öz kiçik oğlu Məhəmmədi də yanınca götürüb xaqanın paytaxtı olan Şamaxı şəhərinə yola düşdü.
Şirvan şairləri, ziyalıları Nizaminin Şamaxıya gəlmək istədiyini eşidərkən, onu şəhərin ayağında təntənə ilə istiqbal etdilər. Onları belə qorxulu bir zamanda Nizaminin Şamaxıya nə cürətlə gəlməsi məsələsi düşündürdü.
Nizami bir gün istirahətdən sonra hamama getdi. Xaqanın sarayına getmək üçün təzə libaslar geyindi, oğlu ilə bərabər xaqanın yanına getdi.
Lakin, saray xalqı onu özünə layiq bir təntənə ilə qarşılamadı. O, xaqanın eyvanında bir saata kimi oturub gözlədi. Çünki xaqan nahar yeməyindən sonrakı istirahətindən qalxmamışdı. Nizami bu vəziyyəti gördüyü zaman Şirvana gəlməsindən peşman olmuşdu. Vaxtilə ona elçilər göndərib Şirvana dəvət edən xaqan, indi isə onu saatlarca eyvanda oturub gözlədirdi.
Nizami “Leyli və Məcnun” dastanı qoltuğunda bir qədər oturub gözləyəndən sonra xaqanın hüzuruna dəvət olundu.
Şair otağa daxil olduğu zaman xaqanı öz vəzirləri və əyanları ilə bərabər oturan halda gördü, salam verib dayandı. Xaqan onun salamının cavabını da oturduğu yerində verdi və birinci sözü bundan ibarət oldu:
– Xoş gəlib səfa gətirdin, möhtərəm şair! – dedi və saxta bir təbəssümlə sözünə davam edib danışdı:
– Nə əcəb Şirvan xaqanından qorxmayaraq belə bir qorxulu zamanda bizim sərhədimizi keçdin? Eybi yoxdur, otur.
Şair isə təzim edib oturdu.
Xaqan Nizamiyə sual verdi:
– Sifariş verdiyim “Leyli və Məcnun” dastanını yazıb bitirdinmi?
– Bəli, bitirdim, xaqanın hüzuruna gətirmişəm. Hərgah xaqan nəzərində məqbul görülürsə, mən buradan böyük bir iftixarla qayıdacağam.
Nizami bu sözləri deyərək ipək bağlının içərisindən “Leyli və Məcnun” dastanını çıxarıb xaqana təqdim etdi. Xaqan dastanı açıb ancaq müqəddiməni ucadan oxumağa başladı. Lakin aşağıdakı dörd misranı oxuyub:
“Türki sifəti vəfayi mən nist,
Türkanə sifət səzayi mən nist,
Çün həlqəyi şah yaft guşəm
Əz dil bə dəmağ rəft cuşəm”.
acıqla soruşdu:
– Bu nə deməkdir?.. Mən sənə elçilər vasitəsilə göndərdiyim sifarişləri nə üçün dastanına daxil etdin?! Bundan məqsədin nə idi? Sən bu misraları kitaba əlavə etməklə məni türk dilinin və türk xalqının düşmənimi göstərmək istədin? Demək ki, mənim göndərdiyim bu sifarişin nəticəsində mənə olan düşmənçiliyin odu qəlbindən beyninəmi sirayət etmişdir? Çünki sən fars dilində şeir yazmaqdan iyrənirsən, belədirmi?!
Nizami xaqanın sözünü cavabsız buraxmayaraq dedi:
– Mən özümdən heç bir şey əlavə etmədim. Hazırda xaqan nə cəhətə acıqlanırsa, mən də onun sifarişini aldığım zaman o cəhətə acıqlanmışdım. Çünki hər kəs üçün öz dili, öz xalqı və öz ədəbiyyatı müqəddəsdir.
Xaqan Nizaminin çöhrəsinə təəccüblə baxaraq:
– Səni də tanıdım. Sənin də qanını siyasi fikirlər zəhərləmişdir. Götür kitabını buradan get, bu kimi əsərlər mənim tərəfimdən heç bir mükafata nail ola bilməz. Əbəs yerə bu qədər zəhmət çəkmisən, – dedikdə Nizami ayağa qalxıb kitabı götürdü və dedi:
– Mən bu əsərimi mükafat almaq məqsədilə yazmamışam. Mən bu əsəri ondan ötrü fars dilində yazmışam ki, xaqan həzrətləri həqir hesab etdiyi azəri xalqının nə qədər mədəni, nə qədər qabil və sənətkar olduğunu bir daha bilsin və xaqan bir daha təsdiq etsin ki, belə bir xalq heç bir zaman əcnəbi boyunduruğu altında yaşamağı sevməz.
Nizami bu sözləri dedikdən sonra bir daha təzim edərək sarayı tərk etdi.
Şirvan xaqanı Əbülmüzəffərin vəliəhdi Bağdaddan qayıdıb Şirvana getmək üçün Təbrizə gələcək idi. Tam bu günlərdə Qızıl Arslan Nizaminin yazdığı məktubu almışdı. Nizami məktubunda yazırdı:
“Həşəmətli hökmdar!
Aran ölkəsinin hökumət mərkəzi ilə əlaqəsinin olmaması, Həmədan və Bağdadın isə Şimali Azərbaycandan uzaqda olması məmləkət daxilində olan haqsızlığı bir daha gücləndirmişdir. Bu vəziyyət Şirvan xaqanının da özbaşınalığına imkan vermişdir. Bu saatda onun zindanında minlərcə günahsız azərbaycanlı yatır.
Bu günlərdə şair Xaqani həbs edilmişdir. Onu qurtarmaq üçün Şirvana getdim, xaqanın tapşırdığı “Leyli və Məcnun” dastanını da özümlə bərabər apardım. Əsərin müqəddiməsi xaqana xoş gəlmədiyindən məni təhqir edib qaytardı. Xaqanini qurtarmaq mümkün olmadı. Xaqan özünə qarşı təşkil edilən sui-qəsddə Xaqani şairin də iştirak etdiyini zənn edir.
Əmir İnanc şimali azərbaycanlıların Qızıl Arslan tərəfdarı olduqlarını əlində ünvan tutaraq aranlıların hüququnu müdafiə etməkdən boyun qaçırır”.
Qızıl Arslan bu məktubu alandan iki gün sonra Şirvan xaqanının vəliəhdi Təbrizə varid oldu. Qızıl Arslan Şirvan vəliəhdinə Azərbaycanın silahlı qüvvəsini göstərmək üçün Cənubi Azərbaycan qoşunlarının Yanıq, Sərd-rud və Təbriz arasında yığışmasına əmr vermişdi.
Təbrizdən Yanığa qədər vəliəhdin keçəcəyi yollar qiymətli xalılarla döşənmişdi.
Vəliəhdə nahar yeməyi vermək üçün Yanıq çeşməsinin ətrafında yüzlərcə çadır qurulmuşdu. Vəliəhdə məxsus qırmızı ipəkdən qurulan çadırın başında qızıldan düzəlmiş böyük bir qübbə vurulmuşdu. Yüzlərcə qızıl kəmərli qulam çiyinlərində qızıl əmud çadırın sağ-solunda düzülmüşdü.
Ürmiya, Xoy, Mərənd, Qaradağ və Xümsə mahalında yığılan yüz min nəfər gənc atlı, Şirvan vəliəhdini Kavkan şəhərindən gətirib Yanığa doğru müşayiət edirdi. Yanıqda Şirvan vəliəhdini Qızıl Arslanın vəziri Şəmsəddin qarşıladı və Qızıl Arslanın salamını ona yetirdi.
Vəliəhd öz çadırında bir-iki saat istirahət etdikdən sonra, nahar etmək üçün böyük çadıra gəldi. Yüzlərcə ipək geyimli və zümrüd xalxallı cariyə vəliəhdin xidmətində idi. Nahar yeməyi bitdikdən sonra Təbrizə doğru hərəkət başlandı. Vəliəhd Təbriz ətrafını lazımınca səyahət etmək üçün taxt-rəvanla yox, at ilə getmək istədi. Ona dərhal bir Qarabağ atı təqdim etdilər. Vəliəhd və onun ətrafında gedənlərin atları ipək xalçaların üstündə gedirdi.
Qızıl Arslan vəliəhdi Təbriz altında istiqbal edib, gənc vəliəhdin alnından öpdü və onu öz sarayına gətirdi.
