Страница 3 из 4 · 50%

– Ağa Musa, bu kişilər işləməyə razıdır, beş-üç nəfər mane olan varsa, biz onları yerində oturdarıq.

Bu vaxt Heybət irəli keçib Musa Nağıyevə yaxınlaşdı. Onun dalınca erməni və rus işçiləri dəstə ilə gedirdilər. Heybət səkinin üstünə qalxıb danışdı.

– İranlı işçilər!—dedi.—Mədən sahibi sizin iranlı olmağınızdan, əlacsız və naçarlığınızdan istifadə edib öz şərtlərini yeritmək istəyir. Lakin siz bilməlisiniz ki, bu gün sahibkarın təklifinə razı olsanız, bir həftədən sonra sizə daha pis bir şərt təklif edəcəkdir. Siz qoçuların tapançasından qorxmayın. Onlar sahibkarlardan aldıqları maaş hesabına sizin ailənizi acından öldürmək istəyirlər. Lakin siz tətili pozmayın, bütün rus, erməni və sair millətlərdən olan işçilər sizin arxanızda durmuşlar.

Heybətin bu sözündən sonra Musa Nağıyev işçilərə müraciətlə danışdı:

– And olsun oğlum İsmayılın qəbrinə, mən talanıb-dağılmışam, var-yoxumu mədənlərin zərərinə qoymuşam. Ay qanmaz azərbaycanlılar, ağılsız iranlılar. Siz nə üçün bu ermənilərə, ruslara qoşulub məni dağıtmaq istəyirsiniz! Mən söz verirəm ki, bütün təkliflərinizə əməl edəcəyəm.

– İnanmırıq! Bu sözləri çox eşitmişik...

Səslər kəsilmirdi. Heybət səkiyə çıxıb əli ilə işarə etdi. Hamı susdu. Heybət işçilərin təkliflərini bir-bir saydı:

– Paltar şkafları düzəlməlidir. Əlüzyuyan alınmalıdır. Xəstələri xəstəxanaya aparmaq üçün nəqliyyat verilməlidir. İşçilərin ailəsi sahibkar hesabına müalicə edilməlidir. İldə 15 gün sahibkarın hesabına işçilərə məzuniyyət verilməlidir.

Heybət çox təkliflər etdi. Lakin Musa Nağıyev bunların hamısına bir neçə kəlmə ilə cavab verdi:

– Mən dağılmışam. Mən özüm köhnə faytona minirəm ki, 20 qəpik əvəzinə 15 qəpik verim. İşçini faytonda xəstəxanaya göndərməyə pulum yoxdur!

Bu sözlərdən sonra Musa Nağıyev faytona oturub getdi. İranlı işçilər də Heybətə və Heybətin yoldaşlarına qoşularaq mədən ətrafından çəkildilər. Mədənin qapısında yalnız Musa Nağıyevin qoçuları qaldı.

Bu hadisədən 10 gün keçmişdi. Heybət axşam evə qayıtmadı. Biz yenə də zənn edirdik ki, Heybət mədən dairəsindədir.

Səhər tezdən kiçik qardaşlarım qalxıb işə getdi. Bir az sonra qayıdıb xəbər verdilər ki, Heybət mədən dairəsində yoxdur.

Raya xanım, başınızı ağrıtmaq istəmirəm. İki gündən sonra məlum oldu ki, qoçu Qurban və Əlibala Heybəti Musa Nağıyevin tapşırığı ilə öldürmüşlər. Heybətin meyitini evə gətirdilər, yoldaşları yığılıb gəldi, ağlaşma qopdu. Meyitin üstündə danışanlar da oldu. Pristav gəlib protokol yazdı. Lakin Heybətin qatilləri həbsə alınmadı. Avam işçilərdən bir çoxu Qüdrəti çağırıb polismestrə şikayətə göndərmək istədilər. Qüdrət:

– Şikayət etməyəcəyəm,—dedi,—polisin xırdası da, böyüyü də birdir. Şikayətimizə baxmazlar. Çünki biz işçiyik.

Heybət öldükdən sonra qardaşlarım Musa Nağıyevin mədənində baş saxlaya bilmədilər, xüsusən qoçu Əlibala nə Qüdrətə, nə də qardaşlarıma orada işləmək imkanı verdi. Onları mədənlərdən qovdular, axırda erməni işçilər onları Mantaşevin mədənlərində işə düzəltdilər. Çox qəribədir ki, qoçu Əlibala qardaşımı öldürməklə də yaxamdan əl çəkmədi. Mənə evdən bayıra çıxmaq imkanı vermirdi. Məni götürüb qaçmaq istədi.

Qüdrət heç vaxt evimizdən ayaq çəkmirdi. Həmişə deyirdi ki: «Hələlik işçinin qeydinə qalan bir hökumət yoxdur. İşçi gərək özü öz qeydinə qalsın. Qoy bu hökumət Heybətin qatillərini saxlasın. Mən özüm onları mühakimə edəcəyəm.

Atam Qüdrəti məzəmmət edərək deyirdi:

– Sən heç vaxt bu xəyallara düşmə, hökumətlə bacarmaq olmaz. İndi ki, o, qoçuları və qatilləri müdafiə edir, bizim əlimizdən nə gələr. Bir təhər yola gedin.

Lakin bu sözlər Qüdrətin qulağına girmirdi.

Bazar günü idi. Qüdrət istirahətdə idi. O bizə gəlmişdi. Erməni, rus yoldaşlardan bizdə var idi. Axşam qonaqlar getdikdən sonra, Qüdrət də qalxıb getmək istədi. Mən onu yola salmaq üçün eşiyə çıxdım. Qüdrət qapıda mənim əllərimdən tutaraq:

– Əminə, salamat qal!—dedi.—Bu gün son görüşümüzdür. Gedirəm, sağ qayıtsam yenə görüşərik. Amma bu sözlərimi heç kəsə söyləmə, sənə tapşırıram, bu sözləri nə atana, nə anana söylə!

Qüdrət ömründə ilk dəfə idi ki, mənim dodaqlarımdan öpdü və ayrıldıq. Mən olduğum yerdə quruyub durmuşdum. Nə edəcəyimi bilmirdim. O, gözdən qeyb oluncaya qədər dalınca baxırdım. Evə qayıtdım. Qüdrətin tapşırığına əməl etdim və dediklərini kimsəyə söyləmədim. İki gündən sonra kiçik qardaşım Heydər tələsik evə gəldi və atama dedi:

– Ata, gözün aydın olsun. Balaqardaş ilə Qüdrət Heybətin qanını aldı.

Atam soruşdu:

– Kimdən?

Heydər hadisəni təfsilatı ilə danışdı:

– Axşam yenə qoçular mədən qarşısında vuruşma saldılar. Onlar Heybətin yoldaşlarını söyərək «Heybəti yerinə göndərdik. Sizi də göndərəcəyik»—dedilər. Qüdrət Əlibalanın qabağını kəsərək ona dedi:

– Yaxşı olardı ki, Heybətin adını çəkməyəydiniz. İndi ki, onun adı çəkildi, mənim boynuma təklif gəldi. Sizə cavab verməyə məcburam. Əlibala güldü və əlini atıb Qüdrətin boğazından tutmaq istədikdə Qüdrət ona bir şillə vurdu. Bu halda Əlibala əlini tapançaya atdı. Qüdrət bıçaq ilə onun ürəyindən vurub yıxdı, bütün qoçular Qüdrətin üstünə töküldü, Heybətin yoldaşları da Qüdrətin köməyinə gəldilər. Gözünə döndüyüm Balaqardaş, Əlibalanın qardaşı Qafarı və əmisi oğlu Canbaxışı o saat vurub böyrü üstə yıxdı.

Heydər bunları dedikdə atam başına vuraraq:

– Evimiz yıxıldı, dedi,—uşaqları tutub Sibirə göndərəcəklər.

Elə də oldu. Balaqardaşı və Qüdrəti tutub Sibirə göndərdilər.

Əminə söhbətini bitirdikdən sonra ağladı və Raya ona təsəlli verərək dedi.

– Gözəl Əminə, zəmanəmiz belədir. Xalqın qeydinə qalanları ya öldürər, ya da həbs edərlər. İndi de görüm, kiçik qardaşın Heydər nə işdədir?

– Nə işdə ola bilər? Ona olmazın əziyyətlər verdilər. Heç yerdə iş vermədilər. «Tayfalıqla dikbaşsınız» deyə rədd etdilər. Nəhayət, rəhmətlik Heybətin öyrətdiyi erməni şəyirdi yaxşılığı unutmadı. Heydəri öz yanına apardı. İndi Heydər onun əlinin altında işləyir. Daha ona sataşa bilmirlər. Çünki erməni və rus işçiləri də Heybətin xatirinə Heydərə çox hörmət edirlər. Bütün işçilər deyir ki, «Heydər də Heybətin yerini tutacaqdır». Doğrudan da belədir. O, həmişə qabaqda getmək istəyir. Sahibkarın və mədən müdirlərinin yanında yenə ilk danışan Heydərdir...

Əminə Rayanı səslədi:

– Raya bacı, yatmısanmı?

– Xeyr, yatmamışam! Yatmaq da istəmirəm.

– Siz danışın görüm, sizi nə üçün gətirib buraya salmışlar!

– Mən də sənin rəhmətlik qardaşın Heybət gedən yol ilə gedirdim. Mən də istəyirəm ki, Heybətin müdafiə etdiyi minlərcə əməkçi xalq azad yaşasın. Əməkçilərin müqəddəratı, qoçuların və sahibkarların əlində olmasın.

– Siz bolşevikmisiniz?

– Sən bolşevikləri nə tanıyırsan?

– Atam, rəhmətlik Heybətə bolşeviklərdən danışardı. Heybətin özü də bolşevik idi.

– Sən bolşevikləri sevirmisən?!

– Niyə sevmirəm?!

– İndi ki, sevirsən, gəl biz də yoldaş olaq.

Bu sözlərdən sonra onlar yuxuladılar.

Əminə axşam saat on birdə Stanislavski küçədə gəzib doktor Araratyanın evinə gəlib-gedənləri gözdən keçirirdi.

Əminə nə qədər diqqət versə də Rayanın tərif etdiyi qızı görə bilmirdi.

Küçədə, erməni burjuylarını «Metropol»a və klublara aparan fayton təkərlərinin səsindən başqa heç nə eşidilmirdi. Təkərlər şuluqluq günlər kimi çox sürətlə dönür və Telefonnı küçəyə doğru gedirdi.

Küçə səkilərindən keçənlər yalnız bir məsələ üzərində mübahisə edirdilər:

– İngilislərin gəlməsi doğru imiş.

– Ola bilməz! Türklər çox yaxındadır.

– Çox da, yaxındadır, menşevik və eserlər qalib gəlir.

– Bolşeviklərin yıxılmasına az qalmışdır.

– Görəsən buna, bizim daşnaqlar nə deyir!

– Nə deyəcək? Bizimkiləri tanımırsanmı? Yarısı türklərin, yarısı ingilislərin tərəfindədir.

– Türklərin?

– Türklərin!

– Əlbəttə ki, biz—varlılar üçün bolşeviklərdən türklər məsləhətdir.

Əminə bu sözləri dinləyir və Araratyanın qapısını güdürdü. İki saat gəzdikdən sonra Əminə Araratyanın böyük lampalarla işıqlanmış qapısından uca boylu bir qızın sürətlə çıxıb qaranlıqlara qarışdığını gördü.

Əminə mütərəddid addımlarla irəliləyib qızdan soruşdu:

– Sizin adınız nədir?!

Ester çiyninin üstündən Əminəyə baxdı və:

– Sənin nəyinə lazımdır?—dedi.

– Mən deyən adam olsanız gətirdiyim mühüm bir məktubu sizə təslim edəcəyəm.

– Məktubu kimi üçün gətirmisən?

– Axtardığım qız üçün!

– Axtardığın qız kimdir?

– Uca boylu, qalın və enliqaş, yumru və qaragöz, qıvrım və qarasaç, sağ tərəfdə dodağının üstündə qara xalı olan bir qızı axtarıram.

– Belə qız Bakıda yüzlərcədir. Bu nişanlarla heç kəsi tapa bilməzsən.

– Evləri də Stanislavski küçədədir.

– Bu küçədə azmı qız var?! Sən gərək qızın adını deyəsən.

– Onu siz deyin.

– Mənim adım Esterdir.

– Mən də sizi axtarırdım. Alın, bu məktub sizə çatacaqdır. Yardımsız və yazıq bir qız göndərmişdir. Səni həzrəti-İsaya and verirəm: ona kömək elə. Hərgah köməyin mümkün olmasa, zərərin də dəyməsin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов