Yeni hücumlar
Qaradağlıların hücumu başlanmışdı. Dəvəçi məhəlləsindən hücum edən dəstələr Mirzə Cavad küçəsindən keçib İnqilab Şurasının üzərinə yürüyürdülər.
İnqilab Şurasının xəbəri olmadan Səttar xanın məsləhət görənlərindən Hacı İsmayıl əhaliyə belə bir elan buraxmışdı:
«Təbriz əhalisi! Bugünkü müharibədə dindən və islamiyyətdən çıxmış istibdadçılar sahibüz-zəman və Həzrəti-Abbas bayraqlarını aparmaq üçün əncümənə hücum etmişdilər. Qəhrəman mücahidlər cənabi-sərdari-milli Səttar xanın himməti sayəsində buna imkan vermədilər. Müstəbidlər Həzrəti-Abbas və Qaimi ali-Mühəmmədin bayrağına minlərcə güllə vurublar. Bundan başqa, din və islamiyyət düşmənləri Məcdülmülk mağazalarında beş yüz cild Quran yandırmışlar».
Bu elan kütlə arasında o qədər də yaxşı təsir bağışlamadı. Mən bunun yanlış fikir olduğunu Səttar xana bir neçə kərə söylədim. Əhalinin artıq bu cür işlərə əhəmiyyət vermədiyini göstərdim. Yenə də qulaq asmadı, çünki Təbriz inqilabçıları inqilab təbliğatı aparmaq üçün bundan başqa bir yol tapa bilmirdilər.
Elanlara əhəmiyyət verilmədiyini gördükdə vaxt ikən hazırlanmış adamlardan yığıb mərsiyəxan, sinə vuran dəstələrini küçələrə buraxdılar. Belə bir zamanda toylar, keflər, qumarxanalar yenə də davam edirdi. Bir tərəfdən də şahzadə Eynüddövlənin Azərbaycan valisi təyin edildiyi və böyük ordu ilə Təbriz üzərinə hərəkət etdiyi xəbəri bu macəralarla dolu olan şəhərə yayılmaqda idi. Bu xəbər Təbrizə yayılan kimi Bağ-meşə məhəlləsi qorxusundan Rəhim xana təslim oldu. Başqa məhəllələrin də təslim olacağı qorxusu vardı.
Hacı Mehdi Küzəkünani yenə də neçə gündən bəri evinə qapanıb əncümənə gəlmək istəmirdi. O, işin axırından qorxurdu.
Məni də toya çağırmışdılar. Bu, bir mücahidin toyu idi. Ninanı da özümlə bərabər toya aparmaq üçün gəlmişdim. Lakin o, evdə deyildi. Yarım saat gözlədikdən sonra Nina gəlib çıxdı.
Nina Eynüddövlənin hücumunu eşidib rus himayəsinə girmək üçün ərizə verənlərin siyahısını mənə göstərdi.
Bundan başqa, Nina rus general-konsulu Millerin hökumət qoşunu komandirlərinə verdiyi təlimatın surətini gətirmişdi. Burada da Eynüddövlənin Ərdəbilə yetişdiyi, Şatranlıda böyük ordu hazırlığında olduğu xəbəri verilirdi.
Mən əldə edilən məlumatı lazımi yerlərinə vermək və təcili təşəbbüsdə olmağa lüzum görmədim, çünki çox gecdi. Getsəydim belə kimsəni tapa bilməyəcəkdim. Həsənağa mücahid özü də Ninanın evinə gəlib bizi toyuna aparmaq üçün tələsdirirdi.
Bu günlərdə Təbrizdə toy çox idi. Bəzi mücahidlər varlı qızlarla evlənirdilər. Dövlətlilər və mülkədarlar vasitə ilə, rüşvətlə olsa da, öz bacılarını, qızlarını inqilabçılara verib öz mövqelərini bununla müdafiəyə çalışırdılar. Bizim tanıdığımız Həsənağa da Ağa Qasım adlı bir varlının qızını almışdı.
Mən onun evlənməsinə razı deyildim. Toyuna da getmək istəmirdim. Nina isə məni buna məcbur edirdi. Həsənağa öz aldığı qızın həddindən artıq gözəl olduğunu Ninaya dəfələrlə söyləmişdi. Buna görə də Nina Təbriz gözəlini görməklə maraqlanırdı. Nina bu toya çoxdan hazırlaşmış və dostumuzun yeni aldığı bu qıza hədiyyə vermək üçün qiymətli bir baş şalı da almışdı. Biz, doğrudan da, Həsənağanı çox sevirdik. O, qəhrəman bir gənc idi. Azərbaycanlılar arasında birinci bombanı atan bu gənc idi. Özü də olduqca yoxsul bir ailədən idi. Həsənağa təmiz qanlı, sədaqətli, inqilabı səmimi sevən, ona bütün varlığı ilə xidmət edən bir Təbriz işçisi idi.
Həsənağanın fabrikdən xaric edildiyi 6 aydan artıq deyildi. O, məşrutəçilərlə əlaqədə olduğundan gəncəlilər onu fabrikdən bayıra atmışdı.
Anası Təhminə xanım mənim mənzilimi təmizləmək və paltarlarımı yumaq üçün tez-tez yanıma gəlirdi.
Oğlunun işsizliyindən çox şikayətlənirdi. Oğlunun ağlını, fərasətini, hətta qəhrəman bir gənc olduğunu deyib tərifləyirdi. Bir neçə gündən bəri Təhminə xanım məni evinə qonaq çağırdı. Getmək istəmirdim. Onların fəqir olduğunu bilirdim. Xəcalət və zəhmət çəkmələrinə razı olmurdum.
Günlərin birində Təhminə xanım məni yenə də evlərinə aparmaq və onun süfrəsində iştirak etməyi təklif etdi. Bu dəfə qadının xatırı qalmasın deyə bu təklifi qəbul etdim.
Bugünkü ziyafət Qurban bayramı münasibətilə imiş. Lakin Təhminə xanım qurban kəsməmişdi. Hətta başqaları ilə şərik belə olmamışdı. Məni yarısı həsir, yarısı köhnə palazlarla döşənmiş bir otağa aldılar. Otaqda olan şeylərin hamısı köhnə idi. Lakin burada fövqəladə bir təmizlik vardı. Evə və evdəkilərə baxdıqca insanı heyrət götürürdü. Mən bir çox yerdə fəqir və yoxsul evi görmüşdüm. Təbrizdə təsadüf etdiyim bu yoxsul ailə qədər fəqir və yoxsul bir ailə görməmişdim. Yamaqlı olmayan palaz, yamaqlı olmayan paltar, pərdə, yorğan-döşək görmədim. Bu otaqdan başqa bir otaqları da vardı. Şübhəsiz ki, onların dəyərli şeyləri qonaq otağında idi. Yuxarı başda tükləri tökülmüş köhnə bir məxmər döşəyin üstündə oturmuşdum. Doğrudan da, özümü ən həqiqi bir İran işçisinin evində hiss edirdim. Evin başçısı Həsənağa yerə oturmayır, məndən utanırdı. Mən ayağa qalxdım. Onun əlini ikinci kərə sıxıb:
– Otur yoldaş, otur, – dedim. – Biz ikimiz də bir söz deyirik.
Həsənağa nə dediyimi anlamadı. Fəqət yanımda oturdu. O, çox dilli-ağızlı gənc olduğu kimi, hər bir hərəkətində səmimi olduğunu göstərirdi. Təhminə xanım birdən-birə yox olmuşdu; hara getdiyini bilmirdim. Həsənağa çay və yemək hazırlamaq üçün icazə istəyib ayağa qalxdı. Mən yenə də evdə olan şeyləri gözdən keçirirdim. Tağlarda düzülən kasaların dal tərəfləri sınıq idi. Kasaların arasında köhnə papiros qutuları düzülmüşdü. Taxçalarda xırda və zərli sandıqlar (mücrü) qoyulub üstünə örtük çəkilmişdi. Divarlarda buğda sünbülündən toxunmuş cürbəcür şeylər asılmışdı. Evin görkəmli yerlərini boş fransız kibrit qutuları tuturdu. Bu ailənin malik olduğu şeylərə öz ürəyimdə qiymət verirdim. Onların ev şeyləri Təbrizin bazarında təxminən beş tümən çıxara bilərdi. Mis və çini qablardan başqa heç bir şey gözümə dəymirdi.
Gözləmədiyim halda qapı açıldı. Qabaqca Nina və onun dalınca Təhminə xanım gülə-gülə içəri girdilər. Təhminə xanım mənim bundan acığım gəlməsin deyə sözə başladı:
– Bu gün bizim əziz günümüzdür. Gərək bağışlayasan. Hərçənd kasıbıx, ev-eşiyimizin ləyaqəti yoxdur. Amma yenə nisgil elədim. Nina xanımı da çağırdım. Eybi yoxdur. Hamı dövlətli olmaz ki.
– Nə eybi vardır, Təhminə xanım? Çox təmiz ailəniz vardır. Mən burada özümü anamın yanında olan kimi hiss edirəm, – deyib ona təsəlli verdim. Lakin Ninadan xəbərim yox idi. O, ikinci otağa keçib Təhminə xanımın qızlarına baxırdı.
Çay hazır oldu. Ninanı çağırdılar. Nina gəlib bir xırdaca döşəyin üstündə oturdu. Stəkan hamıya çatmırdı. Növbəylə içdik. Yemək üçün süfrə açıldı. Süfrə İsfahanda toxunmuş «qələmkar» adlı güllü bir parçadan idi. Bir neçə yerdən yamanmışdı. Amma olduqca təmizdi.
Bu gün Təhminə xanımın qurban kəsməyə qüdrəti olmadığından var-yoxu hesab olunan bir dənə xoruzunu kəsmişdi.
Xörək Təbrizdə ən sevimli xörək sayılan plov idi. Plovu nazik çörəklərlə yeməli idik. Ninadan ötrü qaşıq istədik. Ağacdan bir qaşıq gətirdilər. Xörək yeyilməzdən əvvəl Təhminə xanım qızları səslədi:
– Töhfə, Sənubər! Qızım, gəlin içəri! Burada yad yoxdur, özümüzüx!
Qırmızı və yaşıl güllü çitdən çadra örtmüş iki gənc qız içəri girdi. Salam verdilər. Oturmadılar. Onların çox fəqir bir paltarda olması, həm Ninaya, həm də mənə böyük bir qəmginlik verirdi.
Utanırdılar. Bir yerdə yeyə bilməyəcəkdilər. Saxsı və dərin bir qabda onların payını verib o biri otağa getmələrinə icazə verdilər. Qabları azdı. Nina ilə mən bir nimçədə, Həsənağa ilə Təhminə xanım da bir nimçədə yedilər.
Yemək bitdikdən sonra ikinci dəfə çay gətirdilər. Çay içə-içə Həsənağadan nə iş görmək istədiyini soruşdum:
– Bəs indi nə iş görmək fikrindəsən?
– Siz özünüz mülahizə edin. Hazırda Təbrizdə nə iş görmək olar? Xalça fabrikləri qapanmışdır. Açıq olsa da, məni oraya buraxmazlar, çünki adım pisə çıxıbdır. Hazırda özüm də nə iş görəcəyimə məəttəl qalmışam. Hərgah köhnə vaxt olsaydı, zəifliyimə baxmayıb hamballığa da gedərdim. Nə fayda ki, bu da yoxdur.
Həsənağa danışarkən mən düşünürdüm. Öz-özümə sual verirdim: əcəba, Təbrizdə bu kimi dağınıq işçilər təşkil olunarsa, burada nələr görmək olmaz? Bu fikrin təsiri altında dedim:
– İndi ki, sən inqilabçısan, inqilab cərgəsində də olmalısan. Mən sabah sənin üçün iş taparam.
– Hər nə iş olsa görərəm. Hərgah siz məni bir yerə işə qoymaq istəsəniz hər barədə xatircəmlik verə bilərsiniz. Yaşım az da olsa təcrübəm çoxdur. Mənim üstümdə sizə söz gəlməz. Buna mənim özüm də razı olmaram.
Təhminə xanım onu müdafiə edib dedi:
– Həsənağa mücahid yazılmağı çox sevir. Amma nə bilim, bu iş də çox qorxuludur.
Həsənağa anasını qarşılayıb:
– Nə qorxu ola bilər? – dedi: – Səngər nə qədər qorxulu olsa, yenə də rütubətli xalça fabrikindən qorxulu olmayacaq ki?
Həsənağa az müddət içərisində çox iş gördü. O öz rəğbəti ilə bombaçılıq vəzifəsini götürdü. Hətta qaradağlılar Mirzə Cavadağa küçəsinə hücum etdikləri vaxt bu işdə öz məharətini göstərə bildi. Mən Həsənağanın varlı qızına evlənməyini məsləhət görmədim. Doğrudan da, Həsənağa kimi namuslu bir işçinin varlı qızına evlənməsi böyük bir xəyanət idi. Daima Həsənağanı bu işdən daşındırmağa çalışırdım. Onu öz yanıma çağırıb, nəsihət verdim. O utandığından bu xüsusda mənə heç bir söz demədi.
Həsənağa mənə verəcəyi cavabları gedib Ninaya demişdi. Onun özünün dediyinə görə Ağa Qasımın qızı Nazənin onu sevir. Hələ Həsənağa onun atasının yanına elçi göndərmədən əvvəl onlar qızla görüşüblərmiş. Onlar bir kərə «Dəllaləzən» ağzında, bir dəfə Hacı Səfər Əli Mədrəsəsinin qapısı arasında misgər bazarının ağzında görüşmüşlər. Nazənin, hətta Həsənağanı görmək üçün Gəcil qəbiristanına, Acıdan qapısına da gələrmiş. Həsənağanın dediyinə görə atası qızı öz razılığı ilə verməzsə, Nazənin özü də qoşulub qaçmağa söz vermişdir.
Qızın çox gözəl olduğu, mütəqabil sevgi olduğu üçün Həsənağanı bu yoldan qaytarmaq mümkün deyildi. Mütəqabil sevgiyə mane olmağımı Nina da çox kəskin bir surətdə tənqid edirdi. Həsənağa məni gözləyirdi. Mənim razılığımı almadan Ağa Qasımın yanına elçi göndərməyə də utanırdı. Nəhayət, razı oldum. Adam göndərildi. Ağa Qasım imtina etmədən qızı verməyə razı oldu. Üzük, paltar və sair şeylər də hazırladıq Həsənağa və anası Təhminə xanım gəlinləri Nazənini tez köçürüb gətirmək istəyirdilər. Lakin qızın atası Ağa Qasım toy məsələsini bu gün-sabaha salırdı. Buna səbəb də Rəhim xanın Təbriz üzərinə hücum etmək üçün hazırlanması idi. Ağa Qasım məsələni ləngitməyə, Rəhim xan məşrutəni dağıdarsa qızı verməkdən boyun qaçırmağa çalışırdı. O, hətta qızın Həsənağaya görünməsini də qadağan edirdi. Nəhayət, Bağır xanın hücumundan sonra Rəhim xanın Bang bağına qaçması Ağa Qasımın ümidlərini alt-üst elədi. Nə edəcəyini şaşırdı. Digər tərəfdən də Həsənağa onu hədələyir və tələsdirirdi.
Toy başlandı. Bu gecə qız gətiriləcəkdi. Həsənağa isə məni və Ninanı aparmaq üçün özü gəlmişdi. Cümə axşamı, toyun axırıncı günü idi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-yeni-hucumlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Naxçıvan, İrəvan xan, bəylərinin, Ordubad qırmızısaqqallarının, Bakı, Quba başıqırxıqlarının və Kürdəmir başı hanalı cavanlarının əhaliyə müraciəti:*Vətəndaşlar!*
Ağbaşlar içtimainin qətnaməsiŞükr-lillah almışıq hürriyyəti bundan sora,Saxlamaq bu əski ruhaniyyəti bundan sora.
İran Astarası və Azərbaycan AstarasıOrtadan bir çay keçir, olmuş iki yan Astara,Bir yan Azərbaycan, bir səmti İran, Astara.
Tə’ziyə günlərindəSəsi artdıqca əza günləri fəryadımızın,Sayı cənnətdə çoxalmaqdadır arvadımızın:
Стихи других поэтов
Головой к груди прижаться и на миг познать забвенье.Любоваться легкой прядкой, что легла на щеке тенью.
MənBilin, bu yerlərdə ədalət yoxdu,Heç bilmirəm, kimə gedim dada mən.
YalvarışBarilaha, zati-pakın eşqinə,Heç mərdi namərdə eyləmə möhtac,
Təskinlikİlləri dən kimi zaman üyütdü,Ocaq heydən düşüb, köz qaralıbdır.