Qızıl Arslan vəliəhdi sarayda qonaq adına on beş gün saxlamağı qərara almışdı. Qızıl Arslan bu müddətdə Şirvan xaqanı Əbülmüzəffərə bu məzmunda bir məktub göndərdi:
“Əlahəzrət!
Əmir İnancın xəyanəti nəticəsində Şimali Azərbaycanın idarə işlərində ciddi bir qarışıqlıq yaradılmış, bunun nəticəsindədir ki, əlahəzrət xaqan da bir çox aranlıları həbsə aldırmışdır. Mən bu gündən etibarən Əmir İnancın özbaşınalığına imkan verməmək üçün Aran işlərini öz əlimə almağa və sizinlə Aran xalqı arasında mövcud olan ixtilafı həll etməyə başlamağı qərara alıram. Sizə məlumdur ki, Azərbaycanın rəsmi hökumət mərkəzi Təbrizdir. Hərgah əlahəzrət Əmir İnanca müraciət etməyərək hər bir ixtilaflı məsələdə Təbrizə müraciət etsəydi, iki hökumətin arasında bu qədər böyük ixtilaf çıxmaz, iki ölkənin xalqı da bu qədər zərərdidə olmazdı. Zənn edirəm ki, əlahəzrət hər iki hökumətin mənfəətlərini nəzərə alaraq aşağıda qeyd etdiyim bir neçə məsələnin həlli üçün iradə sadir buyurar.
Əvvəla, nə qədər ki, əlahəzrət vəliəhd Təbrizdə qonaqdır, ixtilaflı məsələləri həll etmək üçün vəkalətli bir heyət göndərəsiniz, əlahəzrət vəliəhd də məsələlərin həllində iştirak edə bilsin.
İkinci, Şirvanla Azərbaycan arasında mövcud olan torpaq və sərhəd məsələlərini danışmaq üçün göndərəcəyiniz heyətə tam bir vəkalətnamə əta buyurasınız.
Üçüncü, həbsə alınanların azad edilməsinə fərman sadir etməklə onların təqsirini və onlara dəyən zərərləri təyin etmək üçün göndərəcəyiniz nümayəndələrə tapşırıq verəsiniz.
Dördüncü, əlahəzrət lütfən Xaqani şairin səfər hazırlığını və istirahətini təmin etdirib Təbrizə göndərilməsinə icazə versin”.
Əbülmüzəffər bu məktubu alan kimi Qızıl Arslanın nə demək istədiyini dərhal anladı. O, oğlunun qonaq deyil, girov saxlandığını təyin etdi. O heç bir kəslə məsləhətləşmədən dərhal azərbaycanlıların həbsdən azad edilməsinə əmr verdi. Xaqanini isə həbsxanadan azad etdirib xələt verdi və yol hazırlığını bitirib böyük bir təntənə ilə Qızıl Arslanın yanına göndərdi.
Sülh məsələlərini danışıb, sərhəd işlərini nizama salmaq üçün o, Təbrizə on nəfərdən ibarət bir heyət yola saldı.
Heyət Şirvandan hərəkət etmədən qabaq vəliəhdin qasidi Əbülmüzəffərə bu məzmunda bir məktub gətirdi:
“Əlahəzrət!
Dörd gündür ki, Təbrizdəyəm. Özümə göstərilən ehtiram və Təbrizdə gördüyüm istiqbal təntənəsi Şərq tarixində görüb oxumadığım yeganə bir hadisədir. Demək olar ki, Azərbaycan atabəyliyinin əsasını Həmədan şəhəri deyil, Təbriz təşkil edir. Burada gördüyüm sərvət, qoşun, təntənə, cəlal və əzəmət Həmədanda gözümə dəymədi. Hazırda mənə yüz nəfər qızıl kəmərli qulam və yüzlərcə zümrüd xalxallı və almaz gərdənbəndli cariyə xidmət edir. Mən Təbrizə varid olduğum gün əlahəzrətin və mənim ömrümə dua edilməsi üçün Qızıl Arslan xəzinənin ağzını açdırıb Təbriz fəqirlərinə hədd-hesaba gəlməyən sərvət payladı. Bir nəfər də olsa ehsan almayan yoxsul qalmadı. Mən Təbrizə axşam qaranlığında daxil oldum, bütün şəhər çırağban edilmişdi. Şəhər xalqı əllərində lalə şüşəli şamdanlar mənim istiqbalıma çıxmışdı. Mən indiyə qədər Qızıl Arslan qədər mərhəmətli, adil, mülayim, bilikli və elmli bir hökmdar görməmişəm. Mən Təbrizə gəldiyimin ikinci günü məşhur Şərq şairi və alimi Zəhir ibn Tahir, ibn Məhəmməd Fəryabi Qızıl Arslanı ziyarət etmək üçün Təbrizə gəldi, onu möhtəşəm bir hökmdar kimi istiqbal edib saraya gətirdilər. Mən bu gün nahar yeməyini Mücirəddin Beləqanlı, xacə Cəlal Dərəkanı, həkim Suzəni Səmərqəndi, xacə Mahmud Şahsəncan, Rəşidəddin Vətvat və sair alimlər, filosoflar və şairlərlə birlikdə yedim. Qızıl Arslan məclisinin bir səmtində siyasətşünaslar, bir tərəfində filosoflar, o biri tərəfində alimlər və şairlər oturur, çünki hökmdar həm filosof, həm alim, həm siyasətşünas, həm də şeir və ədəbiyyat maraqlısıdır. Əlahəzrət icazə versəydi, bir neçə gün Qızıl Arslanın sarayındakı bu ruhani həyatdan həzz alardım. Mən dünyada elə bir şəxsiyyət bilmirəm ki, Qızıl Arslanla bir saat oturandan sonra onu sevməsin. O məni doğma oğlu kimi sevdi, rahətimi təmin etmək üçün görülən təşəbbüsləri şəxsən hökmdarın özü yoxlamaqdadır. Əlahəzrətə səmimi salam yazmaq üçün dəfələrlə mənə tapşırdı”.
Əbülmüzəffər vəliəhdin məktubun alandan sonra Qızıl Arslanla əlaqənin tamamilə dəyişməsinə qərar verdi. Hətta Nizamini təltif etmək üçün Şirvana dəvət edərək “Leyli və Məcnun” dastanını dübarə gətirməsini rica etdi. Bu dəvətin cavabında isə Nizami:
“Xəstəyəm, yola çıxa bilmərəm”, – deyərək dastanı oğlu Məhəmmədlə bərabər Şirvana göndərdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-leyli-ve-mecnun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Teatrın foyesidir, foye lazımı qədər işıqlanmamışdır.*Durna** — *(Dilbər ilə bərabər zaldan çıxırlar)* Afərin Qəhrəmana! Gözəl danışdı. Bu mə’ruzə iclasda olanların hamısını hazırkı qələbəmizə inandırdı. Həm də bir tərəfli tənqidçiləri lazımınca ifşa etdi. Sən əbəs yerə onunla bir yabançı kimi rəftar edirsən.
Yeddinci pərdəOxuyan qız. Firəngizin tualet otağıdır. Otaqda heç bir kəs yoxdur, zaldan alqış səsləri eşidilir. Azdan sonra Firəngiz daxil olub güzgünün qarşısında oturur, saçlarını səhmana salır. Bu əsnada bir dəstə adam əllərində gül dəstələri daxil olur.*Birinci adam** — Mühəndis dəstəsi tərəfindən *(gül dəstəsini qoyur).*
Səkkizinci pərdəMexaniki sexin qarşısıdır, hər tərəf çiçəklərlə və rəhbərlərin şəkilləri ilə bəzənmişdir. Sexdən dəzgahların işləmək səsləri eşidilir.*Mirzə Teymur** — *(Mirzə Əhmədlə bərabər gəlir)* Bir neçə gündür ki, özüm-özümdən iyrənirəm. Çünki xalqın mənə nifrət bəslədiyini bilməmiş deyiləm. Nə üçün mən işi bu dərəcəyə çatdırdım. Tutaq ki, Durnanın məni rədd etdiyi üçün onu təhqir edirdim. Əcəba Qəhrəman mənə nə yamanlıq etmişdi? Firəngiz macərasını nə üçün yaratdım?
Bu da bir mö’cüzə(Kollektiv təsərrüfat həyatına dair iki pərdədə musiqili teatr əsəridir.)*Əsərdə iştirak edənlər
Стихи других поэтов
Tanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
GəlmədiGecə-gündüz yollarına baxaram,Hanı mənim barabarım, gəlmədi.
Son anındaAxır nəfəsinə yetişmədim mən,Son dəfə bağrıma basmadım onu.