Страница 4 из 4 · 75%

Ester məktubu alıb paketin üstünü oxudu. Raya tərəfindən yazıldığını bildi və özünü itirdi. Əminənin əlindən tutaraq:

– Gəl, mənim dalımca gəl! Gəl mənim otağıma!—dedi.

Əminə onun üzünə ehtiyatlı bir nəzərlə baxdı, tərpənmədi. Ester onun qorxduğunu hiss edərək:

– Sən heç qorxma. Mənim otağımda sənə heç bir zərər dəyməz. Gəl, bacım, gəl!—deyə Əminənin qolundan tutub otağına apardı.

Ester lampanı yandırdı. Ürək döyüntüsü ilə məktubu oxumağa başladı.

«Mehriban Ester! Heç şübhə yox ki, sən də mənim Şimali Qafqaza getdiyimə inanmısan. Buna haqlısan, çünki mən Leylanın təhriki ilə hərəkətə gəlmiş «müsavat» qoçularının təhdidləri ilə Tiq-Çonsona məktub yazıb, Şimali Qafqaza getdiyimi xəbər vermişdim.

Ester! Mən Ağabala Quliyevin evində həbsə alınmışam. Çünki mən Leylanın osmanlı casusu olduğunu, həm bolşeviklər, həm menşeviklər və həm də ingilislər əleyhinə çalışdığını bilmişdim. Buna görə də Leyla məni həbsə aldırdı.

İndi vəziyyət qorxuludur. Qəzetlərin yazdığına görə şəhərdə qorxulu hadisələr gözlənir. Bir hadisə baş versə, mən bu qoçuların əlindən salamat qurtara bilmərəm.

Ester, səndən çox rica edirəm, mənim buradan qurtarmağım üçün çarə düşün! Göndərdiyim qıza inana bilərsən. Mən xilas olana qədər bu məsələni Leyla bilməməlidir.

Səni sevən Raya».

Ester əlləri ilə başını tutub şiddətlə ağladı. Əminə də ağladı. Əlini onun çiyninə vuraraq:

– Ağlamaq fayda verməyəcək. O, məndən cavab gözləyir,—dedi.

Ester qalxdı, otaqdan çıxarkən:

– Gəl dalımca!—deyə Əminəni özü ilə bərabər apardı.

Çox getdilər, Əminə dayanıb Esterə dedi:

– Burada mənə bir şey olmaz ki?

– Əmin ola bilərsən. Səni namuslu bir işçinin yanına aparıram.

Hər ikisi Zavaqzal küçəsinə doğru gedirdi. Çox qaranlıq idi, qarşıdan bir qaraltı göründükdə Ester Əminəni dayandırıb:

– Dur!—dedi.—Özüdür. Ona oxşayır.

– Kimdir?

– O mənim tanışımdır. Onunla burada görüşmək üçün sözləşmişdik.

– Ermənidirmi?

– Ermənidir. Lakin sən eşitdiyin və sənin qorxduğun ermənilərdən deyildir.

Uzaqdakı adam öskürdü. Ester də iki kərə öskürərək ona cavab verdi. Qaraltı yaxın gəldi. Esterin əlini sıxdı, Ester bütün əhvalatı Vahana danışdı və Əminənin məktub gətirdiyini söylədi.

Vahan Əminənin əlini sıxdıqda:

– Mən bir azərbaycanlı qızın əlini əlimə alırkən təsvir edilməz dərəcədə sevinirəm,—dedi.

Əminə Vahana sual verdi:

– Siz bu xanımı sevirmisiniz?

– Əlbəttə, sevirəm!

– İndi ki, belədir, səni bu xanımın canına and verirəm, o qızın qurtarmasına çalış! Bizim qeydimizə qaldığı üçün onu məhv edirlər.

Vahan soruşdu:

– Qeydinizə qaldığını nədən bilirsiniz?

– O qız, qardaşımın və onun yoldaşlarının intiqamını almaq istəyənlərin birisidir.

– Qardaşın kimdir?!

– Qardaşım Musa Nağıyevin Ramanadakı mədənlərində işlərdi.

– Adı nə idi?

– Heybət!

Əminə bunu deyəndə şiddətlə ağladı. Vahan da ağlayaraq əlləri ilə başını tutdu, Ester heyrət etdi. O öz-özünə «Əcəba, Heybət kimdir? Vahan nə üçün bir nəfər azərbaycanlı işçi üçün ağlayır?»—deyə düşündü.

Vahan Əminəyə dedi:

– Əcəba, dəfələrlə qabağına çay-çörək qoyduğun adamı tanımırsanmı?

– Mən haradan tanıya bilərəm?!

– Mən sənin qardaşın Heybətin şəyirdi Vahan deyiləmmi? O, işsiz vaxtımda məni gətirib evinizdə yedirməzdimi? İnqilabi fikirləri mənim başıma ilk dəfə Heybət salmadımı? Əcəba sən indi, Heydərin yoldaşı Vahanı tanımırsanmı?

Vahan, Ester və Əminə Zavaqzal küçəsindəki qum təpənin üstündə oturub düşünürdülər. Vahan Bakıya gəldiyi gündən bu günə qədər bütün sərgüzəştini xəyalından keçirməyə başlamışdı:

Vahanın anasını 1906-cı ildə daşnaqlar öldürmüşdü. O zaman Vahan hələ kiçik idi. Qarabağda Qarqar çayının kənarında quzu otarırdı.

Vahanın yeznəsi Ayrapet Bakıda Ramana mədənlərində işləyirdi, bacısı da Bakıda yaşayırdı. Vahan iki quzu satıb yol pulu etdi və kiçik vaxtında Bakıya işləməyə gəldi. Vahan aylarla iş tapa bilmədi. Çünki şəhərdəki toqquşmalar nəticəsində mədənlər yandırılmışdı, qalan mədənləri isə sahibkarlar bağlayıb işçiləri çölə tökmüşdülər. Vahan yeznəsi Ayrapetin evində qalırdı, Ayrapet də işsiz idi. İş olsa da onun işləməyə qüvvəti yox idi, çünki o vərəm xəstəliyinə tutulmuşdu. İşləyə bilmədiyindən Musa Nağıyevin mədən müdiri onu evdən də eşiyə salmışdı. O artıq Sabunçuda Haçı Qılmanın xaraba bir dükan yerində yaşayırdı, həm Vahan, həm də Ayrapetin balaları yeməyə çörək tapa bilmirdilər.

Günün birində Ayrapet öldü. Onun iş yoldaşları yığılıb meyitini basdırdı, lakin uşaqlarına və arvadı Şuşanikə kömək edən yox idi. Şuşanik və Vahan dizlərini qucaqlayıb oturmuşdu. Bir nəfər işçi içəri girdi. Ayrapetin uşaqlarına ayaqqabı, paltar və yemək gətirmişdi. Şuşanik işçini qardaşı Vahanla tanış edərək:

– Bu oğlan rəhmətlik Ayrapetin şəyirdi Heybətdir,—dedikdə,—Heybət onun kefini; işini soruşdu və yanına salıb mədənə apardı. Onu işə düzəltdi, onun maaşı ilə Ayrapetin uşaqlarını saxladı və Vahanın özünü də evlərində saxladı.

Vahan bunları düşünürkən sanki Heybət onun qarşısında durub deyirdi:

– Vahan, sən kimsədən qorxma! Nə sözün olsa, kim səni incitsə mənə xəbər ver. Mən sənin yeznən Ayrapeti unutmayacağam. O rəhmətlik mənə nə yaxşılıq etmişsə, mən də sənə edəcəyəm. Mənə öyrətdiyini sənə öyrədəcəyəm.

Vahan sanki bu düşüncədən yeni bir qüvvət aldı və tələsik qalxdı:

– Mən də Ayrapetin və Heybətin yolu ilə gedirəm. Heybət mənə öyrətdiyini Heydərə öyrədirəm.

Bu sözdən sonra Əminə sual verdi:

– Doğrudan da sən Heydərin ustası Vahansanmı?

Vahan məzhun halda cavab verdi:

– Bəli! Mən haman Vahanam, Heybətin və Qüdrətin şəyirdiyəm.

Əminə ağlamsınaraq.

– Qüdrət mənim nişanlım idi,—dedi.

Rayanın həbsdən qurtarması barəsindəki söhbəti bitirdilər. Müəyyən bir qərara gəlib ayrıldılar. Əminə ilə Ester evə gəldi. Ester Rayanın məktubunun cavabını yazdı.

«Əziz dostum, Raya! Sənin yazdığın qəmli məktubu aldım. Bu barədə tanışım Vahan ilə danışdım. Tezliklə səni qurtarmaq üçün adam gələcəkdir. Hər işi Əminədən xəbər ala bilərsən.

Leyla barəsində kimsəyə danışmayacağam. Nigaran qalma. Sən azad olandan sonra onun cəzasını verəcəyik.

Öpürəm Ester»

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов