Həsənağanın toyu
Toy Həsənağanın biz qonaq getdiyimiz atalıq evində idi. Mən kişilər olan məclisə, Nina isə qadınlar olan evə girdi. Musiqi dəstəsi vardı. Onlar gah qadınlar, gah da kişilərin məclisində çalırdı. Otaqdakılar 40 yaşından aşağı olan adamlardı. Başqa toylar kimi aralıqda şərab-filan da yox idi. Amma kefli adamlara çox tez-tez təsadüf edirdim. Axırda bunların bir-bir çıxıb bayırda içib gəldikləri məlum oldu.
Gəlinin arxasınca gedənlər qayıtmışdı. Musiqi çalınır, fişəng və tüfəng atılırdı.
Gəlini çox dəbdəbə ilə gətirdilər, qadınlar olan otağa apardılar. Bir azdan sonra bayırda çox uca səslər eşidildi. Həsənağanın səsi də eşidilirdi. Ara qarışmışdı. Nə olduğunu öyrənmək üçün dayanmadım. Ninanı götürüb bizi qapıda gözləməkdə olan faytona mindirərək evinə apardım.
Faytonla gəldikdə Əhrab tərəfindən şiddətli yaylım atəşlərinin səsi eşidilirdi. Burada böyük bir hadisə üz verdiyi şübhəsiz idi.
Nina toyda qalxan hay-küy və ixtilaf və orada özünün necə qəbul edilməsi haqqında belə bir izahat verdi:
– Mən otağa girəndə Həsənağanın anası Təhminə xanım qolumdan tutub evdə oturan qadınlara dedi:
– Bu bizim Həsənağanın yoldaşının nişanlısıdır.
Qızlar, gəlinlər ətrafımı aldı. Məni bir çocuq kimi tumarlayır və paltarlarıma əl çəkirdilər. Təhminə xanım isə:
– Qızı yormayın, bəsdir! – deyə məni üstünə döşək salınmış bir sandığın üstündə oturtdu. Qızlar, gəlinlər hələ ətrafımdan çəkilməmişdilər. Onlar köynəyimə, şarfıma, saçıma, hətta başımdakı darağa qədər yoxladılar. Məni lazımi qədər təhlil etdikdən sonra hamısı birağızdan dedi:
– Allah sənə də qismət eləsin. Sənin də toyunda oynayaq! Oynadılar, məni də aralığa çəkdilər. Lakin onların musiqisi ilə oynamağı bacarmadım.
Oyunlar bitdi. Gəlini gətirməyə gedəndə məni də aparmaq istəyirdilər. Təhminə xanım isə – qızı incitməyin, – deyə məni onların əlindən aldı.
Həsənağanın bacıları, gəlinin yerini xalça üzərində açmağa başladılar. Buna dövr deyirdilər. Gəlini gətirib bu döşəyin üzərində oturtdular. Qadın və qızlar dövrə vurub bunun ətrafında oturdular. Bunun üçün də döşəyə «dövr» deyirmişlər. Gəlinin cehizlərini yoxladıqda Ağa Qasımı söyürdülər; çünki çox fəqir və az cehiz vermişdi. Bir nəfər oğlan oynadı və gəlib gəlinin üzündən duvağı götürdü. Gəlinin üzünə ağ-sarı zər vərəqlər yapışdırıb başına parlaq cığ-cığa tökdüklərindən onun hər tərəfi parlayırdı. Üzünə baxanda insanın gözü qamaşırdı. Təhminə xanım gəlinə diqqətlə baxdıqda:
– Vay, oğlumun evi yıxıldı! – deyə əli ilə dizlərinə vurdu. Evdə hay-küy qopdu. Mən gəlinin üzünə baxmağa maraqlandım, çünki Həsənağa öz nişanlısını çox tərifləmişdi. Baxdıqda məni heyrət götürdü. Onun bir gözü kordu. Başı keçəldi. Qadınlar bir-birinə baxıb deyirdi:
– Bu Nazənin deyil, onun ögey bacısı Suğradır.
Qız ağlayır və qorxurdu. Həsənağa gəlib məsələni bildi. Ağa Qasımı öldürmək üçün getdikdə ona mane olub qoymadılar. Təhminə xanım ağlayırdı. Qızları isə baş-gözünə vururdu.
Ninanı evinə yola saldıqdan sonra Əhrab tərəfindən gələn atışma səslərinin səbəbini öyrənmək üçün Səttar xanın yanına getdim. Eynüddövlənin gəlməsi, Rəhim xanın ümumi hücuma hazırlaşması, konsulxana tərəfindən hökumət qoşunu başçılarına verilən təlimat haqqında xəbər verdim.
Səttar xan bu xəbərləri telefonda Bağır xana söylədi. Ehtiyatlı olmasını tapşırdı. Yardım lazımsa, bildirməsini rica etdi. Bağır xan «hazıram, heç bir şey lazım deyil», – deyə Səttar xanı arxayın etdi.
Əhrab tərəfindən gələn gurultu get-gedə artırdı. Səttar xan evi dolaşıb oturdu. Bir qəlyan istədi. Bir neçə dəqiqədən sonra:
– Bu nanəcib əhrablılar yaman vaxtda ixtilaf törətdilər, – dedi. Hayıf bu ad, bu şöhrət Nayib Əli və Kərbəlayi Məhəmməd kimi cahıllara! Bu iki qardaşın xatırını çox istərdim. Bunlar da məni yaxşı tanıyırdılar. Hərgah mən olmasaydım, şübhəsiz, onlar Əsgər Davatgəroğlu kimi alçaqlara qoşulub məşrutə əleyhinə çıxacaqdılar. Lakin məndən keçə bilmədilər. Ancaq mən bunlara nə qədər yaxşılıq etdimsə, hamısı hədər getdi... Əhrab məhəlləsinə yığışmış varlılar bu adamları yoldan çıxartdılar.
– Sərdar, indi ki, bunlar pul və dövlət istəyirdilər razı salmaq və təmin etmək olmazdımı?
– Mən bu iki qardaşa çox nəsihət etdim. Mümkün olmadı. Bunlar Əhrabı müstəqil bir hökumət kimi saxlamaq istədilər. Bütün dövlətlilər buraya yığıldı. Bunların himayəsində yaşadı. Bunlar «biz bitərəfik», deyə məşrutə düşmənlərini qanadlarının altına aldılar. Biz bu ordunu saxlamaq üçün Əhrabda oturanlardan bir qara şahı ala bilmirik. Hansı varlının yanına komissiyanın qəbzini göndərirəmsə, qəbzi aparanı tutub həbsə alırlar.
– Doğrudan da, daxildə bu kimi düşmənləri qoyub xaricdəki düşmənlə mübarizə etmək çətindir.
Bura bizim üçün ikinci Dəvəçidir. Bura atışma məntəqəsindən çox kənardadır. Buna görə də bütün varlılar, zənginlər, əks-inqilabçılar öz ailəsini Əhraba köçürmüşdür. Buraya yığılanlar, bunları himayə edən Nayib Məhəmmədlər onu bilir ki, mən rus konsulunun işlərə müdaxilə etməsinə imkan verməmək üçün Əhrab tərəflərində ixtilaf çıxarmaqdan çəkinirəm. Buna görə də onlar özlərini möhkəm hiss edirlər. Daha demirlər ki, mənə Səttar deyərlər. Mən səkkiz adamla hökumətin qabağına çıxmışam. Əhrab üstündə bütün məşrutə batsa da, dediyimi yerinə yetirəcəyəm. Mən varlıların pulu ilə qala şəklinə salınan Əhrabı dağıdacağam.
Bu söhbət zamanı atışmalar daha da şiddət edirdi. 15 dəqiqə keçmədən Əhrab vuruşmaları haqqında Səttar xana raport gətirdilər. Raport gətirən mücahid Çərəndablı Teymur idi. O, belə raport verdi:
– Məşrutəçilər Lilabad tərəfindən, Gəcil qəbiristanı həvalisindən Əhrabı əhatə etdi. Rasta küçə tərəfində qayrılmış darvazanı açmaq üçün yaxındakı məscidi işğal etdik. Darvazanın halqalarını qurşunla qırdıq. Darvaza başında durub güllə atanları aşağı tökdük. Bu hücumda Nayib Məhəmmədin və Nayib Əlinin evini mühasirəyə aldıq. Şiddətli atışma vardı. Atışma əsnasında Nayib Əli və qardaşının Gəcil qəbiristanı tərəfindən mühasirəni yarıb çıxdığı və bir nəfər mücahidi vurub öldürdüyü bəlli oldu. Onlar Küçə-bağ məhəlləsi ilə qaçırdılar. Bağlara və evlərə soxulub özlərini qurtarmağa çalışırdılar.
– Sözü qısa elə! Sonra necə oldu?
– Çox atışmadan sonra hər ikisi öldü.
– Hayıf! Diri tuta bilməzdinizmi?
– Sərdarın başı üçün heç mümkün olmadı. Çox səslədik. Bizi eşitmək istəmədilər.
– Gedib meyidlərini adamlarına verin. Ev-eşiklərinə əl vurulmasın!
