Страница 1 из 3

Səhər saat 11-də Hacı Səmədxanın faytonu qapımızda dayandı. Faytonla gələn Hacı Səmədxanın əmisi oğlu Mahmud xan, bir də onun silahlı nökəri idi.

Mahmud xan içəri girməyə icazə istədi və Hacı Səmədxanın yazdığı məktubu verdi.

«Möhtərəm və əziz dostum! Bu gün öz xanımınızla general-konsulun şərəfinə təşkil etdiyimiz ziyafətə təşrif gətirməyiniz rica olunur. Bu gün saat ikidə təşrifinizin müntəziriyəm.

Xeyirxahınız Səməd».

Mahmud xan qəlyan çəkirdi. Ondan Hacı Səmədxanın səhhətini soruşdum.

– Həzrət Əşrəfin səhhəti yerindədirmi?

– Allaha çox şükür, həzrət Əşrəf özünü yaxşı hiss edir. Cənab ağaya bunu da ərz etməliyəm ki, həzrət Əşrəfin ağaya Təbrizdə heç kəsə olmayan bir məhəbbəti var. O, həmişə buyurur ki, Əbülhəsən xan kimi adamlar, bizim fəxrimizdir.

Mən buna cavab olaraq:

– Həzrət Əşrəfin vücudu isə yalnız mənim deyil, bütün Azərbaycan xalqının başının tacıdır! – dedim.

O, qəlyanı buraxıb qalxdı, vidalaşırkən mənə sual verdi:

– Faytonu buramı göndərməliyik?

– Zəhmətə lüzum yoxdur. Öz faytonumuz vardır.

– Orası müəyyən. Lakin həzrət Əşrəfin fatonunda ziyafətə getmək böyük bir şərəfdir. Həzrət Əşrəf bu imtiyazı ancaq bir neçə qonağa vermişdir.

Faytonun öz yaşadığım evə göndərilməsini sözləşdik. Mahmud xan getdikdən sonra mən bu ziyafət haqqında uzun-uzadı düşündüm: bu ziyafətdə Təbrizdə olan bütün diplomatik korpus iştirak edəcəkdi. Burada ancaq saxta təriflər eşidəcək və çirkin təzimlər, təmməllüq və riyakarlıqlar görəcəyik. Burada, bəlkə də, biz işimiz üçün yararlı heç bir şey öyrənə bilməyəcəyik.

Bunların hamısı ilə bərabər bu ziyafətə getməmək olmazdı. Məncə, Səmədxanla görüşmək və onun buraxılan intibahnamələrdən nə kimi təsir aldığını öyrənmək lazım idi. Ninanı da xəbərdar etməli idim, hərgah bu ziyafətə getmək istəyirsə hazırlanmasını tapşırmalı idim.

Mən onun xəstələndiyini hələ otağa girməmiş bildim. Təhminə xanım balkonda mənə təsadüf etdiyi zaman «Qız xəstədir, işə getməmişdir» – dedi.

Mən icazə alaraq onun yataq otağına girdim. O məni görürkən «otur» dedi.

Doğrudan da, onun hərarəti vardı. Özünü yaxşı hiss etmirdi. Buna baxmayaraq, Məcid ona dinclik vermirdi. O, yenə də qamış atını minib Maralan səngərlərinə hücum edir və Ninanı «İrəli! İrəli!» deməyə məcbur edirdi.

Mən kürsünü qoyub onun çarpayısının yanında oturdum, saçlarını qaldırıb əlimi alnına qoydum; başındakı hərarət əllərimi istiləndirdi.

Mən onun bu xəstəliyinin səbəbini bilirdim, o daima əsəbiləşdiyi zaman xəstələnirdi. Onu Səmədxanın əmisi oğlu Mahmud xan rahat buraxmırdı, o, Hacı Səmədxan və çar konsulunun mənə nisbət yaxın əlaqəsini nəzərə almayaraq, yenə də üzərində mənim himayəm olan bir qızdan əl çəkmir və onu ələ gətirməyə çalışırdı.

Nina balışının altından bir neçə kağız götürüb mənə verdi.

