Mahmud xan gündüzlər sərdar Rəşid və İraida ilə Ninanı əldə etmək planlarını birlikdə müzakirə etməkdə, gecələr isə qaraçı məhləsindəki fahişəxanada oturub amerikalı qızın yolunu gözləməkdə idi.

Mahmud xanın məni Təbrizdən rədd etmək planları və tamamilə də olmasa, mənim üçün qismən aydın idi. O mənim haqqımda nə konsula, nə də Hacı Səməd xana bir söz deyə bilməyəcəkdi, çünki onların heç birisi buna razılıq verməzdi. Onun yeganə çarəsi məni məhv etməkdi.

Dalımca adam saldığını və əlverişli bir yerdə məni öldürtmək istədiyini bilirdim. Buna görə mən də onu təqib etmək qərarına gəlmişdim. Tütünçüoğlu, Həsənağa və başqa yoldaşların vasitəsilə onu və onun bütün niyyət və məqsədlərini öyrənməyə çalışırdım.

Mahmud xan bir tərəfdən Şümşad xanımın etibarını amerikalı qızın evində möhkəmlətməyə, onu öz evinə aparmağa çalışır, o biri tərəfdən də onun bacıları və sair qohumları Ninanı elçiləmək üçün gedib-gəlirdi. Nina hər gün Mahmud xandan bir neçə məhəbbət kağızı alır və bununla da rahatsız olurdu.

Nina bir neçə kərə mənə müraciətlə, Təbrizdən qəfil, hər kəsdən xəbərsiz köçüb getməyi təklif edirdi.

Mən bu arı heç vaxt qeyrətimə sığışdıra bilmədiyim üçün onun təklifini rədd etmişdim. Hazırkı mübarizə inqilabi mübarizə olmasa belə Təbrizdən həqarətlə qaçmağı heç bir zaman qəbul edə bilməzdim. Yaxamı Mahmud xanın əlindən qurtarmaq üçün qaçmağım, amerikalı qızın da məhvi demək idi, çünki yəqin edirdim ki, mənim Təbrizdən getdiyimin ikinci günü, qız Şümşad xanımın fahişəxanasına düşəcəkdir. Xüsusən mən Təbrizdən getdikdə, xalça emalatxanalarında çalışan gənc işçilər arasında başladığımız təşkilat işləri də yarımçıq qalacaq idi. Bunları nəzərə alaraq Ninanın Təbrizdən getmək fikirlərinə şərik ola bilmirdim.

Gecə saat bir idi, Məşədi Kazım ağa rəngi ağarmış halda içəri girdi və:

– İşdən xəbəriniz varmı? – dedi.

– Xeyr yoxdur!

– Bir saat bundan qabaq Mahmud xanın adamları Müqtədir xanın evinə girib bir çox qiymətli şeylər alandan sonra özünü də öldürmüşlər.

– Müqtədir xan kimdir?

– Məgər siz onu tanımırsınızmı?

Mən yenə də özümü bilməməzliyə vurub:

– Xeyr tanımıram, – dedim, – mən Təbrizdə kimi tanıyıram ki?

– Siz Mehdi xanı tanıyırsınız, ya yox?

– Hansı Mehdi xan?

– Bir neçə gecə bundan qabaq burada olan Nabat xanımın atası Mehdi xanı. Bizim xanımın bacısı əri.

– Bəli, bildim, Mehdi xanı öldürmüşlər?

– Xeyr, Mehdi xanın qardaşı Müqtədir xanı.

– Haradan bildiniz?

– Xanıma bu saat xəbər gətirdilər.

– Böyük bir bədbəxtlik!

– Bəli, böyük bir bədbəxtlik. Bu, Nabat xanım üçün də bir bədbəxtlikdir.

– Nə üçün?

– Çünki oradan aparılan dövlət bədbəxt qızın əlindən getdi. Biz nə qədər zəhmət çəkib onları inandırmışdıq ki, qız gecəni bizdə olubdur, o inanmışdı. İş də düzələcəkdi, fələk qoymadı.

– Çox gözəl, qız ki, onun oğluna getmək istəmirdi, siz gördünüz ki, qız ağlayırdı.

– Çox da istəmirdi, çox da ağlayırdı, o qədər var-dövləti əldən çıxarmaq olardımı?

Mən daha bir söz demədim. Məşədi Kazım ağadan tamamilə incidim, çünki bu adam üçün para, var, dövlət hər şeydən, hətta irz və namusdan da qiymətli imiş! Lakin hələlik bu adamla əlaqə saxlamaq lazım idi. Məşədi Kazım ağa oturmadı, qabağına qoyulan çayı da yarımçıq edib getdi. Mən təkcə oturub Tütünçüoğlu və Həsənağanı gözləyirdim.

Məşədi Kazım ağa onların Müqtədir xanla olan «haqq-hesabı» bitirdiklərini söyləsə belə, yenə də əmin deyildim. Onların işi nə cür yerinə yetirdikləri ilə maraqlanırdım.

Qapı vuruldu. Tütünçüoğlu və Həsənağa içəri girdi. Mən onlar oturmadan:

– Quluzadə və Rəcəbli yoldaşlar harada qaldı? – deyə xəbər aldım.

Tütünçüoğlu cavab verdi:

– Tələşa düşmə, qardaşım, onları evlərinə yola saldıq, bura gəlmələri lazım deyildi.

– İşlər necə oldu?

– Hər şey öz yerindədir, Müqtədir xandan başqa!

– Söyləyin görüm, mən onu öldürməyi sizə tapşırmışdımmı? Onu öldürmək lazım olsaydı, mən sizi Mahmud xanın adamları adı ilə deyil, sadəcə, qarətçi adı ilə göndərər və işi bitirərdim. Sizi Mahmud xan adamları adı ilə göndərməklə, onunla Mahmud xan arasında ixtilaf törətmək istəyirdim, onu Mahmud xanın əlilə məhv etməyə çalışırdım. Siz isə gedib əlinizi qana batırdınız!

Onlar məndən birinci kərə idi ki, məzəmmət eşidirdilər. Hər ikisi qızarıb utancaqlıqla başlarını aşağı salaraq gözlərini döyürdülər.

Mən yenə soruşdum:

– Deyin görüm nə üçün mənim sözümdən çıxdınız?

Tütünçüoğlu Həsənağadan əvvəl sözə başladı:

– Əvvəli budur ki, onu öldürmək lazım idi. Ondan tapılan vəsiqələri oxumuş olsaydınız, bizə bu sualı verməzdiniz. İkincisi də budur ki, onu biz öldürmədik. Bilirsiniz ki, biz dörd nəfər idik. Saat 11-də həramız bir tərəfdə durub onun evinin qaraulunu çəkirdik. Qabaqca oradan cavan bir qızla bərabər qulluqçu bir qadın çıxdı. Sonra bir nimçə xörək əllərində aşpazlar da getdi. Əvvəlcə qapıya mən yanaşdım. Yoldaşlar kənarda dayanmışdı. Qapını vurdum. Müqtədir xanın arvadı qapıya gəlib soruşdu:

– Kimsən? Nə istəyirsən?

– Xana məktub gətirmişəm, – dedim.

Arvad qapını açdı. İçəri girən kimi ona belə xəbər verdim:

– Mahmud xan Hacı Səməd xanın əmrilə bizi xanın yanına göndərmişdir. Çox rica edirəm ki, qorxmayasınız, qorxulacaq bir şey də yoxdur.

Arvad özünü itirdi. Yoldaşlarımız da gəlib içəri girdilər. Qapını dalından bağlayaraq, yoldaşlardan birisini orada qoyub evə doğru irəlilədik. Bir yoldaş da dəhliz qapısında durdu. Həsənağa ilə ikimiz otağa girdik.

Xan beliaçıq əyləşib, qəlyan çəkirdi. O bizi görünçə qəlyanı buraxıb soruşdu:

– Nə əcəb gecənin bu zamanı təşrif gətirmişsiniz?

– Cənab Mahmud xan, həzrət Əşrəfin əmri ilə bizi sizin evinizə göndərmişdir. Siz burada gizlənən inqilabçıları verməlisiniz.

– Hansı inqilabçıları?

– Qadaşınız oğlanlarını!

Biz bunu deyərək Mahmud xan adından apardığımız vəsiqəni göstərdik. Müqtədir xan vəsiqəni oxuyub bizə qaytardı və:

– Çox təəccüb edirəm, – dedi, – əcəba, Hacı Səməd xan və cənab Mahmud xan özü mənim inqilabçı olmadığımı bilmirmi? Mən xahiş edirəm ki, mənim qabaqca vəsiqələrimi yoxlayasınız.

O bunu deyərək balaca bir sandıqca gətirdi, oradan bir dəstə vəsiqə çıxardı və:

– Buyurun, – dedi, – bu vəsiqə qardaşım oğlanlarının inqilabçı olduqlarını bildirmək üçün Hacı Səməd xana yazdığım məktubun surətidir. Bu da bu xidmətimin əvəzində Hacı Səməd xanın mənə iltifat buyurduğu vəsiqə!

– Bu kifayət deyil, – dedim, – siz gərək gizlətdiyiniz adamları verəsiniz!

– Onları mən gizlətməmişəm, onların özləri Təbrizdən qaçıb gedibdir. Mən özüm də onları axtarıb məhv etdirmək istəyirəm. Yalnız bu gün harada olduqlarını bilmişəm.

– Haradadırlar?

– Onların Miyandabda olduğunu eşitmişəm. Budur öz əlimlə də məktub yazmışam, sabah aparıb Hacı Səməd xana verəcəyəm.

Biz onun Hacı Səməd xana göndərmək üçün yazdığı məktubu da alaraq:

– Eybi nədir? Biz məktubu da cənab Mahmud xana verərik, – dedik, – indi buyurub sandıqları açınız! Biz onları axtarmalıyıq.

– Nə axtaracaqsınız?

– Daha başqa vəsiqələr lazımdır!

O, etiraz etmədi. Biz əvvəlcə onun vəsiqə çıxardığı sandıqcanı aradıq. Oradan bir dəstə Amerika dolları, bir paket dolusu ingilis kağız pulu, bir miqdar da rus pulu götürdük. Kağızları da yoxladıq: bunlar pul təməssükləri, mülk qəbalələri və sair lazımsız kağızlardı.

O bizə belə bir sual verdi:

– Pulları nə üçün götürürsünüz?

– Pullar bizə lazım deyil, ancaq onların siyahısını tutacayıq. Pullar yenə də özünüzə qaytarılacaqdır. İndi başqa sandıqları açın!

Sandıqlardan birisini açdılar, axtardıq, hər nə qızıl və başqa qiymətli daşlar vardısa götürdük. Başqa bir sandıqda olan rus və osmanlı qızıl pullarını da aldıq, onların hamısını böyük bir torbaya yığdıq. Oğlu yatmışdı, arvadı onunla bir yerdə idi, hər işi qurtarandan sonra onun öz üst-başını aradıq, qızıl saatından başqa üstündə heç bir şey yox idi. Ancaq jiletinin içəri cibindən bir qız şəkli çıxdı. Qızın kim olduğunu soruşduqda, o, qardaşı qızının şəkli olduğunu söylədi. Arvadı isə onun üzünə tüpürərək: «Tfu sənin qeyrətinə! – dedi, – oğlunun adına almaq istədiyin qızın şəklini öz qoynunda gəzdirirsən?! Sənə nə etsələr azdır!» Arvad bu sözü söyləyərək əsəbiləşdi və dəlicəsinə stol üzərində qoyulan bürünc şamdanı alıb onun gicgahına elə bərk vurdu ki, Müqtədir xan yıxıldı. Biz əyilib halını yoxladıqda, onun işini bitmiş gördük. Qadın özündən gedib yumşaq divanın üzərinə düşdü. Biz də dərhal bütün şeyləri götürüb çıxdıq. Qapını daldan bağlayaraq, divardan aşıb getdik.

İşin həqiqəti belədir ki, dedik. Paralar isə elə boldur ki, onunla bütün mühacirətdə olan yoldaşları təmin edə bilərik.

Bu sözlərdən sonra Tütünçüoğlu, xandan alınan vəsiqələri, götürülən pulların və qiymətli şeylərin siyahısını, qızın fotoşəklini mənə verdi. O Nabat xanımın şəkli idi. Mən təcili məktub yazıb Həsənağaya verdim, cib xərcliyini də yanına qoyaraq dedim:

– Bu gecə Miyandaba gedərsən, bu məktubu Saleh ağa və Pərvizə verərsən. Bunu bacara bilərsənmi?

– Nə üçün bacarmıram, – deyə qalxmaq istədikdə, Saleh ağa və Pərviz ağa üçün də xərclik verdim, vidalaşıb yola saldım.

Həsənağa getdi. Gecə saat iki idi. Tütünçüoğluna müraciətlə dedim:

– Bu işimiz müvəffəqiyyətlə qurtardı, indi isə sənə məlum olan başqa bir işin dalınca getməliyik!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов