Xəlifənin qasidi
Əmirin qapısında vurulan fənərlərin içindəki piy çıraqları hələlik yanırdı. Piy çıraqlarının işıqları qapıda gəzən gözətçinin kölgəsini təşkil edə bilməyəcək qədər zəif idi. İşığın əhatə edəcəyi məsafə bir neçə qədəmdən artıq deyildi. Bir-birinə rəqib kəsilən və sönük piltənin bozumtraq alovunu qucaqlamaq istəyən qısqanc pərvanələrin son dəstələri qırılır və dəli bir sevgiyə qurban verilirdi.
Qarovul, çiynində nizə o tərəf bu tərəfə gəzir və bəzən nizəsinə söykənərək mürgüləyirdi. Fəxrəddin öz adamları vasitəsilə Əmirin qarovullarına hiss etdirmədən sarayı və saray bağçasını mühasirəyə aldırmışdı. Fəxrəddinin özü də bir neçə yoldaşı ilə bərabər sarayın bağça qapısını nəzarət altına almışdı, çünki gecələri sarayla olan əlaqə ancaq bağça qapısından idi. Nədənsə bu gecə Əmirin sarayından bir nəfər də olsa dışarı çıxmamışdı.
Səhərə az qalırdı. İşvəkar qadınlar kimi üzünün bir tərəfini göstərən ay da mavi havada gəzdiyi zaman su üzərində üzən yarımçıq qarpız qabığını təsvir edirdi.
Ayın ziyası olduqca zəif idi. Ətrafında dolaşan xırda ulduzların işığına belə qalib gələ bilmirdi.
Ay çıxan kimi Mahmudlu və Əbubəkr kəndinin köpəkləri ağzını fəzaya tutaraq bir ağızdan ulaşmağa başladılar. Əmirin sarayını güdən qarovullar “səhərdir!” – deyə çəkilib getmək istərkən, saray qarovulçuları da köpəklərin ulaşmasını eşidərək, səkiyə söykənib yatmışdılar. Fəxrəddin bağça qapısından ayrılmamışdı. Bir az sonra Əmirin bağça qapısında bağlanmış köpəklərin də səsi eşidildi. Bir dəqiqə keçmədən bağça qapısı açıldı, qapıdan bir nəfər çıxıb köpəyə yanaşdı, köpək isə onu görən kimi səsini kəsərək yaltaqlanmağa başladı.
Köpək sakit olandan sonra qapıdan ikinci bir nəfər çıxıb düz-doğru çay kənarına düşməyə başladı. Köpəyi sakit edən adam yenə də bağçaya girib, qapını bağlayaraq getdi.
Fəxrəddin yanındakı yoldaşları ilə bağçadan çıxaraq, çaya tərəf düşən adamı təqib etməyə başladı. Naməlum adam çayı keçmək üçün körpüyə yanaşmadı, çayın kənarına düşən kimi soyunub çayı keçdi. Bu, onu təqib edənlərin şübhələrini bir daha artırdı. Onlar da çayı keçib iki hissəyə ayrıldılar; bir hissəsi Musa dəyirmanının üstündən aşıb onu qarşılamaq üçün yol başladı, o biri hissə isə onu təqiblə yoluna davam etdi.
Naməlum adamın keçib getməsi üçün ancaq bircə yol var idi. O, Xanəgah kəndinin ayağındakı qəbiristanın qərb tərəfindən keçib getməyə məcbur idi.
Fəxrəddinin adamları Musa dəyirmanının üstündən aşıb naməlum adamın yolunu kəsmişdilər.
Naməlum adam yetişdi, ona çox diqqətlə baxdılar, o heç də sarayda yaşayan adama bənzəmirdi. Hər halda saraydan çıxdığı üçün qarovullar da onu saxlamalı və yanında nə apardığını yoxlamalı idilər.
Şeyx Saleh məqbərəsinin yanından keçərkən onun başına bir palaz atıb məqbərənin içinə gətirdilər. Onu arxadan təqib edənlər də gəlib yetişdi. Naməlum adamı son köynəyinə qədər soyundurdular və yanında olan şeyləri götürüb yola düşdülər.
Hacib, tamamilə bir tuman-köynəkdə qayıdıb Əmirin sarayına gəldiyi vaxt hələ işıqlanmamışdı. O, bağça qapısına yanaşa bilmədi, çünki qapıda bağlanan sərt köpək onu yırtıb dağıda bilərdi. O, saray qapısına yanaşıb mürgüləməkdə olan qarovulu oyatdı və:
– Tez məni içəri burax, məni bu halda görməsinlər! – dedi.
Qarovul onu başından ayağına qədər gözdən keçirdi. Gözlərini ovub ona diqqətlə baxdı və azərbaycanca soruşdu:
– Nə istəyirsən, bu nə haldır?