Kağızların birisi Peterburqdan, xariciyyə nəzarətindən Təbriz konsuluna gələn gizli bir teleqramın surəti idi. «Xariciyyə nəzarətindən Təbriz general-konsuluna № 867, 14 may

Rica edirəm şifrəni özünüz açasınız. Əbdürrəzzaqbəy gəldi. O, bizdən maaş alır. Onun Təbrizə gəlməkdə məqsədi Şücaüddövlə ilə yaxınlaşmaqdır. Bununla da o, İran təbəəliyinə daxil olmaq və idarəedici bir xidmətə girmək istəyir. Ayıq olmaq lazımdır. Oradan türklərə qarşı heç bir çıxışda bulunmayın.

Əbdürrəzzaqbəyin konsulxana ilə heç bir açıq əlaqəsi olmamalıdır. Təfsilat poçta ilə.

Klemm».

Nina mənə bir sual verdi:

– Belə teleqramların bizim üçün bir əhəmiyyəti vardırmı?

– Əlbəttə, vardır.

– Nə kimi?

– Dövlətlər dünya müharibəsinə hazırlaşır, çar hökuməti Türkiyə hüdudunda hazırlıq aparır. Heç şübhə yoxdur ki, İran xalqını da çəkib bu qanlı macəraya salmağa çalışacaqdırlar. Çar hökuməti bütün macəraçıları səfərbərliyə alır. Əbdürrəzzaqbəy də onlardan birisidir.

– Əbdürrəzzaqbəy kimdir?

– Əbdürrəzzaqbəy 30 ildən bəri Türkiyəyə qarşı bir çox qanlı oyunlar oynayan və əcnəbi təhriki ilə öz vətəninə xəyanət edən bir canidir. O vaxtı ilə İstanbul şəhər komandanı Rizvan paşanı öldürmüş və İstanbuldan qaçmışdır. Onu bütün Türkiyə tanıyır, Bətlis vilayəti kürdlərindən Bədrxanpaşazadə familiyası ilə məşhur bir xaindir. Prins Səbahəddinin təşkil etdiyi «Ədəmi-Mərkəziyyət» partiyasına daxil olmuş və əcnəbi parası ilə yaşamışdır. İndisə çar Rusiyasının qucağına atılaraq ölkəsinə son bir xəyanəti etməyə başlamışdır. Belalərini ifşa etmək hər halda faydadan xali deyildir. Çar hökumətinin cahangirlik siyasətinə əngəl törətmək və onun dünya müharibəsinə hazırlaşdığını kütlələrə bildirmək təxir qəbul etməz bir vəzifədir.

İkinci kağızı açdım. Bu kağız Urmi konsulundan xariciyyə nəzarətinə vurulmuş bir teleqramın surəti idi.

«Urmi viti-konsulundan xariciyyə nəzarətinə teleqram № 175, aprel 11.

Surəti Tehrana.

Şeyx Bərzani dünən gündüz mənimlə görüşdü. O rica edir ki:

  1. Rusiya hökuməti onu öz himayəsinə alsın, bununla da, o hər yerdə və hər işdə Rusiya hökumətinin göstərişlərinə tabe olacaqdır.

  2. Onun ailəsinin Urmi rayonunda yerləşdirilməsinə imkan verilsin.

  3. O, Rusiyanın Ravanduz rayonunda olan bütün arzularının həyata keçirilməsini öhdəsinə götürür.

O öz ailəsini Urmi rayonunda yerləşdirdikdən sonra Ravanduz rayonuna qayıdaraq Türkiyə hökumətinə qarşı mübarizə aparacaqdır. Mən xariciyyə nəzarətinin əmrinə görə, onu gizlincə himayə edirəm. Ona heç bir vəsiqə verməmişəm. O, vəsiqə almaq barəsində bir çox təkidlərdə bulundusa da mən qəbul etmədim.

V. Vgenski».

Başqa bir teleqram da var idi ki, Nina bu teleqramı yubandırmış və vaxtında gətirməmişdi.

«Xariciyyə nəzarətinin Şərq şöbəsi müdiri Klemmdən Qafqaz canişini Vorontsov-Daşkova 177 nömrəli iş ilə 262 nömrəli məktub.

Təbriz konsuluna.

Əbdürrəzzaqbəyin Tiflisə gəlmək xəbəri verilir.

Əbdürrəzzaqbəyə ayda üç yüz manat maaş təxsis edilmişdir. O, gərək Təbrizdə yerləşsin. Onun məqsədi erməni-kürd birliyi yaratmaqdır. Onu mümkün olduqca İran təbəəliyinə keçirmək lazımdır. Onun İrana keçməsi üçün hər cür təşəbbüsdə bulunmalısınız.

Klemm».

Teleqramları oxuyub bitirdikdən sonra Hacı Səmədxanın yazdığı dəvətnaməni göstərdim, bu ziyafətə getməyin lazım olduğunu söylədim.

O, bir kərə:

– Getməyəcəyəm! – dedi.

– Nə üçün? Xəstə olduğuna baxmayaraq, yenə də getmək lazımdır. Biz onlardan bacardıqca istifadə etməliyik. Sən gördün ki, ölüm qorxusu qarşısında duran yüzlərcə mücahidi onların vasitəsilə Təbrizdən qaçıra bildik.

Nina yenə də:

– Getməyəcəyəm! – dedi. – Mən Mahmud xanın üzünü görmək istəmirəm. Onun fikri başqadır, hər dəfə məni gördükdə təklifdə bulunur və sənin həyatını təhdid edir. Getmirəm, qoy o məni görməsin.

Mən ona nə qədər nəsihət etdim və Mahmud xanın bir iş görə bilməyəcəyini söylədimsə də, yenə o bircə sözlə:

– Getməyəcəyəm! – dedi.


Saat ikinin yarısında, fayton qapıda dayandı, Mahmud xanın özü də bizi müşayiət üçün başqa bir faytonda oturub gəlmişdi. O, Ninanın xəstə olduğunu eşitdiyi zaman rəngi dəyişdi və gözlərindən məhrumiyyət əlamətləri sezilməyə başladı. O:

– Xanımın xəstəliyi çox təəssüf ediləcək bir haldır, – dedi.

Mən heç də cavab vermədim. Faytonda gedərkən, Mahmud xanla nə cür hesablaşa biləcəyimi düşünürdüm, çünki bizim ikimizdən birimiz Təbrizdə qalmalı idik. Hər halda bu düşüncə məni əzirdi, nə qədər düşünürdümsə müəyyən bir qərara gələ bilmirdim.

Saat üçə beş dəqiqə işləmiş fayton Nizamüddövlə bağına daxil oldu. Mən faytondan düşərkən, konsulxana faytonları da gəldi. Faytonun birində konsul və arvadı, o birində isə qızları Olqa və Nadejda oturmuşdu.

Bağa birlikdə daxil olduq. Qabaqca konsul, arvadı və mən, dalımızca Olqa və Nadejda gəlirdi.

Mən birinci sözümdə Ninanın xəstələndiyi və ziyafətə gələ bilmədiyini xəbər verdim.

Hacı Səmədxan hazır olan qonaqlarla bərabər balkonda durub çar konsulu və ailəsinin yolunu gözləyirdi. Çar qubernatoru, çar konsulunu şad və gülər bir üzlə qəbul etdi. Lakin onun halı özündə deyildi: bığları həddindən artıq aşağı düşmüşdü.

Oradakılar tanış olduğumuz adamlar, Xoy konsulu Çerkov, Maku konsulu Olferov, Urmi hakimi Etimadüddövlə və iki nəfər də bu vaxta kimi görmədiyim şəxs idi.

Mən tanımadığım qonaqlara təqdim olunduğum zaman Hacı Səmədxan:

– Bunlar da mənim səmimi dostlarımdır, – dedi.

Diplomatik korpus nümayəndələri hələ gəlməmişdi. Biz balaca dəstələrə ayrılaraq gəzdiyimiz zaman İngiltərə, Almaniya, Amerika və Fransa konsulları da gəldi.

Mən Səmədxanın sağ tərəfində durmuşdum. Çünki onun çar konsulu ilə bütün söhbətlərini ruscaya mən tərcümə edirdim. Buna görə Səmədxan məni diplomatik korpus nümayəndələrinə təqdim edərkən:

– Şəhərimizin möhtərəm tacirlərindən Əbülhəsən xandır, – deyirdi.

O məni miss Hannaya da bu sözlərlə təqdim etdikdə, qız doğrudan mənimlə indicə tanış olurmuş kimi, – Hanna – deyə, əlimi sıxdı.

Miss Hanna, konsulun qızları, İngiltərə konsulunun arvadı və Amerika konsulxanasının baş katibi Friksonun arvadı Sara və başqalarına qoşulub bağa endi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов