Sui-qəsd
Страница 1 из 2
Qətibə Atabəy Məhəmmədlə Qızıl Arslanın yazışmalarından və Qızıl Arslanın Azərbaycan səfəri haqqındakı narazılığından tamamilə xəbərdar idi. Qətibə Qızıl Arslan ilə Atabəy Məhəmməd arasında ixtilaf törətmək üçün bundan da əlverişli bir məqam tapa bilməyəcəkdi.
Azərbaycan səfərinin başlanmasına o qədər də qalmırdı. Atabəy Məhəmməd qoşunu gözdən keçirmək və onun keyfiyyətini təyin etmək üçün Keykur-Əsədabad və Səhnə tərəflərinə getmişdi. Qətibə Səba xanımı çağırıb Hüsaməddinin evinə göndərdi və ona tapşırdı:
– Səni yalnız onu mənim yanıma dəvət etmək üçün göndərirəm. Onunla bir qadın kimi əlaqədə olmağına icazə vermirəm. Sən bu gündən öz xanımının xatirəsi üçün onun qadına olan ehtiras və iştahasını söndürməməlisən. Bu gün Hüsaməddinin qadına olan ehtirasını coşdurmaq və ona təslim olmamaq vəzifəsini sənə tapşırıram. Bunun üçün də səni mükafatlandıracağam. Oğlumun canına and içirəm, hərgah mənim tapşırığımın əleyhinə olaraq ona təslim olduğunu anlasam, nəinki sən bu sarayın üzünü görməyəcəksən, eyni zamanda səni diri qoymayacağam.
Səba xanım üçün Qətibənin dediyi sözlərin heç birisi əhəmiyyətli deyildi. O heç də qorxmurdu. Çünki o, Qətibəni bir kərə deyil, yüz dəfələrlə aldatmışdı. Ona xoş gələn ancaq Qətibənin dediyi:
“Bu gün Hüsaməddinin qadına olan ehtirasını coşdurmaq və ona təslim olmamaq vəzifəsini sənə tapşırıram. Bunun üçün də səni mükafatlandıracağam” sözləri idi.
Bu sözlər onun qulağında nəşəli bir surətdə cingildəyirdi. O adəti üzrə Qətibəni öz sədaqətinə inandıraraq dedi:
– Xanım çox yaxşı bilir ki, mənim üçün anamın qəbri hər müqəddəsdən müqəddəsdir. Anamın qəbrinə and içirəm, dünyada kişi namına tək bir Hüsaməddin qalsa belə, xanımın icazəsi olmadan mən onun üzünə baxmaram. Nə olubdur ki?! Yəni mən elə bir alçaq qadın oldum ki, Hüsaməddin kimi adamlar istədiyi zaman məni özünə təslim edəcəkdir?! Əcəba, mən xanım üçün öz həyatımı qurban etməyə hazır olduğum zaman öz ehtirasımı ona fəda etməyi bacarmayacağammı?! Mən beş dəqiqəlik bir nəşədən ötrü əbədi səadəti itirəcək ağılsız bir qız deyiləm. Mələkə bir kərə bunu bilməlidir, mən belə qızam.
Qətibə onun üzündən öpərək yüz qızıl bağışladı və sonra da:
– Mən elə bir iş düşünürəm ki, sən də və mənim başqa dostlarım da hədsiz-hesabsız sərvət sahibi olacaqdır. İndi get Hüsaməddini mənim yanıma çağır.
Səba xanım Hüsaməddini Qətibənin yanına çağırmaq üçün yola düşdüyü zaman həddindən artıq sevinir və ayağını hara qoyduğunu bilmirdi, çünki o, Qətibənin çox böyük bir macəraya hazırlandığını təyin edirdi. Səbanın özü də şəxsən macərasız yaşaya bilməzdi.
Səba, Hüsaməddinin qapısında duran qarovula üzünü göstərən kimi qarovul onun Hüsaməddinin məşuqəsi olduğunu bilərək yol verdi. O, eyvana çıxıb Hüsaməddinin yazı otağının qapısını yavaşdan vurdu. Bir azdan sonra Hüsaməddin qapını açıb Səba xanımı gördü və onu içəri buraxdığı zaman:
– Xoş gəldin mənim ruhum, – deyərək qollarını onun boynuna salmaq istərkən, Səba xanım təhqir olunmuş namuslu bir qadın kimi dala çəkilib dedi:
– Səbirli ol. Sənin yanına gələn mələkənin möhtərəm və inanılmış cariyəsidir, bir nəfər küçə fahişəsi deyildir.
Hüsaməddin geri çəkilərək əlini-əlinə çalıb güldü, yenə də irəli gəlib əlini Səba xanımın çiyninə qoyub dedi:
– Əcəba, sən daima mənə ruhum deyərək boynuma sarılan Səba xanım deyilsənmi?
– Bəli, mən həmin Səba xanımam, lakin sən bunu bilməlisən ki, gənc qızların ruhu daima bir nöqtə ətrafında fırlanmağı sevməz. Dünən səni öz təmiz ruhu şəklində görən və boynuna sarılan bir qız, bu gün səni görmək istəməzsə heç də darılmamalısan. Gözəllərin bir xasiyyəti də kişiləri sevgisinə bağlamaq, sonra da atmaq, yalvartmaq və qaçmaqdır.
– Əcəba, biz bir ruh kimi bir-birimizə aşılandığımız zaman bu cür fəlsəfələri danışmışıqmı?
– Danışmadan qovuşmağın özü də bir fəlsəfədir. Bu sirləri qoy bizim təbiətimiz həll etsin. Fəlsəfələrlə məşğul olaraq gözəlliyimi boş düşüncələr içərisində soldurmağa vaxtım yoxdur. Ancaq bunu deyə bilərəm ki, mələkə sizi hüzuruna dəvət edir.
Səba xanım bunu deyərək otaqdan çıxmaq istədikdə Hüsaməddin təəccüblə baxaraq onu səslədi:
– A qız, dayan, dur, bir məni eşit!
Səba xanım çiyninin üstündən ona baxaraq cavab verdi:
– Ağıllı qızlar hər bir şəhvətpərəst kişini yox, ancaq öz qəlbini eşitməlidir. Bu gün mənim heç kəsi eşitməyə vaxtım yoxdur. Qulağım təzə söz eşitmək və gözüm isə yeni çöhrə görmək istəyir.
Hüsaməddin Səba xanımda baş vermiş bu ani dönüşə heç bir səbəb görə bilmirdi. Buna görə də onu qolları arasına alaraq öpmək istərkən Səba xanım da qoynundan kiçik bir şüşə zəhər çıxarıb:
– Mən iradəmin xaricində olan hər bir işə ölüm kimi baxıram. Sən mənim diri qalmağımı istəyirsənsə özünü saxla. Mənim nifrətimə səbəb olan həqarətli işlərdən əl çək.
Hüsaməddin təlaşla yalvarıb dedi:
– Amandır, yalvarıram, zəhəri qoy yerinə, sən özünü zəhərləməklə məni də məhv edə bilərsən. De görüm, axır məndən nə kimi bir həqarət gördün? Olmaya mənim dilimdən sənə bir iyrənc sözmü dedilər?! Dünənə qədər sənin özün dəfələrlə: “Mən sənin üçün yaşayacağam, mən dünyada kişi namına ancaq səni tanıyıram” deyirdin, bu gün sənə nə oldu?! Gəl otur, mənim ruhum, bəlkə də səni kədərləndirən bir başqasıdır. Sən özgələrin acığını mənim üstümə tökmə. Sən bilirsən ki, mən Həmədanda sənin eşqinlə yaşamaqdayam. Məni bu qürbət vilayətdə bəndə vurub saxlayan sənin saçların deyilmi? Sən nə üçün mənim qətlimə fitva verirsən?! Sən mənim Səbasız yaşaya bilməyəcəyimi bilirsən ki...
Səba xanım zəhəri döşlərinin arasına qoyduğu vaxt gülümsəyərək:
– Get bu cür qəzəllərini kişiləri tanımayan ağılsız və təzə-təzə gözünü açan qızlara oxu. Məni aldada bilməzsən. Daha yetər, çünki qızlar həyat məktəbini aldana-aldana bitirir. Mən daha o məktəbi bitirmişəm, – dedikdə Hüsaməddin:
– De görüm axı bu ani çəkilmənin səbəbi nədir?
– Mən hər sənin kimi qadın düşkünlərinə öz qəlbimin açarını versəydim, Səba xanım ola bilməzdim. Onu bilirsən ki, dünyada səbəbsiz heç bir iş yoxdur, lakin hər kəs də səbəblər haqqında bir-birinə izahat verməyə borclu deyil.
– Səba xanım, heç bir şey istəmirəm, yalnız o dodaqlarını bir kərə mənə uzat...
– Dodaq ki var qəlbin qapısıdır. Hələlik o qapı sənin üzünə bağlıdır. Bildin ki... Daha dayana bilmərəm, hələlik!
Səba xanım qapını örtüb çıxdı. Hüsaməddin nə edəcəyini bilmirdi. Bu dönüşə mühüm bir hadisənin səbəb olduğunu düşünür və rahatsız olurdu. Doğrudan da o, Səba xanıma vurulmuşdu. Doğrudan da onu Həmədanda bağlayıb saxlayan səbəblərin birisi də Səba xanıma olan eşqi idi...
...Səba xanım şad və razıqalıcı bir hərəkətlə Qətibənin otağına daxil oldu və:
– Mələkənin tapşırdığı vəzifəni ifa etdim. İndi bu saatda o sizin hüzurunuza gələcəkdir. Mən onun qapısını örtüb dışarı çıxarkən o, başına vurub kürsünün üstündə oturdu. O məni bu gün gözləyirdi, axşamdan iki saat keçəndə onun yanına getməli idim. O böyük hazırlıq görmüşdü, lakin o məndə bu ani dönüşü gördüyü zaman dəli olmaq istəyirdi...
Cariyə daxil olub Hüsaməddinin gəldiyini xəbər verdi. Səba xanım Qətibəyə təzim edərək otaqdan çıxdı.
Hüsaməddin içəri girib salam verdikdə Qətibə onun üzünə diqqətdə baxaraq Səba xanımın özünə sadiq qalıb-qalmadığını yoxlamağa başladı. Hüsaməddinin boynunun damarları tez-tez atırdı. Vücudundakı qan sanki tamamilə gicgahlarında olan kiçik damarlara dolmuşdu. Gözlərinin ağındakı qırmızılıq artmış, göz bəbəkləri isə bulanıq bir şəkil almışdı. O nə qədər özünü ələ almaq istəsə də varlığını əhatə etmiş ehtirasın əlindən yaxasını qurtara bilmirdi:
Qətibə Səba xanıma inandı və məhzun bir halda:
– Otur, mənim səmimi dostum, – dedi.
Hüsaməddin oturdu. Qətibə onun kefini xəbər alaraq soruşdu:
– Bu gün sənə nə olmuşdur? Varlığında böyük kədər və həcəyan görürəm.
Hüsaməddin məhrumiyyət qarşısında aciz qalanların vəziyyətinə düşərək danışdı:
– Ah möhtəşəm mələkə, hansı günümə şadlanım?! Madam ki, mənim şadlıq və fərəh aldığım gözəl mələkə başından ayağına qədər qaralara bürünmüşdür, mən nə cür şad ola bilərəm?! Əcəba, mələkə elə bilir ki, Əmirin başına gətirilən facıə mənim xatirimdən çıxmışdırmı? Mələkə elə bilir onun gözlərinə baxdığım zaman qəlbindəki tükənməz matəm duyğularını oxumurammı?
Qətibə ciddi bir vəziyyət alıb dedi:
– İnanıram, mənim ruhum! Artıq bizim bir-birimizə bağlı olduğumuz müəyyəndir. Bu fikri heç bir zaman dəyişdirmək olmaz, çünki bu fikir bizim illərdən bəri davam etdirdiyimiz dostluğun məhsuludur. Rəhmətlik atamın səhvləri bizi bu qədər uzun bir müddətin ayrılığı və anlaşılmazlığı içərisində əzdi. Artıq atam yoxdur. Anam da ağlını itirmiş bir fələkətzadədir ki, güşənişinliyi sevir. İndi biz ikimiz qalmışıq. Bu saray da, saraydakılar da, hətta sarayın sahibi də bizə yabançıdır. İndi gərək biz bir-birimizin qeydinə qalaq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-sui-qesd
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nina məni bir saatdan bəri gözləyirmiş, mən içəri girdikdə o, gözlərinə inanmayan bir adam kimi üzümə baxdı və əllərini üzünə tutdu. Nina daima ağlamaq istədikdə əllərini üzünə tutardı, bunu Təhminə xanımın qızları da bilirdi, bunun üçün də Nina əllərini üzünə tutarkən Təhminə xanımın qızları dışarı çıxdı.Nina ağlayırdı, mən onun əllərini üzündən çəkdim, saçlarını oxşamağa başladım. Bu oxşamadan aldığım səmimi hislər vücudumun hər yerinə yayıldı.
İraidaBu gün iş günü olmadığından Nina ev işləri ilə məşğul olaraq, heç bir yerə getməmişdi. Nina mənə İraidanın haqqındakı fikrini tamamilə söylədi. Bu gün yenə də İraida Ninanın görüşünə gəldikdə o, Məcidi vannaya salıb çimdirir və onunla əylənirdi. İraida başını tərpədib, istehzalı bir nəzərlə Ninaya baxdı və masanın üzərindəki albomu götürüb vərəqləməyə başladı.Məcid çimdirilib qətfəyə büründü. Təhminə xanım onu geyindirmək üçün otağa apardı.
Səttar xana məktubSəttar xanın evi çar casusları tərəfindən ciddi nəzarət altına alınmış olduğundan onunla tez-tez görüşmək olduqca qorxulu idi. Hətta Səttar xanın evinə şey aparan hamballar da istintaq altına alınırdı.Bala Tağının evində toplaşan iclas Səttar xana bir məktub göndərmək və məktub vasitəsilə bəzi məsələləri həll etməyi qərara almışdı.
Mahru xanımBu gün üçüncü gündür ki, Nina yeni otaqlarına köçmüşdür. Bina olduqca əlverişlidir, əvvəla, rus konsulxanasından uzaq olduğuna görə xəfiyyələrin tez-tez dolaşacağı küçələrdə deyildir, ikincisi – bu bina Təhminə xanımın evinə yaxındır, üçüncü də otaqlar Minasyanın otaqlarına nisbətən daha sərbəst və uyğundur. Bundan başqa, otaqların və həyətin zəngin bir Şərq üslubunda olması Ninanı çox razı salmışdı.Bu gün İraida bacısı Ninanın yeni otaqlarına baxmaq üçün gələcəkdi. Bunu o, bir gün əvvəl Ninaya xəbər vermiş və mənimlə də görüşməyi arzu etmişdi.
Стихи других поэтов
Счастливо на трон Ирана шах Бахрам взошел,Совершенством и величьем озарил престол.
Ey fələk, netdim həmişə gözləyib azanmıEy fələk, netdim həmişə gözləyib azanmı,Dil evin ğarət qılıb pozdun rüxi-bazanmı.
بنگر که چه گفت با دلم چشم، به رازچشمی که نیامد از غم هجر فراز
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.