Hacib qarovulun ərəbcə bilmədiyini görüncə, çox həyəcanlı bir surətdə:
– Ənəlüryan, ənəl Hacib ibn-Tahir! – dedi. Qarovul yenə də bir şey anlamayaraq sakit-sakit baxmağa başladı. Bu sükut bir neçə dəqiqə çəkdi, nəhayət, qarovul nə düşündüsə qapını vurub qarovulbaşını çağırdı, qarovulbaşı ərəb olduğu üçün Haciblə danışdı, məsələni aydın etdi və Hacibi içəri aldı.
Əmir hələ yatağından qalxmamışdı; o, gecəki sərxoşluğun xumarlığı altında nazlanırdı. Gözəl cariyələr yataq otağına girib hər günkü vəzifələrinə başlamışdılar.
Əvvəlcə Zərifə ilə Hümeyra adlı iki gözəl cariyənin birisi Əmirin sağında, ikincisi isə solunda oturub, onun ayaqlarını və qılçasının yumşaqlarını ovur və onu nazlandırırdılar.
Zərifə ilə Hümeyra vəzifələrini bitirdikdən sonra Sanihə ilə Gülnar adlı cariyələr Əmirin yatağına yanaşaraq onun hamam libasını geyindirməyə başladılar. Bu çox uzun çəkmədi. Əmir yataq otağından dəhlizə çıxandan sonra onu gözləməkdə olan on səkkiz nəfər gözəl və gənc cariyə onu aralığa alıb çimdirməyə götürdülər. On səkkiz cariyə Əmiri bir saatın zərfində çimdirib qurtardı. Yenə də Sanihə ilə Gülnar hamama girib Əmirin namaz paltarlarını verdilər və geyindirib namaz otağına gətirdilər. Əmir namaza başlamaq istərkən gənc və gözəl cariyələr çəkilib getdilər. Bunlar getdikdən sonra Həyat xatun adlı qoca bir qadın içəri girib səccadəni xalçanın üstünə və Nibirə xatun gəlib canamazı səccadənin üstünə açdı, Əmir səhər namazına başladı.
Səhər namazı yarım saat çəkdi. Yarım saatdan sonra Şeyx Hadi Ülqari əlində Quran namaz otağına girib Əmirə yasin surəsini oxudu. Bir saatdan sonra Həyat xatunla Nibirə xatun içəri girib canamazı və səccadəni yığdılar.
Süfrə xidmətçiləri içəri girib süfrəni Əmir oturduğu döşəyin qarşısında saldılar. Bu anda qırx beş nəfər gözəl cariyə otağa girdi və əlvan yeməkləri süfrənin üzərinə döşəməyə başladı. Saqilər əllərində piyalələr daxil oldu, iki nəfər qulam rətli gətirib süfrənin ortasında qoydu. Bunların dalınca da, şərabçılar içəri girib ağızları yaşıl ipəklərlə sarınmış şüşələri açıb rətlin içinə tökməyə başladılar.
Əmir süfrəyə əlini uzatmırdı, o bəzi qonaqları gözləyirdi. Əmirin veziri Toxtamış və qoşun komandanlarından Hüsaməddin içəri girdilər, onlar süfrəyə oturunca Əmir “bismillah” dedi və səhər yeməyi başlandı. Musiqiçilər, onların dalınca da rəqqasələr otağa daxil oldular. Saqilər gümüş sinilərdə düzülmüş zərif piyalələrlə rətlə yanaşdılar. Şərabçı əlində gümüş abgərdən piyalələri doldurduğu zaman çalğıçılar işə başladı. Əmirin on nəfərdən ibarət rəqqasəsi də bir anda yerindən sıçrayaraq, Əmirə təzim etdilər və rəqsə başladılar. Rəqqasələrin göstərəcəyi bədii incəliklər Əmirin əlindəki piyaləsi ilə həmahəng olmamışdı ki, xidmətçi içəri girib səsləndi: – Hacib! Hacib.
Hər şey olduğu yerində qaldı. Piyalələr, rəqqasələr, saqilər, şərabçılar, süfrəyə yemək gətirən cariyələr – hər şey, hər şey sükuta büründü. Ancaq qoca vəzir Toxtamış xidmətçiyə müraciətlə:
– Get, Hacibi bura çağır! – dedi.
Sonra Əmir də cariyələrə əmr etdi:
– Süfrəni yığışdırın, hamınız da buradan gedin! – Otaq boşaldı, heç bir kəs qalmadı. Toxtamış Əmirə tərəf dönüb qəmgin və nəsihətverici bir halda dedi:
– Bu iş bir hadisəsiz deyildir. Mən Əmirə dedim ki, məktuba cavab yazmaq məsləhət deyil. Hər işdə olduğu kimi indi də mənim dediklərimi eşitmədin. Hazırkı vəziyyətin nə qədər qorxulu olduğunu nəzərə almaq lazım idi.
Hacib içəri girdi, o çılpaq idi, ancaq üstünə bir əba salmışdı. Əmir ona sual verdi:
– Bu nə hadisədir?
Hacib titrək bir səslə dedi:
– Çox şükür edirəm ki, mənim özümü öldürmədilər. Mən hələ şəhərdən o qədər də uzaqlaşmamışdım, kiçik bir kəndin altındakı qəbiristandan keçib, böyük bir məqbərəyə yaxınlaşırdım. Birdən başıma bir palaz atılıb məqbərəyə tərəf gətirildiyimi gördüm.
Əmir tələsik soruşdu:
– Məktubu almadılar ki?!
– Bütün hadisələr həmən məktubu məndən almaq üçün qurulmayıbdırmı?
Toxtamış yenə də başına hərəkət verib öz-özünə dedi:
– Bütün məmləkət göz olub bizi təqib edir, biz isə sarayın içərisinə soxulub, kor-koranə bir surətdə iş tuturuq.
Əmir də təəssüfedici və acizləşmiş bir halda əlini dizinə çırparaq dedi:
– Zəmanənin işinə baxın, vaxtilə mənim hər bir hərəkətim Aran məmləkətində bir hadisə kimi hər yerə və hər kəsə təsir yetirirdi, indi isə beş-altı nəfər adı-sanı məlum olmayan adam hər gün mənə qarşı bir hadisə yaradır.
Toxtamış Əmirə ürək verərək:
– Şaşırmağa və baş itirməyə dəyməz, hadisələrə qarşı hadisələr qoymaq lazımdır. İş-işdən keçibdir.
Əmir Hacibə sual verdi:
– Sən həmən adamları səsindən tanıya bilərsənmi?
– Bəli, tanıya bilərəm!
– Onlar səni danışdırdılarmı?
– Xeyr, danışdırmadılar.
– Bəs sən onların səsini haradan eşitdin?
– Öz aralarında danışırdılar.
– Nə danışırdılar?
– Ərəbcə danışırdılar. Bəzisi məni öldürməyi təklif edirdi, bəziləri isə yaramaz, bunun nə təqsiri vardır? – deyə mane olurdu.
Toxtamış:
– Bu da bir hiylədir! – dedi. – Gəncə kimi yerdə ərəblər gecə vaxtı başını evindən dışarı çıxara bilməz. Onların şəhərin altında qasidi qarət etməsinə kim inana bilər? Hadisə təşkil edilmiş bir hadisədir. Yerlilərin işidir. Burada ərəbcə danışan yüzlərcə yerli vardır. Hər dildə danışırlar-danışsınlar, yenə də səslərindən tanımaq mümkündür. Şübhəli adamların siyahısını tutmaq, onları başqa bir iş üçün çağırıb danışdırmaq və danışdıran zamanda Hacibi pərdənin dalında qoymaq lazımdır.
Əmir Toxtamışın fikrinə qarşı acı bir təbəssümlə dedi:
– Şübhəli adamları siyahıya almaq və onların şübhəli olduqlarını təyin etmək o qədər də çətin deyildir. Lakin bununla biz nə edə bilərik? Kimə gücümüz çatar? Tutaq ki, Nizami və Fəxrəddin şübhəli adamlardır. Bugünkü vəziyyətlə əlimizdən nə gələr?
– Bunları təyin etmək indi üçün də lazım olmasa, gələcək üçün lazımdır, çünki zaman daima bu əyri məhvərin üzərində davam edə bilməz. Bu gün gücümüz yoxdursa, sabah olacaqdır. Hələlik xarici düşmənlərimizlə müdara etməliyik. Lakin içəridəki düşmənləri azad buraxmaq olmaz. Buradan eşiyə xəbər aparanlar vardır. Bu da bizim öz səhvlərimizdir, çünki cariyələrin Fəxrəddin və sair bu kimi adamlarla əlaqə saxlamasına bizim özümüz imkan verdik.
Əmir özünü düzəldib:
– Doğrudur, – dedi və xacə Müfidi çağırıb fərman verdi: – Bundan sonra Dilşadın Fəxrəddinlə əlaqədə olduğunu eşidərsəm, səni qatır quyruğuna bağlatdırıb Gəncə küçələrində sürütdürəcəyəm. O, buradan rədd edilənə qədər heç bir yerə buraxılmamalıdır. Eşitdinmi? Onu həbsdə saxlarsan. Ancaq öz otağında saxlamalısan. Yeməyinə də, geyinməyinə də diqqət göstər, onun çəkisi bir ovqiyə azalsa, gözəlliyindən bir iynənin gözü qədər təğyir tapsa müqəssirsən. O xəlifəyə göndəriləcəkdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-xelifenin-qasidi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zurnasın molla Qəni köklədi saz etdi yenə,Çaldığı nəğməsini dur diraz etdi yenə.
Dükançının müştəri ilə hekayətiBu sirr komunxozdamı, baqqaldamı yoxsa?Ya inki dəmir yoldamı, ya maldamı yoxsa?
Şeyxin bir mö’cizəsinə ithafBaxdıqca könül qan olur əhvalına şeyxin,Yandı ürəyim tərcümeyi-halına şeyxin.
Lə’nət ola!Fələkin gərdişi-dövranına min lə’nət ola!Sərvətə qız satan insanına min lə’nət ola!
Стихи других поэтов
Sahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
Göy gölQocaman Kəpəzin ətəyində sənNecə narın-narın cilvələnirsən.
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.