Yeddinci pərdə
Oxuyan qız. Firəngizin tualet otağıdır. Otaqda heç bir kəs yoxdur, zaldan alqış səsləri eşidilir. Azdan sonra Firəngiz daxil olub güzgünün qarşısında oturur, saçlarını səhmana salır. Bu əsnada bir dəstə adam əllərində gül dəstələri daxil olur.
Birinci adam — Mühəndis dəstəsi tərəfindən (gül dəstəsini qoyur).
İkinci adam — İşçi qadınlar tərəfindən.
Üçüncü adam — Zavodun direktorluğu tərəfindən.
Dördüncü adam — Həmkarlar ittifaqı şö’bəsindən.
Gedirlər.
Firəngiz — (özünü gül dəstələrinin arasında görüb şadlanır) İllərdən bəri məni məşğul edən şirin xəyallar həqiqət şəklinə keçir. Arzularım çiçəklənir. (Gül dəstələrini götürüb qoxulayır) Bunların hər birisi böyük xalqımın öz sənətkarına qarşı bəslədiyi məhəbbətin möhtəşəm bir mücəssəməsidir. Ah, bu günkü şadlıq son dörd il ərzində keçirdiyim kədərli günləri unutdura biləcəkdirmi? (Oturub tualetlə məşğul olur).
Xidmətçi qadın — (daxil olur) Bir nəfər gəlib xanımla danışmaq istəyir. İcazə verirsinizmi?
Firəngiz — O kimdir? Nəçidir?
Xidmətçi qadın — Kimliyini söyləmədi, amma burada olan adamdır. Çox da həyəcanlıdır, görünür ki, sizinlə görüşməyə çox maraqlanır.
Firəngiz — Get mənim dilimdən ona söylə ki, bağışlasın. Mən səhnə arxasında tanış qəbul edən aktrisalardan deyiləm. (Qadın gedir) Bəlkə də bir çoxları bunu özü üçün bir şöhrət hesab edir, amma mənim xoşuma gələsi iş deyildir. (Tualetini düzəltməyə başlayır).
Xidmətçi qadın — (gəlir) Sizin dediklərinizi ona xəbər verdim. Cavabında dedi ki, mən onunla tanış olmağa gəlməmişəm. Onunla mühüm bir məsələ barəsində danışmağa gəlmişəm.
Firəngiz — (gülümsəyir) Bir daha zəhmət çəkib ona söylə ki, mən bura məsələ həll etmək üçün gəlməmişəm. Oxumaq üçün gəlmişəm. Rica edirəm qoy mühüm məsələsini başqa bir adamla həll etsin.
Xidmətçi qadın — Baş üstə! Amma çox vüqarlı adama bənzəyir. (Qadın gedir, Firəngiz özü-özünə) Bura Azərbaycandır. Tutum ki, Qəhrəman məhv olub, onun ailəsi ki, məhv olmamışdır. Onlar mənim Azərbaycana gəldiyimin birinci günündən başqaları ilə tanış olduğumu eşitsələr nə deyərlər?
Qadın — (gəlir və gətirdiyi kiçik məktubu Firəngizə uzadır) Bu məktubu haman adam verdi.
Firəngiz — (məktubu alıb oxuyur) Firəngiz, sənə məktub göndərən çoxdan bəri unutduğun Qəhrəmandır. Sənin Azərbaycana gəldiyini bir neçə dəqiqə bundan əvvəl eşitdim. (Həyəcanla qalxır) Bu hansı Qəhrəmandır? Gözlərimə və qulaqlarıma inanmıram. Yazı onun yazısıdır. Aman! Mən yuxumu görürəm? Bu nə dəhşətli təsadüfdür?
Xidmətçi qadın — Özünüzü ələ alın, xanım!
Firəngiz — Mən nə üçün onu da, özümü də cəzalandırdım? Nə üçün onun saf və səmimi sevgilərini xəyanətlə qarşıladım? Mən nə kimi bir vicdanla onun gözlərinə baxacağam? (Ağlayır).
Xidmətçi qadın — Sakit olun xanım, bir az sonra səhnəyə çıxacaqsınız. Buyurun görüm, ona nə cavab verim?
Firəngiz — Get ona söylə ki, xanım xahiş edir ki, bir neçə dəqiqə zəhmət çəkib gözləsin. Ona qədər siz də bir istəkan su gətirin! (Qadın gedir, Firəngiz həyəcanla otaqda dolanır).
Xəzan vurmuş bir çiçəyəm lələzarımda,
Bir dəhşətli külək əsir damarlarımda.
Gəlib keçir nəzərimdən keçdiyim dünya
Nədir məni çırpındıran dəhşətli rö’ya?
Ey yer, yarılıb məni qoynuna çək! Ey ölüm, gəl məni bu həqarətli diriliyin əlindən xilas elə. (Oturub bayılır).
Qadın əlində bir stəkan su gətirib Firəngizi bayılmış görüb qışqırır.
Xidmətçi qadın — Fəlakət, fəlakət!
Bu əsnada qapı açılır, Qəhrəmanla Dilbər daxil olur.
Dilbər — (Firəngizi bayılmış görüb başını sinəsinə alır, ağlayır) Firəngiz, yalvarıram özünə gəl! Ayıl! Sənin yanında oturan Dilbərdir. Məktəb yoldaşındır. (Onu öpür və saçlarını sığallayır).
Qəhrəman — (Firəngizə baxaraq) Ah, bir baxın illərdən bəri qəlbimdə böyütdüyüm sevgiyə nə ilə yekun vururam? Şair nə qədər yerində demişdir:
Çox şirin görünür bizə sevgilər,
Bə’zən bal içində verilir zəhər.
Firəngiz — (gözlərini açıb başının üstündə Dilbəri ağlarkən görür) Ağlama Dilbər, ancaq mən ağlamaq üçün yarandım. İndi məndən də bədbəxt bir qadın yoxdur. Bilirəm sən də, Qəhrəman da qəlbinizdə mənə nifrət bəsləyirsiniz, mənə vəfasız deməyə haqqınız vardır.
Qəhrəman — Elə düşünmə Firəngiz! Dünyanı titrədən böyük müharibə bizim də arzularımızı sarsıdacaq idi. Nə etmək olar? Özünü ələ al, sən bir sənətkar kimi öz xalqın üçün yaşamalısan.
Firəngiz — Qəhrəman, mənim barəmdə hər cür düşünə bilərsən. Amma mən vəfasız deyiləm. Səni axtarmaq üçün 416-cı diviziyanın keçdiyi bütün ölkələri gəzdim. Nəhayət yoruldum. Sənin naməlum surətdə itdiyini xəbər alandan sonra bir il də gözlədim. Yenə də iqbal məni ikinci kərə cəzalandırdı. Nəhayət özümə bir həyat yoldaşı tapdım. Hərgah mənim kimi bədbəxti qəbul etsən sənin üçün yenə də hər şeyi ataram.
Qəhrəman — Yox, Firəngiz! Bunu vicdan qəbul etməz. İkinci bir adamın cəzalanmasına razı ola bilmərəm. Sizə xoşbəxtlik dilərəm.
Firəngiz — Mən heç vaxt xoşbəxt ola bilməyəcəyəm. Gərək sən məni bura çağırmayaydın, bu görüş daima mənim qəlbimdə sağalmaz bir yara olub qalacaqdır.
Dilbər — (Qəhrəmana) Nə mən, nə də yoldaşlarım bunu heç bir zaman səndən gözləməzdik. Nə üçün bu məsələni məndən gizlədirdin? Mən sənə düşmən idimmi?
Qəhrəman — İnan Dilbər! Burada bir şübhə vardır.
Firəngiz — Burada heç bir şübhə ola bilməz, məktub redikulumdadır (çıxarıb göstərir).
Qəhrəman — (məktubu alıb oxuyur) Mənim sevgilim Firəngiz! Sən azərbaycanlı bir sənətkarsan, mən çox arzu edərdim ki, vətənə gəlmək xəyalın varsa yol üstündə bizim tikdiyimiz zavodu da ziyarət edəsən. Bunu mühəndislər və işçilər kollektivi tərəfindən rica edirəm. Səni sevən Qəhrəman.
Dilbər — (ayağa qalxır) Firəngiz, məni bağışla! Məsələ aydındır! (Getmək istəyir).
Qəhrəman — Dayan Dilbər! Burada bir şübhə vardır.
Dilbər — Rica edirəm sovet qızlarının iqbalı ilə oynama! Dilbər heç bir vaxt sənin zövqünə alət ola bilməz. Bir kərəlik bunu bilməlisən!
Zaldan əl çalıb Firəngizi çağırırlar.
Qəhrəman — Firəngiz, şübhə hər bir fəlakətin başlanğıcıdır. Bu həqiqəti aydınlaşdırmaq üçün çox vaxt lazımdır. Bir neçə gün burada qala bilərsinizmi?
Firəngiz — Yox, Qəhrəman, məni burada saxlama, hər dəfə sənin gözlərinə baxmaq mənim vicdanım üçün böyük bir əzabdır. Mən günahkaram, mən milyonlarca sovet qızlarına qoşulub öz sevgilimi gözləməli idim. İndi isə həm səni, həm də öz e’tibarımı itirdim.
Zaldan çağırırlar.
Qəhrəman — Dayanma Firəngiz! Sevgimiz məhv olsa da, şirin xatirələr məhv olmayacaqdır.
Firəngiz — (son dəfə onun əlini sıxır) Yalvarıram, məni nifrətlə xatırlama! (Gedir).
Qəhrəman — Çətinliklər artdıqca mətanətim də artır, çalışacağam. Sevgini qazandıran qələbədir. Qoy macəraçılar şadlanmasın! (Otaqdan çıxır).
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-boyuk-qurulusda-yeddinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qətibə, Səba xanımı Əbül-Ülanın qadını Cahan Banudan almaq üçün o qədər də vaxt sərf etmədi. Çünki onsuz da qoca şairin ailəsi söz gəzdirən və macəraçılığı sevən bu fitnəkar cariyənin əlindən qurtarmağa çalışırdı. Səba xanımın fitnələri səbəbinə Gəncədə yaşayan bütün ziyalı ailələr Əbül-Ülanın ailəsilə əlaqəni kəsmişdi.Səba xanımın fitnəkarlığı o dərəcəyə çatmışdı ki, hətta bir çox gənclərdən pul və hədiyyələr alıb Əbül-Ülanın kiçik qızı Mahtab xanımla onları tanış edəcəyini vədə eləmişdi.
Xəlifənin məktubu“Damad-müəzzəm!Zamanın hadisələri xəlifeyi-ruyi-zəminin arzuları üzrə həll olundu. Xəlifə nüfuzu əleyhinə üsyan və qiyam edənlərin hamısı bir-birini əzib məğlub etdi. Onlar nəticədə xəlifənin himayəsini qəbul etməyə məcbur oldular. Gün çıxan məmləkətlərdə də baş verən ixtilaf Allah tərəfindən kömək olunmuş xəlifənin rəy və fərmanı ilə həll olundu.
Xəlifənin qasidiƏmirin qapısında vurulan fənərlərin içindəki piy çıraqları hələlik yanırdı. Piy çıraqlarının işıqları qapıda gəzən gözətçinin kölgəsini təşkil edə bilməyəcək qədər zəif idi. İşığın əhatə edəcəyi məsafə bir neçə qədəmdən artıq deyildi. Bir-birinə rəqib kəsilən və sönük piltənin bozumtraq alovunu qucaqlamaq istəyən qısqanc pərvanələrin son dəstələri qırılır və dəli bir sevgiyə qurban verilirdi.Qarovul, çiynində nizə o tərəf bu tərəfə gəzir və bəzən nizəsinə söykənərək mürgüləyirdi. Fəxrəddin öz adamları vasitəsilə Əmirin qarovullarına hiss etdirmədən sarayı və saray bağçasını mühasirəyə aldırmışdı. Fəxrəddinin özü də bir neçə yoldaşı ilə bərabər sarayın bağça qapısını nəzarət altına almışdı, çünki gecələri sarayla olan əlaqə ancaq bağça qapısından idi. Nədənsə bu gecə Əmirin sarayından bir nəfər də olsa dışarı çıxmamışdı.
Fəxrəddin və SəbaDilşadın həbsə alınması xəbəri hər kəsdən artıq Səba xanımı şadlandırdı. Fəxrəddin Dilşadın tərəfindən və Səba xanımın əli ilə yazılmış saxta məktubu neçə gündü ki, almışdı. Məktubda “Səba xanımla görüşüb təfsilatı ondan soruş” yazılması Fəxrəddini heyrətə gətirmişdi. O, Dilşadın ətrafında bədbəxt bir hadisə oynanıldığını yəqin etdiyindən, Səba xanımla çox tez görüşməyə tələsirdi. Səba xanım bunu hiss etdiyi üçün Fəxrəddinin gözünə görünmür və onun görüş üçün maraq və həyəcanının artmasına çalışırdı. Lakin Dilşad həbsə alınandan sonra Fəxrəddinlə görüşmək üçün əlverişli bir fürsət ələ keçdiyini anladı və bu məqsədlə axşam çağı bütün zinətlərini üstünə taxaraq saraydan çıxdı. Fəxrəddinin çinarların kölgəsilə keçərək, saray qapısına baxdığını gördü və etina etmədən keçib getdi.Neçə günlərdən bəri Səba xanımı görmək üçün bütün vaxtını sərf edən Fəxrəddin Səba xanımı dərhal tanıdı. O, Səba xanımı bir neçə kərə görmüş, hətta onun sevgiyə dair tələblərini də eşitmişdi. Buna görə də Səba xanımı izləməyə başladı. Çox uzun-uzadı və dolaşıq küçələrdən keçib getdilər. Fəxrəddin cümə axşamı olduğunu bilmirdi, buna görə də Səbanın bu qədər uzun yolları getməsinə heç bir məna verə bilmirdi. Nəhayət, onlar qəbiristana gəldilər. Səba xanım Şeyx Salehin məqbərəsinə girib, ziyarətnamə oxumağa başladı. Fəxrəddin də onunla yan-yana durmuşdu.