Üçüncü pərdə
Beşinci şəkil
Suraxanı atəşgədəsidir. Astiaqın bacısı Maral ilə Cənub şahzadəsi Şəhriyarın nişan mərasimidir.
Sərtac — (Əlində bir məktub Şahmarla daxil olur)
Həmin bu məktubu saxla yanında,
Kəbin kəsiləndə, and zamanında,
Gətirib verərsən məktubu şaha.
Şahmar — Qarışdırma məni işə bir daha,
Bezmişəm etdiyim xəyanətlərdən.
Nəyin sahibiyəm o xidmətlərdən?
Sərtac — Sırtıqlıq eləmə bezdim mən dəxi,
Dünyanı vermişəm, talandım axı!
Şahmar — Maral kimi qıza demişəm böhtan,
Yatdı zindanlarda neçə ay Ceyran.
Mənə nə qazandı, de görüm bu iş?
Xoşuma gəlmədi bu alış-veriş.
Sərtac — Bal-yağmı satmısan mənə, bir utan!
Şahmar — Bal-yağdan bahadır satdığım vicdan.
Sərtac — Səndə təqsir yoxdur, məndədir nöqsan,
Bərbəri gətirib etmişəm ə’yan.
Vəzirlə, vəkillə oturub durdun.
Şahmar — Az vaxtda varlanıb belə qudurdun.
Hər bir sənətkardan sarayda vardır.
Oğrular, casuslar, oyunbazlardır.
İcazə ver, açım köhnə kitabı,
Oxuyum gör kimdir vəzir cənabı,
Vəzirlik edərkən kisə çəkənlər,
Ə’yan olmasınmı sarayda bərbər?
Sərtac — (Əlini qoyur ağzına)
Aman, kəs səsini, qulaqdır hər yan!
Şahmar — Maaşsız nə qədər işləsin insan?
Fəramərz kimi bir böyük sərkərdə,
Mənim vasitəmlə öldü səfərdə.
Sərdim torpaqlara o pəhləvanı,
Matəmə batırdım Azərbaycanı.
Bunun əvəzində nəyi qazandım?
Sərtac — (Bir kisə pul çıxarır)
Al bu son kisəni daha usandım.
Doğrudur qan ağlar Azərbaycan,
Amma inanmıram o cür pəhləvan,
Olsun bir bərbərin əlində tələf.
Əgər doğru olsa böyük bir şərəf.
Şahmar — İnanma, sözüm yox, bunda haqlısan,
Ömründə doğru söz danışmamısan.
Ciblərin doludur boş və’dələrlə,
Sərtac — Dayan, məsələlər bitməmiş hələ,
Çox yaxın zamanda bitər bu şahmat,
Sən də alacaqsan böyük mükafat.
Siyasət meydanı mənim əlimdə.
(Şahmar məktubu alır.)
Ver bura, bədbəxtəm öz əməlimdə,
Kim tə’min eylər quru və’dələr?
Sərtac — Füzulluq eləmə, get dedim yetər!
(Şahmar gedir)
Başladığın işi yarıda qoysan,
İstədiyim zaman məhv olacaqsan!
Dışarıdan şeypur səsi gəlir, qabaqca şahın silahlı adamları. Sonra padşah ə’yanların, qadınların və mə’bidlərin müşayiəti ilə daxil olur. Padşah öz taxtının qarşısında durub danışır.
Astiaq — Etmişdir vəsiyyət babamız Fərhad,
İstəsən məmləkət yaşasın azad,
Çalış məmləkətdə yaransın birlik,
Birlik olan yerdə qalmaz əsirlik.
Bu məqsədlə sizi etmişəm də’vət,
Cənubla yaradaq təzə məhəbbət.
Cənub şahzadəsi böyük Şəhriyar,
Özü də, nəsli də olduqca kübar.
İstəyir bacımla qazansın şərəf,
Bununla şadlansın hər iki tərəf.
Bir məlikə versin cənuba ölkəm,
Həm də ki, qayıtsın mənim məlikəm.
Sərtac — Böyük bir şərəfdir bu izdivaçlar,
Təzə bir cavahir qazanır taclar.
Ürəkdən sevindim, bununla bəlkə,
Azad həyat qursun hər iki ölkə.
Yüksəlsin yenə də Azərbaycan,
Cənubda etməsin ağalıq İran.
Şahzadə Şəhriyar musiqi tərənnümləri altında daxil olur.
Astiaq — (Qalxıb onunla görüşür)
Xoş gəldin şahzadə, səfa gətirdin,
Dərin bir sevginin qoynuna girdin.
Şəhriyar — Böyük bir məhəbbət hissi var məndə,
Bir sevinc duyuram ana vətəndə.
Astiaq — Çoxdandır yolunu gözlərdim mən də,
Bir ürək çırpınır iki bədəndə.
Şəhriyar — Çıxır sanki mənim qarşıma iqbal,
Gəl öpüm, öpüşsün Cənubla Şimal.
Öpüşürlər.
Astiaq — (Sərtaca)
Ver xəbər müqəddəs məş’əllər yansın,
Çağır mə’bidləri dua başlansın.
Gəlirkən Fərhadın böyük heykəli,
Atam Kiaxsarın müqəddəs əli.
Ürəklər qərq olsun dərin bir vəcdə,
Edək sədaqətlə atəşə səcdə.
Şahmar gəlib təzim edir.
Şahmar — Hökmdarım, gəldi şahzadə Maral.
Astiaq — (Ə’yanlara)
Şahzadə xanımı edin istiqbal.
Şahzadə Maral qızlar və qadınların müşayiəti ilə daxil olur. Baş mə’bid dərhal atəşgahın qarşısından pərdəni götürür, atəşə məxsus dua oxunur.
Müqəddəs od, saxla bizi Əhrimənin bəlasından,
Sədaqətdən, ədalətdən ayrılmasın qoca insan.
Müqəddəs od, öz nurunla yandır şər’in qanatını,
Böyük Hörmüzd, işıqlandır insanların həyatını!
Sən ey Zərdüşt, bəndələrin başına öz nurunu saç,
İnsanların ürəyindən behiştə bir pəncərə aç!
Dua bitəndən sonra hamı yerində oturur, qızlar odun qarşısında müqəddəs rəqsi ifa edirlər. Rəqs qurtarır. Baş mə’bid nişan inçisini Maralın boynundan asır. Maral başındakı çələngdən bir çiçək qoparıb başının tükü ilə sarıyıb Şəhriyara verir.
Dəmir — (Daxil olur)
Qəhrəman Fəramərz gəlir səfərdən.
(Astiaqa)
Gözləriniz aydın böyük zəfərdən.
Məclisdə həyəcan başlanır. Hamı gözlərini qapıya tərəf çevirir.
Fəramərz — (Bayraqlar ilə daxil olur, Astiaqa baş endirir)
Əmrinlə zəfərdə buraxdım izlər,
Təslim oldu sənə dağlar, dənizlər.
Böyük ölkələrdən sənə bac aldım,
Şahları başından altun tac aldım.
Taclar şahın ayaqları altına atır.
Pəhləvanlar çökmüş önümdə dizə,
İşləyir fərmanın Orta dənizə.
Akadlar qorxudan hərbə girmədi,
Askitlər məhv olub tab gətirmədi.
Orduma yol açdı keçilməz daşlar,
Nizəmə taxıldı əyilməz başlar.
Başlar taxılan nizələr əyilir.
Astiaq — Səni zəfər üçün bəsləmiş anan,
Səninlə fəxr edir Azərbaycan.
Təqdirə layiqdir bu xidmətlərin,
Qət’i bir zəfərdir bu son zəfərin.
Hədiyyə verdim sənə bir qılınc, bir at
Sərtac — Mənçə bu mükafat layiq mükafat.
Fəramərz — Mükafat deyildir bir qılınc, bir at,
Və’də vermiş idin başqa mükafat.
Astiaq qorxudan cavab verə bilmir.
Sərtac — Çoxdandı yox idi izin, əsərin,
Hər yerə yayıldı ölüm xəbərin.
Ağlatdı dünyanı böyük müsibət,
Matəmə büründü qoca məmləkət.
Biz inanmasaydıq həmin xəbərə,
Şübhəsiz şahzadə getməzdi ərə.
Fəramərz bu sözdən sonra Maralın tərəfinə baxır. Onun Şəhriyar ilə bərabər nişan paltarında oturduğunu görüb Sərtaca acıqlanır.
Fəramərz — Çəkil get gözümdən hiyləgər şeytan,
Sədaqət görmədim bu saraylardan!
Bir ildir atımdan enməmişəm mən,
Arpa sünbüllədi çəkmələrimdən.
Hər yana at çapdım zəfər yaratdım,
Uzun gecələri yəhərdə yatdım.
Çox zaman çıxardı üzəngimə qan,
Ölüm püskürərdi üstümə meydan.
Qılıncdan başımda çadır düzəldi,
Ordular sel kimi üstümə gəldi.
Maral-Maral deyib dönmədim geri,
Düşmən meyidilə ucaltdım yeri,
Sağımdan, solumdan yağardı yara,
Taxt-tac qorudum bu alçaqlara!
(Şəhriyara acıqlanır.)
Şəhriyar — (Öz adamlarına)
Tez tutub bağlayın bu ədəbsizi!
Fəramərz — Mən gərək əvvəldən qırayıdım sizi!
Düşmən axtarırdım yad ölkələrdən.
Bilmədim evdədir həqiqi düşmən.
Bilmədim yox vicdan tacın altında,
Siz də bir qatilsiz xalq həyatında.
(Fəramərz qılıncını çəkib Şəhriyara hücum edir)
Maral — (qalxır)
Əl saxla, Fəramərz!
Fəramərz — (Təzim edir)
Bağışla məni.
(Astiaqa)
Sonraya buraxdım bu çəkişməni,
Qoy sizdən təbiət intiqam alsın,
Sizinlə mənimki sonraya qalsın.
Olmasaydı əgər qadına təhqir,
Qırardım sizi mən burada bir-bir.
Lakin bu təhqiri yerdə qoymaram!
(gedir)
Maral — (həyəcanla)
Qəhrəman Fəramərz, mən günahkaram.
Sərtac — (Şəhriyara)
Verməyin bu işə çox əhəmiyyət,
Maral şahzadədir, o bir rəiyyət.
Fəramərz bəsləyir qələt bir rö’ya
Yazıq aşiq imiş Marala guya.
Əmr edin yenə də ayin başlansın.
Müqəddəs məş’əllər təzədən yansın.
Astiaq — (Sərtaca)
Fərhadın rəsmini də gətirsinlər,
Əvvəl Şəhriyara and verdirsinlər.
Həm də bacım Maral şəklə and içsin,
Sonra nişan rəsmi həyata keçsin.
Oxunsun müqəddəs vəsiyyətnamə,
Sərtac — (Dəmirə)
Şahın fərmanını yetir əncamə.
(Öz-özünə)
İxtilaf çıxmasa ölkədə hərgah,
Hər gün əllərimdən öpməz padişah.
Qorxu yaradıram ona hər gündə.
Cansız bir heykəldir taxtın üstündə.
Astiaq — (Şəhriyar ilə danışır)
Az deyil qəhrəman igidlər bizdə,
Yaşar bu məmləkət Fəramərzsiz də.
Hazırlayın ona elə bir dərman,
Bitməsin yarası gəlsə yüz Loğman.
İki qız Fərhadın böyük pərdə üzərinə çəkilən rəsmini gətirir. Bunların dalınca da iki qız mə’bidlərin müşayiəti ilə qızıl bir sandıq gətirir. Padşah sandıqdan Fərhadın vəsiyyətnaməsini çıxardıb oxuyur, Maral ilə Şəhriyar təkrar edir.
Astiaq — Yəzdanə and içirik
Şəhriyar — Yəzdanə and içirik
Astiaq — Düşmənlə dostluq etməyəcəyik!
Şəhriyar — Düşmənlə dostluq etməyəcəyik
Astiaq — Arran məmləkəti Azərbaycan istiqlaliyyətin beşiyidir.
Şəhriyar — Arran məmləkəti Azərbaycan istiqlaliyyətin beşiyidir.
Astiaq — Düşmən atları Araz-Kür çaylarından su içməməlidir.
Şəhriyar — Düşmən atları Araz-Kür çaylarından su içməməlidir.
Astiaq — Düşmənə qız verən düşmənimizdir.
Şəhriyar — Düşmənə qız verən düşmənimizdir.
Bu halda Şahmar gəlib məktubu Sərtaca verir.
Sərtac — Əzəmətli Şəhriyar siz o andı buraxın,
(Astiaqa)
Möhtəşəm hökmdarım bu məktuba tez baxın.
(Məktubu verir)
Astiaq — (Oxuyub Şəhriyara açığlanır)
Yəzdana, Zərdüştə, Fərhada qəsəm,
Səni öz əlimlə məhv eləməsəm.
Haram olsun mənə bu dövlət, bu tac,
Qoy hamı eşitsin, al oxu Sərtac!
Hər kəs həyəcanla Sərtaca baxır, Şəhriyar özünü şaşırır. Maral Şəhriyarın yanından qalxıb heyrətlə o tərəf-bu tərəfə baxır.
Sərtac — (Məktubu oxuyur)
Aysoru padişahından Astiaq şaha!
Ey Sərkəş, xudpəsənd kümrah,
Peymanına sadiq olmayan şah!
Əvvəlcə qazandın e’timadı,
Sonra niyə başladın fəsadı?
Etdin qızıma məhəbbət e’lan,
Atdın nə üçün? Nədir bu üsyan?
Behnazı alıb buraxdın əldən,
Ar eyləmədin fəna əməldən.
Bil ki, səni məhv edər xəyanət,
Andında görünməyir sədaqət.
Behnaz sənə bir daha qayıtmaz,
Ol dilbər edib məni sərəfraz.
Artıq hərəmimdədir o afət.
Məndən görəcək o qız səadət.
Məclisdə olanların hamısı Şəhriyara nifrət nəzərilə baxmağa başlayır.
Astiaq — (Şəhriyara)
Çəkil müqəddəs odun kənarından, tez çəkil!
O şəkildən üz döndər, müqəddəsdir o şəkil.
Buraxdın məlikəni Fərhadın qatilinə,
Fərhada and içirsən utanmayırsan yenə?!
Şəhriyar — İcazə ver danışım, ey əzəmətli şahım,
Sən zənn edən qədər də, böyük deyil günahım.
Müqəddəsdir hər kəsə Fərhadın vəsiyyəti,
Namussuzluq deyilli Şəhriyarın niyyəti.
Mən xəyanət etmədim, şahım, Arazla-Kürə,
Ancaq mən istəmədim gözlərim görə-görə,
Düşmən atı tapdasın Zərdüştün vətənini.
Vətənimin namusu məcbur eylədi məni,
Bir də ki, sən qovmuşdun sarayından bacımı.
Həm də qorumalıydım öz taxtımı, tacımı.
Maral — Namusu satmaqla yaşamaz vətən,
Qılıncına güvən, həyat istəsən,
Astiaq — Çıxıb get buradan, söhbət artıqdır,
Bacı qurban vermək namussuzluqdur.
Maral — (Öz boynundakı nişan incisini çıxarır)
Yandırdın bu xəbərlə gənc ürəyimi,
Sevgin uçub getdi bir xəyal kimi.
Astiaq — Çəkil get gözümdən, satıcı insan,
Satdın öz bacını, satıldı ad-san.
Maral — Şərəfsiz bir gəncə satılmaz Maral,
Artıq biz ayrıldıq, gəl incini al!
Nə sevgin var sənin, nə namusun var,
Saçımın tükünü özümə qaytar.
Şəhriyar — (İncini almaq istəmir, padşaha deyir)
Xəbərdarsan bizim ənənəmizdən,
Sevgi asanlıqla alınmaz bizdən.
Nişan incisini hökmdar, ancaq,
Qılıncla mümkündür geri qaytarmaq. Bu saçın telindən alıram qüvvət,
Onunla bağlıdır mənə məhəbbət.
O saçla ürəyim çəkilmiş dara,
Saç vermək ölümdür pəhləvanlara.
(Şəhriyar bunu deyəndən sonra qılıncını çəkir)
Pəhləvan göndərin böyük hökmdar,
Ölər, sevgisindən keçməz Şəhriyar!
Astiaq — Pəhləvan çağırın!
Maral — İcazə ver şah.
Mən bundan intiqam almasam hərgah,
Haram olsun mənə bu şöhrət, bu şan.
Şəhriyar — Qoy çıxsın qarşıma başqa pəhləvan.
Ölsəm deyəcəklər qadın öldürdü,
Öldürsəm deyərlər qadın öldürdü.
Qılınc və qalxan gətirirlər, Maral döyüşə hazırlanır.
Maral — (qılıncını çəkir)
Bir daha sevgim üçün çırpınmasın ürəyin,
Ürəyimdə sevgi yox, sənə qarşı coşur kin.
Maral və Şəhriyar vuruşur, Şəhriyar yaralanıb yıxılır, öldürmək istərkən Astiaq qalxıb Maralı dayandırır.
Astiaq — (Marala)
Maral, saxla əlini, bir yara buna bəsdir,
Atəşkah müqəddəsdir, qan axıtmaq əbəsdir.
Maral nişan incisini çıxarıb atır onun döşünə.
Maral — Həmin nişan incisini öz boynumdan atan kimi,
Sənin murdar sevgindən də təmizlədim ürəyimi.
(Maral onun başından çələnki götürüb atır və qılıncını yerinə taxdığı zaman deyir)
Namərd!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-maral-ucuncu-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bakı fəhlələrinin həyatı tarixində birinci yeri tutan gizli iclas çağırılmışdı. İclasda Lado yoldaş Bakıda təşkil etdiyi gizli mətbəə haqqında məlumat verəcəkdi. İclasa toplaşanlar məruzəçini böyük bir səbirsizliklə gözləyirdilər. Lado Ketsxoveli Vano Sulukidze yoldaşla bərabər içəri girəndə iclasda oturanlar gizli iclas olduğuna baxmayaraq, onları yavaşca alqışladılar. Məruzəçi sözünə belə başladı:– Yoldaşlar! 1901-ci ilin sentyabr ayı Bakı proletarnatının nailiyyət ayı hesab olunur. Bu ayda bizim təşkilat ibtidai bir haldan çıxıb, mühüm, idraklı, müntəzəm mübariz bir təşkilat şəklinə keçir.
QısqanclıqJenya Sabunçuya getmək üçün stansiyaya gəldiyi vaxt saat on olardı. Buna baxmayaraq, yenə də gənc oğlan stansiyada durub Jenyanı gözləyirdi. Lakin Jenya Pavluşa ilə bərabər olduğundan, gənc ona yanaşa bilmədi, ancaq uzaqdan furajkasını götürüb onu salamladı.Pavluşa Jenyanın gənc oğlanla salamlaşdığını görüncə, yenə də hər zamanda olduğu kimi qızardı, titrəməyə başladı, özünü ələ almaq istədisə də bacarmadı. Vagona mindilər. Pavluşa Jenyanı danışdırmırdı.
Gizli ədəbiyyat məsələsiBu gecəki iclasda xaricdən gətirilən «İskra» qəzetinin vəziyyəti barəsində danışılacaqdı. Bu barədə Lado Ketsxoveli məruzə edəcəkdi.Məruzəçi sözünü belə başladı:
Jenya səyahət istəyirJenya ilə gənc oğlanın söhbət və hərəkətində yeni bir dövr başlamışdı.Jenya qarşısındakı yeməklərə və sair şeylərə olduqca etinasız baxırdı, özünü son dərəcə qəmli və yorğun göstərirdi. O, başını əlləri arasına alıb oturmuşdu.
Стихи других поэтов
ای که همحجرهٔ مایی ورق زهد بشویوی که ثابتقدمی غیر ره عشق مپوی
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Ayrımın gözəlləriYaylaq yolları yoxuşlu,Əlləri dərmə naxışlı,
Əgər dünya budur, bixanü biman olmamız yegdürƏgər dünya budur, bixanü biman olmamız yegdür,Buraqıb işrət əsbabını üryan olmamız yegdür.