Bakı qubernatoru Peterburqa getməzdən bir gün əvvəl, Bakı varlıları və Bakı qoluzorluları ilə görüşmək və vidalaşmaq qərarına gəlmişdi. Bu görüş həmişəki kimi Bakıda müsəlmanlara başçı kəsilmiş olan Hacı Zeynalabdın Tağıyevin evində olacaqdı.

Hacı təntənəli bir vida ziyafəti düzəltmişdi. Ziyafətdə Hacının özünə və Bakı qubernatoruna lazım olanların hamısı iştirak edirdi.

Ziyafətdə bütün məsələlər erməni-müsəlman qırğınını düzəltmək məsələsini müzakirə üçün sabah Peterburqa yola düşəcək olan qubernator Nakaşidzenin şərəfinə qaldırılan qədəhlərin çinkiltiləri altında həll olunurdu.

Stolun başında bir nəfər də olsun qıraq adam yox idi. Birinci yeri qoçu Hacı Aslan, Məmməd bəy və bu kimiləri tuturdu. Qubernatorun qapısında qarovulda duran pristavlar da bu gün Hacının süfrəsində oturub stəkan-stəkana vururdular. Hacı içirdi, lakin o, qoçu Hacı Aslanın yanında içə bilmədiyindən öz qədəhini narzan ilə doldurur, tostlara cavab verirdi.

Hamının gözü qubernatorun və Hacının ağzında idi; lazımi sözlər bu iki zatın ağzından çıxacaq idi. Qubernatorun da gözləri Hacının və Hacı Aslanın qabağında duran narzan qədəhində idi; o, qədəhlər qaldırılırkən tostlarda qubernatorun gözlədiyi lazımi sözlər deyiləcəkdi.

Hacı Aslan sol əlində narzan qədəhini tutub, sağ əlini Nalçikdən gətirmiş olduğu xəncərin dəstəsinə qoymuşdu.

Kəblə İsrafil Hacıyev və başqaları döşlərini qabağa verib, dal ayaqları üstə oturan kiçik ev tulaları kimi kirpik qırpmadan qubernatorun üzünə baxırdılar.

Hacı qubernatorun bu intizarını hamıdan əvvəl hiss elədi və buna görə də nitqə başladı:

– Ağalar! Alicənab və möhtərəm qonaqlar! Günlərimiz çox tarixi günlərdir. Bu günkü vəziyyət hökumətə sadiq olan bütün müsəlman xalqından ötrü mühümdür. Bu gün, bizdən fədakarlıq tələb edir.

Hacı Aslan əli ilə işarə edərək Hacını dayandırdı, xəncəri qabağa çəkib dedi:

– Hacı və qubernator ağa öl desə — öləcəyəm, qal desə — qalacağam!

Bu sözü deyib ayağa qalxdı, yenə oturdu. O, bığlarını eşir və tövşüyürdü; qubernatorun üzünə baxır, onun bu sözdən razı olub-olmadığını bilmək istəyirdi. Qubernator bunu hiss edincə Hacı Aslana dili ilə yox, başı ilə razılıq işarəsi verdi. Hacı da sözünə davam elədi:

– Ağalar! Bizim qoşunumuz Çin məmləkətində xain yaponlar ilə vuruşur, biz onlara kömək verməliyik; hökumətimiz bizdən kömək gözləyir.

Bu sözdə Hacı Aslan tab gətirə bilmədi, əlini aparıb adəti üzrə börkünü gözləri üstünə saldı, söz istədi. Ona heç kəs söz verməyə bilməzdi. Hacı Aslan tutqun bir səslə dedi:

– Biz bu börkü başımıza isti-soyuqdan ötrü qoymamışıq, bu börkün altında olan baş da, başdır, balqabaq-zad deyil. Bəlkə bizi qubernator ağa tanımır, Hacının özü ki bizi çox yaxşı tanıyır. Hərgah hökumətə kömək lazımdırsa, bizə niyə xəbər vermir? — Hacı Aslan bunu deyərək qoynundan möhürtəsbehini çıxarıb, stolun üstünə qoydu, əlini şappıltı ilə onun üstünə vuraraq dedi: — Bu türbəti-Kərbəlaya and olsun ki, qubernator ağa buyurursa, mən sabahın özündə dəstəmi götürüb düz Çin məmləkətinə gedim, onda yaponlar da bilər ki, imperator adamsız deyil. Onun dalında bu cür oğlanlar durubdur. Sizin canınıza and olsun, o it uşağını toyuq darını dənləyən kimi bircə günün içərisində dənləyib qurtararam. Bakının aləmə qan ağladanlarının hamısı mənim əlimdədir: ramanalı Qurban öz dəstəsi ilə, Dursun nəvəsi Əkbər öz dəstəsi ilə, içərişəhərli Molla Qasım uşaqları da ki, əlimdə hazır. Səlimxanov Əsədbəy özü də ki, burada oturub, Şahkəldi nəvəsi Tağı, çəmbərəkəndli Sadıq, marojnaçı həmşəri Hüseyn, quş Məmmədhəsən, yuxarı məhəllədən Hacı Əbülhəsən kimi qəhrəman, Kəblə İsrafil Hacıyev ki, süfrədə əyləşib, balaxanılı Pəhləvan, suraxanılı Əlibəndə oğlanları, patron Ələbbas, Şıx Balayev, Zəfər Babayev, Hacı Zərbəli oğlanları, Danasatan oğlu Süleyman, Məhəmmədidən Əbdürrəzzaq, palton Abasqulu, novxanılı Hacı oğlu Məşədi, Səlim oğlu Soltan, hələ bir çoxları yadımdan çıxıb. Mən Məmməd bəydən çox təvəqqe edirəm ki, dediklərimin hamısını qubernator ağaya tərcümə etsin. O, Ftilbörkə gedəndə imperatora xəbər versin ki, onun bu cür adamları var; yapon nə köpək oğludur! Yaponda mənim adamlarım kimi adam haradan tapılar?!

Hacı Aslan sözünü bitirdikdə Nakaşidze onu alqışladı.

Hacı yenə də danışdı:

– Bu süfrənin başında oturanlar yalnız öz tərəfindən deyil, bütün müsəlman xalqı tərəfindən də danışa bilərlər. Hər nə olursa-olsun, biz hökumətlə əlbir işləyəcəyik. Biz heç vaxt razı olmayacağıq ki, beş-on nəfər sosial-demokrat, adını bolşevik qoyub bizim hökumətimizin işinə qarışsın. Biz o cür dələduz adamların gərək tamam nəslini yer üzündən kəsək! Biz də hökumətə kömək verməyəcəyik, bəs kim verəcəkdir?

Hacı Aslan yenə yerindən qalxıb danışmaq istədikdə, İsmayıl bəy Səfərəliyev onun ətəyindən dartıb saxlamaq istədi, qubernator bunu görüb, Hacı Aslana söz verdi.

Hacı Aslan əlini döşünə döyə-döyə dedi:

– Mən həqiqi rusların müsəlman qardaşıyam! Cənab qubernator özü bilir ki, mən və burada oturan cənab Ağabala Quliyev birinci dəfə həqiqi ruslar ittifaqına yazılmışıq.

Hacı Aslanın sözü süfrə başında oturanlarda böyük şadlıq yaratdı; bu şadlığın təsiri altında qubernator Hacı Aslana dedi:

– Sizdən çox razıyam! Lakin bunu da deməliyəm ki, sizə zəhmət verib, Yaponiya cəbhəsinə aparmaq lazım deyil. Sizin ixtiyarınızda olan igidlər bir gün bizə Bakıda lazım olacaqdır!

Yedilər, içdilər, sonra qubernator Peterburqa getməsi barəsində məlumat verdi:

– Mən Peterburqa səbəbsiz getmirəm. Mən mərkəzə hər nə məqsəd üçün getsəm və nə iş üçün çağırılsam, yenə də Hacı cənablarının simasında olaraq, müsəlman xalqına bəslədiyim səmimi ehtiram duyğuları ilə gedirəm.

Mən az müddətin içərisində bu xalqı olduğu kimi tanıdım. Müsəlmanlar hökumət qanunlarına ehtiram bəsləyən, həqiqi rəiyyətlik əsasında olaraq hökumətə itaət göstərən bir xalqdır ki, onların bu xüsusiyyəti, məncə, dinlərinin nəcib və alicənab, sülh və səlaməti sevən bir din olması ilə əlaqədardır. Mən daxiliyyə nazirinə və Qafqaz valisinə göndərdiyim yazılı məruzələrdə də bunu qeyd etmişəm. Bunsuz da bizim böyük dövlət adamlarımızın sadiq müsəlman təbəələri haqqında müəyyən və müsbət qeydləri vardır. Şəxsən mənim özümün müsəlman xalqı barəsindəki qeydlərim xüsusi və birinci yeri tutur.

Şübhəsizdir ki, Hacının və onun himayə etdiyi müsəlman xalqının barəsində olan səmimi hörmətim məni böyük bir təşəbbüsə məcbur eləmişdir; o da müsəlmanların milli əzəmətinə qarşı qoyula biləcək hər bir düşmən qüvvətlə mübarizə aparmaqdan ibarətdir.

İmperator hökuməti öz müqəddəs siyasətini keçmişdə olduğu kimi davam etdirəcəkdir; o, Zaqafqaziyada kiçik mövqe tutan millətlərin, böyük millətlərə qarşı mövcud olan ədəbsizliyinə və üstünlük siyasəti aparmasına qarşı ciddi tədbirlər görəcəkdir. Biz heç vaxt Zaqafqaziyada bir millətin başqa bir milləti əzmək üçün düzəltdiyi gizlin təşkilata dözə bilməyəcəyik. Onları öz qüvvəmiz və hökumətə sadiq olan başqa bir millətin köməkliyi ilə əzib məhv edəcəyik.

Ağalar! Bu günkü vəziyyət hamınıza məlumdur. İndiyə qədər Zaqafqaziyada belə bir vəziyyəti heç bir kəs görməmişdir. Xüsusən Bakıda səlahiyyətli bir mövqe tutan müsəlman xalqını müdhiş bir qorxu təqib edir. Bir tərəfdən bolşeviklər silahlı üsyana və şəhəri talamağa hazırlaşırlar, o biri tərəfdən daşnaklar Yerevandan silah gətirmək təşəbbüsündədirlər. Heç şübhə yoxdur ki, silah gətirildikdən sonra burada Lalayevlər və Ağamovlar dinc oturmayacaqlar. Bu çıxışların ikisində də zərər çəkən bədbəxt müsəlman xalqı olacaqdır, çünki, əvvələn, Bakı sərvətinin çoxusu müsəlmanların əlindədir. Onlar dinc və silahsız camaatdır. Lakin siz elə bilməyəsiniz ki, hökumət yatmışdır. Bu işlərin qabağını almaq üçün tədbirlər görülmüşdür... Mən sizi bu barədə arxayın edə bilərəm. Bizim bu barədə qəti qərarlarımız vardır.

Mən bu səfərimdə daxiliyyə nazirinə məruzə etmək üçün çox dəyərli materiallar aparıram. Bu materiallar tamamilə Bakı xalqının həyatını təmin etmək üçün gördüyüm tədbirlərdən ibarətdir. Lakin əmrivaqe qarşısında qalmamaq üçün müsəlmanların da hazırlanması lazımdır. Bu barədə sizə nə kimi vasitələr lazım olursa, hamısını öz vaxtında verməyi öhdəmə götürürəm. Sizə səmimi söz verirəm. Biz inanırıq ki, mühüm günlərdə müsəlmanlar öz qəhrəmanlığını göstərər, öz milli şərəfini müdafiə edərlər. Buna baxmayaraq yenə də sizi müdafiə etmək tədbirlərini düşünmüşəm və bu barədə lazımi yerlərlə danışmışam. O ki, qaldı bolşeviklər...

Hacı Aslan yerindən partladı. Artıq onu dayandırmaq mümkün deyildi:

– Onlar da mənim əlimdə! Onları da bir gecənin içərisində dənləmək mənim işimdir.

İsmayıl bəy onun ətəyindən dartıb oturtdu. Lakin o yenə qalxır, oturur, xoruzlanır, papağını qaşlarının üstünə salır, əlini xəncərinin dəstəsində oynadırdı.

Qubernator sözünə davam etdi:

– Bolşeviklər yalnız müsəlmanlar üçün deyil, hər millət üçün qorxuludur. Hamıdan artıq bizi düşündürən də budur! Bolşeviklər partiyası din və məzhəb daşıyan hər millətin düşmənidir. Onların dinə və məzhəbə aid olan nəzəriyyəsi tamamilə pis bir nəzəriyyədir. On səkkiz günlük dekabr tətillərini düzəldən bolşeviklərdir. Onlar müəssisə sahiblərinə zərər verdikləri kimi, fəhlələri də dilənçi halına gətirdilər. Siz bu məsələni də unutmayın ki, tətilin bir qədər də uzanması bolşeviklərin özü üçün də böyük zərbədir. Belə olduqda fəhlələr, özbaşına olaraq, müəssisə sahibləri ilə sazişə girəcək, işə başlayacaq və bununla da bolşeviklərin ətrafından dağılacaqlar.

Siz, ağalar bunları nəzərə alaraq, ağıllı menşeviklərin xətti-hərəkətindən istifadə etməlisiniz. Bu saat onlar bolşevikləri nüfuzdan salmaq üçün tətilin bir az da uzanmasını təklif edirlər.

Qubernator sözünü qurtardı. Hacı ilə bərabər süfrə başında olanların hamısı bir yerdə dedi:

– Allah imperatorun kölgəsini bizim başımızdan əskik eləməsin! Bizim atamız yerində olan cənab qubernatoru bizə çox görməsin!

Hamıdan sonra Hacı Aslan dedi:

– Cənab qubernator ağa bizi çox da aciz bilməsin! İnşallah bu lələş sağ olarsa, cənab qubernator ağa biləcəkdir ki, dədələr nələr əkib və analar nələr doğubdur! Cənab qubernator ağa görəcəkdir ki, kasa altında bir nim kasa da var.

Qubernator getməyə tələsirdi; bu gecə müsəlmanlarla danışdığı sözləri erməni dövlətlilərinə və erməni başçılarına — Lalayevlərə və Ağamovlara da danışmalı idi.

Hamı getmişdi. Milyonçunun sarayı tamamilə səssizdi. Jenya öz otağında oturub bütün eşitdiklərini yazırdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Nina və Səttar xanın qadınları

Nina çoxdan bəri Səttar xanın ailə həyatı ilə tanış olmaq istəyirdi. Lakin buna imkan yox idi, çünki onun konsul Millerin evində xidmət etməsi Səttar xanın evinə getməsinə müsaidə vermirdi. O bu ziyarətin konsul ailəsində şübhə oyadacağından qorxurdu. Bu kimi maneələr olmasaydı, Nina hər gün Səttar xanın evinə gedib tanış ola bilərdi. Aprel ayının əvvəllərindən «Russkoye slovo» qəzeti müxbiri Tardovun öz qadını ilə Təbrizə gəlməsi və onların Səttar xanın ziyarətinə getmək istəməsi, Ninanın çoxdan bəri daşıdığı məqsədin həyata keçməsinə imkan yaratdı.Səttar xan rus qəzetləri müxbirlərini Təbrizə buraxmırdı. Bir neçə gün bundan əvvəl Təbrizə gəlmiş «Novoye vremya» qəzetinin müxbirini şəhərə girməyə belə qoymadı. Konsulxana üzvləri bunu Səttar xana təqdim etmək istədisə də biz onun «Xuliqan» qəzetinin müxbiri olduğunu Səttar xana isbat edib Acı körpüsündən geri qayıtmasına səbəb olduq.

9 мин
Yeni hücumlar

Qaradağlıların hücumu başlanmışdı. Dəvəçi məhəlləsindən hücum edən dəstələr Mirzə Cavad küçəsindən keçib İnqilab Şurasının üzərinə yürüyürdülər.İnqilab Şurasının xəbəri olmadan Səttar xanın məsləhət görənlərindən Hacı İsmayıl əhaliyə belə bir elan buraxmışdı:

8 мин
Həsənağanın toyu

Toy Həsənağanın biz qonaq getdiyimiz atalıq evində idi. Mən kişilər olan məclisə, Nina isə qadınlar olan evə girdi. Musiqi dəstəsi vardı. Onlar gah qadınlar, gah da kişilərin məclisində çalırdı. Otaqdakılar 40 yaşından aşağı olan adamlardı. Başqa toylar kimi aralıqda şərab-filan da yox idi. Amma kefli adamlara çox tez-tez təsadüf edirdim. Axırda bunların bir-bir çıxıb bayırda içib gəldikləri məlum oldu.Gəlinin arxasınca gedənlər qayıtmışdı. Musiqi çalınır, fişəng və tüfəng atılırdı.

8 мин
Sülh heyəti

Eynüddövlə tərəfindən Təbrizə gələn sülh heyəti əvvəlcə rus konsulunu ziyarət etmiş, lazımi təlimatı aldıqdan sonra əncümənə gəlmişdi. Heyət talış hakimi Sarimüddövlə, Ərdəbil rəiyyət vəkili və bir də Rəşidülmülkdən ibarət idi.Sülh heyətinin əhali tərəfindən təntənə ilə qəbul edilməsi, əhali arasında lazımi iş aparılmamasını və inqilabçıların lazımi nüfuza malik olmamasını göstərirdi.

12 мин

Стихи других поэтов