Страница 1 из 2

Eynüddövlə tərəfindən Təbrizə gələn sülh heyəti əvvəlcə rus konsulunu ziyarət etmiş, lazımi təlimatı aldıqdan sonra əncümənə gəlmişdi. Heyət talış hakimi Sarimüddövlə, Ərdəbil rəiyyət vəkili və bir də Rəşidülmülkdən ibarət idi.

Sülh heyətinin əhali tərəfindən təntənə ilə qəbul edilməsi, əhali arasında lazımi iş aparılmamasını və inqilabçıların lazımi nüfuza malik olmamasını göstərirdi.

Şəxsən Səttar xanın mübarizə üsulunda inqilaba və onun əsl məqsədlərinə zərər verən cəhətlər də az deyildi. Mücahidlər kimlərlə atışdığını, hansı qüvvəyə qarşı mübarizə apardığını o qədər də bilmirdi.

Mən heyətin gəlməsi haqqında Səttar xanın fikrini öyrənmək istədim.

– Heyət çox təntənəli qarşılandı. Bu isə əhalinin Eynüddövləyə olan etimadını və rəğbətini göstərir, – dedim. – Siz bu kütlələrə hansı sinfin yolunda mübarizə apardıqlarını öyrətməlisiniz. Kütlələr inqilabın nə mahiyyətdə olduğunu düşünsələr, daha yaxşı mübarizə apara bilərlər.

– Kütlələr inqilabın mahiyyətini çox gözəl bilir. Bu vuruşma dövlət tərəfində olanlarla dövlət tərəfində olanların düşmənləri arasında gedən bir müharibədən ibarətdir.

– Sizin dediyinizə görə inqilabın burada heç bir vəzifə və rolu yox imiş.

– Bəzən inqilab iki qüvvənin birinin əlində alət olmaq vəzifəsini daşıyır. Bu da məcburidir, çünki inqilabın özü də bu iki qüvvədən istifadə etmək məcburiyyətindədir.

Mən daha danışmadım. Səttar xanın bu söhbətdən xoşlanmadığını hiss etdim, çünki daima bu kimi hallarda bığlarını burub uclarını ağzına təpərdi.

Sərdar Əhrab məhəlləsinə getməli idi. Burada Eynüddövlənin heyəti ilə görüşəcəkdi.

Mən dışarı çıxdıqda o məni dayandırdı.

– Səbir edin. Bir yerdə gedək, – dedi.

Dayandım. Sərdarı bir çox yerlərə gedəndə görmüşdüm. Lakin bugünkü gedişi tarixi və başqa bir gediş idi. Səttar xanı Əhrabda heyətlə görüşmək üçün aparmaqdan ötrü təntənəli bir alay düzəlmişdi. Bu gün Səttar xan faytona əyləşmişdi. Yanında yavərləri (yaxın və inandığı adamlar) oturmuşdu.

Mən başqa bir faytonda idim. Səttar xan heyətin iclasına çox təxirlə getdi. Bu adət İran kübarları arasında ən işlənmiş və tanınmış adətlərdən biridir. Böyük adamlar daima məclisə təxirlə gedərlər, çünki onların fikrincə, məclisə tez getdikdə sonra gələnlərin ayağına qalxmaq lazım gəlir, bu isə kübar bir simanın nüfuzunu azaltmış olur.

Səttar xanın gəlməsi xəbəri eşidildikdə heyətin iclasına toplaşanlar onu təntənəli bir surətdə qarşıladılar. İçəri girdikdə heyət üzvləri ayağa durdu. Səttar xan əyləşəndən sonra onlara müraciətlə:

– Zəhmət çəkməyin, əyləşin, – dedi.

Onlar əyləşdilər və Sərdarın kefini soruşdular. Sərdar isə təşəkkür etdi. Heyətdən Rəşidülmülk sözə başladı:

– Cənab şahzadə Eynüddövlə sülh üçün gəldiyini və Azərbaycan əhalisinin rahatı yolunda çalışacağını sizə xəbər vermək üçün bizi sizin hüzurunuza göndərmişdir. Qibleyi-aləm Azərbaycan əhalisinə əfvi-ümumi vermək üçün cənab şahzadəyə xüsusi tapşırıqlar vermişdir.

Məclisdə oturanlar Səttar xanın bu sözlərə verəcəyi cavabı səbirsizliklə gözləyirdi. Səttar xan sözə başladı:

– Qibleyi-aləm bizim atamızdır. Biz ona qarşı üsyan etməmişik. Buna görə də cənab şahzadə birinci növbədə Təbrizi bu ağır vəziyyətə salan Rəhim xan və bu kimilərin cəzasına çatdırmalıdır.

Bu cavab məclisdə oturanların təəccüblərinə səbəb oldu. Onların bir çoxusu bir-birinin qulağına gizli sözlər pıçıldamağa başladı. Zira burada Səttar xanın inqilabi simasızlığı özünü göstərmiş oldu. Camaat padşahın, doğrudan da, böyük ata olduğunu, üsyanın padşah üzərinə olmadığını zənn etdi. Bir çoxları da: «Belədir ha. Sərdar çox doğru söylədi. Padşahda nə taqsır vardır? Bu cür işləri düzəldən beşaltı lotu-potudur», – deyə Sərdarın sözlərini təsdiq etdilər.


Üç gündən bəri Sərdarın görüşünə getməmişdim. O məni adam göndərib çağırtdırdı. İncidiyimi bilirdi. O mənim hiddətimi soyutmaq istəyirdi. Biz ondan narazı qaldıqda etiraz etməzdik, çünki o, çox əsəbi idi. O bizim etirazımızı yalnız görüşünə getmədiyimiz vaxt bilirdi. O mənə müraciətlə:

– Hərgah iş Məhəmmədəliyə (şaha) qalarsa, onunla düzəlişmək çox da çətin deyil. Lakin onu əhatə edənlər öz bildiklərini edir və heç kəsə də qulaq asmırlar.

Burada başqa cavab vermədim. Əlimi atıb cibimdən Məhəmmədəli şahın Eynüddövləyə vurduğu teleqramı çıxardım. Teleqram Eynüddövləyə yetişmədən əvvəl rus konsulunun casusları tərəfindən konsulxanaya gətirilmişdi. Haman teleqramı konsula yetişmədən Mirzə Əlekbər xan mütərcimin masası üzərindən Nina götürüb mənə vermişdi.

Teleqramda Məhəmmədəli şah Eynüddövləyə əmr edir ki, «Təbrizin daşını daş üstə qoymamalısan».

Teleqramı Səttar xana verdim. Heç bir söz demədi. Çox fikirdən sonra başını tərpədib dedi:

– Çox təşəkkür edirəm. Hər təşkilatımız belə işləsəydi, inqilab heç bir çətinlik çəkməzdi.


Eynüddövlə Sahib-divan bağında yerləşərək hər gün sülh heyətini göndərib boşboğazlıq edirdi. O bununla vaxt qazanıb Şatranlı və Tehran ordusunun tamamilə Təbriz ətrafında toplanmasını gözləyirdi.

Bu məsələni Sərdara dəfələrlə dedik. Eynüddövlə hazırlığını bitirməmiş ona hücum etməyi və darmadağın etməyi lazım gördük. Səttar xan buna razı oldu. Bağır xan bu fikri təsdiq etdi. Məsələ şurada müzakirə edildikdə mollalar və mollatəbiətlilər buna razılıq vermədilər.

– Təbriz müdafiə halındadır. Hücum edib müsəlmanları qırdırmaq cayiz deyildi! – dedilər.

Hələ bir çoxları, hətta Səttar xanın özü də Eynüddövlənin hücum edib-etməyəcəyinə şübhələnirdilər.

Bu şübhəni tezliklə rədd etdik.

Şahzadə Eynüddövlə hazırlığını bitirdikdən sonra Təbrizi bombardman edib dağıdacağı və «əşrarı» təslimə almaq istəməsi haqqında rus konsuluna xəbərdarlıq vermişdi. Bu xəbərdarlığın bir üzü Peterburqa, bir üzü Tehrandakı rus səfirinə göndərilmiş, üçüncü surətini isə Nina konsulxanadan bizə gətirmişdi. Eynüddövlə xəbərdarlıqda belə deyirdi:

«Millət, məmləkətin rahəti və beynəlmiləl qanunları mühafizə üçün şahənşah hökuməti Təbriz şərarətçilərini təsviyə etmək üçün məni Azərbaycana göndərmişdir. Bu gündən etibarən Azərbaycan hökumətini idarə etməyə başlayıram. Təbriz əşrarına rahat yaşamaq və silahı təslim etmək üçün dəfələrlə müraciət etdiksə də, fayda vermədi.

Təbrizi qəti mühasirəyə almağı, silah gücünə təslim etdirməyi qərara aldım. Buna görə rus dövlətinin bütün təbəələri və dövləti-bəhiyyənin himayəsində onların mənəvi və maddi cəhətdən müdafiə olunacağını xəbər verirəm.

Şəhər bombardman olunduğu vaxt Rusiya təbəələrinin Lilabad və Əhrab tərəflərinə çəkilmələri barəsində cənab general-konsul əlahiddə təşəbbüsdə olmalıdır.

Şənbə. 21 şəhri-rəcabəlmürəccəb.
Şahzadə Eynüddövlə»

Bu müraciətnamədən bir gün sonra Eynüddövlə işə başladı. Böyük topları çəkmək üçün yerlər hazırlanması, hücum yerlərinin təyin olunması xəbərini Nina gətirdi.

Əmrəxiz məhəlləsinin axırında böyük toplar yerləşdirilmişdi. Bu toplar Səttar xanın mərkəzini havaya sovurmaq üçün qoyulurdu.

Hacı Mir Bağır Sərrafın bağının dalında, Hacı Kazım Nayibin hamamının qarşısında da böyük və yeni toplar yerləşdirmişdir. Hökumət qüvvələri inqilabı boğmaq üçün ciddi hazırlıq apardığı zaman, inqilabçılar buna heç də diqqət vermədən şəxsi işlər, şəxsi ədavətlərlə məşğul olurdular.

Tam belə bir zamanda əncümənin Mərənd məbusu Hacı Cəlil mücahidlər tərəfindən öldürüldü.


Axşama az qalmışdı. Şəhər sakit idi. Heç bir tərəfdən silah səsləri eşidilmirdi. Sərdar da xəstə idi. Onun Hacı Cəlil məsələsindən əsəbləri xarab olmuşdu. O, inqilab sırasında gedənlərin şəxsi ədavət işlətdiklərindən razı deyildi. O bunun qarşısını ala bilmirdi, çünki vaxtında buna diqqət edilməmişdi.

Mən Ninanı da hali-təbiisində görmədim. Onun ruhu çox düşgün idi. Yenə də baxışından fəna bir xəbər eşitdiyini oxumaq olurdu. O məni görən kimi divanın üstündə oturdu, mənə də – otur! – dedi. Oturdum. Məcid yaxşılaşmışdı. Gəlib oturdu. Nina sözə başladı:

– Mən çoxdan bəri deməyə hazırladığım bir sözü bu gün deməyə məcburam. Mən əvvəlcə inqilabın içinə girməmişdim. Bütün daşıdığım vəzifələri sizə olan səmimi əlaqəm səbəbinə ifa edirdim. Çox keçmədi ki, mən özüm inqilabın ruhuna girdim, onda öz duyğum və vicdanımla vəzifə götürdüm. Bizim vəzifəmiz səngərdə vuruşmaqdan daha qorxuludur. Biz qorxulara nə üçün qatlaşırıq?

– Əlbəttə, gələcəkdə inqilabın qələbəsi üçün.

– Çox təəssüf edirəm ki, bu inqilabın qələbəsi yoxdur, çünki inqilab cərgəsində duranların doxsan faizi inqilabçı deyildir. Bu gün konsulxanada inqilabın başında duran və dəyərli simaları haqqında danışıb gülürdülər. Bir çox xırda mülkədarlar, alış-verişçilər, ruhanilər, hətta böyük sərvətdarlar belə inqilabın kölgəsində dolanır və öz mənfəətlərini bununla müdafiə edirlər. Sizdən soruşuram:

– Ağa Rza gəncəlilər kimdir?

– Onlar bizim mülkədardır. Torpaq üstündə başlanan üsyanın qəhrəmanı olan Haqverdinin qatilləridir. Bunlar Gər-gər və Baxşayiş kimi kəndləri yeyib, indi də Gər-gərin qonşusundakı Ələmdar kimi bir şəhəri qəsb etmək istəyirlər.

– Bu cür qatilin adını da mücahidlərin sırasında oxuyub gülürdülər. Mən bilirəm ki, mücahidlər sırasında təmizlik aparılmadan heç bir qələbə əldə etmək olmaz.

– Bu da mümkün deyildir, çünki o vaxt Səttar xanın başında çox az adam qalar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов