Страница 1 из 4

Raya özünün haraya və kimin evinə aparıldığını bilmirdi. Çünki onu örtülü faytonda və görmədiyi küçələrlə aparırdılar. Raya fayton atlarının inildəyərək yoxuşa dırmandığını görürdü.

Raya faytonda təkcə oturmuşdu. Faytonun sağ-solunda iki başqa fayton da gedirdi. Bunlar, Rayanı həbs etməyə aparan Bakı qoçularının faytonları idi.

Gecə saat ikinin yarısında fayton sürətini azaltdı, atlar dərindən köksünü ötürdü, fayton dayandı. Raya ancaq bu zaman öz qəlbinin çırpıntısını eşidə bildi.

Faytonu iki nəfər orta yaşlı adam qarşıladı. Rayanın şeylərini faytondan götürüb üst mərtəbəyə qaldırarkən, bir nəfər gənc azərbaycanlı qızı da Rayanı başı ilə salamlayaraq qolundan tutub yuxarı apardı.

Xidmətçi qız gözəl döşənmiş üç zəngin otağı Rayaya göstərərək rusca dedi:

– Xanım, bu otaqlar sizin üçün hazırlanmışdır.

Raya soyundu. Nazik ipək mantosunu çıxardığda xidmətçi qız alıb paltar şkafından asdı. Sonra Rayanın qolundan tutub otaqları gəzdirdi. Ona lazım olan hər şeyi göstərdi və hamamın hazır olduğunu bildirdi. Raya hamamdan çıxıb otağa gəldikdən bir neçə dəqiqə sonra xidmətçi qız onu şam süfrəsinə dəvət etdi. Raya yemək istəmirdi, çünki o, Haçının evində yemək yemişdi. Lakin o özü üçün düzəldilən bu həbsxananı tamamilə öyrənməyi və onu təfərrüatına qədər nəzərdən keçirməyi qərara aldığından, təklifdən boyun qaçırmadı. Balkonda düzələn şam süfrəsinə oturdu. Süfrə başında heç kəs yox idi, xidmətçi qız yeməkləri qonşu evdən gətirib stola düzür və çəkilib kənarda dururdu. Balkonun başqa tərəfində gözətləyən qoçu da, gözlərini Rayanın üzündən ayırmırdı.

Raya yemək istəmir, süfrə ilə də maraqlanmırdı. Raya süfrə başında oturub uzağa və dərinliklərə baxır və Bakı gecəsini seyr edib düşünürdü. Yüksək binanın balkonundan Bakı mühitinə baxan Raya sanki gözü önündə geniş bir şəfəq tarlası görürdü. Dalğalara əyləncə kəsilən mayaklar, sevgilisini görmək istəyən və divar arxasından boylanıb baxan bir gəncin göz bəbəyi kimi parlayır yenə də gizlənirdi. Günəşin zühurunu xəbər verən dan ulduzu Narkin adasının başı üzərindən göründüyü zaman, kiçik ulduzlar da xülyapərəstlərin böyük arzu və ümidləri kimi sönüb gedirdi.

Qaranlıqla işığın ölüm-dirim mübarizəsi başlandığı zaman, Raya da şam süfrəsi başında oturub bolşevik Bakısında gedən məfkurəvi və siyasi mübarizənin nə nəticə ilə qurtaracağını düşünürdü. Əminə kənardakı stulda oturub Rayaya baxırdı. Rayaya qarovul çəkən kişi isə əllərini qoltuğuna vurub gəzişir və dişindəki papirosa dərin güllab vururdu. Şəhərdə səs-səmir yox idi. Yalnız Təzəpir məscidinin minarəsindən gələn azan səsi eşidilirdi.

Dan yeri sökülürdü, Raya birdən-birə üzünü çevirib süfrəyə baxdıqda, hər şeyin yerli-yerində donub qaldığını gördü və Əminəyə müraciətlə:

– Süfrəni yığışdırın!—dedi.—Məni bağışlayınız, sizi yuxudan etdim.

Raya qalxıb yataq otağına keçdi. Əminə hazırladığı çarpayını ona göstərdi və:

– Bu otaq sizin yataq otağınızdır,—dedi.

Raya yuxudan qalxanda saat bir idi. O, balkona çıxdığı zaman, Əminəni qapıda gördü. O, yuyundu və tualetini düzəldərək çay içməyə gəldi. Əminə çay tökub qarşısına qoyduqda, ona bir sual verdi:

– Rahat ola bildinizmi?

– Rahatlıq mümkündürmü?

– Nə üçün?

– Həbsxana həyatına alışınçaya qədər yuxlamaq mümkün deyildir.

– Əcəba, buraya həbsxana demək olurmu?

– Həbsxana deyil—nədir?

– Gözəl, geniş, zəngin və əlverişli bir mənzilə həbsxana demək mümkündürmü?

– Kiçik qız, mən əvvəlcə sənin adını bilmək istərdim.

Əminə Rayanın bu təklifindən gülümsəyərək əl-əl üstə qoydu və düşünərək cavab verdi.

– Adım Əminədir.

– Gözəl Əminə. Sənin fikrincə zənginlik və gözəllik mövcud olan yerdə rahətlik, mümkündür. Yalnız sənin gördüyün dörd-beş otaq deyil, azadlıq olmayan böyük məmləkətlər belə azadlıq sevənlər üçün bir həbsxanadır.

– Əcəba siz dünyanı bir həbsxanamı hesab edirsiniz?

– Bəli! Dünya insanların çoxu üçün həbsxanadır. Sənin gördüyün bu otaqlarda hər bir şey varsa, bütün zənginliklərdən qiymətli olan azadlıq yoxdur.

Nə Raya, nə də Əminə danışırdı. Əminə başını aşağı salıb durmuşdu. Raya isə gətirilən qəzetlərlə məşğul idi.

Çox sükutdan sonra Əminə Rayadan soruşdu:

– Qəzeti ucadan oxuya bilməzsiniz?

– O sənin nəyinə lazımdır?

– Dinləmək istəyirəm.

– Özün oxuya bilmirsənmi?

– Rus dilini anlayıram, danışıram, amma oxuya bilmirəm.

– Çox əcəb, dinlə, oxuyuram.

Raya «Bakinski Raboçi» qəzetini götürüb oxumağa başladı. Bir qədər oxuduqdan sonra Raya qəzeti stolun üstünə qoyaraq çayını içdi. Əminə isə ayaq üstə durub məqalənin gerisini dinləmək istəyirdi. Raya Əminəyə müraciətlə:

– Sən mənimlə bərabər çay içə bilməzmisən?—dedikdə Əminə çiyinlərini çəkərək:

– Xeyr!—dedi.

– Nə üçün?

– Ağam icazə verməz.

– Ağanız kimdir?

– O sizin nəyinizə lazımdır?

– Əcəba, o adamın adını bilmək olmazmı?

– Olar, ancaq buna icazə vermir.

– Mən ağaya bir məktub yazsam göndərə bilərsinizmi?

– Göndərə bilərəm.

– Elə isə, qağız-qələm gətir!

Əminə beş dəqiqədə hər şeyi hazır etdi, Raya xanım məktubunu yazmağa başladı.

«Möhtərəm cənab! Azad edilməyim haqqında rica etməyəcəyəm, çünki bunun mümkün olmadığını bilirəm. Lakin sizdən ifası mümkün ola biləcək bir xahiş edəcəyəm.

Mən günümü, ev xidmətçisi ilə keçirirəm. Həbsxana həyatının ağırlığını o qədər də hiss etmirəm. Lakin gecələr mənim üçün çox ağır keçir. Yabançı və həbsxana adı verilən bu binada gecə yalnız qalmaq olduqca çətin və əzablıdır.

Çox rica edirəm ki, xidmətçi qızın gecələr mənim yanımda qalmasına icazə verəsiniz, zənn edirəm ki, bu ricam sizin məqsədinizə zərərverici bir rica deyildir».

Əminə məktubu alıb getdi, Raya isə bir saata qədər stolun başında oturub düşünürdü. Əminə məktubun cavabını gətirdi. Lakin cavab çox qısa yazılmışdı.

«Möhtərəm xanım! Rica etdiyiniz məsələyə mane deyilik. Ev xidmətçisi ailəli qızdır. Onu sizinlə keçələməyə məcbur edə bilmərik, özünüz onunla danışın. Özü buna razı olursa, biz ona bu xidmətinə qarşı pul da verə bilərik. Razı olmasa başqa xidmətçi təyin edə bilərik».

Raya bu cavabdan artıq dərəcədə sevindi və Əminə ilə danışmağı qərara aldı.

Əminə nahar vaxtı Rayanın otağına daxil olaraq:

– Xanım, naharı gətirimmi?—dedikdə, Raya tələsik cavab verdi.

– Gətir, bacım! Tez gətir!

Əminə qara və dalğın gözlərini çevirib Rayanın üzünə baxdı və otaqdan eşiyə çıxdı.

Əminə nahar xörəklərini stolun üstünə düzüb qayıdarkən Raya onu dayandırdı:

– Dur! Sənə bir sözüm var!—dedi.

– Nə sözünüz var?

– Mən istəyirəm ki, sən də stolun başında oturub mənimlə nahar edəsən!

– Heç ola bilərmi? Mən ev xidmətçisiyəm.

– Ev xidmətçisi nahar yeməzmi?

– Ağa buna icazə verməmişdir.

– Ağa mənə yazdığı məktubda buna icazə vermişdir.

Raya bu sözü deyərək ağanın məktubunu göstərdi və məzmununu ona dedi.

Əminə xəfif bir gülüşlə:

– İndi xanımın qulluğunda otura bilərəm!—dedi və gəlib Rayanın yanında oturdu.

Raya Əminənin saçlarını sığallarkən Əminə titrəyirdi. Əminə Rayanın məhəbbətinə qarşı heç bir söz deyə bilmədi, ancaq üzünü çevirib Rayanın əlindən öpdü və gözləri yaşardı. Raya onun başını qaldırıb gözlərinin içinə baxdı və:

– Gəl mənimlə birlikdə nahar yeyək,—dedi,—nə qədər ki, mən buradayam mənə bacılıq et! Məni burada yalnız buraxma! Bundan sonra mənə xanım da demə! Gecələri də mənim yanımda qal! Mən burada gecələr yalnız qalsam yəqin ki məhv olaram.

Əminə bu sözlərə sanki inanmırdı. Rayanın onu bu qədər əzizləməsi ona çox qəribə gəlirdi.

Əminə Rayanın dediklərinə razı oldu:

– Ancaq bircə şərtim var,—dedi.

– Nə şərtin vardır?

– Məni bədbəxt etməyəcəsiniz. Bir hadisə baş versə bizim ikimiz də məhv olarıq. Sən bu adamları tanımırsan.

– Sən əmin ol! Mən başqalarına zərər yetirsəydim, məni burada həbs etməzdilər.

Nahar yeməyini bitirdilər. Əminə süfrəni yığdı və utana-utana Raya xanıma dedi:

– İcazənizlə gedib evimizə xəbər verim, yenə də yanınıza qayıdım.

– Bəlkə səni anan mənim yanıma buraxmadı, onda necə olsun?

– Mən anamı, sizin yaxşı qız olduğunuza inandıracağam. Əmin ola bilərsiniz. Yarım saat çəkmədən qayıdacağam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов