Leyla xanım iki məktub aldı. Məktubun birisi Bakı milyonçusu hacı Zeynalabdın Tağıyevdən, ikincisi Türkiyə ordusu ərkani-hərbindən idi. Məktubların ikisi də mühüm idi.

Leyla xanım çox düşündü ki, «məktubların hansını əvvəlcə oxuyum». Əvvəlcə Türkiyə ərkani-hərbindən gəlmiş məktubu oxumağa qərar verdi. Çünki bu məktub Leyla xanımın Türkiyə ərkani-hərbinə göndərdiyi mühüm bir məktuba cavab olmalı idi.

Leyla xanım Yerevandan daşnaq partiyası rəhbərlərindən Bakı daşnaqlarına yazılmış məktubu Esterin stolu üzərindən götürdüyü zaman, iki böyük müvəffəqiyyət əldə etdiyini düşünmüşdü. Ester xanım haman məktubu öz sevgilisi Vahana göndərmək üçün atasının iş qoluğundan oğurlamışdı. Leyla xanım bu məktubu götürməklə Türkiyə ərkani-hərbinə böyük bir xidmət etmiş olurdu. Çünki bu məktub, daşnaq siyasətində Türkiyə nəfinə olan dəyişmə münasibətilə yazılmışdı. Lakin Rayanın haman məktubu Leylanın redikulundan götürdüyü və yerinə ağ kağız buraxdığı Leylanın ümidlərini puça çıxartdı, müvəffəqiyyət əvəzində, bu gün gələn məktubda ərkani-hərb ağır məzəmmətlər yağdırırdı.

«...Göndərdiyiniz məktubun mənasını anlamadıq. Yazılmamış bir parça kağız göndərməkdən nə kimi bir məqsəd təqib etdiyinizi bilmədik. Stolunuzun üzərini axtarın, bəlkə məktubun əvəzində yazılmamış bir kağız göndərmisiniz. Bu hadisədən görünür ki, sizin ətrafınızda gizli əllər işləyir. Diqqətli olmalı və düşünməlisiniz...»

Bu məktubu oxuduqdan sonra Leyla acıqlandı və hönkür-hönkür ağladı. Öz-özünə dedi: «Bu heç kəsin işi deyil. Mənim başıma bu fəlakəti açan Rayadır. O avam, hətta sevgi nə olduğunu bilməyən erməni qızı da yalandan üzümə gülür. O da, Raya da bolşeviklərin xeyrinə çalışan qızlardır. Raya mənim bütün zəhmətlərimi puça çıxartdı. Bolşevik tapşırığı ilə çalışan bu qız, məndən istifadə edir. Onu cəzalandıracağam. İşıqlı dünya üzünə həsrət qoyacağam. Mən hər şeyi itirdim, Rayanı itirmək mənim üçün o qədər də kədərli olmaz».

Leyla xanım qismən özünü toplaya bildi.

O, ilk zərbənin nəticəsində, ikinci məktubu tamamilə unutmuşdu. Nəhayət, xəstələr kimi əlini zəifcə uzadıb hacının məktubunu götürdü, açdı:

«Əziz və möhtərəm qızım Leyla!

Bu kəlmələr mənim qəlbimdən çıxır. Çünki «əziz və möhtərəm qızım Leyla!» sözlərini hər gün təkrar-təkrar dilimə gətirirəm. Mənim qızım da Leyladır. Buna görə də mən öz yanımda iki Leylanı birlikdə görmək istərdim. Əvvəlcə elə düşünürdüm ki, siz də, Bakıya gələn möhtərəm müsafirlər kimi gəlib millət babasının evində mənzil edəcəksiniz. Lakin nədənsə siz hacı ilə maraqlanmadınız. Zənn edirəm ki, siz bu səhvi düzəltmək üçün milyonlarını türk xalqı yolunda sərf etmiş olan hacını ziyarət edəcəksiniz.

Mənim hər kəsin üzünə açıq olan evimi qoyub oteldə mənzil etmənizə heç məna verə bilmirəm. Siz hazırkı vəziyyəti çox gözəl bilirsiniz. Özünüz də millətimizin namusunu müdafiə yolunda çalışırsınız. Bunu mən eşitmişəm. Allah sənin kimilərini daha çox eləsin.

Sizin barənizdə cənab Ağabala Quliyev mənə danışmışdır. Mən onun dediklərinə tamamilə inanıram. Buna görə də yığışıb bizim evə gəlmənizi məsləhət görürəm.

Ailəmiz Mərdəkandadır. Oranın havası da çox safdır. Bağlıq-bağçalıq yerdir, köçüb orada da qala bilərsiniz.

Hacı Zeynalabdin Tağıyev.

15 iyul, 1918-ci il».

Hacının məktubu Leyla xanımı razı saldı. O, hacının dəvətini qəbul etdi və məktuba cavab yazdı.

«Hacı babam!

Millətin iftixarı olduğunuzu bilməmiş deyiləm. Cənab haqq sizi millətimizə çox görməsin. Hacı baba! Mən müsəlmanlarla çox az görüşürəm. Ətrafımızdakılar müxtəlif partiyalara mənsubdurlar. Bir türk qızı olduğum üçün daima müxtəlif din və əqidə daşıyanlarda özümə qarşı şübhə oyatmaq istəmirdim.

Hazırda siyasi hadisələr biri digərini təqib edir. Qarşımızdakı mühüm vəzifələri beş-üç nəfərlə ifa etmək və millətin siyasi və milli tələbatına cavab vermək mümkün deyildir. Buna görə də mühüm məsələlərdə sizin kimi zatların məsləhət və köməyi lazımdır. Bunu nəzərə alaraq cənab Ağabala vasitəsilə bəzi məsələlər üçün sizə müraciət etmişdim. Görünür ki, sizin «müsavat» partiyası haqqındakı mənfi fikirləriniz dəyişməmişdir.

Hacı baba! Yalnız siz deyil, bütün siyasi işlərdən xəbərdar olan şəxslər bilir ki, «müsavat» partiyası nə indi, nə gələcəkdə müstəqil bir hökumət təşkilinə nail ola bilməyəcəkdir.

Hacı baba! Bəlkə siz də müsavatçıların müstəqil hökumət qurmağa müqtədir olduqları haqqındakı iddialarına inanırsınız. Lakin sizi əmin edirəm ki, müsavatçılar bu gün Türkiyə hökuməti himayəsindən məhrum olsalar, sabah ingilislərin pəncəsinə keçəcəklər.

Bunları nəzərə alaraq «müsavat» partiyasının kütlə arasında müvəqqəti nüfuzundan istifadə etməklə, bolşeviklərə qarşı aparılan mübarizəni axıra qədər davam etdirməlisiniz. Mən zənn edirəm ki, Almaniya imperiyasına arxalanmış osmanlı imperatorluğu bolşeviklərə qarşı qəti mübarizə ilə Bakını ələ keçirməyə çalışacaqdır.

Hacı baba! Xəzər dənizi sahillərinə gələn türk ordusunun qələbəsini təminə çalışmaq lazımdır. Əlbəttə, bu yolda sizin yardımınızın böyük əhəmiyyəti vardır.

Hacı baba! Yuxarıda yazdıqlarımı həyata keçirmək və bu barədə sizin əsas fikrinizi bilmək üçün dəvətinizi qəbul edirəm.

Hörmətli əllərinizdən öpürəm.

Leyla.

15 iyul».

Leyla xanım hacıya yazdığı məktubu bağladı, üstünü yazdı. Hacının evinə telefonla xəbər verdi ki, məktubu aparmaq üçün adam göndərsinlər. Sonra da Ağabala Quliyevi telefona çağıraraq danışmağa başladı.

– Bu gün hacı cənablarının evinə köçəcəyəm. «Metropol»da işləmək imkanı yoxdur. Ətrafımda olanlardan şübhələnirəm. Mənimlə bərabər Bakıya gələn rus qızının bolşevik nəfinə işlədiyini hiss edirəm. O mənim işləməyimə imkan vermir. Ordumuz Bakıya gələnə qədər onu həbs etməliyik.

Mənim xüsusi təbibim Yusifidisin də bizim üçün bir əhəmiyyəti qalmamışdır. O, İranda ikən bizim üçün əlverişli idi. Burada isə mənim üçün bir əngəl olmuşdur; o mənim menşevik, eser rəhbərləri ilə olan işlərimə əngəl törədir. Axşam cənab hacının evində görüşər və danışarıq, hələlik...

Leyla dəstəyi yenicə asmışdı ki, Raya içəri girdi, Leyla onu şad bir çöhrə ilə qarşıladı və dedi:

– Raya bu gün hacının evinə köçürəm. Səni də aparmaq xəyalındayam, oteldə yaşamaq o qədər münasib deyildir.

Raya:

– Sizin köçməyinizə mane deyiləm, lakin mən miralay Tiq-Çonsonun razılığını almadan heç bir yerə hərəkət edə bilmərəm,—dedi.

Leyla dedi:

– Mən bu axşam ora köçəcəyəm, heç olmasa məni müşayiət ediniz.

Raya cavab verdi:

– Xeyr! Bu gecə heç yerə gedə bilməyəcəyəm. Bu gün Şaumyanın dövlət quruluşu haqqındakı çıxışını dinləmək üçün gedəcəyəm.

Leyla qaşlarını çataraq dedi:

– Raya, bizim ikimiz də dəyişmişik, ancaq kimin hansı tərəfə dəyişdiyi aydın deyildir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Sui-qəsd

Qətibə Atabəy Məhəmmədlə Qızıl Arslanın yazışmalarından və Qızıl Arslanın Azərbaycan səfəri haqqındakı narazılığından tamamilə xəbərdar idi. Qətibə Qızıl Arslan ilə Atabəy Məhəmməd arasında ixtilaf törətmək üçün bundan da əlverişli bir məqam tapa bilməyəcəkdi.Azərbaycan səfərinin başlanmasına o qədər də qalmırdı. Atabəy Məhəmməd qoşunu gözdən keçirmək və onun keyfiyyətini təyin etmək üçün Keykur-Əsədabad və Səhnə tərəflərinə getmişdi. Qətibə Səba xanımı çağırıb Hüsaməddinin evinə göndərdi və ona tapşırdı:

10 мин
Hücum

Atabəy Məhəmmədin böyük bir ordu ilə Şimali Azərbaycana hücum etmək xəbəri hər tərəfi qorxu altına almışdı. Gürcüstan və Şirvan məmləkətləri bu hücumun pərdəsi altında iki qonşu əleyhinə siyasi məqsəd gizlənə bilər deyərək ciddi bir hazırlığa başlamışdı. Onlar öz sərhədlərinə güclü qoşun yığırdı. Bu xəbər Aranda və Şimali Azərbaycanın başqa tərəflərində təşviş və həyəcana səbəb olmuşdu.Xüsusən aranlılar fars və ərəb qoşununun Azərbaycana gətirildiyini eşidən zaman Qızıl Arslana məktub göndərməyi və özlərinin onlara təslim olmayacaqlarını xəbər verməyi lazım bildilər.

8 мин
Qələbə

Atabəy Məhəmmədin Gəncə üsyançılarını cəzalandırmaq üçün Təbrizdən Qarabağa hərəkət etməsi xəbəri Gəncədə eşidilən kimi Aran şəhərlərinin hamısına hazır olmaları üçün xəbər verildi. Bir həftənin içərisində altı minə qədər müharibə təcrübələri görmüş atlı Fəxreddin və Seyid Əlaəddinin ətrafına yığışdı. Bu qoşundan dörd min nəfəri Seyi Əlaəddinlə bərabər Naxçıvan qalasını işğal edəcək və Atabəyin sərkərdəsi İbn-İddarın Ziyaülmülk körpüsündən Şimali Azərbaycana keçməsinə mane olacaqdı. Yerdə qalan iki min nəfər isə Fəxrəddinlə bərabər Kür çayının sahillərində durub Atabəyin əsas qüvvələrinin Gəncəyə girməsinə imkan verməyəcəkdi.Fəxrəddinin sərkərdəliyi altında gedən bu qoşun vaxtilə Atabəy ordusunda – Xarəzm, Rey, İraq müharibələrində təcrübə görmüş adamlardan düzəlmişdi.

7 мин
Şahmat

Axşam idi. Sərin və lətif ruzigar yay fəzasının çöhrəsinə düşən ləkələri silib təmizləyirdi. Ucan və Savalan dağlarından qopub gələn küləklər Qızıl Arslanın sarayının bağçasına yayıldıqca yasəmənləri təzə yuxudan qalxmış gəlinin saçları kimi dağıdırdı.Qoca bağban yayın istisindən qorunmaq üçün yarpaqların çətiri altına girib yatan güllərin çöhrəsinə su çiləyirdi.

4 мин

Стихи других поэтов