Dördüncü gün Atabəy Məhəmməd Nizami ilə Məhsəti xanımı və həqiqi Azərbaycan nümayəndələrini qəbul edəcəkdi. Atabəy verilən ərizələrlə məşğul olduğu üçün rəsmi qəbul vaxtı iki saat təxirə salınmış və bu barədə nümayəndələrə xəbər verilmişdi. Saat 11-də Atabəy qəbul salonunda göründü, yığılmış nümayəndələri gözdən keçirib salamladı və Əmirə müraciətlə:

– Torpaq üstündə şikayət verənlər burada hazır deyilsə, hazır edilmələrinə əmr verin.

Əmir ban endirib:

– Hamısı buradadır, əlahəzrət, – dedi.

Atabəy sözünü davam etdirib soruşdu:

– Qabaqca mənə verilən ərizələrin hamısı torpaq sahiblərindən idi. Mənə elə gəlir ki, indi torpaqlarda yaşayanları da dinləmək lazımdır. Dünən verilən ərizələr içərisində mülkədarlar tərəfindən verilən ərizələrə cavab verə biləcək vəsiqələr vardır. Lakin mən bununla kifayətlənə bilmirəm, kəndlinin özünü danışdırmaq daha da faydalı olar.

Hüsaməddin qəbul salonuna daxil olub baş endirdi:

– Nizami və Məhsəti xanım gəlir.

Salon bir-birinə dəydi. Şair Əbül-Üla Gəncə xətibi ilə yan-yana oturmuşdu. Onlar salonda oturanlara göz gəzdirib nə kimi bir vəziyyət aldıqlarını yoxladılar. Hər kəsin üzündə bir şadlıq əlaməti hiss etdilər. Yalnız, Əmiri özləri kimi qəmgin və narazı bir çöhrədə gördülər. Əmir də onların vəziyyətini hiss edərək qaşları ilə, çiyinləri ilə işarə verdi. Bu işarə “nə etməliyik, məcburiyyət vardır” sözlərini ifadə edirdi.

Xidmətçilər salon qapısının ipək pərdəsini qaldırdılar. İki böyük zat içəri girdi. Onlardan birisi gənc şair Nizami, o birisi isə qoca şairə Məhsəti xanım idi. Birisinin saç və saqqalı qapqara idi, o birisinin saçları isə işıqlanmağa başlamış dan yeri kimi parlayırdı. Atabəy onlara baxdığı zaman iki böyük dünyanın onun oturduğu taxta tərəf irəlilədiyini hiss edir və düşünürdü.

Məhsəti xanım həm qocalıq, həm də xəstəliyinə cəhət olduqca zəif idi. Onun bir qolundan Nizami, o biri qolundan isə Fəxrəddin tutmuşdu.

Atabəy, artıq taxtının üstündə oturmağı bacarmadı, sürətlə yerindən qalxdı. Atabəy ayağa qalxdığı zaman kimin öz kürsüsü üstündə oturub qalxmamağa cəsarəti var idi?!

Əmir də dərhal ayağa qalxdı, qonşu dövlətlərin nümayəndələri, Gəncə ruhani və əyanları, hətta Əbül-Üla və Gəncə xətibi də ayağa qalxdılar.

Atabəy onların daha da irəli gəlib baş endirmək, yaxud salam vermələrinə razı olmadı. Dərhal irəli gedib qabaqca Məhsəti xanımın əlini öpdü, sonra da Nizaminin əlini sıxıb görüşdü. Fəxrəddinə tərəf dönüb Nizamidən soruşdu:

– Bu cənabı tanımıram.

Nizami cavab verdi:

– Bu cənab Aran əsilzadələrindən, Aranda öz qılıncları ilə şöhrət qazanmış Soltanlı tayfasındandır. Adı Fəxrəddindir. Aran xalqının nümayəndəsi sifətilə əlahəzrətə təqdim olunmaq üçün gəlmişdir, mənim məktəb yoldaşım və gənclik sirdaşımdır.

Atabəy Fəxrəddinin əlini sıxıb:

– Ziyarətinizdən məmnun və məhzuz oldum, – dedi. Sonra Nizami və Məhsəti xanıma tərəf dönüb əlavə etdi:

– Məni bağışlayın. Qardaşım Qızıl Arslanın salamını sizə yetirmək üçün özüm yanınıza gəlməli idim. Lakin sizi bu tarixi məclisdə görüb qardaşımın salamını yetirmək istədim. Qızıl Arslan sizin rahətinizi təmin etmək üçün mənə dəfələrlə tapşırıq vermişdir. O, iki nəfər sənətkarın bir inəklə güzəran etdiklərini çox təəssüflə mənə söyləmişdir. Eyni zamanda sizin heç bir kəsdən mükafat və xələt qəbul etmədiyinizi də əlavə eləmişdir. Lakin cəsarətlə demək istəyirəm ki, yoxsulluq və ehtiyac şairin yaradıcılıq qüdrətini azalda bilər. Əyləşin, rica edirəm.

Atabəy bunları söylədikdən sonra Nizamini sağında, Məhsəti xanımı sol tərəfində əyləşdirdi.

Atabəy Məhəmməd söhbət arasında Nizamiyə müraciətlə:

– Mən Həmədandan Şimali Azərbaycan səyahətinə çıxdığım zaman sizin yazdığınız şerləri öz ağzınızdan eşitmək arzusunda idim. Bu gün həmən arzularıma nail ola bilərəmmi?

Nizami:

– Mən heç vaxt mədhnamələr yazmamışam, sizin də mədhnamələr sevmədiyinizi bilirəm. Qardaşınızın məktublarından bunu hiss etmişəm, – dedi.

– Mən arzu edərdim ki, siz bir şerinizi mənə oxuyasınız.

– Hansı şeri?

– “Fəqirəm, bəxtiyaram” sərlövhəli şerinizi.

– Etirazım yoxdur.

Nizami bu sözü söylədikdən sonra ayağa qalxdı. Bütün nümayəndələr qulaq kəsilərək şairin səsini eşitmək və onun sənətcə böyüklüyünü görmək istəyirdi. Nəhayət, şair şerini başladı:

Fəqirəm bəxtiyaram

Fəqirəm, bəxtiyaram, sanmayın kim tirə baxtım var,
Məhəbbət mülkünün soltanıyam, öz tac-taxtım var.
Bu dəhrin yummuşam göz sərvətindən, xələtindən mən
Fəqirəm, feyz alır yüzlərcə hatəm şer süfrəmdən.
Bulanmaz xatirim, dərya qədər fikrimdə yekrəngəm,
Bir ölçülməz mühitəm, öz mühitimlə həmahəngəm.
Nə dərdim? İncilərdən incədir hər beytim, hər fərdim,
Qəzəlxan bülbüləm, hər bağçadan bir türfə gül dərdim.
Süleymanlar gəlib sərmayə alsın söz xəzinəmdən,
Bir əflakəm, düşər bir gün günəş dünyayə sinəmdən.
Deyil fərzanə baş, əhsan üçün təzim edən başlar,
Dağam, sinəmdə çoxdur tacları təzyin edən başlar.
Dənizlər yerləşir sinəmdə, qorxum yox təlatümdən.
Fəqirəm, bəxtiyaram, bir yenilməz kainatam mən.

Nizami şerini oxuyub yerində oturdu. Atabəy isə başına fikirli bir surətdə hərəkət verərək:

– “Fəqirəm, bəxtiyaram, bir yenilməz kainatam mən” – deyə bir daha təkrar etdi, sonra Nizaminin əlini bir daha iki əllərilə tutub sıxdı və Məhsəti xanıma dönərək ona müraciət etdi:

– İndi də ölkəmin fəxri olan möhtəşəm qadının səsini eşitmək istərdim.

Məhsəti xanım yerindən qalxdı, üzünü məclisə tutub bu rübaini oxudu:

Ma mərdü meyim, dər Xərabatu müqim,
Nə mərdü səccadəim, nə mərdü kilim,
Qazi nəxürəd mey ki əzan darəd bim,
Dürdüyyi xərabat beh əz malü yətim.

Məhsəti xanım bu rübaini yetim malını süpürləyib yeyən və hazırda Atabəyin məclisində əlində təsbeh oturan Gəncə qazisi haqqında dedikdən sonra, üzünü vaxtilə onu Gəncədən sürgün etdirən xətibə tərəf tutub aşağıdakı rübaini oxudu:

Ey sahibi fitva, zi to pürkar tərim!
Ba in həmə məsti zi tö huşyar tərim.
Tö xunu kəsən xurivü ma xuni rəzan,
İnsaf büdeh, küdamü xunxar tərim?!

Sonra xətibin nəhayət dərəcədə xəcalət çəkdiyini hiss edincə bu rübaini də əlavə oxudu:

Çün mavu şüma, müqabili yekidigərim
Beh zan nə bünəd ki pərdeyi həm nədərim.
Ey xacə, tö eybü mən məqu, ta mən niz
Eybü tö nə qüyəm, ki yek-əz yek bətərim.

Məhsəti xanımın bu rübaisindən Atabəy Məhəmməd də, qazi də, xətibin özü də gülüb bir səslə “Əhsən!” dedilər. Atabəy qalxıb bir daha Məhsəti xanımın əlini öpdü.

Məhsəti xanım xəstə olduğu üçün Atabəy Məhəmməd onun və qonşu hökumətlərin nümayəndələrinin getmələrinə icazə verdi. Sonra katibinə əmr verdi:

– Sənə tapşırdığım torpaq ixtilafı haqqında verilən ərizələri gətir.

Katib dərhal qalxıb ərizələri gətirdi. Atabəy ərizələri məclisə göstərib dedi:

– Bu ərizələrdə yazılana görə aranlılar Muğanda olan üç kəndin sahiblərinə vergi (bəhrə) vermək istəmirlər. Bu barədə Şimali azərbaycanlıların nə kimi qanuni haqları ola bilər?! Mən burala ikən torpaq məsələləri ilə məşğul olmaq istəmirəm. Buradan qayıdandan sonra Qızıl Arslanla torpaq məsələləri barəsində məsləhətləşəcəyəm.

Məclisdə bu suala səs verən olmadı. Nizami Fəxrəddinin üzünə baxdı. Fəxrəddin bu baxışdan dərhal danışmaq lazım olduğunu anlayaraq ayağa qalxmaqla Atabəyə sual verdi:

– Atabəy həzrətləri lütfən o kəndlərin adını bilməzmi?

Atabəy kəndlərin adını saydı:

– Ərəbli, Ərəb şahverdi, Ərəb ban oğlan kəndləridir, – deyib əlavə etdi:

– Ərizələrdə göstərildiyinə görə mülk sahibləri yüz minlərcə dirhəm sərf edib bu kəndləri saldırmışlar. Bu kəndləri suvarmaq üçün yenə də neçə yüz min qızıl dirhəm xərc qoyub böyük arx çəkdirmişlər.

Fəxrəddin yenə də sual verdi:

– Rica edirəm ərizə sahibləri buyursun görək Muğana onlar hansı arxı çəkdirmək üçün neçə yüz min qızıl dirhəm xərcləmişlər?!

Atabəy ərizə verənlərin danışmalarına icazə verdi. Onlar Muğana Gavur arxını çəkdiklərini söylədilər. Bunlara cavab vermək üçün söz Fəxrəddinə verildi. Fəxrəddin ayağa qalxıb danışdı:

– Əvvəla, bunu demək istəyirəm ki, bu ağaların iddia etdiyi kəndlərin tarixi ərəb istilasından çox əvvəldir. Bu kəndlər skiflər, bəlkə də midiyalılar dövründən Muğanda mövcud olan kəndlərdir. Çünki burada olan köhnə məzarlar, qəbiristanlar və tökmə təpələr də bunu bizə isbat edir. Ərizədə göstərilən “Ərəbli”, “Ərəb şahverdi”, “Ərəb ban oğlan” kəndləri Aran xalqına öz babalarından irs qalmış kəndlərdir.

Atabəyə məlum olduğu üzrə fatehlərin ayağı dəyən yerlərdə bütün münbit və məhsuldar torpaqlar onların öz varisləri və öz sərkərdələri arasında bölüşdürülmüşdür. O kəndlərin ağaların pullarilə tikildiyi iddiasına gəldikdə isə haman kəndlərin köhnə adları göstərir ki, onlar ərəblər tərəfindən bina olunmamışdır.

Əvvəlcə, onların “Ərəbli” dedikləri kəndin köhnə adı “Aran” kəndidir. Orada olan kitabələr və sairələr də bunu isbat edir. Lakin ərəblər aranlıları oradan köçürüb, ərəbləri yerləşdirdikdən sonra kəndin adını dəyişib “Ərəbli” qoymuşlar.

“Ərəb şahvedi” kəndi əvvəlcə “Şahverdi” kəndi idi, ərəblər yerliləri sürgün edib kəndi özlərininkilərə verdilər. O zamandan bəri kəndin adı “Ərəb şahverdi” qaldı. Elə də – “Ban oğlan” kəndi. Orada da ərəblər yerləşəndən sonra kənd “Ərəb ban oğlan” adlanmışdır. Atabəy həzrətlərinə ərz etmək istəyirəm ki, bu gün Azərbaycan mülkədarlarının əlində ata-babalarından qalmış minillik torpaq qəbalələri vardır. Hərgah, doğrudan da, bu ağalar iddia etdikləri kəndləri ikinci bir adamdan almışlarsa, onların əllərində qəbalələri olmalıdır. Yaxud kəndləri özləri saldırmışsa, yenə də kəndin salındığı yeri bir adamdan almaq lazım gəlirdi. Yalnız bu üç kənd deyil, bir çox kəndlər vardır ki, onların xalqını qovub yerində ərəb və fars fatehlərini yerləşdiriblər.

Ümumiyyətlə, əvvəlcə burada əlahəzrətin hüzurunda Muğan məsələlərini qoymaq lazımdır. Mən bu uzun məsələyə keçmədən qabaq ağaların Muğana “Gavur arxı” çəkdikləri iddiasına cavab verəcəyəm. Gavur arxının tarixi hər kəsə məlumdur.

Muğan birinci dəfə ərəb fatehləri zamanında dağıdılmamışdır. Ondan əvvəl də fatehlər bu bərəkətli ölkəni dağıdıb bölüşmüşlər. Ağaların iddia etdiyi haman bu arx, Miladdan 320 il əvvəl Makedoniyalı İskəndər zamanında yenidən bərpa edilmişdir. Bu vəsiqələri bir tərəfə buraxaq.

Hərgah Gavur arxı bu ağaların özü və babaları olan ərəb fatehləri tərəfindən çəkilsəydi, ona “Gavur arxı” adını qoya bilməzdilər. Bu adın özü də göstərir ki, bu arx islamiyyətdən əvvəl bizim babalarımız tərəfindən qayırılmışdır. Çünki ərəblər bizim babalarımızı “kafir” deyə çağırırdılar.

Atabəy Məhəmməd:

– Əhsən! – deyərək Fəxrəddini təqdir etdi.

Fəxrəddin Atabəydən Muğan məsələsinə aid sözünə davam etməyə icazə istədi.

Atabəy:

– Gənc natiq, səni çox məmnuniyyətlə dinləyirəm, – deyə ona icazə verdi.

– Əlahəzrət Muğanın tarixini oxumamış deyildir. Muğan Azərbaycan kəndlisinin əlində olmazsa, iqtisadi həyatı lazımi məhvər üzərində aparmaq mümkün olmayacaqdır. Muğanın hazırda böyük bir hissəsi Şirvan şahlığının əlindədir, qalan yarısını isə dörd-beş nəfər ərəb fatehlərinin nəvələri mənimsəmişdir. Əlahəzrət Muğanın Şirvan şahlığı əlində olan hissəsi haqqında da sərəncam etməlidir.

Atabəy gülümsəyərək:

– Şirvanın Muğandan istifadə etməyə haqqı vardır, – dedi. Tarix boyu onlar bu torpaqdan istifadə edib, yenə də etməlidirlər. Şirvan hissəsinə düşən Muğan heç bir vaxt aranlıların əlində olmamışdır.

Fəxrəddin:

– Əlahəzrət, icazə verin! – deyərək sözünü davam etdirdi: – Mən hazırkı rəsmiyyətə salınmış Şirvan haqqında danışmıram.

– Bəs nədən danışırsınız?! – deyə Atabəy təəccüblə soruşdu:

– Mən elə zənn edirəm Azərbaycan xalqının şikayəti ancaq torpaq üzərindədir. Mülkədarların iştahası heç bir qanuna tabe deyil. Yerli hökumətə gəldikdə mülkədarların tərəfindədir. Kəndlilərin ağır vəziyyətindən danışanlar üsyançı adlanır. Əmir tərəfindən təqib edilir, ədiblər və şairlər belə ölüm və zəhərlə qorxudulur.

Atabəy başını aşağı salıb dinləyirdi, Fəxrəddin sözünü bitirdikdən sonra katibinə müraciət edib dedi:

– Zənn edirəm verilən ərizələr haqqında danışmaq yersizdir, çünki ərizələrin hamısının məzmunu cənab Fəxrəddinin buyurduqlarından ibarətdir. Muğanda olan ixtilaflı malikanələr haqqında qeydlər götürün, bu barədə Qızıl Arslana tapşırıqlar verəcəyəm. Əmirin uyğunsuz hərəkətləri və ədiblərin, şairlərin zəhərlə təqib edilmələri barəsində isə ciddi təhqiqat aparmaq lazımdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Azarlamaq

İndiyədək mən nə vaxt ki, azarlayıb yorğan-döşəkdə uzanardım və birisi gəlib mənim keyfimi xəbər alardı, mən məəttəl qalardım ki, nə cavab verim, yə’ni xəyalıma gəlməzdi ki, nə deyim. Məsələn, istərdim deyəm «keyfim yoxdur», sonra fikr eylərdim ki, bəlkə lazımdır demək «naxoşam»? Sonra genə fikr eylərdim ki, bəlkə bu da düz deyil. Bə’zi vaxt istərdim deyəm «bimarəm», sonra genə deyərdim ki, bəlkə belə də deyil. Bə’zi adam da keyfimi soruşanda istəyirdim deyəm «azarlıyam». Bir para vaxt istərdim deyəm «xəstəyəm».Müxtəsər, bilməzdim ki, bunların hansı düzdür.

1 мин
Veyillər

Hərdən bir mənim xəyalıma bir belə şey gəlir:Bir ay bundan irəli Gəncə qubernatoru yazıb Şuşa naçalnikindən xəbər almışdı ki, nə səbəbə çəkirtkəni qırıb qurtarmadılar ki, Şuşa mahalının dördümcü uçastokunun əkinlərini tamamən yeyib çıxdı başa.

2 мин
Hamam

Eşitdim ki, Ağdamda bir müsəlman tazə hamam tikdirib. Buradan bir haşiyə çıxıb oxucularımızdan təvəqqə edirəm inciməsinlər ki, hamam kimi xırım-xırda məsələlər ilə mən onları məşğul eləyirəm. Doğrudur, hamam məsələsi xırda məsələdir, amma, nə eybi var, çox vaxt olur ki, bir xırda məsələdən bir böyük məsələ çıxır.Bəli, eşitdim ki, Ağdamda bir müsəlman bir hamam tikdirib. Əgər mən bunu beş il bundan irəli eşitsəydim, çox qulaq asmazdım, və deyərdim ki, ah, görəsən bu da əlbət Naxçıvan, İrəvan və Təbriz hamamları kimi bir qurbağaxanadır. Amma indi belə bəd güman eliyə bilməzdim, çünki indiki zaman hara, beş il bundan irəli hara!..

1 мин
Ticarət və ekonomi xəbərlər

Ticarətin bə’zi şərtləri və qaydaları var. Fərasətli və gözü açıq alış-verişçilər ticarətin şərtlərini əmələ gətirmək ilə tərəqqi edirlər və dövlət qazanırlar. Amma şüursuz tacirlər işlərin dalını və qabağını fikirləşməyib zərər çəkirlər və tənəzzül edirlər. Bu dəxi aşkar bir mətləbdir.Qəndin putu indi gedir altı manata, əgər adam bunu qabaqca bilsə ki, iki aydan sonra yollar lap kəsiləcək və Rusiyyətdən Qafqaza qənd gələ bilməyəcək, əgər adam qabaqca bunu bilsə var-yoxunu cəm edib verər qəndə və ambarlara doldurub saxlar, bahalananda satsın qazancına. Əgər bir ay yollar bağlana və bu tərəfə qənd gəlməyə, qəndin putu qalxar on iki manata və indidən qəndi alıb ambara yığan birə-iki qazanar. Amma bunu qabaqca bilmək çətindir. Odur ki, qənd alış-verişi bir elə mənfəətli alış-veriş deyil.

3 мин

Стихи других поэтов