Bizim mücahid Həsənağanın toyu belə bir gündə vaqe olmuşdu. Həsənağanın bu müvəffəqiyyətsiz toyunun nə nəticə verdiyini və saxta gəlinin nə olduğunu bilmirdik. Nina Həsənağanın bu bədbəxtliyinə çox təəssüf edirdi. Neçə gündən bəri Təhminə xanımı da görməmişdi. Bizim balaca Məcid də xəstə idi. Uşaq atası, anası səngərdə öləndən bəri çox qəmli idi. Məcidin bu halı Ninaya da təsir etmişdi. Uşaq heç vəchlə bədbəxt anası Zeynəbin «səfərə» getməsinə inanmırdı. Uşaq onların tələf olduğunu hiss edirdi. Nina uşağı çox sevirdi. Ona əlindən gələn qədər xidmət edirdi. Mən getdikdə Ninanın uşağa baxmaq üçün həkim gətirdiyini gördüm. Uşaqda elə bir xəstəlik yox idi. Nina onu məşğul etmək üçün cürbəcür şirin şeylər verdiyindən uşağın mədəsi xarab olmuşdu. Doktor dərman yazdı və yemək şeylərini, yemək vaxtlarını təyin edib getdi. Uşağın yeni xidmətçisi Səltənət bəyim samovarı gətirdi. Çay içdik. Məcidlə danışırdıq. Səltənət bəyimə isnişməsi və adət etməsi üçün onu dilə tuturduq.
Qapı vuruldu. Həsənağa içəri girdi. Ayaq üstündə durub yerə oturmadı. Yer təklif etmədən oturan, daima nə varsa, götürüb yeyən, hətta çayı da özü töküb içən Həsənağanın ayaq üstə durub oturmaması bizə təəccüblü göründü.
– Nə üçün oturmursan? – dedikdə Həsənağa utana-utana cavab verdi:
– Nina bacını eşikdə çağırırlar.
Nina dışarı çıxdı. Yanında üzüörtülü gənc bir qız, gülə-gülə içəri qayıtdı.
– Bu Həsənağanın qadınıdır.
– Necə qadınıdır?
– Nazənindir. Həsənağanın sevdiyi qızdır.
Həsənağa oturdu. Məsələnin nə yerdə olduğunu soruşdum. Həsənağa utana-utana söylədi:
– Ağa Qasım ögey qızını Nazəninin yerinə göndərdikdən sonra Nazənini və kiçik oğlanlarını qadını ilə bərabər götürüb qorxusundan Dəvəçi məhəlləsinə qaçmışdı. Səhər tezdən qızı geri qaytardıq. Evdə yalnız 60 yaşında bir xidmətçi qadın qaldığı bəlli oldu. Qızı qoca arvada tapşırdıq.
– Bəs Nazənin necə gəldi?
– Özü xəlvətcə qaçıb gəlmişdir.
Biz hamımız sevindik. Nina vaxtilə Nazəninə hədiyyə vermək üçün aldığı qiymətli şalı götürüb ona bağışladı. Barmağına bir dənə üzük taxdı. Nina Nazənini içəri otağa apardı. Bir azdan sonra Həsənağanı da otağa çağırdılar. Nə üçün çağırdıqlarını bilmədim. Bir azdan sonra Həsənağa qayıtdı. Səltənət bəyim axşam yeməyi gətirdi. Süfrəni düzəltdilər. Bir də gördüm ki, qabaqda Nina, onun arxasınca da Nazənin otağa girdi. Nazənin gəlmək istəmir. Nina onu çəkə-çəkə gətirirdi. Nazənin Ninanın bağışladığı şalı başına salıb yaşmaq tutmuşdu.
Qız çox utanırdı. Həsənağa ona ürək verirdi:
– Bura mənim qardaşım evidir. Utanma. Nina bacı da sənin kimi bir qızdır. O, heç də çəkinmir.
Nazənin masanın bir guşəsində oturub Nina ilə bir yerdə yemək yeyirdi. O, doğrudan da, gözəl qız idi. Həsənağanı qəlbən, ruhən sevirdi. Nazənin dərs oxumuş, azərbaycanca, farsca yazıb oxumağı bilirdi. Atası müəllim gətirib onu evdə oxutdurmuşdu.
Səltənət bəyim Nazəninə çox əyri-əyri baxırdı. O, təbrizli qızının üzünü açdığını, hətta onun gənc ərinin buna ixtiyar verməsini böyük bir bidət bilirdi. Buna görə də acıq edib şam da yemədi.
Şahzadə Eynüddövlənin Ərdəbildə ordu təşkil etməsi, Nəsrüddövlənin Tehrandan 7 min nəfərlik bir ordu ilə Təbriz üzərinə gəlməsi xəbəri rus konsulxanasında böyük ümidlər doğurmuşdu.
Nina bu xəbərləri gətirdikdən sonra mən Səttar xanı gördüm, yenə də onun diqqət-nəzərini taxıl məsələsinə cəlb etmək istəyərək:
– Sərdar, – dedim, – şəhərin alınmasına, düşmənin silah gücünə bizi təslim etdirə bilməsinə inanmıram. Təbriz küçələrinin darlığı və evlərin sıx düşməsi burada böyük ordu hərəkətinə imkan verməz. Bombalar və sairələrlə düşmənin qabağını saxlamaq mümkündür. Lakin aclığın qabağını saxlamaq mümkün deyildir. Şübhəsiz ki, şəhəri sıx bir sürətdə mühasirə altına alacaqlar. Nə qədər ki, fürsət vardır, hər yerdə taxıl varsa, şəhərin içərisinə daşınmalıdır.
Səttar xan başını buladı:
– Tacir qismi elə həyasız ünsürdür ki, dəmir hasarları yarıb şəhərə taxıl gətirər.
– Gətirsə də elə qiymətə verər ki, almaq mümkün olmaz. Xüsusən şəhərdə nəqd pul ələ keçirmək mənbələri getdikcə azalır.
– Necə yəni azalır?
– Əbəttə, azalır. Varlılar çıxıb gedir.
– Əcəba, xalqın yolunu kəsə bilərikmi?
– Kəsə bilərik. Hazırda inqilabın gedişi bunu tələb edir. Bütün dövlətlilərin anbarlarını siyahıya almaq, onların şəhərdən çıxmasına imkan verməmək, onları burada girov saxlamaq lazımdır.
– Nəyimizə lazımdır?
– Onlar bizim əlimizdə olursa, hökumət ordusunun başında duranlara bir çox şərtlər qəbul etdirə bilərik. Xüsusən bunlar əlimizdə olursa, düşmən şəhəri bombardman etməkdən də çəkinər.
Səttar xan bir az düşündükdən sonra bu fikirlərin hamısını təsdiq etdi. O heç vaxt öz səhvini inkar etməz, səhvini həqiqət deyə qəbul etdirmək üçün inad göstərməzdi. Bütün dediklərimiz Əncüməndə səsə qoyuldu. Lakin heç biri qəbula keçmədi. Səsdə əksəriyyət qazanmadıq. İnqilabın rəhbərlikedici heyətində tərəfdarlarımızın səsi çox azdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-hesenaganin-toyu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İntibahnamələrin xalq tərəfindən nə cürə qarşılandığı hər kəsi maraqlandırırdı. Yoldaşlardan bir neçəsinin fikrincə, Səmədxanın bu qədər təzyiqini görən və çar kazaklarının ayağı altında əzilən xalq bir daha inqilab adını çəkən intibahnamələrin ətrafına dolanmaq istəməyəcəkdi.Biz bu fikrin nə qədər doğru olub-olmamasını yoxlamaq üçün şəhərə çıxdıq. İntibahnamələrin daşdan tikilmiş mağazalar ətrafında yapışdırıldığını bildiyimiz üçün yolumuzu o tərəflərdən saldıq.
Nizamüddövlə bağındaSəhər saat 11-də Hacı Səmədxanın faytonu qapımızda dayandı. Faytonla gələn Hacı Səmədxanın əmisi oğlu Mahmud xan, bir də onun silahlı nökəri idi.Mahmud xan içəri girməyə icazə istədi və Hacı Səmədxanın yazdığı məktubu verdi.
Şümşad xanımBir tərəfdən Mahmud xan Nina ətrafında hərlənir, sərdar Rəşid və İraida ilə əlaqəyə girir, o biri tərəfdən də Rəfizadə və Şümşad xanım amerikalı qızın ətrafında dolaşırdı.Nina məsələsi aydın idi: mən Mahmud xan ilə qarşı-qarşıya gəlmək məcburiyyətində idim. Bu barədə mən nə Səmədxanın, nə çar konsulunun mənə qarşı dostluq əlaqəsinə arxalana bilməzdim, çünki bunların hər ikisi üçün Mahmud xan məndən daha əhəmiyyətli və daha yüksək adam idi.
Mahmud xanMahmud xan gündüzlər sərdar Rəşid və İraida ilə Ninanı əldə etmək planlarını birlikdə müzakirə etməkdə, gecələr isə qaraçı məhləsindəki fahişəxanada oturub amerikalı qızın yolunu gözləməkdə idi.Mahmud xanın məni Təbrizdən rədd etmək planları və tamamilə də olmasa, mənim üçün qismən aydın idi. O mənim haqqımda nə konsula, nə də Hacı Səməd xana bir söz deyə bilməyəcəkdi, çünki onların heç birisi buna razılıq verməzdi. Onun yeganə çarəsi məni məhv etməkdi.