Hacı Harunərrəşid, xanımı isə Zübeydə xatundur
Xanımın sifariş verdiyi tabloları gözdən keçirmək üçün Hacı küzkülü otağa gəlmişdi. Şərq salonu düzəltmək üçün məşhur rəssam Benonun rəhbərliyi ilə düzəlmiş komisyon salona aid layihələri və çəkəcəkləri mənzərənin eskizlərini gətirmişdi. Küzkülü otaqda, nəgşəsi «Bağdad dünyası» adlı kitabdan götürülən ipək pərdələr, əlvan qəndillər asılmışdı. Bir tərəfdə şəhvət oyandırıcı Yusif-Züleyxa şəkilləri, bir tərəfdə Bağdad saraylarının fəvvarəli hovuzlarında çimən çılpaq qadınlar və onlara sərv ağacı dalından baxanların şəkli, bir tərəfdə «Əlif-Leyla»dan alınmış «Hamamçının arvadı» hekayəsinin tabloları (arvadın Bağdad şahzadəsi ilə qucaqlaşıb yatması və hamamçının qucağında uşaq qapının açar yerindən həyəcanlı bir surətdə bu vəziyyətə tamaşa eləməsi) asılmışdı.
Hacı tabloların hamısına baxa bilmədi; onu telefona çağırdılar. Küzkülü otaqdan getdi, bir az sonra yenə qayıdıb gəldi, Bakı polis müdirinə məktub yazmaq üçün xanıma yanaşdı:
– Götür yaz! — dedi.
«Tətil edən fəhlələri fabrikin evlərindən bayıra tökdüyünüz üçün yerdən göyə qədər razıyam. Bu barədə olan zəhmətiniz əlavə olaraq təqdir olunacaqdır. Bu saatda fabrik müdirindən aldığım məlumata görə, fəhlələrdən bir çoxu külfətini götürüb məscid həyətlərində yerləşibdir. Onları məscid həyətlərindən də çıxarıb çölə atmaq üçün lazımi təşəbbüsdə bulunmalı».
Xanım məktubu yazıb qurtardı, Paketə qoydu, polis müdirinə aparmaq üçün ev poçtuna verdi.
Xanım və Hacı Mixaylovskini gözləyirdilər. Hava küləkli olduğu və qar yağdığı üçün o, vaxtında gələ bilməmişdi, buna görə də Hacı onu gözləmədən getdi. Hacı gedəndən çox sonra Mixaylovski gəldi və xanımın ürəyi şadlandı, çünki Mixaylovski hazır edilmiş tabloların bir çoxunu gətirmişdi. Divarlarla evin tavanı və döşəməsi bəzəndi. Bir saatın içərisində «Min bir gecə»nin bütün hekayələrini xanımın otağının divarlarında oxumaq mümkün idi. Xanım Mixaylovskinin Şərq salonuna aid layihəsini götürüb yoxladı, görülməyən işlər haqqında tapşırıq vermək üçün xatirat dəftərinə bəzi şeylər yazdı.
Salon haqqındakı söhbətlər qurtardı. Mixaylovski xanıma dedi:
– Salon haqqında düşünməyə ehtiyac yoxdur. Başqa şeylər də iki günə qədər düzələcəkdir. «Bağdad dünyası» adlı əsərin 27-ci səhifəsində, 11-ci sətirdə belə bir cümlə də vardır: «Zübeydə xatun, Harunərrəşid taxtının qiymətli bir cəvahiridir». İndi də biz düzəltdiyimiz Harunərrəşid sarayının qiymətli cəvahiri olan xanım haqqında çalışmalıyıq. Mən bu barədə xanımla bir neçə dərs keçməyə məcburam, çünki xanım, Zübeydə xatunu lazımınca tanımadan onu təmsil etməyi bacarmayacaqdır; buna görə də xanımın dərsləri üçün yüngül bir proqram hazırlamışam.
Telefonun zəngi səsləndi; xanım dəstəyi götürüb danışdı, sonra da Mixaylovskiyə:
– Polis müdiridir, — dedi, — tətilçilərin məscid həyətindən çıxarıb küçəyə, qarlar üstünə tökdürdüyünü xəbər verir.
Mixaylovski portfelindən Hacının xanımına veriləcək dərsin proqramını çıxartdı.
Xanım, hazırladığı Bağdad sarayında, Harunərrəşidin xanımı Zübeydə xatuna bənzəmək üçün altı dərs keçməli idi:
Zübeydə xatunun paltarı.
Zübeydə xatunun baxışı.
Zübeydə xatunun gülüşləri.
Zübeydə xatunun yerişi.
Zübeydə xatunun nəşələri.
Zübeydə xatunun küsməsi.
Xanımın birinci dərsi üçün hazırlanan paltarı gətirdilər. Xanım saçlarını dalına töküb, alnına yaşıl bir lent bağladı.
Brilyant düzülmüş badam şəkilli çıqqasını yaşıl lentin üstündən taxdı. İncə və əlvan ipəkdən güllər və çiçəklər tikilmiş yaşıl ipək donu geydi, qabaqdan ipək qaytanlarla bağladı. Ağ ipəkdən tikilmiş can köynəyinin bağlarını, topuqlarındakı qızıl düymələrlə düymələdi. Topuqlarını bəzəyən zümrüd xalxalların qızıldan düzəlmiş zəngləri xanım yeridikcə zərif-zərif səslənirdi; altına qızıl nal vurulmuş, almazlarla bəzənmiş bir çəkmə geydi.
Xanım birinci, ikinci, üçüncü, dördüncü və beşinci dərsləri çox müvəffəqiyyətlə keçdi. Altıncı dərs çox mürəkkəb idi, bu dərsi bir neçə kərəyə keçməli idi.
Xanım qalın məxmər döşəyin üstündə uzanmış, başını da hər iki tərəfindən qotazlar sallanmış zərrin yastığa qoymuşdu. İpək xalçanın üstündə qoyulmuş nargilə qəlyanın qəmişini ağzına alıb sümürürdü.
Xanım qaşlarına çoxlu rəng çəkmişdi; sürməli gözlərini süzür və nazlanırdı.
Mixaylovski onu qaldırıb yatırırkən telefonun zəngi çalındı... Xanım telefona gedib çox acıqlı qayıtdı:
– Fabrikdəndir, — dedi. — Fabrikin işi də bizim üçün bir bəla olmuşdur... Hacı Məmməd deyir ki, suları kəsmişik, fabrikin mülkündə oturanların hamısı susuzluqdan yanır, Hacı xatircəm olsun.
Mixaylovski:
– Boş bir işdir, uzanınız görək! — dedi.
İki nəfər gözəl qulluqçu qızın üzünü qaralayıb Həbəş qızı şəklinə saldı. Bunlar əllərini döşlərinə qoyub xanımın başı üstündə duracaqdılar. Xanımın sol tərəfində duran gözəl qızlar əllərindəki udu çalır və xanımı nəşələndirirdilər. Xanım qəlyanı çəkir; qəlyanın xorultusu salonun tavanında səslənirdi. İki qız da xanımın başı üstündə oturub tovus quşu qanadından qayrılmış yelpiklə onu yelpikləyirdi. Oğlan paltarı geymiş iki qız xanıma massaj edirdi. Birdən qapı açıldı, Hacı içəri girdi və bu vəziyyəti görüb özünü itirdi. Mixaylovski Hacının özündən çıxdığını görüb əl-ayağa düşdü. Nə edəcəyini, nə söyləyəcəyini bilmədi.
Hamı susurdu.
Xanım səssizliyi pozdu:
– Müəllim, dərsinizə davam edin!
Hacı da Mixaylovskiyə:
– Cənab müəllim, — dedi, — siz mənim arvadımın uyğunsuz və yüngül hərəkətlərindən istifadə edib onu əyləncə şəklinə qoymayınız, rica edirəm, bəsdir!
Hacı ətrafdakı şeyləri bir daha gözdən keçirdi, boğçadakı paltarı açıb baxdı. Bu paltarı Mixaylovski Hacı üçün hazırlamışdı. Hacı bu paltarı geyəndə Harunərrəşidə bənzəyəcəkdi, sonra da xanımla bərabər ətrafındakı on səkkiz nəfər gözəl qulluqçu ilə Şərq salonuna girəcəkdi.
Hacı paltarları acıqlı bir surətdə götürüb atdı, xanıma acıqlı-acıqlı baxıb salondan çıxdı.
Mixaylovski «Bağdad dünyası» adlı əsəri, xanımın dərs proqramlarını, hazır olmuş tabloların eskizlərini dərhal portfelinə qoyub getdi.
Qəlyanın qəmişi xanımın ağzında, qara qulların əlləri döşündə, qızların əlləri yelpikdə, massajçının barmaqları xanımın bədənində, ud çalan qızların barmaqları isə ipək tellərdə donub qalmışdı.
Xanım müəlliminin təhqir edilməsini, özünün təhqir edilməsi hesab etdi. Özünü döyməyə, əynindəki paltarını çırmağa, yanındakı qızları pis söyüşlərlə söyməyə başladı. Əlinə düşən şeyləri onların başına vurub dəli kimi qışqırırdı. Qulluqçular hara qaçacaqlarını və nə edəcəklərini bilmirdilər. Xanım ayağındakı qızıl nallı başmağı çıxarıb otağın aynalarını qırdı, dəli kimi otaqdan çıxıb getdi.
Xanım yeddinci dərsini yataq otağında keçməyə qərar verdi. O, Mixaylovskinin, Zübeydə xatunun «küsməsi» barəsində verdiyi dərslərini xatırladı. Harunərrəşidin arvadı Zübeydə xatun xəlifəyə acıqlandığı hallarda qapısına bayır tərəfdən belə bir elan yapışdırardı:
«Bu gün Ümmi-Cəfər xəstədir. Yanına heç kəsi buraxmayacaqdır. Bu qərar xəlifəyə də aiddir.
Ümmi-Cəfər»
Xanım belə bir elan yazıb öz yataq otağının qapısına bayır tərəfdən yapışdırdı;
«Bu gün xanım xəstədir. Yanına heç kəsi buraxmayacaqdır. Bu qərar Hacının özünə də aiddir.
Sona xanım».
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-haci-harunerresid-xanimi-ise-zubeyde-xatundur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Leyla xanım iki məktub aldı. Məktubun birisi Bakı milyonçusu hacı Zeynalabdın Tağıyevdən, ikincisi Türkiyə ordusu ərkani-hərbindən idi. Məktubların ikisi də mühüm idi.Leyla xanım çox düşündü ki, «məktubların hansını əvvəlcə oxuyum». Əvvəlcə Türkiyə ərkani-hərbindən gəlmiş məktubu oxumağa qərar verdi. Çünki bu məktub Leyla xanımın Türkiyə ərkani-hərbinə göndərdiyi mühüm bir məktuba cavab olmalı idi.
XI. Hacının bağındaLeyla xanım hacının evinə köçmüşdü, lakin hacı ilə Bakıda görüşmək mümkün deyildi. Çünki hacı da başqaları kimi Mərdəkana köçmüş və öz bağında yerləşmişdi.Hacı Leylanın məktubundan sonra ona ikinci bir məktub göndərib Mərdəkanda, onun şərəfinə düzəlmiş ziyafətə gəlməsini xahiş etmişdi.
XII. Raya oğurlandıBu gün Leyla xanım Rayanı hacının evində düzəltdiyi nahara dəvət etmişdi, naharda Leyla və Rayadan başqa heç kəs yox idi. Yeməyə başlamazdan əvvəl, Leyla xanım yaşadığı möhtəşəm, milyonçu evini Raya xanıma təqdim etdi, özünün nə qədər möhtərəm sayıldığını bir daha söylədi.Yenicə süfrəyə oturmuşdular. Xadimə gəlib:
XIII. Əminənin romanıRaya özünün haraya və kimin evinə aparıldığını bilmirdi. Çünki onu örtülü faytonda və görmədiyi küçələrlə aparırdılar. Raya fayton atlarının inildəyərək yoxuşa dırmandığını görürdü.Raya faytonda təkcə oturmuşdu. Faytonun sağ-solunda iki başqa fayton da gedirdi. Bunlar, Rayanı həbs etməyə aparan Bakı qoçularının faytonları idi.
Стихи других поэтов
thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
PəriSərasər sərində mürəssə kuləh,Siyah pirahən sən, simtən pəri,
Ağzını qönçeyi-xəndan dedilər, gerçəkmişAğzını qönçeyi-xəndan dedilər, gerçəkmiş,Xəti-ruxsarını reyhan dedilər, gerçəkmiş.