“Damad-müəzzəm!

Zamanın hadisələri xəlifeyi-ruyi-zəminin arzuları üzrə həll olundu. Xəlifə nüfuzu əleyhinə üsyan və qiyam edənlərin hamısı bir-birini əzib məğlub etdi. Onlar nəticədə xəlifənin himayəsini qəbul etməyə məcbur oldular. Gün çıxan məmləkətlərdə də baş verən ixtilaf Allah tərəfindən kömək olunmuş xəlifənin rəy və fərmanı ilə həll olundu.

Əmirin tərəfindən göndərilən dörd məktubu almışam. Lakin bir-birini təqib edən hadisələr damad-müəzzəmin məktubuna müsbət cavab verməyə imkan vermirdi.

Bir həftə bundan əvvəl Atabəy Məhəmməd Bəhram şah müharibəsindən qələbə ilə Həmədana girmişdi. O, bu gün xəlifənin ayaqlarından öpmək üçün Darüssəlama gəlmişdi. Bu gün onun atabəyliyini və qardaşı Qızıl Arslanın Təbriz hökumətinə namizədliyini, Əmir-müəzzəmin isə Aran ölkəsindəki hökmdarlığını təsdiq etdim. Şirvan şahlığı ilə nə kimi əlaqə saxlamağın barəsində ayrıca məktub göndərəcəyəm. Şirvan şahlığının toxunulmazlığı haqqında Sultan Toğrul və onun Atabəyi Məhəmməddən təminat alınmışdır.

Bir daha qeyd etmək lazımdır ki, illər uzunu davam edən hadisələr nəticəsində Bağdad xəzinəsi tamamilə boşalmışdır. Arandan Darüssəlamın Beytülmalına göndərilməyən dörd illik təxsisat göndərilməlidir.

Məmləkətlərə təzə təyin edilmiş atabəylərə, əmirülümərələrə, soltanlara və hökmdarlara hədiyyə vermək üçün ağ irqə mənsub, yəni ərəb olmayan cariyələr lazımdır. Xüsusən xas qulamlara böyük ehtiyac vardır. Mümkün olduğu qədər gözəl cariyələr və qulamlar göndərəsən. Keçən məktubların birisində “Əmirəlmöminin üçün sarayda Süsən və Dilşad adlı iki gözəl cariyə bəsləyirəm” – deyə yazmışdın. Onları mümkün olursa təcili surətdə göndərəsən. Sarayda olan cariyələr qocaldığı üçün səfirlər və elçilərin məclislərində xidmət etməyə layiq deyildirlər. Bağdadda gözəl cariyələr yoxdur. Hətta Fənahsın “Qadın və qızlar dünyası” adlanan müəssisəsində də xəlifəyə layiq qızlar və qulamlar tapılmır. Əvvəlcə vədə verdiyin cariyələri göndərməlisən. Onları burada Fənhasın tərbiyəxanasında hazırlatdırıb saraya almaq mümkündür.

Baqi Allahın mərhəməti və xəlifeyi-ruyi-zəminin himayəsi damad-müəzzəmin haqqında şamildir.

Darüssəlam. Əmirəlmöminin xəlifə Müstərşidbillah”.

Əmir İnanc məktubu alan kimi şadlığından nə edəcəyini şaşırdı. Dərhal veziri Toxtamışı yanına çağırıb məktubu ona oxudu. Toxtamış:

– Əmiri təbrik edirəm. Bu xəbər xudavəndi-aləmin böyük bir hərəkətidir, – dedi. – Lakin Əmir bu məktubu heç bir kəsə göstərməməli və danışmamalıdır. Çünki məktubun məzmunu Aran istiqlaliyyəti məsələsini kölgədə buraxır.

Əmir Toxtamışın sözünü təsdiq etməklə bərabər məktuba cavab vermək haqqında onun məsləhətini soruşdu. Toxtamış bununla da razılaşmayaraq dedi:

– Cavab yazmaq məsləhət deyil, çünki yolların hamısı bizə yabançı olanların əlindədir. Bizim xəlifəyə göndərəcəyimiz məktub başqalarının əlinə düşə bilər. O zaman bütün tədbirlərimiz əks nəticə verər.

Əmir Toxtamışın nəsihətləri ilə razılaşmadı və Toxtamışa etiraz edərək dedi:

– Əmirəlmömininin məktubunu cavabsız buraxmaq ona qarşı böyük həqarətdir.

Toxtamış yenə də bu fikir ilə razılaşmadı:

– Cavabın təxirə düşməsi xəlifə üçün təhqir deyildir, çünki xəlifənin özü də Azərbaycanın nə vəziyyətdə olduğunu bilir. Bir də budur ki, xəlifəyə quru bir məktub göndərməyin heç də mənası yoxdur. Xəlifənin məktubda göstərdiyi məsələlərə cavab vermək lazımdır. Məmləkətin bu vəziyyətilə xəlifəyə pul göndərmək ağılsızlıqdır. Gəncədən Araz kənarına qədər olan torpaqların hər qarışı bir adamın əlindədir. Atabəylərin qoşunu məmləkəti işğal edəndən və yollarda əmin-amanlıq başlanandan sonra cariyələri də, xəzinəni də, məktubu da göndərə bilərik.

Məktubun azərbaycanlıların əlinə düşərsə, sənin Azərbaycan istiqlaliyyətinə xəyanət etdiyini və böyük bir xalqı aldatdığını ifşa edərlər. O zaman həyatın da təhlükə altında qala bilər. Xüsusən xalq xəlifənin adını eşitmək istəmədiyi bir zamanda sənin xəlifə ilə əlaqədə olmağın böyük bir qorxunun zəminəsini qoya bilər. İndi daha o vaxt deyil, xəlifə nüfuzunu Qurana və dinə əsaslandırmaq istəyənlər öz-özünü aldadır. Hazırda nüfuzu yalnız qoşun və qılınc vasitəsilə saxlamaq mümkündür.

Əmir Toxtamışın tədbirlərilə razılaşmadı, o, xəlifənin məktubunu cavabsız qoymağı yenə də Əmirəlmömininə qarşı ədəbsizlik hesab etdi. Nəhayət, məktubu yazdırdı.

“Bu gün Darüssəlamdan xəlifeyi-ruyi-zəmin, Əmirəlmöminin həzrətlərinin mübarək məktubunu alıb gözlərimizə sürtməyə və öpməyə nail olduq. Xudavəndi-aləmə hədsiz şükürlər etdik ki, Əmirəlmöminin öz nökərlərini yadından çıxarmamışdır. Üç ildən bəridir ki, Darüssəlam ilə əlaqəmiz kəsilmişdi, lakin qəlbən və ruhən Əmirəlmömininin həzrətlərinin nüfuz və iradəsi ilə sıxı bir surətdə bağlı idik.

Şimali Azərbaycanın vəziyyəti olduqca çətin bir şəkil alıb. Xalq artıq yerli hakimləri tanımaq istəmir. Əmirəlmöminin həzrətlərinə hamıdan əvvəl Şirvan şahlığı ilə Aran havalisi arasında mövcud olan əlaqə haqqında yazmağı lazım bilirəm.

Şirvan şahlığı Aran havalisinin başsızlığından istifadə edib bu ölkəni öz məmləkətinə ilhaq etmək istədi. Bu məqsədə əsasən də Gəncənin nüfuzlu adamlarını öz tərəfinə çəkib böyük hədiyyələr, xələtlər, ehsanlar verir, hətta şair Əbül-Üla belə hazırda xaqanın sarayında yaşayır. Əmirəlmömininin aciz nökərləri Aran ilə Şirvanın birləşməsi işini gələcəkdə xəlifə nüfuzuna qarşı zərərli hesab edib bu ilhaqa əngəl törətdilər. Bu təşəbbüsümüzə Arandakı Azərbaycan vətənpərvərləri də kömək etdi.

Şimali Azərbaycanda hökumətə qarşı ciddi bir üsyan hərəkatı hiss olunurdu. Aralıqda hökuməti məmləkətdən xaric etmək, ərəb nümayəndələrini sürgün eləmək və sair bu kimi fikirlər genişlənməkdə idi. Biz isə onlara istiqlaliyyət vədəsi verməklə bu fikirləri onların başından çıxardıq. Hərgah Əmirəlmöminin nökərləri bu təşəbbüsündə xəlifənin müqəddəs iradəsinə qarşı bir günah mürtəkib olubdursa, xəlifə öz mərhəmətilə nökərlərini bağışlasın. Hazırda Şimali Azərbaycanda xalq qardaşlığı məsələləri olduqca böyük dairədə inkişaf edir. Xalqın ziyalıları, başda şair Nizami olmaq üzrə Zəncanlı Əxi Fərruxun qardaşlaşdırma əqidəsini xalq içərisinə yayırlar, onlar bununla müxtəlif əqidə və müxtəlif təriqətlər daşımaqda olan xalqı vahid bir əqidə ətrafında cəm etməyi düşünürlər. Bu məsələ daha qorxulu məsələdir.

Azərbaycan xalqı dinə və hökumətə qarşı üsyan etmək işinə Babəkin zamanından alışmışdır. Bu barədə Azərbaycan xalqı ən qorxulu xalqdır. Bunlar son illər dinə, mövhumata, üləmaya və ruhanilərə bir hökumət nümayəndəsi deməyə başlayıblar. Gəncə xətibinin əleyhinə böyük bir üsyan başlanacaqdı. Onu sürgün etmək bəhanəsilə bir qədər xərc verib Kəbə ziyarətinə göndərdim. Əmirəlmömininin həzrətlərinin xatiri-şərifi kədərlənsə belə, bir məsələni də gizlədə bilməyəcəyəm. Azərbaycan əhalisini sakit etmək üçün “ərəb nüfuzunu ölkədən təmizləyirik” deyə bir neçə nəfər ərəbi də zahirdə Azərbaycandan çıxardım. Onlardan birisi də katibim Mühakim ibn-Davud idi. O, xəlifeyi-ruyi-zəminin hüququna qarşı xəyanət əli uzadıb, sarayda xəlifə üçün tərbiyə edilən Dilşad adlı qıza sevgi elan edirdi, buna görə də onu cəzalandırıb, sonra da Azərbaycandan xaric etdim. Bu tədbirlərimiz də çox gözəl nəticə verdi...

Beytülmala olan borclarımız haqqında deməliyəm ki, maliyyə vəziyyəti çox ağır bir şəkil alıb. Əhali çox dikbaşdır, bəzən kəndlərdə və şəhərlərdə olan vergi yığanlarımızı ən sadə bir kəndli döyüb qovur. Adamlarımız aylarla vergi yığmağa gedə bilmir. Vergi yığanlardan bir çoxunun başını yarıb geri qaytarırlar.

Hərgah Əmirəlmömininin müqəddəs məktubunda göstərildiyi kimi yaxında işlər yoluna düşərsə, vergiləri tamamilə bir neçə ayın içərisində yığıb beytülmala olan borcları göndərə bilərəm.

Cariyələr və qulamlar göndərmək barəsində də bir neçə söz yazmaq istəyirəm. Əvvəlcə burada qız yığmaq üsulu vergi əsasına tətbiq olunurdu. O zaman Əmirəlmöminin həzrətlərinə layiq olan qızları siyahı edib atalarına çox ağır vergilər qoyurduq. Onlar ağır vergini verə bilmədiyi üçün qızını Əmirəlmöminin həzrətlərinə kəniz vermək şərəfinə nail olurdu. Lakin indi nəinki ağır vergi, hətta yüngül vergi də qoymaq mümkün deyil.

Hazırda xəlifəyə layiq olan qırx nəfər qızın siyahısı vardır. Aralıq sakit olan kimi onları yığıb Süsən və Dilşadla bərabər Əmirəlmömininin hüzuruna göndərəcəyəm. Hələlik Azərbaycandan kənara qız göndərmək çox qorxulu bir işdir. Xüsusən Dilşadı şəhərin ən nüfuzlu adamlarından Fəxrəddin də sevir, mən də məmləkətin məsləhətini nəzərə alıb ona söz vermişəm. Əmirəlmömininin himayəsi üstümüzdə olursa, tez bir zamanda Fəxrəddin başqaları ilə bərabər aradan qaldırıb, Dilşadı hüzura göndərəcəyəm.

Əmirəlmömininin sadiq qulu İnanc”.

Məktubun üstünü möhürləyib Əmir İnancın nökərlərindən Hacibə tapşırdılar. Hacib gecə ikən heç bir kəsə bildirmədən, Qarabağa, oradan da Araz çayını keçib Bağdada getməli idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Hacı Harunərrəşid, xanımı isə Zübeydə xatundur

Xanımın sifariş verdiyi tabloları gözdən keçirmək üçün Hacı küzkülü otağa gəlmişdi. Şərq salonu düzəltmək üçün məşhur rəssam Benonun rəhbərliyi ilə düzəlmiş komisyon salona aid layihələri və çəkəcəkləri mənzərənin eskizlərini gətirmişdi. Küzkülü otaqda, nəgşəsi «Bağdad dünyası» adlı kitabdan götürülən ipək pərdələr, əlvan qəndillər asılmışdı. Bir tərəfdə şəhvət oyandırıcı Yusif-Züleyxa şəkilləri, bir tərəfdə Bağdad saraylarının fəvvarəli hovuzlarında çimən çılpaq qadınlar və onlara sərv ağacı dalından baxanların şəkli, bir tərəfdə «Əlif-Leyla»dan alınmış «Hamamçının arvadı» hekayəsinin tabloları (arvadın Bağdad şahzadəsi ilə qucaqlaşıb yatması və hamamçının qucağında uşaq qapının açar yerindən həyəcanlı bir surətdə bu vəziyyətə tamaşa eləməsi) asılmışdı.Hacı tabloların hamısına baxa bilmədi; onu telefona çağırdılar. Küzkülü otaqdan getdi, bir az sonra yenə qayıdıb gəldi, Bakı polis müdirinə məktub yazmaq üçün xanıma yanaşdı:

5 мин
İki direktor arasında

Xanımın qulluqçuları elanı qapıda oxuyurkən azad nəfəs almağa başladılar. Jenya da bu vəziyyətdən istifadə elədi; günorta yeməyindən sonra Mixaylovski və Kutilevskinin görüşünə getdi. O, bu gün bir neçə tələbə ilə görüşəcək və təşkilat məsələlərini müzakirə edəcək idi. Əvvəl Kutilevskinin evinə getdi. Onu iş otağında görmək istəyirdi.Kutilevskinin icazəsi ilə Jenyanın imtahana hazırlıq işinə kömək edən tələbələr də Kutilevskinin iş otağına toplandılar. Bunlar hamısı orada təşkil olunmuş sosial-demokrat dərnəyinin üzvləri idi. Kutilevski özü orada deyildi.

7 мин
Nakaşidze Peterburqdan gəldi

Hacı yuxusundan duran kimi, Bakı qubernatoru Nakaşidzenin Peterburqdan göndərdiyi məktubu ona verdilər.Məktubu oxumaq üçün adam lazım idi. Lakin çox tez idi. Buna görə də Hacı məktubu xanıma oxutdurmaq istəyirdi, xanım isə ondan küsmüşdü. Hacı onun otağına adam göndərib görüşmək istədiyini bildirdi.

14 мин
Montin yoldaşın mühakiməsi

Fevral ayının üçü idi. Bakı fəhlələrinin keçirdiyi həyəcanlı və iztirablı günlərin ən birincisi idi. Belə bir həyəcan ancaq 1902-ci ilin sentyabr ayında bir dəfə Lado tutulan gün, bir dəfə də o, etap ilə Tiflis şəhərinə göndərilən gün baş vermişdi.Bu gün hər kəs bir cür danışırdı:

6 мин

Стихи других поэтов